“Şair,
hökmdarın hüzurundasan...”
( ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU)
(Əvvəli ötən şənbə
sayımızda)
Lakin bu tələskənlik bəzi millət vəkillərinin,
ilk növbədə isə TBMM başqanı Rauf Orbayın qəzəbinə
səbəb olmuşdu. “Hakimiyyəti-milliyə” Türkiyə
hökumətinin, yoxsa Rusiya Səfirliyinin mətbu
orqanıdır?”- deyə hiddətlənən
Rauf bəy Ağaoğlunun Mətbuat Ümum Müdirliyindən
istefasını tələb etmişdi. Əhməd bəy əvvəlcə
razılaşsa da, sonra yalnız Atatürkün qərar verdiyi
təqdirdə istefaya gedəcəyini bildirmişdi. Bir neçə
gündən sonra Ankaraya dönən Atatürk “Əhməd bəy
kimi yardımçılara dayanaraq daxili islahatları” həyata
keçirdiyini, “ona ehtiyacı olduğunu” bildirmiş və Məclis rəhbərliyini
haqsız tələblərindən çəkindirmişdi.
Tərəqqipərvərlərlə mühafizəkarların
üz-üzə gəldikləri TBMM-də Əhməd
Ağaoğlunun kəskin, prinsipial mövqeyi tez-tez müzakirə
və tənqid hədəfinə çevrilirdi. Mətbuat Ümum
Müdirinin qəzet səhifələrinə
çıxardığı qərbyönlü,
islahatçı fikirlərin çoxu öz mülahizələri
olmaqdan daha çox Atatürkün cəmiyyətdə həyata
keçirmək istədiyi köklü dəyişikliklərlə
bağlı idi. Başqa sözlə desək, həmin
ideyaların həqiqi müəllifi Atatürk, ifadəçisi
isə Əhməd Ağaoğlu idi.
“İkinci
qrup” adı ilə tanınan və islahatçılara
qarşı çıxan siyasətçilər Məclisdə
Əhməd bəyi tənqid hədəfinə
çevirməklə əslində dolayısı yolla
Atatürkə narazılıq və etirazlarını
bildirirdilər. Bu cəhəti Səməd Ağaoğlu da memuarlarında
diqqətdən qaçırmamışdı: “Atamın
yazıları Türkiyənin qərbləşməsi
mövzusunda idi və mühafizəkar qrupu məmnun etmirdi. Bu qrup yazıların ilham qaynağının Qazi
olduğunu da bilir, beləcə hücum əslində ona
qarşı yönəlmiş olurdu”.
Əhməd Ağaoğlu həm mətbuat səhifələrində,
həm də Məclis tribunasında özünü,
yazılarını və fikirlərini cəsarətlə
müdafiə edirdi. O, Türkiyənin və türklüyün
köklü problemlərindən söz açan məqalələrini
saymazyana şəkildə
“saçma-sapan” adlandıran nüfuzlu millət vəkillərindən
biri, Cankırı məbusu Tevfik Əfəndiyə
hamının gözü qarşısında “Sənə din
də daxil olmaqla hər mövzuda yeddi il dərs verərəm”-
deməkdən çəkinməmişdi. Lakin
qarşı tərəf də yatmamışdı. Əhməd bəyin bütün dirənişlərinə
baxmayaraq TBMM-in qərarı ilə əvvəlcə Mətbuat
və İstihbarat Müdiriyyəti-Ümumiyyəsinin büdcəsi
azaldıldı. 1923-cü ilin avqustunda isə İsmət
İnönü Əhməd bəyin istefaya göndərilməsinə
nail oldu. Onun yerini baş nazirin adamı kimi
tanınan və Amerikadan dəvət edilən Zəkəriyə
Sertel tutdu.
Amma Əhməd
bəy “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktoru,
“İrşad” heyətlərinin rəhbəri, nəhayət
“Sərbəst Ali Dərslər” adlı elmi və
maarifçi proqramın əsas təşkilatçılarından
biri kimi yenə də
Atatürkün komandasında fəaliyyətini davam etdirirdi. Ən başlıcası isə qələmini yerə
qoymamışdı. Az qala hər
gün mətbuat səhifələrində ağrılı
problemlərə toxunan və aktuallığı ilə
seçilən məqalələri çap olunurdu. 1923-cü ildə Türkiyəni Cümhuriyyət
elan etmyə hazırlaşan Qazinin yaxın silahdaşları,
sözçüləri sırasında öncül yerlərdən
birini tuturdu.
