Oxucu... şeir... və Qismətin hüznləri
OXUCU...
Bu gün ədəbiyyat elə bir durumdadır ki, onu
yaradanlar və oxuyanlar təxminən elə eyni kiçik
çevrədən ibarətdir. Təəssüf ki,
istisnalar azlıq təşkil edir. Nəyə
görə insanlar bədii ədəbiyyat oxumağa meyl etmirlər?
Niyə hamıdan və hər şeydən bəhs
edən ədəbiyyat hamı üçün maraqlı
deyil? Oxucu fəallığından
söhbət açılanda daha çox 60-70-ci illərdəki
aktivlik diqqəti cəlb edir. Sovet
dövründə ədəbiyyat, demək olar ki, tamamilə
sosiallaşmışdı, eyni zamanda, dövlətin siyasi
maraqlarına xidmət edərək insanların həyatına
birbaşa təsiretmə qüvvəsinə malik idi. O
vaxtlar hər yeni kitab sosial-mədəni hadisəyə
çevrilirdi; müəlliflərin kitabları əl-əl gəzir,
yeni yazılan şeirləri əksəriyyət əzbər
bilirdi. Kitabı nəinki ziyalılar, hətta
evdar qadınlar belə oxuyurdu. Bəs ədəbiyyata
münasibətdə bu dövrlər arasındakı fərqi
yaradan səbəblər nədən ibarətdir? Elmi-texniki inkişaf və bu inkişafdan hərənin
öz düşüncəsi səviyyəsində
faydalanması, müasir dövrdə ədəbiyyatla bağlı
dövlət siyasətinin olmaması. Xüsusilə,
gənclər mütaliəni sevmirlər və bunu internetin
mövcudluğuna bağlayırlar. Bəs
sual olunsa ki, ixtisası, peşəsi etibarilə ədəbiyyata
bağlılığı olmayan nə qədər gənc bədii
ədəbiyyat oxuyur, internetdə sonuncu dəfə nə vaxt
açıb bir şeir, ya bir hekayə oxuyublar? Təəssüf ki, cavab ürəkaçan
olmayacaq. Mütaliə edən gənclər
isə əksərən belletristikaya üz tuturlar. Belə əsərlərin oxucuya nə verəcəyini
bilmirəm, amma ən azı vaxtını alacağını
əminliklə demək olar. Bu gün oxucu
anlaya bilmədiyini oxumaqdan ehtiyat edir. Onun
üçün naməlum olanı əsərdə “kəşf
edərək” öyrənməyə cəhd göstərməkdənsə,
hamıya bəlli olanı bir daha oxuyub “necə də doğru
yazır!” – deyə “heyrətlənmək”
daha xoşdur. Təəssüf ki, indi əhali
internet istifadəçisinə, serial izləyicisinə
çevrildiyi sürətin heç yarısı ilə belə,
bədii ədəbiyyat oxucusuna çevrilə bilmir. Bu gün “yaxşı yazar yoxdur, nə oxuyaq” kimi
şikayətləri də tez-tez eşitməyə
alışmışıq. Bu “şikayətçilərə”
bir neçə yaxşı müəllif adı çəkəndə
isə onları sadəcə olaraq, tanımadığına,
əsərlərini oxumadığına şahid olursan.
Çünki ədəbiyyatı hələ də yalnız
realizm və romantizm prinsipləri ilə dəyərləndirən
oxucu, təbii ki, nə modernizmi, nə postmodernizmi, nə də
digər “izm”ləri başa düşür. Müasir oxucunun tələbləri
müasirləşə bilmir, o, bu günün şeirinə
və nəsrinə əlli il öncənin
tələbləri ilə yanaşır (söhbət məlumatlı
oxucudan getmir).
ŞEİR...
Nədənsə “bədii ədəbiyyat” deyəndə
altşüurda daha çox nəsri, xüsusilə, romanı
nəzərdə tuturuq. Bəs şeir? Bu
gün oxucuya şeir lazımdırmı, o, şeir oxumaq
ehtiyacını özündə hiss edirmi? Baxmayaraq ki, Höte deyirdi ki, milyonlar
üçün nəzərdə tutulmayan bir misranı belə
yazmağa dəyməz, mən bu fikirlə
razılaşmıram. Çünki
şeiri geniş auditoriya üçün görə bilmirəm.
