Tanrıyla söhbət
ona olan eşqdir
İlahiyə, böyük Tanrıya eşq, onun səcdəgahında
qul şəstliyi, bütün olmuş və olacaqlara görə
Mövlaya şükranlıq, İslam fəlsəfəsinin
poetik dərki və təsviri – bütün bunlar orta əsrlər
Şərq şeiriyyətində aparıcı mövzulardan biri
olub. Nəsimi, Yunis İmrə, Xətai, Füzuli
lirikasının bakirə ətri, ülviyyətin aynası və
ruhun Tanrıya doğru uçuşunun yaratdığı əvəzolunmaz
həzz zaman-zaman bizləri haldan-hala salıb,
varlığımızı Tanrı nəfəsi ilə
mayalayıb. Füzuli şeirinin pərvanələri
öz axtarıcılıqlarında qənaətlidirlər
ki, Məcnun eşqinin ilahiliyi Tanrıya
bağlılığındadır. Hələ
Nizamidən başlayan nəf və minacat öz rişəsini
Şərq, nanteizm fəlsəfəsindən çəkmişdir.
Sufizm, hürufilik və rəhdəti-vücud və
digər dini cərəyanlar bu fəlsəfənin ruhundan
ayrılıblar.
Poeziyada ilahi eşq istilahı çağdaş
dövrümüzdə təsəvvüf fəlsəfəsinin
mahiyyəti, məzmun və məna tutumu kimi
anlaşılır. Klassiklərimizin
yaradıcılığında təsəvvüf fəlsəfəsinin
poetik ifadəsi öz mahiyyətində əsilləşir.
Qumri, Dəxil, Raci, Nakam, S.Ə.Şirvani və Sabir peyğəmbər
və imamlar haqqında çoxlu mərsiyələr, növhələr
yazmışlar. H.Cavid “Peyğəmbər”i ilə
Məhəmməd (s-a), M.Şəhriyar məşhur “Əli-rəhməti
humanın, Əli-ayəsi Xudanın” mətləli qəzəlilə
Əliyə öz sevgilərini ifadə etmişlər. B.Vahabzadə “Allah” şeirilə Tanrıya, Z.Yaqub
“Peyğəmbər” poemasıyla İslamın
yaradıcısına inam və məhəbbətlərini
izhar etmişlər. İlahi eşqi biz
Hacı Yaşar Göyçaylının “Tərəfdarı
Əli” (2011) məşhur şeir kitabında gördük.
Tanrıya qovuşma, Tanrı eşqi Hacı Yaşar
şeiriyyətində güclüdür, fəqət təsəvvüf
fəlsəfəsindən bəhərlənmə burada
mükəmməl dini bilgidən o yana
ötə bilmir.
Şairlik istedadına, ədasına bələd
olduğum dostum Ədalət Əsgəroğlu da bu
mövzunun poetik ifadəsinə təşəbbüs göstərib
(“Aynasında buta”, “Mütərcim”, Bakı-2012). Bəs Ə.Əsgəroğluda
ilahi eşq hansı bədii ölçüdə, dil çəkisində,
metaforik təbiətdə görünür? Şeirlə ciddi təmaslaşdıqdan sonra qənaətə
gəldim ki, şair öz ruhunu bu ovqatda kökləmək
üçün klassiklərimizin təsəvvüf
lirikasıyla bağlı şeirlərinə dərindən
dönüş, təsəvvüf fəlsəfəsinin elmi
şərhini verən əsərləri mütaliə edib.
İçərisində limhəlim dolduğu bu mövzunu bənzərsiz
təkrarlamaq üçün böyük zəhmət
çəkərək ruhunun yağını çəkib,
canında can qoymayıb. Bəs əvəzində
qazancı nə oldu? O oldu ki, biz onun poetik
düşüncəsində, bədii təfəkküründə,
sözlərində Tanrı dilinin açarı olan əsl
şair obrazı gördük.