Osmanlı imperiyasının qalıqları üzərində
qurulan yeni Türkiyənin cümhuriyyət üsuli-idarəsini
seçməsi müəyyən fikir ayrılıqları
yaratmışdı. Atatürkün yaxın silahdaşlarından bəziləri
etirazlarını açıq şəkildə bildirməyə
cəsarət etmədiklərindən tələsməməyi
məsləhət görürdülər. Bu
tip siyasətçiləri, ilk növbədə isə bir
müddət TBMM başqanı və baş nazir olmuş Rauf
Orbayı nəzərdə tutan Əhməd bəy istehza ilə
onları övlad arzusunda olan, lakin uşağın dünyaya
çox tez gəlməsindən qorxuya düşən
vasvası valideynlərə bənzədirdi. İstehza hədəfləri özlərini
tanıyırdılar və təbii ki, belə yazılar
müəllifin özü, sonralar isə övladları
üçün izsiz-soraqsız ötüb keçməmişdi.
Açıq savaşa girmək istəməyənlər
yerə düşəndə qisaslarını Ağaoğlu
ailəsinin üzvlərindən müxtəlif gizli, məkrli
yollarla almışdılar.
Türk tədqiqatçısı
Fəxri Sakalın aşağıdakı sözləri
Qurtuluş Savaşının ən məsul çağlarında
Atatürkün yanında olan Əhməd bəyin həqiqətən
də 20-ci illər Ankarasında böyük nüfuz sahibi
kimi tanındığını göstərir:
“Ağaoğlu ifratçılıq və hissiyyata qapılma
hallarının tez-tez üzə çıxdığı həyəcanlı
Ankara mühitində barışdırıcılıq
missiyasını öz üzərinə götürməyə
çalışırdı. Ziya Göyalpı Atatürklə
tanış edən o olmuşdu. Ziya Göyalpla Həmdullah Sübhi arasında
zaman-zaman meydana çıxan münaqişələrin
çözülməsi də Əhməd bəyin üzərinə
düşürdü”.
O,
1923-1927-ci illərdə II dönəm, 1927-1931-ci illərdə
isə III dönəm TBMM üzvü seçilmişdi. Böyük Millət Məclisinin Cümhuriyyət
elanından sonrakı hər iki
çağırışında etnik azərbaycanlıların
toplu şəkildə yaşadıqları Qarsı təmsil
etmişdi. 1924-cü ildə Atatürkün təklifi ilə
həmin dövrdə Ankara Hüquq Məktəbinin professoru Əhməd
Ağaoğlu Türkiyə Cümhuriyyətinin yeni Ana yasasını – Konstitusiyanı
hazırlayan komissiyanın üzvü təyin olunmuşdu. Yeri gəlmişkən, təntənəli
açılış mərasimi dövlət və hökumət
rəhbərliyinin iştirakı ilə keçirilən
Hüquq Məktəbində Atatürkün təbrik nitqindən
sonra tələbələr qarşısında konstitusiya
hüququ haqqında ilk mühazirəni oxumaq şərəfi
də Əhməd bəyə nəsib olmuşdu.
Praqmatik hərbçilər
və idealist ziyalılar
Əvvəldə də qeyd etdiyim kimi, Əhməd
Ağaoğlu Atatürkün simasında həm Türkiyəyə,
həm də şəxsən özünə və ailəsinə
nicat yolu göstərən böyük öndər
görürdü. Lakin Atatürkə bütün hörmət
və ehtirama baxmayaraq heç zaman onun önündə əyilməmiş,
kor-koranə səcdə və pərəstiş yolunu
tutmamışdı. Əksinə, bir sıra hallarda Qazinin istər
özündən, istərsə də yaxın çevrəsindən
tənə və töhmətlər eşidəcəyini
bildiyi məqamlarda da həqiqəti deməyi daha üstün
tutmuşdu.
Atatürk
və yaxın ətrafı (İsmət İnönü, Rauf
Orbay, Fevzi Çakmak, Fəthi Okyar, Kazım Özalp və b.)
peşəkar hərbçilər idilər. Onlar
çətin anda mübarizəyə atılaraq məmləkəti
xilas etmişdilər. Üstəlik, hərbi
xunta yaratmaq fikrinə düşməmişdilər. Sivil dövlətçilik yolunu tutmuş,
türk-müsəlman dünyasında Azərbaycandan sonra
ikinci respublika quruluşunun baniləri kimi tarixdə yer
almışdılar.