Şeir sözün elə bir formasıdır ki, kütləvi
şəkildə hamıya deyil, məhz ayrı-ayrı fərdlərə
müraciət edir. (Təbii ki, burada
çağırış, təbliğat xarakterli mətnlər
istisna təşkil edir) İ.Brodski deyir ki,
hansı ölkədə olursa olsun, şeiri əhalinin
yalnız 1 faizi oxuyur. Alman şairi
H.Ensensberqer isə ölkədə nə qədər əhali
olmasından asılı olmayaraq, şeir oxuyanların
sayının üç mini keçmədiyini iddia edir.
Bu rəqəmlərin statistik dəqiqliyi ilə
bağlı heç nə deyə bilmərəm, lakin bu
fikirlərdə həqiqətə yaxınlıq çoxdur.
Bizdə gənclərin əksəriyyətinin şeirə
marağı sevgilisinə mesaj yazmaq üçün və ya
sosial şəbəkələrdə “samballı statuslar”
paylaşmaqdan ötrü olmaqdan o yana gedə
bilmir. Yəni əksəriyyət şeirdən
təəssürat almaq, düşünmək
üçün deyil, ağıllı, romantik görünmək
üçün “istifadə edir.” İndi
çoxları bu ətrafda düşünür: nə edək
ki, oxucuların sayı artsın? Təbii ki,
yazarın işi yazmaqdır, o üstəlik hələ bir
yazdığını məcburən kiməsə
oxutdurmalı deyil. Odur ki, mənə qalarsa, oxucunun say
çoxluğundansa, az, amma keyfiyyətli olması
daha önəmlidir. Biri var, oxucu heç olmasa,
müəllifin fikirlərinə yaxın bir fikri qavraya, biri də
var ki, onun anladığının əsərə, müəllifin
qayəsinə heç bir aidiyyatı olmaya. Başqa bir tərəfdən, məcburən oxucuya
çevirməyə çalışdığımız
insan oxumağa, mütaliəyə bir ehtiyac duyurmu? Əgər
insan kitab üçün, roman üçün, şeir
üçün “acımırsa”, oxuduğu ilə
yaşamırsa, qəhrəmanlarla birgə
düşünmürsə, kədərlənmirsə,
böyümürsə, lazım gəlsə, “ölmürsə”,
o insanı zorla mexaniki oxucuya çevirmək
lazımdırmı?
QİSMƏTİN HÜZNLƏRİ...
Yaxşı
şeir öncə təəssürat yaradır: təəssüf,
sevinc, kədər, ümid, təəccüb, nadir hallarda heyrət...
Şeirin dərki prosesi isə təəssürat
yaratmaqdan sonra gələn mərhələdir. Şairin qayəsi yeni emosiyalar yaratmaq deyil,
çünki insanın hiss və duyğuları əsrlərdir
sənətkarlar tərəfindən sözə çevrilir.
Müasir şair yalnız bu duyğuları
yeni, özünəməxsus şəkildə təsvir edə
bilər. Bəzən şeir mətni
müəllifinin anlatmaq istədiyindən fərqli
qavranılır. Şairin oxucuya nəyi təqdim
etmək istəməsi qədər oxucunun ona təklif olunan mətndən
nə ala bilməsi də önəmlidir. M.Svetayeva
tənqidçini şairin yuxuyozanına bənzədirdi.
Biz də Qismətin bəzi yuxularını
yozmağa çalışaq.
“Meqapolis
hüznləri” kitabında Qismət böyük şəhərin
bütün sakinlərini yazır: “bir qarın çörəkçün
hər gün özünü qucaqdan-qucağa atan” fahişə
də bu şəhərin sakinidir, metroda işləyən
“ümidlərindən balaca” qadın da... Kitabda meqapolisin
hüznlü sakini “mənim şəhərim”anlayışı
altında “mənim müasirlərim”, “mənim ölkəm”,
“mənim dünyam” – deyə özünə, dövrünə,
həyatına dair acı həqiqətləri paylaşır.
“Meqapolis hüznləri”ndəki şeirlərin
çoxu dekadent əhvali-ruhiyyəsi ilə yazılıb; kədər,
bədbinlik, şikayət, həyatdan bezginlik, yorğunluq,
ümidsizlik motivləri bu kitabda prioritet təşkil edir.