Biz orta əsrlər poeziyasında ilahi eşq
lirikasını qədim Şərq deyim formalarında, qədərincə
yetmək olan ərəb-fars sözləri ilə
qaynaqlaşan mürəkkəb izafətlər və həmin
dövrün düşüncəsinin metaforik təbiəti,
– bədii təsvir və ifadə vasitələri
biçimində oxumuşuq, sevmişik, cazibələrindən
ayrıla bilməmişik. Ancaq bununla belə,
etiraf edək ki, bir çox poetik mətnləri qavramaqda bəzi
hallarda aciz qalmışıq. Hətta klassik
izafətləri bir qədər müasir ədəbi dil
qatlarıyla mayalayan Yaşar Göyçaylı Ədalət
sadəliyində tam əsilliyinə tapına bilir. Əsgəroğlunun uğuru ondadır ki, o,
şeirlərinin obrazlığına, kövrəkliyinə
önəm verməklə yanaşı, məna və ideya
tutumuna həssaslıqla diqqət yetirib. Qəzavü-qədərə,
qismətə, taleyə, Tanrı hakimliyini və bu fonda ona
qovuşmağın müqəddəs vüsal anına – axirətə
tapınmanın ali ruhani zamanını bundan böyük,
bundan tutumlu, bundan mənalı, bundan uca, bundan ülvi
yaşamın başqa cür necə vermək olar axı!..
Ümid gəlir
axın-axın,
Sinəm güldü yarın, baxın.
Bəlkə
sabahdan da yaxın
Bəlkə
sabah qayıdacam.
Bu sabah axirətdən öncəki şairə məxsus
Tanrıya dönüm olan zaman ölçüsündən
başqa nə ola bilər? Bu
dönüşü poetik kəşf kimi qiymətləndirən,
kitaba ön söz yazmış Balayar Sadiq qeyd edir ki, “Forma və
məzmunun vəhdət yaratdığı bu poeziya nümunələrində
şair söz və məna harmoniyasından əsrarəngiz
bədii lövhələr yaratmışdır”. Bizsə əlavə olaraq “nə yaradıbsa düz
yaradıb” – deyə bilərik.
Axirətə inamın ən yeni və mükəmməl
poetik ifadəsinə şairin bir çox gəraylılarında
rast gəlirik.
Əslində “Aynasında buta” başdan-başa
gəraylı formasında olan şeirlərdən ibarətdir.
Ədalət Əsgəroğlunun bu
kitabdakı yeniliyi poetik fikrin müasir ədəbi dil
qatlarında sadəliklə ifadə olunmasındadır.
Bu sadə ifadələrin məna tutumu
böyükdür. Şair sanki sözləri
hövşərləyib misralara düzüb.
Əsgəroğlum,
mövla təkin,
Karvan-karvan eşqdi yüküm.
Havalanan
könül mülküm,
Qəm
eyləsə nolur ki...
yaxud
Əsgəroğlum,
pirdi odam,
Çox gözlədim gəldi butam.
Sevdim qəmi,
verdi xudam
Şükranədi bu qəmxanə.
Axirət isə pirə, xudaya, mövlaya, tanrıya
Allaha məxsusdur. Sahibi-ixtiyar odur. Axirətə
inam Allaha olan müqəddəs sevgidən, ilahi eşqdən
keçir.
Ön söz müəllifinin bu fikrilə də
razıyıq ki, təsəvvüf fəlsəfəsinə,
onun poetikasına bələd olmayan adi oxucu Ədalətin gəraylılarındakı
“heyranedici düşüncəni dərk etməkdə aciz
qalacaqdır.