Anadolu türklüyünün xilaskarı və yeni
Türkiyənin qurucusu Mustafa Kamal Paşa ölkəsinin və
xalqının həyatındakı bir sıra
cahanşümul dəyişikliklərə imza
atmışdı. Lakin çox güman ki, müəyyən dərəcədə
həm də hərbçi düşüncəsinin təsiri
altında (Əhməd bəy ordudan mayor rütbəsində
tərxis olunan Fəthi Okyardan bəhs edərkən bunu ürək
ağrısı ilə “kapral zehniyyəti”
adlandırırdı) və şərqlilər
üçün daha səciyyəvi sayılan bəzi
xüsusiyyətlərdən uzaqlaşa bilməmişdi. Zaman keçdikcə hakimiyyətlərinə son
qoyduğu sultanlar kimi o da özünü hakimi-mütləq və
son söz sahibi sayırdı. Dediyi sözlərin, qəbul
etdiyi qərarların təfsirinə, müzakirəsinə
can atanları əksər
hallarda dərhal yerində oturdurdu.
Amma bununla belə yaxın ətrafındakı bəzi
tanınmış şəxslərin, ilk növbədə isə
ziyalıların fikirlərinə hörmətlə
yanaşmağa çalışırdı. Onları himayə
edir, bilik və istedadlarına uyğun dövlət vəzifələrinə
irəli çəkirdi. Türk Dil Qurumu, Türk Tarix
Qurumu kimi mühüm elmi cəmiyyətlərin yaranmasında
müstəsna rolu olmuşdu. İstanbul və
Ankaradakı saraylarda gecənin gec saatlarına qədər
davam edən məclislərdə Atatürkün müsahibləri
bir qayda olaraq tanınmış elm adamları, şair və
yazıçılar, jurnalistlər idilər. Bu baxımdan
ayrı-ayrı təsadüflərdəki sərt
davranışlarına, acı və tikanlı sözlərinə
baxmayaraq türk dünyasının böyük
insanlarından saydığı Əhməd Ağaoğluya
da ümumən diqqətlə yanaşmışdı, ölkənin
siyasi və mədəni-ictimai həyatındakı rolunu
layiqincə qiymətləndirmişdi. Lakin
qeyd olunmalıdır ki, bu yalnız Atatürk hakimiyyətinin
ilk on ilini əhatə etmişdi.
Əhməd bəy özünün siyasi
baxışları ilə müəyyən dərəcədə
XVIII əsr fransız utopistlərini xatırladırdı. O, insanlar arasındakı bərabərsizliklərin
aradan qalxdığı, ağlın və şüurun hər
şeyə hökm etdiyi, ictimai quruluşun mükəmməlliyi
nəticəsində münasibətlərdə ideal harmoniya
yarandığı cəmiyyət xülyası ilə
yaşayırdı. Sosial utopiyanın son
nümunələrindən olan “Sərbəst insanlar ölkəsində”
əsəri Əhməd Ağaoğlunun necə bir Türkiyə,
necə bir dünya arzusunun ifadəsi idi.
Əlbəttə,
Əhməd Ağaoğlu Cümhuriyyət elanı ilə əsrlər
boyu türk cəmiyyətinə hakim kəsilən şəxsi
və ictimai xarakterli ziddiyyətlərin tənzimlənəcəyini, çatışmazlıq və
qüsurların dərhal aradan qalxacağını
düşünəcək qədər sadəlövh deyildi.
Amma 700 illik səltənət üsul-idarəsinə son qoyulduğu, hakimiyyət-xalq
münasibətlərinin tamamilə yeni müstəviyə
keçdiyi respublika quruluşundan – Cümhuriyyətdən bir
sıra sahələrdə müsbət dəyişikliklər
gözləməkdə haqlı idi.
Atatürkün ətrafındakı intellektuallardan iki nəfər
– Əhməd Ağaoğlu və Yusif Akçura ictimai-siyasi
həyatda və idarəçilik sistemində köklü
islahatlar aparılmasının ardıcıl tərəfdarları
kimi çıxış edirdilər. Əksər hallarda
müştərək fikirlərin səsləndirilməsi
missiyası Əhməd bəyin üzərinə
düşürdü. Onlar sosial ədalətin
təmin olunması, dövlət adamları üçün
güzəşt və səlahiyyətlərin minimuma endirilməsi,
dövlətin xalqa yaxınlaşması məsələsində
israrlı idilər.
