Ərənlər iqlimində- Ali
Akbaşın şeirləri
Ali
Akbaş bir südəmər körpə qədər məsum,
dünya kirinə bulaşmamış zirvə qarı. Dəli
rüzgarların qalxıb əl-ətəkdən
sovurduqları toz-torpaq onun “ağ başına” çatsa da,
orada qərar tutmaz: yenidən alçaqlara çökər.
Çünki bu şairin “Ağ başının” “Alisi” də
var!
Türkün
yanar həssas ürəyidir Ali Akbaş. Harda mükəmməl
Türk baş qaldırsa, şairin mübarək “ağ
başı” birə beşqat qalxıb zirvələnər!
Qısaca desək, Ali Akbaş soyvarlığı ilə fəxr
edən bir türk dəlisi! Türk soyunun dünyanın
harasında abidəvi bir dədəsi və ya ümidverici
cavanı baş göstərsə, Ali bəy qartaldan qanad
alıb, onun yanına pərvazlanar: gücü
çatdıqca öyər onu, tərifindən “yoruldum” deməz!
Türkün
əbədiyyət köçündə gözü, naqis
kimsələri görmək istəməz. Neyləməli?! Əsl
insan xisləti belə yaranıb! Hanı, bir meşə
söhbətimiz var... Meşənin də palıdını,
çinarını, pələngini görər!.. Kimin daxili
dünyası nədən yoğrulubsa, bu aləmi və aləmdəkiləri
o bəsirət gözü ilə görməyə köklənər.
Bir
sözlə, güllük-gülüstanlıq
heyranıdır Ali Akbaş. Maraş dağlarının təbiətən
şair oğludur!
Maraşda
şair bir deyil, beş deyil! Maraşın
mübarək torpağına bir ovuc qum
atsan; toxuma dönər, xışımla çiçək
açar: rüzgarın nəfəsində əlvan-əlvan
çiçəklər şeir pıçıldar.
Nə qədər
çiçəyi varsa, o qədər də şairi var
Maraşın! Hər birisi də mükəmməl!
Bağrından qopduqları əzəmətli dağları hələ
utandırmayıb bu cənnətin şairləri!
Yaxınlarda
dünyasını dəyişmiş rəhmətlik Əbdürrəhman
Qaraqoç və günümüzün qocalıqda da cavanlar
kimi odlu şeirlər yazmaqda olan Bahaəddin Qaraqoç
qardaşları təkcə Türkiyənin deyil,
bütünlüklə dünya türklərinin səngiməz
sevgisini qazanmağı bacardılar!
“İki qoçun başı bir qazanda qaynamaz!” deyib dədələrimiz. Müqəddəs məkan
Qəhrəman Maraşı bir qazan təsəvvür etsək,
bu bərəkətli “qazanda” neçə-neçə
döyüşkən qoçun başı eyni zamanda
“qaynayıb” da, yenə sağ-salamat söz meydanına
çıxmışlar!
Bu heybətli qoç döyüşlərinin nəticəsindən
Ali Akbaş qorxmadan, pəhsinmədən daxilindəki
şairlik qasırğalarından təmkinli və orijinal
söz bəhrələri ilə öz varlığını
göstərməyi bacarmışdır.
Ali Akbaşı Türkiyəyə ilk səfərimdə
görüb dəyərləndirmişəm. Rəhmətlik
vəkil və ədəbiyyat pərvanəsi İbrahim
Bozyelin dəvətlisi olaraq Ankaraya getdiyimdə məni
qarşılayanlar arasında şair Ali Akbaş da vardı.
Şairin saçlarına hələ dən
düşməmişdi. Şəvə kimi sıx
saçları onu çox gözəl göstərirdi!
Mərdanəliklə qol açınca dodaqları da səyriyə-səyriyə
açıldı və yanıqlı bir şeirinin
havasında məni bağrına basdı.
Nə
zaman ki, Kərkük gəlir ağlıma,
Boğazlanan bir türk gəlir ağlıma.
Füzuli
bağını viran edənin
Alnı üçün tükrük gəlir
ağlıma.
Kərkükü
Azərbaycan oğuzlarından ayırmadığı və
ulu Füzulini Azərbaycan türkünün qibləgahı
bildiyi üçün böyük iltifatıyla məni
qarşılayırdı bu mükəmməl şairimiz!
