“Rabitə dünyası” qəzetinin 20 illik yubileyi qeyd edilib

 

Hiltonhotelində “Rabitə dünyası” qəzetinin 20 illik yubileyi ilə bağlı mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə keçirdikləri, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaxından köməkliyi sayəsində baş tutmuş tədbirdə KİV rəhbərləri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, “Rabitə dünyası” ötən 20 il ərzindəki fəaliyyəti ilə ölkə ictimaiyyətinin rabitə və informasiya texnologiyaları sahəsindəki yeniliklərlə bağlı məlumatlandırılmasında müstəsna missiya yerinə yetirib. Azərbaycan və ingilis dillərində, nəfis tərtibatla oxucuları ilə görüşə gələn yubilyar nəşr mövcud sahədə etibarlı informasiya mənbəyi statusunu qazanıb. Bu isə gərgin əməyin nəticəsidir. “20 il böyük müddətdir. Konkret bir sahənin qəzeti ilə olaraq fəaliyyət göstərmək isə daha böyük peşəkarlıq tələb edir. Hesab edirəm ki, “Rabitə dünyası”nda çalışanlar bu illər ərzində həyata keçirdikləri işlərlə eyni zamanda jurnalistikamızın müəyyən sahə üzrə ixtisaslaşması baxımından gözəl nümunə ortaya qoyublar”, – deyən Ə. Amaşov onu da bildirib ki, “Rabitə dünyası” qəzetinin hazırki tematikası onu nəinki bir nazirliyin fəaliyyətini əks etdirən sahə qəzeti, eyni zamanda rabitə və informasiya texnologiyaları ilə əlaqədar dünya miqyasında baş verən proseslərdən yazan nəşr olaraq dəyərləndirməyə imkan verir. 

“Rabitə dünyası” qəzetinin əməkdaşlarını nəşrin 20 illik yubildeyi ilə bağlı təbrik edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin bütün sahələr üzrə apardığı siyasətin ölkə ictimaiyyətinə, o cümlədən beynəlxalq aləmə çatdırılmasının vacibliyini vurğulayıb. Bu mənada ingilis dilində də çıxan yubilyar nəşrin müstəsna səciyyə daşıdığını deyən PA rəsmisi ölkədə KİV sahəsində nəzərə çarpan ümumi meyllərdən söz açıb. O bildirib ki, region miqyasında kifayət qədər nüfuza malik Azərbaycan mediasında problemlər qalmaqdadır: “Tendensiya isə odur ki, dövlətin azad medianın formalaşması üçün iradəsi var. Həqiqi media qurumları yaratmaq istəyənlər bundan istifadə edirlər. Təəssüflər olsun ki, bəzən beynəlxalq aləmdə, cənab prezidentin də Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında bildirdiyi kimi, bu sahənin problemli olduğunu deyənlər, ayrı-ayrı halları ciddi şəkildə qabardaraq hansısa mənfi rəylər formalaşdırmağa çalışanlar var. Amma siz də bilirsiniz ki, biz də bilirik ki, məsələ qətiyyən belə deyil”.

Ə.Həsənov çıxışında dünya miqyasında medianın proseslərə yanaşması müstəvisində nəzərə çarpan tendensiyalardan da söz açıb. Bildirib ki, bir sıra transmilli media korporasiyalarının fəaliyyəti heç də fikir plüralizminin təminatına yönəlməyib. Əksinə Yaxın Şərqdə baş verən proseslərin işıqlandırılması göstərdi ki, BBC, CNN kimi nüfuzlu qurumlar obyektiv reallıqların çatdarılmasından çox, müəyyən maraqların ifadəçisi qismində çıxış edirlər. “Bu cəhətdən də yanaşsaq, Azərbaycanda hər cür fikrə yer var. Həm daxili, həm də xarici media ölkəmizdə baş verən proseslərlə bağlı fikir plüralizmi formalaşdıra bilir, mövcud məkanda kifayət qədər açıq dialoq gedir. Əhalinin 65 faizinin istifadə etdiyi internetə hər hansı bir müdaxilə varmı? İnternetdə yazılan hər hansı yazıya görə kimsə təqib olunurmu? Azərbaycanda hər hansı bloger həbsdədirmi? Amma onlarla Avropa və dünya ölkəsini qeyd edə bilərəm ki, orda onlarla, yüzlərlə bloger həbsdədir. Yazılarına görə bu və ya digər təqiblərə məruz qalırlar. Ümumən internet məkanındakı informasiya mübadiləsi səbəbindən dünyanın bir çox ölkəsində onlarla, yüzlərlə adamı həbs də edirlər, sürgün də. Adlarını da casus qoyurlar”, – deyən Ə.Həsənov onu da bildirib ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycanla bağlı reallıqları dünyaya təhrif olunmuş formada çatdırırlar. Reallıq isə fərqlidir. Cənab prezident də dəfələrlə bəyan edib ki, Azərbaycan öz yolu ilə gedir. Yolun mahiyyəti xalqa xidmətdir, söykənilən əsas dəyər və qüvvə Azərbaycan xalqıdır.

