Bir məktubun ovqatı- Mirvarid Dilbazinin Mustafa Çəmənliyə məktubu

 

Bu gün bəlkə də ömründə bir dəfə dost-tanışına, sevgilisinə məktub yazmayanlar üçün məktubdan danışmaq çox qəribə səslənə bilər. Mobil telefon, internet əlaqəsi olan yerdə nə məktub?! Ancaq yaxın keçmişimizə qədər məktub yazmaq, arzu və istəkləri yazılı şəkildə bildirmək dəbdə idi. Yəqin ki, bu günlərdə şəxsi arxivimi sahmana salarkən əlimə keçən bir məktub olmasaydı, bu barədə danışmazdım. Bu qısa məktub bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz Xalq şairi Mirvarid Dilbaziyə məxsusdur. 10 iyul 1982-ci il tarixli bu məktubu Mirvarid xanım o zaman radionun musiqi şöbəsinə göndərmiş, şəxsən tanınmadığı bir gəncə – mənə ünvanlanmışdı:

“Əziz, hörmətli oğlumuz Mustafa!

Çox dinlədim, familiyanızı aydın eşidə bilmədim. Ancaq bu, “Yadigar səslərhaqqında verilişinizə görə öz minnətdarlığımı bildirməyə mane olmur. Vətənini, xalqını sevən hər bir patriot Sizin kimi ziyalı, milli sərvətinin sahibi nəsil-varis yetirməlidir. Sizin kimi, sözün əsl mənasında, mədəniyyətimizin, ədəbiyyatımızın varisləri olduqca heç bir şey itməyəcək, heç kəs yaddan çıxmayacaq. Çox sağ olun. Apardığınız qiymətli tədqiqat işləri üçün sizə dərin, sonsuz minnətdarlığımı bildirirəm. Gələcək işinizdə müvəffəqiyyətlər və cansağlığı arzu edirəm.

Hörmətlə: Xalq şairi Mirvarid Dilbazi

10.VII.82

Əlbəttə, bu adi telefon danışığı olsaydı, 30 il bundan qabaq yazılmış məktubsənəd olmasaydı, yaddaşımı oyatmazdı. Vaxtilə Mirvarid xanımı duyğulandırmış “Yadigar səsləradlı musiqili verilişim 30 il bundan qabaq, 1982-ci il iyulun 3-də saat 16:15-də Respublika radiosunda səslənmişdi. Mən bu verilişdə ilk dəfə Fərəməz Həsənovun ifasındaDağlarda çiçək”, Nəzakət İsmayılovanın ifasındaQatarmuğamını, keçmiş xanəndə, sonralar milyonçu olmuş, sovet hökuməti qurulandan sonra isə xaricə mühacirət etmiş Seyid MirbabayevinAy bəri bax”ını səsləndirmişdim, ilk rəqqaslarımız haqqında söhbət açmışdım. Və o zaman 70 yaşlı müğənni Bikə Səmədzadəni də bu verilişə dəvət etmişdim. Yaxşı yadımdadır, beli azacıq əyilmiş yetmiş yaşlı bu qadını bir neçə dəfə radionun dəhlizində görmüşdüm. Bir dəfə musiqi şöbəsinin müdiri Hacı Məmmədovdan bu qadının kim olduğunu soruşdum. O dedi ki, “Nə bilim, əşi, deyir səsimi yazdırmaq istəyirəm, vaxtilə müğənni olmuşam, bəlkə onunla söhbət eləyəsən”. Dərhal dəhlizə çıxıb var-gəl edən qadına yanaşdım:

Xanım!

Qadın qəddini dikəltdi:

Bəli.

Siz kimsiniz?

Mən Bikə Səmədzadəyəm. Eşitməmisən?!

Adınıza ötən illərin afişalarında rast gəlmişəm. Məni bir dəqiqə gözləyin, gəlirəm, – deyib Hacının yanına qayıtdım.Qadın doğru söyləyir, icazə ver, onu verilişlərimin birində danışdırım.

olar, – dedi, – Allaha da xoş gedər.

