Azay Quliyev: "Seçkilərin
tam şəffaf keçirilməsinə zəmanət verə
biləcək bir MSK-ya ehtiyacımız var"
Millət vəkili, Azərbaycanın
ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə
heyətinin üzvü
Azay Quliyevin “525”-ə müsahibəsi
- Azay
müəllim, məlum olduğu kimi, qarşıdan 2013-cü il
növbəti prezident seçkiləri gəlir və bununla
bağlı dəfələrlə ATƏT rəhbərliyi tərəfindən
Azərbaycan hakimiyyətinə seçki qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı çağırışlar edilib. Xüsusilə də, bu ilin yaz və yay aylarından
etibarən bu çağırışlar daha da intensivləşib.
ATƏT PA-da təmsil olunan bir şəxs kimi bu
barədə nə deyərdiniz, sizcə, seçkilərə
kimi həmin çağırışlar nəzərə
alına bilərmi?
-Əvvəla, mən sizə sonuncu məlumatın nədən
ibarət olduğunu deyə bilmərəm. Çünki
mən bu prosesdə bilavasitə iştirak etmirəm. Bildiyim qədər Avropa Şurasının Venesiya
Komissiyası ilə bu istiqamətdə bir sıra məsləhətləşmələr
aparılır. Amma bütövlükdə
götürəndə, bəli, onların həmişə
müəyyən formada fikirləri olub ki, seçki qanunumuz təkmilləşdirilsin,
standartlara uyğunlaşdırılsın. Prinsip etibarilə
heç vaxt Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsinə
qarşı çıxılmayıb. Və biz
doğrudan da ilbəil qanunlara yeni əlavələr edib,
onları dəyişdiririk. Bu, ümumi
işin xeyrinədir. Amma konkret olaraq nəyin
təkmilləşdirilməsindən söhbət gedəndə
hesab edirəm burada mövqe çox aydın şəkildə
ifadə olunmalıdır.
Məsələn,
bəzi fikirlər var ki, Mərkəzi Seçki
Komissiyasının (MSK) tərkibinə yenidən
baxılsın, bu qurum 50-nin 50-yə nisbətində
, paritet əsaslarla formalaşdırılsın. Biz bunu dəfələrlə müzakirə
etmişik. Burada paritetin birincisi,
meyarları tam dəqiq deyil. Paritet kimin
arasında olmalıdır? Bu gün Azərbaycanda
100-dən çox partiya fəaliyyət göstərir, onun
50-dən çoxu səhv etmirəmsə, qeydiyyatdadır və
əksəriyyəti də özünü partiya kimi
formalaşdıra bilməyib. Belə olan
halda, hansı paritetlikdən söhbət gedə bilər?
İkincisı, Azərbaycan təcrübəsində
belə bir hal yaşanıb- 2000-ci ildə. Bilirsiniz ki, o zaman sırf 50 faiz müxalifət təmsilçiləri,
50 faiz iqtidar təmsilçilərindən ibarət bir MSK
formalaşdı.
Ancaq o iki ay belə fəaliyyət göstərə bilmədi. Dərhal həmin MSK-nın
fəaliyyətinə blok qoyuldu müxalifət
tərəfdən, bir növ MSK-nın fəaliyyəti tam
şəkildə iflic oldu. Ona görə bu gün Azərbaycanda kiminsə,
hansısa qrupun iddialarını, ambisiyalarını yerinə
yetirmək yox, işlək bir mexanizm, seçkilərin tam şəffaf
keçirilməsinə zəmanət verə biləcək
bir MSK-ya ehtiyacımız var. Onu da deyim ki, biz tez-tez Şərqi
Avropada, yaxın qonşularda keçirilən seçkiləri
izləyirik, müşahidə edirik və tam məsuliyyəti
ilə deyə bilərəm ki, Azərbaycanda seçki
texnologiyası, seçki işinin təşkili,
bütövlükdə qanunvericiliyin hazırki vəziyyəti
bir çox ölkələrdən nəinki geri qalır, hətta
irəlidədir.
Yenə təkrar edirəm ki, təkmilləşməyə
həmişə ehtiyac var. Əgər qüsurlar varsa,
hansısa bir təcrübədə özünü
doğrultmayıbsa, onu aradan qaldırmağa həmişə
ehtiyac var, bu da lazımdır . Azərbaycan
parlamenti də bu istiqamətdə hər zaman öz
sözünü deyib, addımlar atıb və indi də əgər konkret
təkliflər olacağı təqdirdə , müvafiq komitədə, yəni, Hüquq
siyasəti və dövlət quruculuğu komitəsində
bilavasitə bu məsələlərə
baxıla bilər.
- Belə
fikirlər də var, məsələn, parlamentdə təmsil
olunan partiyalar da, deputatlar da təklif ediblər ki, seçkilər
bəzi ölkələrdə olduğu kimi, Daxili İşlər
Nazirliyinə (DİN) həvalə olunsun. Və
yaxud da QHT-lərdənmi, birtərəflərdənmi, tam
peşəkarlardanmı ibarət seçki komissiyaları
yaradılsın. Yəni, iqtidar-müxalifətdən
yox, tamam kənar qüvvələrdən...