Bu şeirlərin lirik qəhrəmanı
psixoloji sarsıntılar keçirən, saysız-hesabsız
insanlar arasında özünü tənha hiss edən,
yaşadığı bir günü o birindən seçilməyən
gənc şəhər sakinidir. Hətta
şeirlərin əksəriyyətində bir-birini tamamlayan əhvali-ruhiyyə
etibarilə bu kitabı “şeir-roman” da adlandırmaq olar.
mən
tütünlər çəkib, şərablar
içmiş,
dənizlərdə günəşlər
batırmış adamam.
özündən yaxşı heç kim
aldatmır
adamı...
Yaxud
darıxan adamın şeiri:
Saat üç tamam.
qonşunu oyadıb soruşmaq istəyir adam:
bəlkə, bir az hənirtiniz ola?
Kitabdakı
ən təsirli şeirlərdən biri Qismətin paytaxt
şəhərə “ağladığı” “Bakı
üçün elegiya”dır...
...Bu Bakı sadə, sevimli, doğma şəhər
deyil artıq, “plastik əməliyyatlardan keçib”
simasını dəyişmiş yad şəhərdir. Adı həmin
olsa da, mahiyyəti başqadır, qürbətdir, sanki. Bakı neçə-neçə söz sənətkarlarının
ilham mənbəyi olmuş, haqqında onun gözəlliyini, əzəmətini
təsvir və tərənnüm edən əsərlər
yazılmışdır. Lakin artıq vətən
haqqında patetik şeirlər nə yazmaq dəbdədir, nə
də oxumaq. Şeirdə “Bakıya
toxundum... əsdi ürəyim, Toxunmaz olaydım, Bakı dəyişib”,
“Çırpmır üstündəki torpaqdı, gildi,
Qanmır ki, o əvvəl belə deyildi” misraları olsa da,
müəllif xatirəsindəki Bakını təsvir etmir,
onun simasının dəyişdiyini, başqalaşdığını
yazır sadəcə. Lakin “Dikdaban geyinmiş göydələnlərin
Qalıb ayağının altında Bakı”, “Bir az balaca ol,
amma Bakı ol”, “Bir Allah bilir ki, son neçə ildi, Xəzərdə
üzünü yumur bu şəhər” kimi metaforalar dünənki
Bakının da təsvirini canlandırır oxucunun gözləri
önündə.
“Bakı üçün elegiya” nə qədər kədərləndirirsə,
“Vitrin” şeirində göz yaşları yerini üsyana
verir. Sanki müəllif “hamının satıcı, hər
yanın piştaxta olduğu” dünyaya meydan oxuyur. Passiv
izləyici olmaqdan
usanan qəhrəman “vitrin-dünya”nı “Alnına
bir şeir sıxacam sənin”, – deyə orijinal üsulla, əsl
şair kimi hədələyir. Haqsızlığa,
ədalətsizliyə üsyan edərək
qarşısına sözlə çıxır, bu
dünyanı, bu ölkəni, bu şəhəri
sözün köməyilə xilas edəcəyinə
inanır.
Milyon il şairi qandallasan da,
Şeiri zirzəmidə
saxlasan da sən,
Bir
şair nəfəsi gedib-gəlirsə,
Bir
uşaq bircə bənd şeir bilirsə,
Şairlər qazacaq sənin qəbrini.
Bu şeirlə şair “market-dünyadan” əsrlərin
qisasını alır – dərisi soyulmuş Nəsiminin,
qanı axıdılmış Lorkanın, çarmıxa
çəkilmiş Məsihin qisasını. Bu əsərdə
dünyanın xilasına ümid, SÖZün qüdrətinə
inam var.
Ayrılıq, ölüm, göz yaşı... bunlar
şeirlərdə ən çox işlədilən ifadələrdir. Qismət “Nikbinlik”
şeirində ölümlə də dost kimi
danışır, ona ehtiyac duyan, yerinin boşluğunu hiss edən
biri kimi. Axı ölüm niyə kədər
olsun ki?! Bizi başqalarının
ölümü sarsıdır, yandırıb-yaxır –
çünki bir üzü ayrılıqdır, itkidir. Özümüzün ölümümüz isə
öz ilkinliyimizlə görüşdür, vüsaldır, əslində.
İnsanın bu yalan və saxta aləmdən
ayrılıb ÖZünə qayıdışıdır
ölüm. Bu müvəqqəti dünyada bir xoşbəxt,
hüzurlu adam tapmaq belə
müşkül olduğu, hər kəs yaşamaqdan
yorulduğunu, usandığını dilə gətirdiyi
halda, elə beləcə yaşamağı ölümdən
üstün tutur. Halbuki ölüm əbədiyyətdir,
ölməzlikdir. Odur ki, onun mahiyyətini dərk edənin
qapısı
ölümə də açıqdır: “Ölmə,
ölüm, qurban olum, Bəs məni kim öldürəcək?”