Mən qayıdıb Bikə xanımla söhbətləşdim. Məlum oldu ki, əslən Dərbənddəndir. Üzeyir bəyin tələbəsi olub. Müharibə vaxtı ön cəbhədə əsgərlər qarşısında çoxsaylı konsertlər verib. Bir dəfə isə bərk soyuqlayıb o gündən səsini itirib, səsi gahgəl olub.

Mən taleyi gətirməyən Bikə xanımıYadigar səsləradlı həmin verilişimdə danışdırıb, Üzeyir bəyin mahnılarından musiqinin müşayiəti olmadan oxutdurdum. O dövrdə mənim bu verilişim xeyli əks-səda doğurdu. Bikə xanımın sonrakı taleyindən xəbərim olmadı, “Yadigar səslərverilişinin həmin sayı isə Respublika radiosunun fondunda saxlanılır. Onu da deyim ki, Bikə xanımın taleyindən təsirlənərəkİtirilmiş səsadlı irihəcmli bir hekayə yazıb çap etdirmişdim.

isə, mətləbdən aralı düşdük. Mirvarid xanım məktubu yazdığı dövrdə mənYazıçınəşriyyatında işləyirdim. O zaman görkəmli şair ədiblər vaxtaşırıYazıçınəşriyyatına gələrdilər. Bir dəfə Mirvarid xanımın nəşriyyatın poeziya şöbəsinə gəldiyini eşidib ora getdim, tanışlıq verdim məktubuna görə ona təşəkkür etdim. Mirvarid xanım gülümsəyərək dedi: “Nədənsə, mən sizi bəstəkar bilirdim” (Yəqin ki, radioda tez-tez səslənən musiqili verilişlərimə görə belə düşünürmüş).

O gündən Mirvarid xanımla nəşriyyatda, müxtəlif tədbirlərdə görüşürdüm. O, Azərbaycan xalqının ən ali keyfiyyətlərinin daşıyıcısı olan həlim xasiyyətli bir xanım idi.

 1989-ci ildə Xalq artisti Əbülfət Əliyev haqqında radio verilişi hazırlayırdım. Müğənnidənkimlərin haqqınızda söz deməsini istəyirsiniz?!”soruşanda Mirvarid Dilbazinin adını çəkdi. Bir neçə gündən sonra Mirvarid xanımın evinə zəng vurdum. Dedilər ki, şairə Mərdəkandadır, müalicə olunur. Mən bunu Əbülfət Əliyevə çatdırdım. Dedi ki, maşınla yanına gedərik. Mənim haqqımda çıxış etmək Mirvarid xanımın öz arzusudur.

Əbülfət Əliyevlə yol yoldaşı olacağıma görə sevindim. Çünki bilirdim ki, yolboyu onun musiqi haqqında fikirlərini eşidəcəm yazacağım veriliş bir qədər zənginləşəcəkdir. Doğrudan da, yol uzunu onun şirin söhbətini dinləməkdən doymadım.

...Mənzil başına çatdıq. Mirvarid xanım Əbülfət Əliyevi görəndə çox sevindi. O, ikinəfərlik palatada qalırdı. Masanın üstünə səpələnmiş vərəqlərdən hiss etdim ki, onu şeir aləmindən ayırmışıq. Buna baxmayaraq, şairə bizi həssaslıqla qarşıladı. Özümlə diktafon da götürmüşdüm. Mirvarid xanıma gəlişimizin səbəbini dedim. O:

Əbülfət müəllim mənim çox sevdiyim sənətkardı. Onun haqqında hər vaxt danışmağa hazıram, – dedi. Sonra soyuducunu açdı, portağal götürüb səliqə ilə dilimlədi: “Buyurun yeyin”, – dedi. Əbülfət Mirvarid xanımdan isti su istədi. O, soyuq portağal dilimlərini isitdikdən sonra yedi. Bu, diqqətimdən yayınmadı: “Səsinizi həmişə belə qoruyursunuz?” – deyə soruşdum.

– Ömrüm boyu qorumuşam. Səs təkcə mənim deyil axı, həm də xalqındı. İnanırsınızmı, Bakının küləkli günündə evdən bayıra çıxmıram. Cabbar Qaryağdıoğlu Xan əmiyə deyirmiş ki, bala, bir halda ki Bakıya gəlmisən, sənə bir məsləhətim var: düş padvallarda hamballarla çay iç, amma su içmə.

