Yeniləşən Azərbaycan ədliyyəsi

 

22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günüdür

 

On ildən çoxdur ki, Azərbaycanın ədliyyə işçiləri öz peşə bayramlarını fərəhlə qeyd edirlər. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində görülən əsaslı tədbirlər nəticəsində əldə edilən nailiyyətlərə uyğun olaraq ulu öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi bu əziz bayramın əhəmiyyəti ilbəil artır, miqyası genişlənir. Maraqlıdır ki, ədliyyə işçilərinin peşə bayramını qeyd etməyə başladığımız ilk illərdə biz daha çox ədliyyəmizin tarixindən, onun keşməkeşli təşəkkül yolundan, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müasir ədliyyə sisteminin və müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması üzrə görülən işlərdən söhbət açırdıq. Ötən dövrdə həyata keçirilən məhkəmə-hüquq islahatları, ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə görülən geniş miqyaslı tədbirlər nəticəsində ədliyyəmiz elə bir səviyyəyə gəlib çatmışdır ki, artıq bu sahədə görülən işlər beynəlxalq miqyasda etiraf və təqdir olunmaqla yanaşı, Azərbaycan ən qabaqcıl ölkələrə nümunə göstərilir. Buna misal olaraq qeyd etmək yerinə düşərdi ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ötən il Azərbaycanın hakimliyə namizədlərin seçimi prosedurunu müsbət nümunə kimi qiymətləndirilmiş və bu təcrübə digər Avropa ölkələrinə tövsiyə edilmişdir. Bundan başqa, cari ilin sentyabrında Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı zamanı bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlilini əhatə edən hesabat açıqlanmışdır. Hesabatda Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, məhkəmə-hüquq islahatlarının dərinləşməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi, xüsusilə məhkəmə binalarının layihələndirilməsi üçün vahid konsepsiyanın hazırlanması, müasir məhkəmə komplekslərinin inşası, məhkəmələrdə mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ayrıca qeyd olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyət göstərdiyi 9 il ərzində ədliyyə sahəsində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir.

Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuş, korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan olunmuş, onların seçiminin Avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir. Əhalinin məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə təkcə son 2 ildə 12 yeni regional məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmışdır.

Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli fərmanın bu baxımdan, müstəsna əhəmiyyəti olmuşdur. Fərmana əsasən, regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional məhkəmələr yaradılmışdır. Fərmanın icrası ilə bağlı vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, vətəndaşların məhkəmələrə inamının təmin edilməsi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin maddi-texniki təminatının gücləndirilməsi, məhkəmə aparatlarının strukturunun və işinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülmüşdür.

Ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinə, iqtisadiyyatımızla yanaşı demokratik institutların da sürətli inkişafına mühüm diqqət yetirən beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərirlər. Bu sırada Dünya Bankı ilə əməkdaşlığı ayrıca qeyd etmək yerinə düşərdi. Belə ki, bu mötəbər qurumun təşəbbüsünə əsasən onun maliyyə və texniki dəstəyi ilə Azərbaycanda “Ədliyyə sisteminin müasirləşdirilməsi” üzrə birgə Layihə həyata keçirilir. Layihə çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, ötən il Oğuz, bu il isə Bakı şəhəri Yasamal rayn məhkəmələrinin binaları tikilərək istifadəy1ə verilmişdir. hazırda Gəncə şəhəri Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatdırılmış, habelə tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.

Sözsüz ki, bu il ədliyyə və məhkəmə sistemində aparılan islahatlar çərçivəsində ən mühüm hadisələrdən biri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni binasının istifadəyə verilməsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimində nümayiş etdirilən binanın görüntüləri hər birimizin qəlbində iftixar hissi oyadır. Yasamal Rayon Məhkəməsinin ən müasir üslubda inşa edilmiş gözəl, yaraşıqlı, analoqu olmayan texniki avadanlıqlarla təchiz edilmiş binası Azərbaycana və xalqımıza şöhrət gətirən əsil quruculuq və yaradıcılıq nümunəsidir.

Azərbaycanda ən böyük rayon (şəhər) məhkəməsi olan Yasamal Rayon Məhkəməsinin yeni binasında bir çox yeniliklər, ən son texniki avadanlıqlar quraşdırılmışdır. Vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat kiosku yaradılmışdır ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır. Binada hakimlər, məhkəmə işçiləri və vətəndaşlar üçün təcrid olunmuş ayrı-ayrı zonalar nəzərdə tutulmuşdur. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılmışdır. Məhkəmə zallarının qarşısında məhkəmə proses iştirakçıları üçün bütün zəruri şərait yaradılmış, vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılmışdır. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə analoqu olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur yaradılmışdır. Zalda həmçinin, təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılır. Onların vəkillə birbaşa əlaqə saxlanması üçün müvafiq qurğu da quraşdırılmışdır.

Tam əminliklə demək olar ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin yeni binasının dünyada tayı-bərabəri yoxdur. Bu gün ən inkişaf etmiş ölkələrin vətəndaşları bu sahədə bizə həsəd apara bilərlər.

Göründüyü kimi, müəyyən müddət ərzində qabaqcıl beynəlxalq təcrübədən bacarıqla bəhrələnən dövlətimiz artıq özünün işləyib hazırladığı islahatlar, ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirlilən mütərrəqi tədbirlər, xüsusilə hakimliyə namizədlərin dünyada analoqu olmayan şəffaf, obyektiv seçiminin təşkili, yeni, ən müasir məhkəmə binalarının, ədalət evlərinin tikintisi, hakimlərə, məhkəmə işçilərinə və hər şeydən əvvəl vətəndaşlara rahat, misilsiz şərait yaradılması sahəsində başqa ölkələr üçün örnək sayılır.

Bu bizi, hakimləri, Azərbaycan dövlətinin hər bir vətəndaşını sevindirir, qəlbimizi qürur hissi ilə doldurur.

Peşə bayramımızı belə ruh yüksəkliyi, ikiqat sevinclə keçirməyimizə görə, ədliyyə və məhkəmə sisteminin inkişafına göstərilən diqqətə və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarıq.

Bu əziz gündə bütün ədliyyə işçilərini və sözsüz ki, hakimləri ürəkdən təbrik edir və onlara qanunun aliliyinin, insan hüquqlarının təmin olunması üzrə mühüm işlərində uğurlar arzulayıram.

 

 

Xəqani TAĞIYEV,

 Salyan Rayon Məhkəməsinin sədri

 

525-ci qəzet.- 2012.- 22 noyabr.- S.5.