Bu yığcam şeirin misralarına hopan dərdin
tüğyanına anındaca heyran kəsildim. Amma əfkarlı bir
nöqtəyə qarşı dilimi saxlaya bilmədim:
— Şair
qardaşım! – dedim. – Gözəldir! Sizdə deyildiyi kimi,
ağzına sağlıq, əlinə sağlıq! Amma
gözünü sevdiyim Ali bəy, mübarək Füzuli ismi
çəkildiyi bir qitədə onun adıyla yanaşı,
iraq üzdən, “tükrük” sözünü işlətmək,
elə bilirəm, məqbul sayılmaz!..
lll
Cənnət Türkiyənin bir sıra vilayətlərini
heyran-heyran dolanıb, qırx üçüncü gün
Ankaraya qayıtdığımda o zamanlar Türk Xalq Bilimi Mərkəzinin
dəyərli başqanı rəhmətlik Şükrü
Elçin Bəyəfəndinin ziyarətinə getdim. Əhvallaşandan sonra mənə
dedi ki, bizim Ali Akbaşı çox mütəəssir eləmisən.
Şair mənə dərdini danışdı: “Xocam,
universitetdə gərəkli dərsimi Sizdən
almışam. Mənə nədən öyrətməmişsiniz
ki, ulu kişilərin adını çəkərkən son
dərəcə ehtiyatlı davranmaq gərəkdir?!”
lll
Ali Akbaşın yaradıcılıq mayası və qayəsi
şirincə bir dastandır. O dastanın heç deyilsə bircə
səhifəsini çevirib; sözü onun gözəlmi
gözəl şeirlərinə verməyə
çalışacağam.
Dediyim ən ibrətamiz səhifə Əlif qıza
aiddir. Bu qız şair atasının daxili
dünyasının dəqiq xülasəsiydi hələ
körpəliyindən.
Bir səhər Ankarada Ali Akbaşlara baş çəkməyə
gəldiyimdə həyətdə ancaq Əlif qızı
gördüm.
Deyəsən, nəsə oynamağa
hazırlaşırdı. Məni
görüncə oyunu gecikdirdi.
— Sabahın
xeyir, Əlif qızım!
— Hər
vaxtınız xeyir, bəyəfəndi!
— Baban evdədirmi?
—
Hayır, əfəndim.
— Hara
getmiş olar?
— Allah
bilir, əfəndim.
Əlif
qızla söhbəti bir qədər uzatmaq, onun
şip-şirin dilinə heyranlığımın surəsini
azacıq da olsa artırmaq keçdi könlümdən:
–
Yaxşı, Allah baba harda olar, Əlifciyim?
Əlif qız hiss olunacaq şəkildə tutuldu;
sorğumdan qəfil incidiyini bəlli etdi. Xilqətən
nur parçası olan sifəti və baxışları
açıqca buludlandı. Bu ovqatından doğan incik
səsiylə mənə dərs verməyə başladı:
– Nə
yerdə, nə göydə; harada arasanız, Allah baba orada! –
dedi.
Mənə
söz qalmadı ki!..
Mənim
körpəliyim, arxasınca bütün ömrüm
Allahın, onun Peyğəmbərinin və müqəddəs
nə varsa, hamısının yasaqlandığı
sıxıntılı bir məkanda keçib; Əlif qız
isə islami əxlaq çərçivəsində, iman
içində!..
Xülasə,
imanla mayalanmış nəslin örnək timsalını
görürdüm Əlif qızın heyrətli
cavabında...
lll
Ali
Akbaşın əsas mövzusu doyulmaz
türklüyümüz və abidəvi
insanlarımızdır: Füzuliyə, Şəhriyara,
Abdullah Turkaya, Osman Yüksəl Sərdənkeçdiyə həsr
etdiyi ağrılı-acılı şeirlərində Ali
Akbaşın soyuna doğmalıq duyğuları
özünü aydın şəkildə biruzə verir...
Məmməd
ASLAN
Söz
düşmüş payıma Bəzmi-Ələstdə,
Bir vəfasız
yara oldum dilbəstə...
Ali AKBAŞ
FÜZULİ
Bir yaz gecəsində
göy parıl-parıl:
Füzuli məhtabdan şeir sağarmış.
Onun
ilhamına güc vermək üçün
Ay daha gec
batar, erkən doğarmış.
Kimsə
qapısını döyməzmiş, amma
Nə vəfakar
ilham pərisi varmış!