Azərbaycanda diffamasiya ilə bağlı qanunun tezliklə qəbul ediləcəyini deyən Ə.Həsənov çıxışının sonunda ölkə jurnalistlərinə müraciət edib, onları həm Azərbaycanla, həm də dünyada baş verən hadisələrlə bağlı məlumatları işıqlandırarkən heç bir kənar təsirə məruz qalmamağa, öz işlərini obyektiv şəkildə görməyə çağırıb.

Bundan sonra “Rabitə dünyası” qəzetinin əməkdaşlarının bir qrupuna Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomları təqdim olunub. Yubilyar nəşrə həmçinin Azərbaycan Mətbuat Şurasının təbrik məktubu və plaketi də verilib. Rabitə və informasiya texnologiyaları sahəsi ilə bağlı yeniliklərin ölkə ictimaiyyətinə çatdırılmasının effektiv mexanizminin təşkilindəki xidmətlərinə və medianın fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı təqdim olunub.

Rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov çıxışında Azərbaycanda söz və mətbuat azadlığı sahəsində böyük miqyaslı tədbirlərin gerçəkləşdirildiyini vurğulayıb. Onun bildirdiyinə görə, müasir texniki vasitələrin artması şəraitində informasiya işi daha çox texnoloji imkanlara əsaslanır. 

Bu günlərdə Azərbaycanda keçirilmiş Ümumdünya İnternet Forumundan və digər nüfuzlu tədbirlərdən söz açan nazir beynəlxalq aləmin diqqətinin ölkəmizə yönəldiyi bir şəraitdə mövcud istiqamətdəki işlərin intensivliyinin bir qədər də artırılmasına ehtiyacın duyulduğunu önə çəkib. Çünki bu tədbirlər həm də Azərbaycanda söz və mətbuat azadlığına olan qiymətin nəticəsidir. “Rabitə dünyası” qəzeti də informasiya-kommunikasiya texnologiyaları sahəsində aparılan işləri cəmiyyətə çatdırmaqla mövcud istiqamətdəki proseslərə öz töhfəsini verib. Bu gün burada səslənmiş fikirlər onu göstərir ki, qəzet öz qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilib. Ötən 20 ildə kollektivin əməyi çox böyük olub. Amma əldə edilən müvəfəqiyyətlərdə bazis rolunda mövcud sahədə aparılan siyasət, həmin siyasətə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Hazırki əlverişli mühit bizə də fikirlərimizi, gördüyümüz işlərlə bağlı məlumatları cəmiyyətə çatdırmaq imkanı yaradır”, – deyən Ə.Abbasov yubilyar nəşrin əməkdaşlarını təbrik edib. 

“Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əmirov yubilyar nəşrin keçdiyi yola nəzər salaraq bildirib ki, 1992-ci ildə yaradılan nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib. 20 illik fəaliyyəti dövründə qəzet ölkə mətbuatında özünəməxsus yer tutub və fəaliyyəti yüksək qiymətləndirilib.

Qəzetin səhifələrində Azərbaycanda həyata keçirilən İKT siyasəti, müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar, İT sənayesinin nüfuzlu şəxslərinin həyat və fəaliyyəti, sahə üzrə ixtisaslı kadrların hazırlanması ilə məşğul olan ali təhsil ocaqları, tarixdə əhəmiyyətli iz buraxmış texnoloji ixtiralar və s. haqqında müəllif yazılarını və digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq mümkündür. Hazırda Azərbaycan dilində 36 səhifə və ingilis dillində 24 səhifədən ibarət olmaqla yüksək keyfiyyətli kağızda nəşr olunan “Rabitə dünyası” qəzeti tam rəngli formada və nəfis tərtibatda işıq üzü görür.

 

 

525-ci qəzet.- 2012.- 23 noyabr.- S.6.