- Bilirsiniz,
belə bir təcrübə var və şübhəsiz ki, bu
təcrübə elə-belə yaranmayıb. Buna
illər sərf olunub. Məsələn,
düşünün ki, birdən-birə Azərbaycanda
MSK-nın bütün fəaliyyəti verilir Daxili İşlər
Nazirliyinə. Birincisi, mən düşünmürəm
ki, Avropa buna dərhal dəstək verəcək və əksinə,
deyəcək ki, baxın, artıq daxili işlər
orqanı, polislər bu seçkiləri keçirir, bu,
seçkilərin şəffaflığına mənfi təsir göstərə bilər
, göstərəcək və sair və ilaxır. İkincisi, bu gün polislərin, daxili işlər
orqanlarının onu keçirməyə təcrübəsi
yetərmi? Məncə, yetməz və təsəvvür
edin ki, 20
ildir Azərbaycan müstəqildir.
20 ildə bu istiqamətdə MSK-da,
dairə seçki komissiyalarında, məntəqə
seçki komissiyalarında insanlar hazırlanıb,
yetişdirilib, texnologiya cəlb olunub və bugünkü vəziyyətə gəlmək
üçün biz 20 il əmək
sərf etmişik. Və birdən-birə
heç bir təcrübəsi olmayan, lap mənim
özümün təmsil olunduğum QHT sektorununun bu məsələyə
cəlb olunması belə, effektli nəticə verməz.
Mən də vaxtilə qeyri-hökumət təşkilatlarının
bəlli bir tərkibdə burada iştirakının tərəfdarıydım.
Amma yenə də o fikirdəyəm ki, o təşkilatlar bura
cəlb olunmalıdır ki, o insanlar bura cəlb
olunmalıdır ki, onların təcrübələri var.
Yoxsa hər hansı bir, belə deyək də, siyasi ambisiyaya
görə, hər hansı bir beynəlxalq təşkilatın
hər hansı bir tələbinə görə biz seçki
sistemini zədələyə bilmərik, seçki prosesini
iflic vəziyyətə sala bilmərik.
Çünki sonuncda
Azərbaycan dövləti seçkilərin keçirilməsinə
məsuldur və bu məsuliyyəti dərk edərək hesab
edirəm ki, biz yalnız və yalnız mövcud təcrübəni
irəliyə aparmalıyıq, mövcud təcrübə ətrafında
seçki mübarizəsini genişləndirməliyik və təkmilləşdiriləsi
məsələləri təkmilləşdirməliyik. Amma yenidən 180 dərəcə altında hadisəni
çevirmək və prosesə yeni bir, necə deyərlər,
istiqamət vermək, məncə, bizim maraqlarımıza
uyğun deyil. Bu, praktikada özünü
qətiyyən, doğrultmayacaq.
-
Seçkilərə çox az qalıb –cəmi
11 ay qalıb. Müxalif düşərgədən
belə fikirlər səslənir ki, hakimiyyət
çaşqınlıq, təlatüm içindədir,
burada ciddi namizəd problemi yaşanır və sair. Və
eyni zamanda görünən odur ki, özünü
aparıcı sayan müxalifət indidən seçkilərin
nəticələrini tanımamaq, seçiləcək şəxsi
qeyri-legitim saymaq niyyətindədir...
- Mənə
belə gəlir ki, ilk növbədə bu cür əsassız
ittihamlardan və niyyətlərdən vaz keçmək
lazımdır. Ümumiyyətlə, müxalifətin son 10-15 ildə sərgilədiyi taktika, özünüz bilirsiniz ki,
özünü doğrultmadı. Yenə də əvvəlcədən
seçkilərin nəticələrinə kölgə salmaq,
əvvəlcədən bunun baş tutmamasını söyləmək,
bütün diqqəti məhz texniki məsələlərə,
MSK-ya və digər məsələyə yönəltmək,
hesab edirəm ki, ən azı, siyasi partiya və iqtidara gəlmək
ehtirasında olan birliyin maraqları baxımından səhv
yanaşmadır. Doğru yanaşma deyil. Mənə elə gəlir ki, bu gün seçkilərdə
iştirak etmək haqqında düşünən
qrupların bir nöqtəsi olmalıdır. Vətəndaşlarla, seçicilərlə
birbaşa işləmək. Necə edək ki, vətəndaşların,
seçicilərin
səsini, rəğbətini qazanaq...