Əlləri
kəhrəba, üzü kəhrəba,
Barmaqları qələm qədər kibarmış.
Şairin
alnından öpmək eşqiylə,
Bəzən
də Ay DƏDƏ yerə axarmış...
O
çağda göyləri dolduran əsrar
Bir ipəkcik könülcüyə
sığarmış.
Kimsəsiz
vadidə Leyla ardınca
Nə qədər
aşiqin saçı ağarmış...
Bir qutlu
gecədə sabaha qədər
Şam bitərkən o, şeirini qurtarmış.
Bir
axarlı kağız incəmi, incə!
Yarı
dünya, yarı axrət qoxarmış:
Əbədi
yuxuya dalmadan öncə
Qızıl qələmini onunla sarmış.
Akbaşıyla
və bəxti-siyahıyla
Qozasını hörmüş* Füzuli yaz-qış.
ŞƏHRAYİN
(Şənlik şöləni)
Yenə
bir vəlvələ qopdu səhərdə
Göyə atəş vurdu bir həzin pərdə.
Alovlar içində
açıldı pərdə
Bülbül yana-yana çatdı vüsala.
Kərbəla
çölündə cəm oldu hər kəs,
Hər
soydan, hər dildən neçə yanıq səs!
Şeirlər
oxudu, tutuldu nəfəs;
Karvanın
önündə Kərəm məşələ...
Kərbəla
torpağı indi buxurdan,
Davudi bir
səda yüksəldi birdən:
Məzmurlar
oxunur yenə “Zəbur”dan,
Dağ zirvələrindən qopan şəlalə.
Fərhad
dağ yerinə qəlbini dəlmiş:
Şirin,
necə şirin, necə gözəlmiş!
Əsrlər
ardından bu günə gəlmiş,
Əslinin çevrəsi alovdan halə.
Leylanı
tapmaq zor bu şəhrayində;
Tapıb ölmək üçün Xaki-payında.
Neçə
Məcnun inlər səri-kuyində:
Kakülü
mor sünbül, yanağı lalə.
Başladı
Füzuli dastani-eşqə:
Dedilər:
bu türkün aləmi başqa! –
Dilimin
bayrağı yüksəldi ərşə;
Ulduz
yandaş oldu göydə hilalə!
Küdümlər
dəm tutdu, neylər inlədi;
Didələr
yaş tökdü: çöl sərinlədi.
Aşiqlər
sultanı afərin dedi
Və Xəyyam göründü əldə piyalə.
ŞƏHRİYARA SALAM
Şeirini
oxuyunca necə hirsləndim,
Qələm aldım, mən də sənə səsləndim.
Cavab
versin Səmərqəndim, Daşkəndim:
Əsib susmuş bir dəlicə yelmiyik?!
Kimsə
bilməz tanışmıyıq, elmiyik...
Türkcə
söylə, Heydərbaba küsməsin;
Dost
bağında xoryat yeli əsməsin!
İstanbuldan
duyulmada gur səsin;
Söylə,
söylə, hey dilini sevdiyim!
Yerin,
yurdun, hey elini sevdiyim!
Sözlərində
buram-buram həsrət var;
Oxuyunca
oba qoxar, yol qoxar!
Heydərbaban
bizələrə baş yadigar;
Dilərəm:
şairəm, ömrüm uzansın!
Uca millətinə
dastan yazansan!..
Söylə
yenə, bülbül dilli Şəhriyar!
Qəlbim
göynər: aramızda dağlar var...
Dağlar
nədi, qırılası bağlar var:
Kor
olası, məni mənə el edər;
Könül istər, əlim yetməz, dəl edər.
Qırğız
desən, Qazax desən, el olmaz;
Üç
günlük dünyada qula qul olmaz!
Qızıl
yerə düşsə, saxta pul olmaz!
İgid
atdan düşər, yenə atlanar!
Qəfəslər
dağılar, quş qanadlanar!
Vəfalı
yar ümid kəsməz yarından!
Çiçək
baş qaldırar qışın qarından!
Gün gələr:
Çənlibel üfüqlərindən
Qoç
Koroğlu Qıratını əsdirər!
Qaçqınlaın
ağısını kəsdirər!..
ŞƏHRİYARA ƏLVİDA
Dahilərə
dünya dar gəlmədə, dar...
Onlar
göy üzündə pərvaza çıxar!