Bu da ilk növbədə ənənələri əsasında
yetişdikləri mədəniyyət və ideologiyadan nəşət
edirdi. Hər ikisi Rusiya və Fransada əsaslı təhsil
görmüş, rus və fransız maarifçiliyinin ənənələrindən
bəhrələnmişdilər. Xüsusi
ilə Əhməd bəy fransız utopik-sosialistlərinin
fikir sisteminin güclü təsiri altında olduğunu
heç zaman gizlətməmişdi. Onun ötən əsrin
20-ci illərində qələmə aldığı “Sərbəst
insanlar ölkəsində”, “Könülsüz olmaz”,
“Tanrı hüzurunda” kimi əsərlərində cəmiyyətdəki
bərabərsizliklərin aradan qaldırılması, dövlət-vətəndaş
münasibətlərinin humanist və ədalətli əsaslar
üzərində qurulması,
borc və vəzifə hissinin şəxsi maraqlar
fövqünə qaldırılması, ictimai şüurun
inkişafı, ideala inam və
s. məsələlər məhz fransız utopik sosializminin
Türkiyə modelini yaratmaq təşəbbüsü kimi
diqqəti çəkirdi.
Ən başlıcası isə o, yalnız ideoloji
postulatlar hazırlamaqla, təkliflər verməklə kifayətlənmir,
həm də bütün bunların həyata keçirilməsi
uğrunda gücü və imkanları çərçivəsində
mübarizə aparırdı. Yenilik hər yerdə
olduğu kimi Cümhuriyyətdə də özünə
çətinliklə yol açırdı. O biri tərəfdən
isə generallar-paşalar sivil adamların fikirləri ilə
hesablaşmağa, onlardan məsləhət almağa
xüsusi maraq göstərmirdilər.
Bu zəmində Atatürkün yaxın çevrəsindəki
İsmət İnönü, Rauf Orbay kimi hərbçi-idarəçilərlə
Əhməd Ağaoğlu, yaxud Yusif Akçura kimi
intellektual-ideoloqların fikirləri kəskin ziddiyyət təşkil
edirdi. Birincilər hakimiyyət nemətlərindən
yararlanmağı məqbul sayan realist siyasətçilər,
praqmatiklər idilər. İkincilər isə
fikir və baxışlarına görə daha çox
idealist hesab oluna bilərdilər. Birincilər
öz tarixi missiyalarını şərəflə yerinə
yetirdiklərini düşünürdülər. İkincilər isə Türkiyədə hər
şeyin yenidən qurulması inancını
paylaşırdılar.
İclaslarda nadir hallarda söz alıb
danışan Yusif Akçura TBMM sessiyasındakı
çıxışında sadəlövhcəsinə idarəçilikdə
əlavə xərclərin qarşısını almaq,
israfçılığa son qoymaq yollarından biri kimi “məqam
arabalarının (xidməti avtomobillərin-V.Q.) aradan
qaldırılması” təklifini səsləndirəndə
siyasi fırtına qopmuşdu. Baş nazir
İsmət İnönü Akçuranın ürək təmizliyindən
irəli gələn sözündən şou düzəltmək
fürsətini əldən qaçırmamışdı.
Əsəbi halda Məclis binasından
çıxaraq sürücüsünə “Haydi, bana bir taksi
ismarla”-demiş və nümayişkaranə şəkildə
küçədən tutulmuş köhnə maşına əyləşib evinə yollanmışdı.
“İkinci adam”ın bu sərt jestindən sonra təbiətən
çəkingən olan Yusif bəyin səsi məclis
tribunasından bir də eşidilməmişdi.
