Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
Antonin kimi mənim üçün şəhər və
vətən Romadır, bir insan kimi isə – dünyadır.
Mark Avreli
Plutarxın yazdığına görə, bir dəfə
hansısa pers Sparta çarı Lisandrdan soruşdu ki,
hansı dövlət idarəçiliyi ona başqalarından
daha xoş gəlir. O, buna elə cavab verdi: “O quruluş
ki, ləyaqətli adamlara da, əclaflara da yalnız onların
layiq olduqları payı verir”. Belə prinsip məhz
Karlın idarəçiliyinə də xas idi.
Böyük Karl daim qələbələrə sahib
olmurdu, onun ordusu İspaniyada özünə dəyən zərbəni
də dadmalı olmuşdu. “Roland haqqında nəğmə”
adlı orta əsr frank eposu üçün bu epizod mənbə
rolunu oynamışdı, sonralar isə ondan bütöv əhvalatlar
sikli meydana gəlmişdi. Yalnız uğurlu
müharibələri ilə öyünə bilməyən bu
hökmdar başqa sahədəki nailiyyətləri ilə fəxr
edə bilərdi. O, dövlət quruluşunun
yaxşılaşdırılması üçün ən
kiçik detallara da nüfuz edir, səltənətinin maddi və
mənəvi inkişafına fasilə, yorulmaq bilməyən
bir qayğı ilə yanaşırdı.
Karl kənd təsərrüfatına xüsusi diqqət
verirdi. Onun göstərişi ilə bataqlıqlar qurudulur, əlavə
əkin sahələri əldə etmək üçün
meşələr qırılırdı. O, həm də
çox sayda şəhərlər və monastırlar
salmışdı. Lakin bütün bu nəhəng
işlər heç də uzun müddət yaşamadı.
Onun ölümündən heç üç
onillik keçməmiş imperiya Verden müqaviləsi əsasında
parçalandı. Nəhəng dövlətin
yaradılması federalizasiya prosesinə rəvac vermişdi,
bu isə gələcək labüd parçalanmaya aparıb
çıxarmalı idi.
Karl tarixin aləti və ya onun yaradıcısı idimi? Müasirləri
onu lazımınca anlamırdılar, yaxın varisləri barədə
isə onun bəxti gətirmədi. Hər şey onun
dühasının gücü ilə birləşmişdi. İmperiya öz başçısının
böyüklüyü üzərində dayanırdı.
Karl böyük hökmdar idi, ancaq daha
böyük insan idi. Öz uşaqları
– birinci təbəələri onun hakimiyyət aləti, krala
tabe olmaq nümunəsi idilər. O, gözəl qərarlar
verirdi, daha vacib olanı isə onların icra edilməsinə
adamları məcbur edirdi. Onun dühası
imperiyanın bütün hissələrinə nüfuz edirdi.
Hökmdarın bu qanunlarında onun ehtiyatlılıq ruhu hiss
olunur. O, cəzalandırmağı bacarsa da, daha çox
bağışlamağa üstünlük verirdi. Geniş niyyətlər insanı kimi o, bunları
böyük sadəliklə həyata keçirirdi.
Heç kəs böyük işləri onun kimi belə asan,
çətin işləri belə tezliklə görmək
qabiliyyətinə malik ola bilməzdi. O,
daim öz geniş imperiyasını gəzirdi, nə ilə
qarşılaşırdısa, onların hamısına
xüsusi diqqət göstərirdi. Hər tərəfdə
işlər meydana çıxırdı və onları o,
başa çatdırırdı.
Heç bir hökmdar onun kimi təhlükələrə
məhəl qoymamağı bacarmazdı və heç kəs
onlardan belə asanlıqla qaça bilməzdi. Bu, birinci
növbədə sui-qəsdlərə aid idi. Bu təəccüblü hökmdar həddən
artıq mülayim idi, yumşaq xarakteri ilə seçilirdi.
Ünsiyyətdə olduqca sadə idi və
öz saray adamlarının məclisini sevirdi.