Qismət
ölümü həyata qarşı qoymur, onu sadəcə
ömrün davamı kimi dəyərləndirir: “Ömür
dedikləri ölümə qədərki tunel, Ölüm –
depoya gedən qatardan düşməmək kimi bir şey...” Ölüm o vaxt dəhşətlidir ki,
yaşadığın hər gününü
öldürür, hər gün keçdikcə
ömrünün axırına çıxırsan. O.
Balzakın sözləri ilə desək, “vaxt öldürmək
ən bahalı əyləncədir”. Adamı əcəlin
öldürməsi qorxulu deyil, zamanın, arzuların,
ümidlərin qatili olan insanın özünün günbəgün,
saatbasaat öldürməsi faciəvidir.
...çəkilmiş
siqaretlərə bənzəyirik
kafe-külqabılara basdırılmışıq.
Bu iki misra “Mono adamın” – gününün biri o birindən
fərqlənməyən, rəngsiz, adrenalinsiz həyatı
sürdürən, ümidləri adamlardan böyük olan bu
böyük və hüznlü şəhərin sakininin
gündəliyi”ndəndir.
Ölüb
azalmır adam,
Azalıb ölür.
Kitabdakı sevgi şeirlərində kədər,
ayrılıq, yoxluq, əsasən, ənənəvi təsvirdən
uzaqdır. Qismətin sevgi şeirlərini oxuyanda sevgilinin
yoxluğundan ah-vay edən aşiq qəhrəmanın
hay-küyünü eşitmirsən, o, sadəcə “yoxsan”
deyir, “ola bilərdin, amma olmadın”, – deyə, təəssüflə
bir qullab tüstü alır ciyərinə, vəssalam.
“Telefonumda bir mesaj qədər az,
İçimdə bir şeir qədər çoxsan”, – deyib
şeirlə yaşayır sevgilinin yoxluğunu.
Kitabda diqqətçəkən şeirlərdən biri
də “Edison üçün silsilə”dir. Belə ki, digər
şeirlərdə hüzn, bədbinlik, darıxma əhvali-ruhiyyəsi
üstünlük təşkil edirsə, burada nikbinlik hakimdir
və müəllif həmin silsilə üçün bu
adı səbəbsiz seçmir. Bəlli olduğu kimi, onlarla kəşflərin
müəllifi olan dünya şöhrətli amerikalı Tomas
Edison çətin uşaqlıq dövrü
keçirmiş, məktəbdə oxuyarkən müəllimi
onun haqqında “kütbeyin” ifadəsini işlətdikdən
sonra təhsildən də uzaqlaşmışdır. Lakin ömründə cəmi üçcə ay məktəbə
gedən Edison bütün baryerləri aşmağı
bacarmış, müstəqil təhsil almış,
saysız-hesabsız kitablar oxuyaraq, nəhayət, onu
bütün dünyaya tanıdan kəşflərə imza
atmışdır. Bu kiçik tarixçəni
yada salmaqda məqsəd Edisonun heç zaman məğlubiyyətlərdən
sarsılmadığını, özündə güc
tapıb çətinlikləri dəf edə bilməsini
xatırlatmaqdır – elə müəllif də oxucusuna bu məqamı
xatırladır və silsilədə yalnız nikbinlik təlqin
olunur. Darıxmamaq, sıxılmamaq,
üzülməmək üçün nə isə etmək,
bir addım atmaq lazımdır, sonra hər şey elə bu “nə
isə”dən başlayır. “Nəsə
elə” şeirində müəllif dönə-dönə bu
fikri vurğulayır. Silsilənin ikinci
şeiri Səlim Babullaoğluna ithaf edilmiş
“Şükranlıq”dır. Bu şeir daha çox
ümid və şükranlıq hissinə köklənir:
“dostlar, uşaqlar, kitablar varsa, şükür etməyə,
sevinməyə, yaşamağa dəyər.” Bu
şeirin mabədində həm də Allaha dua və
şükür ilə yaxınlaşmaq, bununla hüzurlu
olmanın mümkünlüyünə inam ifadə olunur.