(1930-cu
ildə Atatürkün də iştirak etdiyi məclisdə bu
dəfə Əhməd Ağaoğlu dövlət vəsaitindən
maksimum qənaətlə istifadə məsələsini
qaldırmış, millət vəkilləri və nazirlərə
edilən mali güzəştlərin nəticə
etibarı ilə xalqın cibindən
çıxarılması məsələsinə
toxunmuşdu: “Biz millət vəkilləri dörd yüz lirə
məvacib alırdıq və çox məmnun idik. Niyə
bunu beş yüz lirəyə qaldırmaq
lüzumu yarandı? Nəyə görə on dəqiqə
nazirlik etmiş birisi məmləkətə onca dəqiqəlik
xidməti olsa belə, ayda heç bir dövlətin vermədiyi
qədər təqaüd almalıdır? Millət vəkillərinin
vəkillik müddətinin məmurluq dövrü kimi qəbul
edilməsinin Ana Yasaya zidd olması az imiş kimi, üstəlik
niyə onlara vəkillik maaşlarından əlavə təqaüd
verilməsi də qərara alındı?”.
Bu əsəbi monoloq baş nazir İnönü ilə Əhməd
bəy arasında eybi əsəbi notlar üzərində
köklənmiş dialoqa gətirib
çıxarmışdı. İsmət İnönü:
–Əhməd bəy, – demişdi, – siz xəyalpərvər
idealistsiniz. Həyatdan xəbəriniz yoxdur. İnsanlar pul
istəyirlər, pul! Və siyasətçilər
onların bu istəyini nəzərə almaq məcburiyyətindədir.
Siz belə şeyləri anlaya bilməzsiniz.
–Həqiqətən,
Paşa həzrətləri, anlaya bilmirəm, – deyə Əhməd
bəy mövqeyindən geri çəkilməmişdi. – Pul
kimindir? Onu istəyən kimdir? Verən kimdir? Türk kəndlisinin
ətindən, dırnağından kəsib nazirlərə,
millət vəkillərinə, iri məmurlara verməyə
heç kimin haqqı yoxdur. Məhz bu haqq
məhfumu tənəffüs etdiyimiz havadan da qovulmuşdur.
Ona görə də insanlar söz almaq, söz söyləmək
haqlarını bilsələr də, ondan istifadəyə cəsarət
etmirlər”)
Göründüyü
kimi, Əhməd Ağaoğlunu inandığı həqiqətlərin
müdafiəsindən çəkindirmək elə də asan
deyildi. Üstəlik, ciddi siyasi mübarizə məktəbi
keçdiyindən
o, Akçura kimi reallıq hissini itirməmişdi.
Konflikt yarananda susmağı yox, opponentinin
üstünə getməyi daha məqsədəuyğun
sayırdı. Atatürkün
hamını öz xofu altında saxlayan zəhmi də belə
məqamlarda onu qorxutmurdu. Qazinin hökmü
qarşısında hətta gənclik
dostlarının, xüsusi rəğbət bəslədiyi
adamların ehtiyatlandığı, sözünü udaraq geri
çəkildiyi məqamlarda da Əhməd bəy fikir və
mövqeyini müdafiə etmək baxımından sona qədər
dirəniş göstərməyi bacarmışdı.
Müasirlərinin
xatırladıqlarına görə belə məqamlarda həmsöhbətinə
adətən “Əhməd bəy”, yaxud “Professor bəy” şəklində
xitab edən Atatürk onu xüsusi
vurğu ilə “Ağayof” – deyə
çağırır, bununla da Anadolu türklərinin
neçə əsrlik düşməni Rusiya ilə
bağlılığını bir daha diqqətə
çatdırırdı. (Atalarının rəsmən imtina
etdiyi rus sonluqlu soyadın onlara şamil olunması ailə
üzvlərində həmişə ciddi etiraz doğururdu.
1950-ci ildə “Ulus” qəzeti Demokrat Partiyasının liderlərindən
biri kimi siyasi səhnədə tanınan Səməd
Ağaoğlu barəsində “Ağayevin oğlu” ifadəsini
işlədəndə bacısı, TBMM üzvü Tezer
Taşqıran etiraz əlaməti olaraq siyahısı üzrə
Qars millət vəkili seçildiyi Cümhuriyyət Xalq
Partiyasından istefa vermişdi).
Türklüyün Məkkəsi saydığı məkanda
böyük insanın dilindən bu qərəzli müraciət
formasını eşitmək Əhməd bəy
üçün daha ağır idi.