– Niyə belə deyirmiş?

– Bakıda tez-tez hava dəyişir, Xəzri, Gilavar əsir. Babalarımız İçərişəhərin tikilişində bunu nəzərə alıblar, amma Bayırşəhəri tikənlər yox.

Xeyli ordan-burdan danışandan sonra Mirvarid xanımın söhbətini diktafona yazdım. Mirvarid xanımın lentdə qalmış xatirəsini olduğu kimi təqdim edirəm:

– Əbülfət müəllimin adıyla onun dinləyicilərinin ən gözəl duyğuları bağlıdır. Əbülfət Əliyev bizim klassik, ustad xanəndələrdəndir. O, öz sənətiynən dinləyicilərin ürəyinə elə sehrli bir duyğu bağışlayıb ki... Bu duyğu şairin qəlbində sehrə dönüb. Sehri isə sehrə düşənlər başa düşürlər: bu hardan sehrləndi, nədən sehrləndi. Əbülfət Əliyevin sənəti sehrdi. Mən onun ifasını dinləyəndə ancaq bu sehr barəsində düşünürəm. Onun səsində bir yumşaqlıq, bir lirika, insanı xəyaldan-xəyala salan, bəzən bir zirvədə dondurub saxlayan çox qəribə bir qüdrət var... Mən həmişə onu dinləyəndə deyirəm: şükür Yaradana ki, xalqımıza belə bir oğul, belə bir sənətkar veribdir. Mən iki dəfə təşviqat qatarıyla Əbülfət Əliyevlə rayonlarımızda olmuşam. Əbülfət oxuduqca yerdən kişilər onu təqdir edirdilər: “Can Əbülfət! Yaşa Əbülfət!”Mən yeri düşmüşdü deyə Mirvarid xanımdan Əbülfət Əliyevin Opera Teatrının səhnəsində yaratdığı Məcnun obrazını görüb-görmədiyini soruşdum. Şairə dedi:

Sarabskini mən uşaq vaxtı, on iki-on üç yaşım olanda görmüşəm. Hələ də onun sifətinin mimikası, səsi, səsinin ahəngi mənim yadımdadı. Mənə elə gəlir ki, Sarabskini yalnız Əbülfət Əliyev əvəz eləyə bilər. Məcnun həmişə məftundu. Məcnunun fəryadı daxildə gedən fəryaddı. Bu fəryadı ancaq Əbülfətin səsi dinləyicilərə çatdıra bilər. Əbülfətin səsilə Füzulinin fəryadı birləşəndə bu ayrı bir aləm olur...

1992-ci ildə mən “Gənclik” nəşriyyatına baş redaktor təyin olundum. Bir müddət sonra Mirvarid xanım “Bənövşələr üstə göz yaşları” adlı xatirələr kitabının əlyazmasını nəşriyyata təqdim etdi. Mən şairənin əlyazmasını oxutdurub, nəşriyyatın redatkoru Məmməd Namaza kitaba ön söz yazmasını xahiş etdim. Sağ olsun, o da səmimi bir ön söz yazdı.

1994-cü il idi. Mirvarid xanıma zəng edib kitabının işıq üzü gördüyünü dedim, çox sevindi. Lakin xəstə olduğu üçün bugünlərdə nəşriyyata gələ bilməyəcəyini söylədi. Çox təəssüfləndim. Mirvarid xanım nəşriyyata yaxın binada – Monolitdə yaşayırdı. Kitabdan iki nüsxə götürüb Məmməd Namazla onlara getdim. Qəfil gəlişimizdən çox sevindi. Kitabları ona verdik. Çöhrəsi nurlandı. Nəşrə görə təşəkkür etdi. Sağollaşıb çıxdıq.

O vaxtdan illər keçib. Haqq dünyasına qovuşub hörmətli şairəmiz. O, mənim yaddaşımda hər işində vəfalı, sədaqətli, analarımız kimi başı örpəkli, səmimi, təvazökar, mülayim, rəngsiz-boyasız qalıb. Bənövşələr üstə düşən şeh kimi parlaq.

 

 

525-ci qəzet.- 2012.- 24 noyabr.- S.19.