Şeiri məşhur hədisin sözləri və
şükranlıqla tamamlanır:
Namaz bitər
ürəyində bahar olar,
görərsən ki, yanağında güllər açır.
Sən
Tanrıya addım-addım
yol gedərsən,
Görərsən
o tərəfdən sənə tərəf
qaçır Tanrı...
Şükür
olsun, şükür olsun, min şükür!
Silsilənin üçüncü şeiri olan “Dekabr səhərinə
ümid” də eyni nikbin əhvalı davam və inkişaf etdirir. Bu silsilədə,
xüsusilə də, sonuncu şeirdə lirik qəhrəman artıq bomboz həyatdan
qaçmağı, dünyadan küsməyi deyil, onu sevgiylə
rəngləndirməyi, canlandırmağı məsləhət
görür:
Dünya
həbsxana zatən
qutu evlər
içrə kibrit olmağa
nə
hacət.
Bu günəşdən
od almaq,
yanmaq,
alışmaq, sevmək...
İnsanları sev, dostum. “Böyük Ben üçün qol və divar”
şeirində dilin imkanlarından istifadə edərək
söz oyunu yaradan müəllif bu dəfə də “sözə
uduzmağı” bacarır.
Qaçmaq
olmur
Divarlarımız
və qollarımız
əqrəb yuvası.
...Saat əqrəbinin
çaldığı adamlar
qum
saatının qumunda itər, yoxa çıxar.
“Biq Ben”in simasında şair vaxtın, zamanın qətl
olunduğunu, hakimiyyəti simvolizə etməklə
yanaşı, həm də Avropanın Şərqə meydan
oxumasını, təkkəbbürünü rəmzləşdirir. Burada iki məqam diqqəti
cəlb edir: Şərqin başının altına yastıq
qoyub nağıllar dinləməsi, elmi inkişafa yetərincə
çalışmaması və “Biq Ben”in simasında Qərbin
dünyanı “zəhərləməsi”. Çünki
kitabdakı şeirlərin bir neçəsində
Bakının simasının və insanların xislətinin dəyişməsindən
söz açılır ki, bu da əsasən,
Avropanın təsiri ilə baş verir. Avropalaşmağa
çalışan şərqlilər, o cümlədən azərbaycanlılar
öz simalarını da itirib eybəcərləşirlər.
Lakin müəllifin bir təsəlli yeri var: Avropanın bəzi
müsbət dəyərlərinin Şərqdən təsirlənərək
formalaşması.
Nə
forslanırsan,
bəlkə, elə
bizim
nağılların almasını cəzb eləyib
Nyutonun başı?
Şeir müəllifin hisslərinin poetik ifadəsidir,
onu hansı qəlibə sığdırmaq yazı prosesində
meydana çıxan bir aktdır. Müasir şeirdəki
formallıq artıq çoxdan öz yerini funksionallığa
verib və hazırda şeirin forma və strukturundan çox
onun məzmun və mahiyyəti əhəmiyyət kəsb
edir. Qeyd edim ki, “Meqapolis hüznləri” kitabında sərbəst
ölçülü şeirlər üstünlük təşkil
etsə də, heca vəzninə sığdırılan
şeirlər də az deyil. Onlardan birinə
nəzər salaq:
Ucuz,
sığortasız bir qəbir qazın
O
qızın qəlbimi qırdığı yerdə.
Üstünə
adicə bir cümlə yazın,
Bu oğlan ölməyib durduğu yerdə.
Qəlbini
qırmadım ürəkqıranın,
Aldım
salamını aravuranın,
Əli
qırılaydı saat quranın
Vaxtı sənsizliyə qurduğu yerdə.
Bu iki bənddə yalnız sonuncu misranın müəyyən
bir poetik tutumu olduğunu söyləmək
mümkündür, qalanlarını isə sadəcə
“söz yığını” adlandırmaq olar. Burada “Bilmək istəmirəm”,
“Olmur”, “Döymək”, “Müqəddəs yalanlar”, “Üzü
işığa” kimi şeirlər poetik baxımdan zəif
olsa da, bunu şeirin heca vəznində yazılması ilə əlaqələndirməkdən
uzağam. Çünki müəllifin elə bu vəzndə
“Məlikməmmədin quyudan üçüncü qıza
yazdıqları”, “Bakı üçün elegiya”,”Vitrin” kimi
poetik cəhətdən yüklü şeirləri var.
Mətanət VAHİD
525-ci qəzet.- 2012.- 23 noyabr.- S.7.