Bəlkə
də xilqətlə avaza çıxar;
Qırar qanadını sərt rüzgar, ölür.
Haralarda qaldı şairi-zişan?!
Neyçün susdu bülbüllərlə
yarışan?!
Son
şair, son nəfəs, halı pərişan,
Son həmləni gözlər, sənətkar
ölür.
Yağmurla
yıxayın; buluda sarın;
“Əvvəl
gedən kəslər”, salama durun!
Füzuliyə
qonşu bir otaq qurun! –
Qorqud Ata
oğlu Şəhriyar ölür...
Şair
göyüzünü maviyə boyar,
Vaxtlı,
ya vaxtsız bir ulduz kayar,
Şəhriyar
yox deyə erkən yağdı qar:
Bağçada çiçəklər tarimar,
ölür.
Qərib
bülbül əriyər də, səs olar;
Bağban
ağlar, xas bağçada yas olar;
Gözyaşları
çəmən üstə süs olar:
Bəyaz
saçlarıyla bir bahar ölür...
Rəhmət
o könüllər aşinasına!
İranı-Turanı
qatdı yasına...
Əksi-səda
gəlməyincə səsinə,
Göyüzündə felli durnalar ölür.
...Yaşlı
üfüqlərdən tar səsi gəlməz,
Atam Şəhriyarın gur səsi gəlməz.
Aləmdə
kim ölsə, aşiqlər ölməz,
Sanmayın,
sanmayın Şəhriyar ölür!..
Çalar
ömrümüzün həzin saatı,
Can dediyin
nə ki? – Bir gül dəməti!
Haqqa təslim
edir o əmanəti,
Rindlər son nəfəsdə bəxtiyar ölür.
Təbrizə
gedəlim!.. Yol hara,
dağlar?
Atası ölərsə, el qara bağlar.
Akbaş
ölsə, yalnız anası ağlar,
Şəhriyar ölərsə, bir diyar ölür.
ŞEİR
Ey şeir,
qanayan yaramsan mənim,
Köksümün üstəsən, görən gül
sanar.
Ağımsan,
fəryadım, nərəmsən mənim! –
Uzaqdan duyanlar bir bülbül sanar.
Söz
düşmüş payıma Bəzmi-Ələstdə,
Bir vəfasız yara oldum dilbəstə.
Çarpınıb
duraram bu dar qəfəsdə;
Demərəm
dərdimi, təhəmmül sanar...
TÜRKÜLƏR
(xalq
mahnıları)
Yetik Ozanın əziz xatirəsinə.
Min ildə
yoğurduq hər yarpağını,
Üzüyə
qaş etdik Ağrı dağını!
Dünyaya
dəyişməm bir “axsağını”,
Könlümə
görədir bizim türkülər!
Türkülər
bilirəm Vanlı, Yəmənli;
Yəmənin
yolları güllü-çəmənli
Söyləmiş
gəlinlər gözləri nəmli
Künyadır, kuradır bizim türkülər.
Qovruldum
atəşdə, sızladım qəmdə,
Ayrı bir havada, ayrı məqamda.
Bir gəlini
sel aparmış Muğanda;
Sellərdə Saradır bizim türkülər.
Yıxılmış
nəfəsi, boğulmuş bağlar,
Davullar ah çəkər, zurnalar ağlar.
Könülsüz
gəlindir, yol verin, dağlar;
Bir bəxtiqaradır bizim türkülər.
Bizim
qızlar tapmayınca dəngini,
Kimi türkü yaxar, kimi kəndini.
Bahar seli
kimi yıxar bəndini,
Bir qanlı dərədir bizim türkülər.
Ay
qaranlıq, tapammamış yolunu,
Səfərbərlik yaman bükmüş belini.
Qaranlıq
gecədə bilsən dilini:
Zülmətdə çıradır bizim türkülər.
Zəmilər
biçilər, toy-düyün olar;
Payız gün qısalar, bir süyüm olar.
Hər
çeşmə başında qırx güyüm olar:
Növbətdir, sıradır bizim türkülər.
Əlif
ördək olub, göllərdə üzər,
Suyun
aynasında saçını çözər;
Ceyran
arxasınca ovçular gəzər,
Gör hardan-haradır bizim türkülər.
Suları
ürpədən bir nida olar,
Əksi – səda verən Altındağ olar.
Bir mərhaba
olar, əlvida olar,
Bir qutlu
törədir bizim türkülər!