Atatürkə xüsusi məktub
Lakin hər iki tərəf belə acı,
ağrılı məqamları tez unudurdu. Atatürk yenə fərqli
fikir eşitmək üçün bu və ya digər məsələyə
Ağaoğlunun münasibəti ilə maraqlanır, o da
öz növbəsində xoşa gəlməyə,
rəğbət qazanmağa deyil, həqiqəti söyləməyə
çalışırdı. Bu mənada 1926-cı ildə millət
vəkili, qəzet redaktoru Əhməd Ağaoğlunun cümhur başqanı Qazi Mustafa Kamala və baş nazir
İsmət İnönüyə ünvanladığı məktub
dövrün mühüm siyasi sənədlərindən biri
kini sonrakı on illiklərdə də öz aktuallıq və
əhəmiyyətini itirməyən nadir siyasi sənədlərindən
biri idi. Qurtuluş Savaşının qələbə ilə
başa çatmasından dörd, Cümhuriyyət
elanından üç il sonra Əhməd Ağaoğlu bu
tarixi zəfərlərə imza atanlara ölkə həyatında
və dövlət idarəçiliyində təsadüf
olunan, hamının bildiyi, amma yanından sükutla
keçdiyi neqativ hallar barəsində açıq məlumat
vermək məsuliyyətini öz üzərinə
götürmüşdü. Hərəkətverici
qüvvə yalnız cəsarət yox, daha çox Vətən
və millət sevgisi idi.
Məktubun yazılmasının özünəməxsus
tarixçəsi vardı. Həmin il Əhməd
bəyə Türkiyə Şəkər Sindikatı İdarə
Heyətinin üzvlüyü vəzifəsi təklif
olunmuşdu. Özünü bu sahədə tam
naşı saydığından “Mənim şəkərlə
bütün əlaqəm sadəcə onu çaya
batırıb içməkdən ibarətdir. Bu işdən heç bir şey anlamıram” –
demiş, üstəlik millət vəkili kimi
aldığı maaşın da yetərli olduğunu əlavə
edərək üzvlükdən boyun
qaçırmışdı. Amma dostu, dənizçilik
naziri İhsan bəyin məsləhətinə qulaq asıb məsələ
ilə bağlı baş nazir İsmət
İnönünün də fikrini öyrənmək istəmişdi.
İsmət bəy bu cür təyinatlarla “hər kəsin məsuliyyət
bölgüsündə iştirakına” nail olmaq məqsədi
güddüklərini bildirmişdi. Lakin Əhməd
bəy sakitləşməmişdi. Atatürklə
görüşlərin birində aldığı yersiz təklif
və ümumilikdə dövlət idarəçiliyindəki
belə qəribə hallar haqqında onu məlumatlandırmış,
“Paşam, bu bir növ baş qatmaq siyasətidir. Köpəyin qabağına atılan sümük
kimi susmaq payıdır” – deyə sərt
danışmışdı. Atatürk
ondan idarəçiliklə bağlı fikir və mülahizələrini
yazılı şəkildə təqdim etməsini istəmişdi.
Tezliklə həmin sənəd dövlət
başçısının masası üzərinə
qoyulmuşdu.
Atatürkün özəl qələm müdiri Həsən
Riza Soyak tam mətnini “Atatürkdən xatirələr” (II
cild. İstanbul, 1976, səh.493-499) kitabına daxil etdiyi məktubun
(türkcə mənbələrdə rapor) Qazi tərəfindən
“diqqətlə incələndiyini”, “bəzi sətirlərin
altından xətt çəkildiyinin, bəzilərinin sonuna
sual, yaxud nida işarəsi qoyulduğunu” yazırdı.
Fəxri Sakal və Çətin Yetkinin fikrincə Əhməd
Ağaoğlunun millət vəkilliyinə son verilməsində,
hətta illər
sonra universitet professorluğundan
uzaqlaşdırılmasında dövlət və hökumət
başçısına ünvanladığı tənqidi
ruhlu müraciətin bəlli bir rolu olmuşdu. Bu məsələdə İsmət
İnönü daha çox fəallıq göstərmişdi.
Məktubun yazılması yalnız idarəçiliyin təkmilləşdirilməsi
ilə əlaqəli deyildi. Əhməd bəy
üçün mühüm olan başqa səbəb də
vardı. 1926-cı ilin yayında İzmirə
səfəri zamanı Atatürkün həyatına sui-qəsd
cəhdi olmuşdu. Cəhd baş tutmasa
da, müxaliflərlə, xüsusən də hökumətin
siyasətindən narazılığını gizlətməyən
köhnə ittihadçılarla haqq-hesab çəkmək
üçün əlverişli imkan yaranmışdı.