Vaxtilə istedadlı şair Əli Rza Xələflidən
bəhs edən yazımızda onu kədərin, həsrətin
göyərtdiyi şair kimi səciyyələndirmişdik. Ədəbi
yaradıcılığa orijinal düşüncə ilə
yanaşan “Tənhalıq” kitabıyla ədəbi mühitdə,
mən deyərdim hadisə olan Mahir Qarayevdən bəhs edən
məqaləmizdə isə yazmışdıq ki, əsl
şair böyük kədərdən doğulur! Elə bil Ədalətin gəraylıları da bizə
bu fikri diktə edir. Ədalət yozumunda və
ruhundakı bu dərdin dili dualıdır, Tanrı himayəsindədir.
Tanrı hüznlü kədər ağır qəm
daşıyıcılarına mərhəmətli və
şəfəqqətlidir. Bunu bildiyinə
görədir ki, o, böyük Füzuli kimi Tanrıdan qəmini
ondan əsirgəməməsini diləyir. Onun mövla sevgisinə qovuşmaq istəyindən
nisgil, qəm və ağrıda bir arılıq, şəffaflıq
vardır. Bu lətif yeni deyimlər, poetik
söyləmlər yeni olduğu qədər də bakirədir.
Barmaqla toxunsan ləçəkləri dən-dən
tökülər, ağır sözə tuşlaşan həqq
nidası cövlana qədər, haqsızlığa, üsyan
qələmindən “qan süzülər”. Əsgəroğluya xas kədər, dərd, həqqə
tapınma rəngarəng mizanlarda göyərir, lövhələrdə
boy göstərir.
Dərd-qəmə
bələnməyən,
Zülmü zindandan ağır.
Nə biləydim...
bu gülməyin
Bəlası ondan da ağır.
Şeirlərinin deyim təzəliyi izafətlərin
qönçə təravəti, sözlərin sıra bərkliyi
və fikrin yığcam ifadəsinin böyük məna
yükünü də buraya əlavə etsək,
gözümüz önündə ədəbi prosesdə
öz sözü, öz nəfəsi olan istedadlı və
tanınmış bir şair obrazı canlanacaq. Sözə həm
sahiblik edən, həm də onun önündə qul xidməti
göstərən, haqq, ədalət yolçusu Ədalət
Əsgəroğlunu görəcəyik. O, keçdiyi qələmli
ötən ömrünə səmimiyyətlə şərəfli
möhür vurub, düz vurub, saz vurub.
Böldüm, Əsgəroğlum, tikəni kimnən?
Çaşdım haça yolda bir əqli kəmnən.
Yaxşı
ki, varimiş bir-iki kəlməm,
Az
yazdım, düz yazdım, sazını yazdım.
Az
yazıb, düz yazıb sazın yazan şair dostumla iş
otağında görüşdüm, eloğlu kimi
hallaşdıq. Və təzə – 2012-ci ilin əvvəlində
çapdan çıxmış “Xocam Xocalı” poemasından
söhbət açdı, xeyli nümunələr söylədi
və mən də fikrin böyük ictimai-siyasi və poetik məna
tutumuna, yeni nəfəsə ciddiyyətlə qulaq kəsildim.
Fikrində artıq qərarını verdim ki, poema
haqqındakı düşüncələrimi “Aynasında
buta”nın gözünə qatım. Və elə də etdim.
Öncə
etiraf edim ki, kitaba ön söz yazmış Zahir Əzəmət
onu elə sərrast, dəqiq səciyyələndirib ki, tənqidçi
dostum Vaqif Yusifli buradakı “Dərdinizin qan rəngi”nin elə ədəbi hadisə kimi təqdimatını
verib ki, düzü yazmağa çəkindik. Əsəri
oxuduqdan sonra fikirləşdim ki, yox, yazmaq gərəkdir, bizim
də yazımız olar onların tozunu alma.