Yoxsa, heç bir vətəndaşla
iş görmədən, heç bir
seçici ilə iş aparmadan, birdən-birə seçki
günü, seçki ərzində 2-3 ay verilmiş tribunadan
istifadə edirsən, hətta sui-istifadə edirsən və
başlayırsan Azərbaycan dövlətinə, Azərbaycan
hökumətinə qarşı qara yaxmalara, eyni zamanda,
başlayırsan ki, Azərbaycanda seçkilər
qeydi-demokratik olacaq, seçkilərin legitimliyini bəribaşdan
tanımıram və sair. Yəni, deməyim odur ki, bizdə ən
böyük qüsur odur ki,
inkar qanunu üzərində işləyirik, inkarı
inkar üzərində işləyirik və hər halda aktiv
siyasətdə olan bir şəxs kimi, indiyə qədər
görmədim ki, bir dəfə Azərbaycan dövlətinin,
Azərbaycan prezidentinin görüdüyü bu qədər
müsbət işlərin biri müxalifət tərəfindən
az da olsa təqdir olunsun.
Qarşı
tərəfi o qədər inkar edirsən ki, onun
varlığını, legitimliyini belə, tanımırsan, “ mən prezidenti
tanımıram, legitim deyil”, deyirsən, amma prezidentin
imzaladığı qanunlarla yaşayırsan, onun verdiyi, təsdiq
etdiyi qanunlarla əmək haqqı qalırsan? Bəs
nə oldu, axı, sən onun legitimliyini tanımırdın?
Hesab edirəm ki, bu cür yanaşmalar
olmamalıdır. Bunlar qaldıqca, son açıqlamamda
da dediyim ki, Azərbaycanda
siyasi mədəniyyət bu səviyyədə olacaq, siyasi
institutların formalaşmasında ciddi problemlər olacaq, Azərbaycanda
qütbləşmə daha da sürətlənəcək və
bütövlükdə bu məsələdə biz vahid ortaq
bir məxrəcə gəlib çatmayacağıq. Mən bunu deməklə, heç də iqtidarın
məsuliyyətini kənara atmıram. Mən
demirəm, burada iqtidarın məsuliyyəti yoxdur. Bəli, iqtidarın da burada məsuliyyəti var.
Hesab edirəm, bu gün bu istiqamətdə
başlanmış dialoqlar daha da qabarıq
aparılmalıdır, real işə keçilməlidir.
Qarşı tərəf dinlənilməlidir.
Amma onun da bir mədəniyyət forması
olmalıdır. Bir-birimizə hörmət
edərək, bir-birimizi təhqir etmədən,
aşağılamadan, şər-böhtan atmadan biz bunları
etməliyik. Sən müxtəlif fikirdə ola bilərsən, mən ona hörmət etmək
zorundayam. Amma bu o demək deyil ki, sən,
müxtəlif fikirdə olduğuma görə məni təhqir
etməlisən və məni aşağılamalısan.
Ona görə yenə hesab edirəm,
bu məsələdə birinci mühitin, ab-havanın
yaxşılaşmasına ehtiyac var. Ümumiyyətlə, bu gün sözün
dəyəri heçə enib. Heç bir
sözün dəyəri qalmayıb. Kim nə istəyir,
edir,
qarşısındakını söyür, kim nə istəyir,
hansı adamı istəyir, böhtan ata bilir, mədəniyyətsiz, əxlaqsız,
tərbiyəsiz ifadələrindən istifadə edərək
danışır. Bunların bu gün durub
qarşısını alacaq, “dur” deyəcək bir qüvvə
isə Azərbaycanda
sanki yoxdur. Bu gün nə
ağsaqqal sözünə məhəl qoyan var, nə
qarasaqqal sözünü dinləyən var. Bu gün daxili senzura qoyan, vicdan deyən
amil yoxa çıxıb. Belə olan halda bu qədər
ki, deformasiyaya uğrayıb bizim bu dünyagörüşlərimiz,
bu qədər şiddətli dərəcədə mənəvi
aşınmaya məruz qalıb, hesab edirəm ki, bunlar
heç də yaxşı vəziyyət deyil. Biz düşünməliyik ki, bizdən sonra gələnlər
– gənclər, uşaqlar bunu necə qavrayacaqlar? Biz çalışmalıyıq ki, həmişə
bütün hallarda bir barışıq yerini qoruyub saxlayaq.
Bütün hallarda bir pəncərəni qoyaq,
barışıq üçün bir imkan yaradaq,
barışıq üçün bir əl qoyaq. Amma təəssüflər
olsun ki, bütün hallarda bütün hər şeyi
, bütün körpüləri yandırırıq.
Ona görə bu
məsələdə sizin
üzərinizə çox böyük iş
düşür – media orqanları olaraq. Bu gün elə məsələlər
var ki, orada mövqe nümayiş etdirmək
zorundasınız, amma təəssüflər olsun ki, biz bu
mövqenin şahidi olmuruq. İqtidar təmsilçiləri bunu iqtidara görə etmir,
müxalifət təmsilçiləri müxalifətə
görə etmir. Ona görə də burada orta sinifin, neytral və
aparıcı arbitr rolunu oynaya biləcək bir təbəqənin
yaranmasına
böyük bir ehtiyac var.
Kamil Həmzəoğlu
525-ci qəzet.-
2012.- 22 noyabr.- S.3.