O, öz
məsariflərində, vəsait xərcləməkdə qəribə
bir qaydaya riayət edirdi və öz əmlakını
ağılla, diqqətli və haqq-hesab aparmaqla idarə edirdi.
Hər bir ailə başçısı onun
qanunlarından öyrənə bilərdi. O, dövləti
idarə etdiyi kimi öz evini, təsərrüfatını
yaxşı qaydada idarə edə bilirdi. Kapitulyarilərində
onun öz sərvətini necə qazanmasının təmiz və
halal mənbələri görünürdü. Bircə
nümunəni göstərmək kifayətdir ki, o, nə qədər
qənaətcil və yalnız halal gəlirə can atan
imiş. O, göstəriş vermişdi ki, öz malikanələrindəki
quş həyətlərindən yığılan yumurtaları
və öz bağlarından çalınan artıq otu
satsınlar. Bundan əlavə o, müharibə
vaxtı götürdüyü bütün
saysız-hesabsız qənimətləri öz xalqları
arasında bölürdü. Yəqin ki,
mübaliğəsiz demək olar ki, müasir dünyanın
inkişaf etmiş xalqı da özünün belə bir
dövlət başçısının olmasını arzu
edərdi. Mənəviyyat və əxlaq qəbiristanlığına
çevrilən ölkələrdə isə bu arzu, heç
şübhəsiz, daha güclü olmaqla, daha gur səslənərdi.
Unutmaq olmaz ki, Böyük Karl Avropa tarixini şərəfləndirən
simvollardan birinə çevrilmişdir. İkonanın
gücünü qiymətləndirməmək heç vaxt məqbul
sayılmamalıdır.
Səlahəddin
Həyatda bir şey çox qiymətlidir – həqiqəti
qoruyub saxlamaq və ədalətli hərəkət etmək.
Mark Avreli
Sparta çarı Agesilay öləndə öz
silahdaşlarına tapşırdı ki, onun şərəfinə
abidələr ucaltmasınlar. O dedi: “Əgər mən nəsə
yaxşı iş görmüşəmsə, bu mənə
abidə olacaqdır, əgər görməmişəmsə,
yazıq peşə ustalarının heç nəyə
yaramayan məmulatları olan dünyanın bütün heykəlləri
mənə kömək etməyəcəkdir.
Plutarx
Misirin,
Suriyanın, Yəmənin və Fələstinin orta əsr
sultanı, Əyyubi sülaləsinin banisi olan Səlahəddin
bütün dövrlərin ən məşhur müsəlman
qəhrəmanı hesab olunur. Şərqdə o, müdrik
hökmdar rəmzinə çevrilməklə yanaşı, Qərbdə
üçüncü Səlib yürüşü ərzində
rıtsarların düşməni olan əfsanəvi
şəxsiyyət səviyyəsinə yüksəlmişdi.
Səlahəddinin şöhrəti həqiqi
idi, baxmayaraq ki, bəzən dramatik olmaqdan da uzaq deyildi.
O, 1137-ci
ildə Mesopotamiyadakı Tikritdə, tanınmış
kürd ailəsində anadan olmuşdu. O, anadan olan gecə
atası ailəsini yığıb Aleppoya köçdü,
burada Şimali Suriyanın qüdrətli türk valiliyində
xidmət etməyə başladı. Baalbekdə və Dəməşqdə
böyüyən Səlahəddin, adına
əlavə olunan Yusif ibn-Əyyub kimi tanınmaqla, başqa gənclərdən
o qədər də fərqlənmirdi, hərbi məşqlərdən
daha çox dini biliklərə böyük maraq göstərirdi.
Onun rəsmi karyerası əmisi Əsədəddin
Şirkünün qərargahına daxil olmaqla başladı,
o, əmir Nurəddinin yanında mühüm hərbi xadim idi. Şirkünün
ölümündən sonra Səlahəddin 31 yaşında
Suriya qoşunlarının komandanı və Misirin vəziri təyin
edildi. Onun hakimiyyətə nisbətən sürətlə
qalxmasında kürd nəslinə məxsus olan klan nepotizminin rolu ilə yanaşı, onun
meydana çıxan istedadları da az rol
oynamamışdı. Misirin vəziri kimi o, məlik
(kral) tituluna yiyələnmişdi, baxmayaraq ki, o, əsasən
sultan kimi tanınırdı.
