“Fikrət Əmirov-90” Musiqi
Festivalının açılışı olub
Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən “Fikrət Əmirov-90” Musiqi Festivalının təntənəli açılış mərasimi və qala-konsert təqdim edilib.
525.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində böyük sənətkarın həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən şəkillərdən ibarət sərgiyə baxıblar.
Dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri təntənəli mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, noyabrın 22-də Azərbaycan milli mədəniyyətinin parlaq simalarından biri, görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasından 90 il ötür.: “Böyük sənətkar öz zəngin yaradıcılığı ilə musiqimizin inkişafında yeni bir mərhələ açmış, onu beynəlxalq miqyasda tanıtmış, həmçinin gözəl əsərləri ilə dünya musiqisi xəzinəsini zənginləşdirmişdir. Fikrət Əmirovun vaxtilə dediyi “Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir” sözləri onun sənət devizi olmuşdur”.
Əbülfəs Qarayev görkəmli bəstəkarın musiqi tariximizdə simfonik muğamın və muğam-poema janrlarının yaradıcısı kimi də tanındığını, əsərlərinin dünyanın ən böyük konsert salonlarında səsləndiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan musiqi sənətinə və mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi gələcək nəsillər üçün də örnək olacaq.
Fikrət Əmirovun xatirəsinin ölkəmizdə daim əziz tutulduğunu deyən nazir, onun hələ sovet dövründə bütün mükafatlara və fəxri adlara layiq görüldüyünü qeyd edib. Ə. Qarayev hazırda respublikamızın şəhər və rayonlarında bir çox küçələr, musiqi məktəbləri, mədəniyyət obyektləri, Gəncə Dövlət Filarmoniyası, Dövlət mahnı və rəqs ansamblı Fikrət Əmirovun adını daşıdığlını da vurğulayıb. Bu ənənənin indi də davam etdiyini deyən nazir keçən il Bakının Fikrət Əmirov küçəsində onun abidəsinin ucaldıldığını, bu il isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 6 fevral tarixli Sərəncamın imzalandığını deyib. Diqqətə çatdırılıb ki, Sərəncamın icrasına uyğun olaraq cari ildə Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də ölkəmizin Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.
“Fikrət Əmirov-90” Musiqi Festivalının noyabrın 30-dək davam edəcəyini deyən nazir bəstəkarın ailəsini, bütün musiqi ictimaiyyətini yubiley münasibətilə təbrik edib.
Tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlanan qala-konsert incəsənət ustalarının ifasında bir-birindən maraqlı çıxışlarla davam etdirilib.
525-ci qəzet.-
2012.- 24 noyabr.- S.17.