Veysəl
susar, Davud gör nələr eylər;
Krımdan gələrkən sərdarı söylər.
Obası,
kəndlisi hünkarı söylər,
Fərmanda
tuğradır bizim türkülər!
Koroğlu dağlarda qalarmı naçar?!
Xızır
hümmət elər, quş olub uçar!
Bəylər
unudarsa, Kəloğlan açar,
Sehrli süfrədir
bizim türkülər!
Min dərədən
su daşımış ələklə,
Min sənədir
qovğası var fələklə...
Dırmanır
belində ağır şələklə:
Ağrıdır,
Xıradır bizim türkülər!
Bülbül
kimi gül şaxında dəm çəkər,
Qara gündə qəm dağıdar, qəm çəkər.
Türkülərin
çəkdiyini kim çəkər?!
Karvanda
buğradır bizim türkülər!
Toplansın
aşıqlar çağrım üstünə,
Ağrı tapılarmı ağrım üstünə?!
Qara
saplı bıçaq bağrım üstünə;
Səngiməz yaradır bizim türkülər.
Nəğmələr
dəlisi Sarısözəni –
Anmayınca tutmaz sazın düzəni.
Türkülər
dalınca gərmiş Firanı;
Bəlxi-Buxaradır bizim türkülər.
Bağlama
dediyin: üç tel, bir taxta:
Nə
şaha baş əymiş, nə tacı-taxta!
Min bir ah
toplamış tək bircə ahda:
Bozqırda
nərədir bizim türkülər!
MÖMİNƏ XATUNA QƏZƏL
Böyük
Səlcuqlu Sultanı Alpsalan
Xanın
anası Möminə Xatunun türbəsi
Naxçıvandadır
Nolaydı,
mən yenə cavan olaydım;
Naxçıvanda
bir bağiban olaydım!
Sultanıma
gül dərəydim hər səhər,
O
güldükcə mən də xəndan olaydım.
Onun iffətinə,
nəzakətinə
Qəsidə yazaydım, heyran olaydım.
Bir
gül kimi gülən o məhluqayə
Bir
çarə tapaydım, dərman olaydım!
Sultanlar
doğuran heyranisənin
Asitanasında pasiban olaydım.
Ak
başımla əllərindən öpəydim,
Bir
gün sarayında mehman olaydım!..
DAĞLARA DASTAN
Gözəllərin
yaylağıdır,
İgidlərin
oylağıdır,
Yel vurar,
fikir dağıdır,
Sazı qucaqda dağların.
Gözəl
gördüm, keçsəm hardan,
Busə
aldım nazlı yardan,
Qışda
halva çalar qardan,
Közü ocaqda dağların.
Şimşəklər
yalar döşünü,
Almaz edər hər daşını.
Qızarsa,
çatar qaşını:
Əli bıçaqda dağların.
Hər dağ
sanki bir şahsüvar:
Saz
çalar, qərəmət sovar!
Koroğlu
kimi oğlu var,
Guşə-bıçaqda dağların.
Bağrını
Fərhad dələli –
Dağların başı bəlalı.
Gün
vurar, artar cəlalı –
Köksü şəfəqdə dağların.
Ətəyi
elin ovası,
Təpəsi
qartal yuvası!
Min dərdə
dərman havası
Yazda, sıcaqda dağların.
Yaranı
var, yoldaşı var,
Kimsə
bilməz nə yaşı var...
Mənim
kimi Akbaşı var –
Ağlar uzaqda dağların.
BAŞÖRPƏYİ
(Yaylıq)
Yəmənidir,
yaşmaqdır,
Bayraqdır başörtüsü.
İndi
öz vətənində
Dustaqdır baş örtüsü.
Zülümdür,
gələr-keçər,
İmanlı
qalmaz naçar!
Tənha
sularda açar –
Zambaqdır başörtüsü.
...Yenə
yollar kəsildi:
Dərsxanalar
basıldı;
Bir
qız gözünü sildi –
İslaqdır başörtüsü.
İdeallar,
arzular,
Yasağa necə sığar?!
Hər
gün yenidən doğar –
Şəfəqdir
başörtüsü!
Düşmə
arsız izinə;
Baxma yalan
sözünə!
Bacımın
gül üzünə
Yarpaqdır başörtüsü.
O namərdlər
naşıdır:
Nə görür, nə eşidir.