Onun mövqeyi Fatimilər sülaləsinin şiə xəlifətini
ləğv edib Misiri yenidən sünni təriqətinə
dönməsini elan etməsi ilə daha da möhkəmləndi
və nəticədə onların vahid hökmdarı oldu. O, bir müddət nəzəri
olaraq Nurəddinin vassalı olmasına baxmayaraq, bu tabelik
1774-cü ildə Suriya əmirinin vəfatı ilə başa
çatdı. Misirdəki varlı kənd təsərrüfatı
mülkiyyətindən istifadə etməklə, kiçik,
lakin sərt qaydadakı nizamlı ordu ilə Suriyaya daxil olub,
keçmiş süzereninin gənc oğlunun xeyrinə
regentliyi tələb etdi. Lakin tezliklə o, bu iddiadan əl
çəkdi və iki il ərzində
Suriyanın, Şimali Mesopotamiyanın, Fələstinin və
Misirin bütün torpaqlarını birləşdirməyə
çalışdı. Hərbi gücdən
sürətlə və qəti şəkildə istifadə
etmək zərurəti yarandıqda, o, bunu ağıllı
diplomatiyaya arxalanmaqla başa çatdırdı. Alicənab
və ləyaqətli adam kimi onun nüfuzu
tədricən böyüdü, həm də qüdrətli
hökmdar kimi, o, heç də iddialardan, volyuntarizmdən və
qəddarlıqdan xali deyildi.
Səlahəddinin hər bir hərəkəti
özünü cihad ideyasına həsr etməkdən
ilhamlanırdı, bu, xristian səlibinin müsəlman
ekvivalenti idi.
Müsəlman dini institutlarının
böyüməsini, genişlənməsini alqışlamaq
onun siyasətinin mühüm hissəsi idi. O, müsəlman
alimlərinə və moizəçilərinə himayəçilik
göstərirdi, onlardan istifadə etmək üçün mədrəsələr
və məscidlər yaradırdı. Mənəvi
inkişaf yolu ilə, bu, onun həyat tərzinin həqiqi bir
hissəsi idi, o, çalışırdı ki, öz səltənətində
eyni çalışqanlıq və entuziazm yaratsın.
Axı belə yararlılığı müsəlmanların
ilk nəsli beş əsr əvvəl, məlum
dünyanın yarısını işğal edəndə
sübuta yetirmişdi.
Səlahəddin həmçinin hərbi
tarazlığı öz xeyrinə dəyişdi – çox
saydakı idarə olunmayan qüvvələri birləşdirməklə
və nizama salmaqla ordunu gücləndirdi. Lakin bu vaxt
yeni və yaxşılaşdırılmış
üsullardan istifadə etməyə lüzum duymadı.
Nəhayət, 1187-ci ildə o, latın səlib
kralları ilə mübarizəyə öz tam
gücünü sərf etdi. Bu vaxt onun
orduları rəqiblərininki ilə bərabər vəziyyətdə
idi. 4 iyun 1187-ci ildə öz hərbi düşüncəsinin
köməyi ilə, düşmənlərinin bəzilərində
isə belə bir fenomenal qabiliyyətin olmaması
üzündən Səlahəddin Şimali Fələstində
Tiberiya yaxınlığındakı Xittində səlibçilərin
taqətdən düşmüş və susuzluqdan yanan
ordusunu tələyə salıb, bir zərbə ilə onu
darmadağın etdi.
Nazaretdən
bir az aralıda yerləşən Xittin təpəsi
yaxınlığındakı döyüşdə
götürülən əsirlərin sayı o qədər
çox idi ki, onların əl-qolunu sarımaq
üçün bütün çadırların kəndirləri
də kifayət etmirdi. Əsirlərin
çoxluğuna görə qul bazarında bir səlibçini
bir cüt ayaqqabıya almaq olurdu. Əlamətdar hal odur
ki, Səlahəddin, demək olar ki, bütün əsirlərə
aman verdi. Yalnız 200 nəfər tampliyer
və hospitalyer rıtsarı islamın qəddar düşmənləri
olduqlarına görə edam edildi.