Poema doğrudan-doğruya Xocalı faciəsinin “metaforik
obrazını” ifadə edir. Əsəri oxuyan inanacaq ki,
özünü azad hiss edən insan – ziyalı, millət vəkili,
şair Xocalını azad edə bilər. “Köləliyin
vəkili” missiyasını özünə yaşam amalı
seçənlər isə təbii ki, “öyrədən, yol
göstərən ziyalı Xoca” obrazına əl yetirməkdən
məhrumdur. Şair çıxış
yolunu – bəşəri faciənin dərki və ruhi azad olma
yolunu Xatın, Holokost qurbangahlarının xatirəsini anmaqda,
çözməkdə görür. Yəqin
ki, oxucu da poema ilə tanışlıqdan sonra azadlıq
intibahının nə demək olduğunu ziyalı Xoca
obrazında dərk edəcək. Dərdli-ələmli,
eyni zamanda hayqırış dolu patetik təsvir və
çağırışlar, təsdiq və inkarlar sadəliklə
biçimlənmiş poetik mətni tamamlayır.
Buradakı millət, xalq qarşısında şair
etirafı faciənin bəşəriliyinin təsdiqinə və
Xocalıya qayıdışın yönünə səslənti
təsiri
bağışlayır.
Xocalı faciəsi haqqında yazanların sayı
bilinmir; təsirlisi də var, zəifi də. Rəyçi
doğru olaraq yazır ki, şair bu mövzuda yazanlardan fərqli
olaraq emosiyalar axarına düşməmiş, zahiri
görüntülərdən yan keçərək canlı
Xocam – Azərbaycan boyda ziyalı faciə obrazını
yaratmışdır. Eyni zamanda bu obrazın ruhunda
şair qəlbinin sızıltılarını asanlıqla
hiss edirik, minsifətli, əjdaha xislətli, vətənsiz,
simasız, yırtıcı mənəviyyat dəllalarının
iyrənc, sərt üzlərini əlahəzrət
sözün hakimliyi önündə görürük.
“Xocam
Xocalı” kitabında Ə.Əsgəroğlunun “Dərdimizin
qan rəngi” və “Soydaş” poemaları, həmçinin,
“Qar üstə qırmızı yazılar”, “Bəxt
quşları da köçəridir” başlığı
altında şeirləri toplanıb. Şeirlərə
verilmiş bu
başlıqlar əslində metaforik məzmundadır.
Belə ki, qar üstə qırmızı yazılar həyatımızın,
Azərbaycan adlı dünyamızın rəngarəng
nüanslarda şairin iç aləmindən keçən
görüntüləridir. Bu
görüntülər şaqraq sevinc, gülüş deyil,
boz-bulanıq, qəm, qüssə alatoranlıqları rəngindədir.
Həmçinin
“boğazı üzülən torağay, başını
tapdınmı Şuşada?”, “ət kimi çeynən təsəlli”,
“yanağı cızılan ahu-zar”, “Öyməyin ağ
atlı oğlanı, tökülüb gözünün
qarası” və s. kimi deyimlər də
yaşadığımız dövr, zaman və insanlar
haqqında bizə az söz demir. Bizə elə
gəlir ki, onların təsir gücü ictimai satiranın, fərdi
ünvanlara tuşlanmış tənqidin doğurduğu təəssüratdan
daha artıqdır. Bax bu, Ədalətin
bir şair kimi özünütəsdiqi olmaqla lənətlənmiş
dövrə ittiham atəşidir. Əslində
“Bəxt quşları da köçəridi”
başlığı altında toplanmış şeirlər
də elə bu ovqatdadır; Taleyimizə düşəcəklər
sanki qismətimiz deyilmiş, bəxtimiz ötəri,
keçici bir ilğımmış. Zəmanədən
şikayətimiz, dövrün ictimai-siyasi təbiəti sanki
xəfif bir görüntü, xaotik bir yuxumuş – gəldi-gedərdi.