Bu bir
kimlik işidir:
Bir
haqdır başörtüsü!
Kənarı
əl hörgüsü!
Namusun tel
hörgüsü!!
Nənə
Xatunun süsü –
Ağ-pakdır
baş örtüsü!..
MARAŞ GÖZƏLİ
Yad eldə
başım bəlada,
Yeddi yerdən
yarayam, oy!
Yola baxar
yar sılada!
Düşə-qalxa
varayım, oy!
Dağa
yağan doluyam mən;
Dağda
yayla yoluyam mən;
Toxuduğun
xalıyam mən,
Alnındakı
lirayam,2 oy!
Xırman
oldum, sovur məni,
Teşinə sal, əyir məni.
Yaxdın
ağır-ağır məni,
Alov-alov
çırayam, oy!
İp
bükənim, kül tökənim!
Bərəkətli
tarlam mənim!
Qara
qızım, tunc bədənim,
Saçındakı
turayam,3 oy!
Un al,
xamur yoğur mənə,
Doqquz
oğul doğur mənə!
Kətən olayım Urbana.
Allı-pullu
sarayım, oy!
Akbaşım
der, gəl Maraşlım!
At
çalımlım, qanad qaşlım!
Sünbul
saçlım, uca başlım,
“Çağın
keçər” derəyəm, oy!
YARPAQ BOYDA ŞEİRLƏR
Həsrət
Mən
dağlar başındayam,
Sən bağlar başındasan.
Mənim
saçım ağardı,
Sən
sevda yaşındasan...
Tuyuq
Göz
görər, biçarə könlüm dərd çəkər,
Cövrünü mən, nəşvəsin namərd
çəkər.
Həsrətin
tən içrə canım bezdirər;
Min
şükür, səbrim, qürurum sədd çəkər...
Həsbi-hal
Artıq
yuxular da tərk etdi məni,
Sonaları uçmuş bir göl kimiyəm.
Söylə, kimsən aynadakı ixtiyar? –
Nədən böylə özümə el kimiyəm?!
Ey süxən
Mən Kəpəm,
o Əslixan –
Məmləkəti:
İsfahan.
Qılavuz
ol, ey süxən:
Gedəlim
o diyara,
Düşəlim
kuyi-yara!
Süleymannamə
Bu ayaqlar səninmi, Süleyman?
Bu ayaqlar necə ayaq?!
Hadi,
yorğana sığdı, deyəlim;
Məzara necə sığacaq?!
Dolapnamə
Bu
dünyada dolap-dolap içində,
Haram var evlərin hər kərpicində.
Heyif ki,
bizdəndir baltanın sapı,
Günah
aramayın elin biçində!...
Əyrilər
Hər gələnin
keyfi üçün
Boyun əydin hər gələnə.
Sən
çızdın bu əyriləri;
Cədvələ nə, pərgərə nə?!
Fikri-sabit
Hara getsəm,
ilaclarım yanımda,
Artıq ölüm bir fikri-sabit kimi.
Yerli-yersiz
yapışır ətəyimdən,
Gözləyir
qapımda bir zabit kimi...
Manilər
(bayatılar)
Eləziz
əziz şəhər,
Suları
ləziz şəhər!
Muradı
Fərat olmuş;
Fəratı dəniz şəhər.
lll
Hey pinar,
soyuq pinar
İçində balıq donar.
Dərd
üstdən min dərd verər:
Bu fələk bizi sınar.
lll
Harputun Xəzəri
var,
Ulular məzarı var.
Atamız
Fetəhmədin
Yoxsula nəzəri var.
XORUATLAR
(Kərkükdə bayatıya “xoruat”
deyirlər)
Gül dəmi,
Bülbül dəmi, gül dəmi.
Məni
bayıldan qoxu
Köksündəmi,
güldə mi?!.
lll
Ay
yarımı,
Yanağın
Ay yarımı!
Aylar keçdi aradan.
Görmədim,
ay, yarımı...
Lll
Yanarsan,
Ya heyvəsən,
ya narsan;
Aylar
keçdi, anmadın,
Yaxma məni,
yanarsan!
lll
Göy
sudadır,
Ay
göydə, göy sudadır.
Çıxma,
ceyranım, çıxma! –
Kölgələri
sudadır:
Ovçular
pusqudadır...
525-ci qəzet.-
2012.- 24 noyabr.- S.20-21.