Yerusəlim kralı da əsir düşmüşdü
və Səlahəddinin qarşısında dayanmalı oldu. O, kralı xoş qaydada
qarşıladı, ona soyuq şərbət içirtdi. Lakin
kral qədəhi Arnauta vermək istəyəndə Səlahəddin
onun hərəkətini bu sözlərlə dayandırdı:
“Ona göstərilən xeyirxahlığı unudan riyakara və
xainə mənim alacığımda su və qida yoxdur”. Sonra o, Arnauta islama keçməyi təklif etdi, təklif
rədd olunduqda o, xain saydığı adama aman vermədi və
Səlahəddinin döyüşçüləri onun boynunu
vurdular.
Təkcə bu döyüşdə səlibçilərin
itkisi o qədər ağır idi ki, müsəlmanlar tezliklə
bütün Yerusəlim krallığını və digər
əraziləri viran qoymağa qadir oldular. Üç
ayın ərzində Askelon (İsraildəki indiki Aşkelon)
işğal edildi. Lakin onun nailiyyətinin tacı – daha
dağıdıcı zərbə bütün səlib hərəkatının
2 noyabr 1187-ci ildə müsəlmanların və
xristianların hər ikisi üçün müqəddəs
sayılan Yerusəlimin 88 il ərzində
frankların əlində qaldıqdan sonra Səlahəddin
ordusuna təslim olması idi.
Səlahəddin sultan taxtında oturub Yerusəlimin dərdə
qərq olmuş xristian sakinlərinin onun yanından necə
keçib getdiklərini seyr edirdi. Onlar hər şeylərini
atıb özləri ilə ağır xəstə
olanları və yaralıları götürmüşdülər.
Səlahəddin bir alicənablıq coşğunluğu ilə
hospitalyer rıtsarlara şəhərdə qalmağa icazə
verdi ki, xəstə olduqlarına görə
şəhərdən çıxa bilməyənlərə
onlar qulluq etsinlər. Xristianların əksəriyyəti
müəyyən məbləğdə pul vermək yolu ilə
köləlikdən azad olundu. Beləliklə,
Birinci Yerusəlim krallığı bu qaydada məhv edildi.
Onu da qeyd
etmək lazımdır ki, səlibçilər buna qədər
Yerusəlimi tutanda, onlar şəhərdə qəddarcasına
bir “qəssabxana” düzəltmişdilər: heç nəyə
məhəl qoymadan bütün dinc müsəlmanları
qılıncdan keçirmişdilər.
Səlahəddin cəngavər vicdanının, igidliyin,
öz sözünə sədaqətliliyin, həmçinin ədalətin,
alicənablığın və əliaçıqlığın
nümunəsinə çevrilmişdi. Qərb
dünyası üçün böyük əhəmiyyət
kəsb edən o idi ki, Səlahəddin Yerusəlim kralı
Qvido de Luzinyanı azadlığa buraxmışdı.
Səlahəddin şəxsi cəsarəti ilə də
fərqlənirdi, ən ağır döyüşlərdən
də qorxmur, çəkinmirdi. Bu vaxt isə o, məqsədinə
çatmışdı, Yerusəlimi xristianların əlindən
almışdı. Şəhər xristianlar tərəfindən
işğal ediləndə, onun sakinlərinin barbarcasına
qırğını nəticəsində qan su yerinə
axırdısa, müsəlmanların şəhəri yenidən
özlərinə qaytarmaları sivilizasiyalanmış
yaxşı bir inamla və Səlahəddinin, onun
qoşunlarının ədəb-ərkanlı
davranışı ilə əlamətdar olmaqla, şəhərin
iki dəfə tutulması arasındakı kontrastı
açıq şəkildə göstərdi.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.- 2012.-
24 noyabr.- S.18.