Niyə belədir? Çünki
umduğumuzu, qismətimizdə olacaqları nəinki kəl
qüvvələr, elitar dairələr, zaman bizə verir, əksinə
yırtıcı, laqeyd və soyuq, eitnasız təbiətini
daha qabarıq göstərir, qıcırdılmış
dişlərini daha möhkəm şaqqıldadır, fil
ağzını timsah kimi açır, ruhumuzu ilan kimi
çalır. Ümumiyyətlə, qan soran
yırtıcı zəlilərin qurbanı olan insanlar, “bənövşə
ölən şairlər” aləmi Ədalət misralarında
müxtəlif pozalarda görünür.
“Soydaş” poeması Novosibirsk şəhərində
yaşayan eloğlularım haqqında yazılıb. Əsər belə bir fikri
ortalığa qoyur ki, yaşadığın yer “soyuqluğu
çəkən məkan”, yaxud təndir kimi qalanmış
ocaq olsa da “həsrət dolu ürəklərin bacasını
gözlərinə təpən qürbət”dir ki, qürbət.
Bu qürbətdə soydaş “yanmış bənövşə
ömrü”dür, “bərkimiş əllər kimi
qabarlanmış kökədir” – sıx sinənə. Bəli müasir zəmanəmizdə keşməkeşli
ömür yazıları tutub düzü, dünyanı.
Lakin harada yaşamasından asılı olmayaraq Azərbaycan
adı şərəflə yaşanmalıdır... Azərbaycanlı yaşayırsa, demək bura
“sevgili can”dır, “çox möhtəşəm şəhərdir”.
Buna görə də şair soydaşlarına
inam dolu həyat nəfəsi diləyir, Azərbaycan
adından nəsihətini verir.
Bu gün
ədəbi tənqidimizin beşiyi başında durmaq
missiyasını ustadanə yerinə yetirən dostum Vaqif
Yusifli “Dərdimizin qan rəngi”ni təhlil
edərkən buyurub ki, Ədalət Əsgəroğlu “Azərbaycan
poeziyasında yaşanan Qan obrazına yeni qan verib desək
yanılmarıq. O, dərdimizin qan rəngini
poeziyamızın qan rənginə çevirə bilib”. Özü də elə bir səpgidə çevirib
ki, özünü geniş-geniş nümunələr gətirməkdən
çəkindirə bilmirsən.
Dərdimizin qan rəngi “BMT-dən ATƏT-əcən
maşın-maşın, vaqon-vaqon, karvan-karvan axan
qızıl qandır”, “İçi-çölü yeyilən
Vətəndir”. Bu qan “axır böyük, xırda günahacan,
dil-dil ötən dövlətlərin hiyləsindən, hikkəsindən
məkrinəcən”.
Dərdin
qan rəngi...
qan, qan,
qan!
Boya
göy üzünü
Göy üzü bölünənəcən.
Bürü
yer üzünü
Bu sevda
ölənəcən!
Dünya
yenidən doğulanacan!
Şairin yozumunda dərdimizin qan rəngi qaniçənlərin
“dünya mənimdir” deyənlərin, titan dövlətlərin
damağında baldı, özü də günahsız
baldı – təmiz qandı. Poemada şairin son olaraq gəldiyi qənaət
belədir:
Milli Sərvət
–
Millət
qanı...
lll
topa-topa
yağmalandı
Üzü dan yerinə axdı.
Dərdimizin qan rəngini yazan Xocam şairim, çarəsini
göstərən ziyalı balam, Tanrı Sizləri səfə
çəksin, artın, çoxalın, bərkiyin, ruhu zəncirliləri
azad edin. Qarşıda Sizi böyük və şərəfli
YOL gözləyir. Tanrıyla dərdləşən,
ona aşiq qan qardaşım, bu, bütöv Azərbaycanın
canından, qanından üzülən istəyidir.
Ədalət
Əsgəroğlu, sən dedin, mən də şəhadət
verdim.
31.X.2012
Əkbər Əlioğlu
525-ci qəzet.- 2012.-
24 noyabr.- S.30.