Atatürk, təbii, bu fürsəti əldən
qaçırmamışdı. İstiqlal
Məhkəməsi önünə
çıxarılanların əksəriyyəti
keçmiş siyasi rəqiblər – “İttihad və Tərəqqi”
partiyasının üzvləri idilər. Həmişə
belə hallarda olduğu kimi qurunun oduna yaş da
yanmışdı. Əhməd bəy
günahsızlıqlarına inandığı əqidə
dostlarının taleyinə biganə qalmamışdı.
O, uzun illərdən
bəri tanıdığı, vətənpərvərlik və
türklük duyğularına dərin sayğı ilə
yanaşdığı insanları müdafiə etməyi
öz şərəf borcu sayırdı. Hətta onlara
qarşı irəli sürülən ağır ittiham –
Atatürkə sui-qəsddə
günahlandırılmaları da Əhməd bəyi
qorxutmamışdı. “İstiqlal Məhkəmələrinin
qəzəbinə tuş olan bəzi arkadaşlarının
heç nəyə baxmadan yardımına qoşduğunu
görürük. Doğru yolda olanlar
iftiraya məruz qalınca onları Mustafa Kamal Paşanın
yanında belə savınmışdı (müdafiə
etmişdi – V. Q.) Hüseyn Cahid, Əli Çətinqaya,
Yenibaxçalı Şükrü, Seyid Tahir Əfəndi,
Doktor Nazim, Topçu İhsan kimi şəxslərə həyatlarının
çətin anlarında kömək etmiş, həbs
olunduqları zaman ailələrinə maddi və mənəvi
yardım göstərmişdir” – deyə Fəxri Sakal “Ağaoğlu Əhməd bəy”
kitabında yazır.
Məktubda
Türkiyənin gələcək inkişaf yolu, siyasi
quruluş, hakimiyyət-xalq münasibətləri, demokratik
institutların zəruriliyi, dövlət həyatının
bütün sahələrində sağlam rəqabət
mühitinin yaradılması və s. məsələlərlə
bağlı fikirlər öz əksini tapmışdı.
Canı və qanı bahasına məmləkətin müstəqilliyini
təmin etmiş türk insanının ağır güzəranı,
cəmiyyətdə baş alıb gedən qanunsuzluqlar,
sözlə əməl arasındakı uçurum Əhməd
Ağaoğlunu qələmə
sarılmağa vadar etmişdi.
“Dünya tarixində bizim məmləkətimizdə
olduğu kimi dörd-beş il içində bu qədər dərin
və əsaslı bir inqilaba bəşəriyyət indiyədək
şahidlik etməmişdir. Dövlətin əsrlərdən
bəri dayandığı bütün əsaslar
kökündən çıxarılaraq
atılmışdır. Bu addımın
vacibliyinə bəndəniz hamıdan çox qanedir. Sökülüb atılan həmin əsaslar
çürümüş dövləti yıxılmağa məhkum
etmişdi. Bunların atılması və
yerlərinə qoyulan yeni, canlı və təzə əsasların
gətirilməsi dövlətin ayaqda durması
baxımından zəruri idi” – deyən Əhməd bəy tam
bir səmimiyyətlə ölkədəki inqilabi dəyişiklikləri
alqışlayırdı. Lakin eyni zamanda aradan beş il keçməsinə baxmayaraq dövləti
“ayaqda saxlayan” yeni əsasların yaradılmamasını
inqilabın gələcəyi üçün təhlükə
sayırdı.
Onun fikrincə, Qazi başlatdığı inqilabı davam
etdirməli idi. Əgər ilk mərhələdə
Türkiyə yadelli işğalçılardan təmizlənmişdisə,
ikinci mərhələdə zərbənin bütün
ağırlığı daxildəki bəlalara və problemlərə
qarşı çevrilməli idi. Belə şəraitdə
inqilabçı qüvvənin arxalana biləcəyi əsas
prinsiplərdən biri
dövlət başçısının mənəvi
nüfuz və prestiji
sayılırdı. “Bu nöqteyi-nəzərdən həmd
olsun, dünyanın heç bir yerində türk
inqilabçılarının başında dayanan dahinin sahib
olduğu nüfuza bənzər bir prestijə təsadüf
olunmamışdır” – deyə Atatürkün fəzilətlərini
yüksək qiymətləndirən Əhməd bəy daha irəli
gedərək tək bir şəxsin nüfuz və təsirinin,
ədalət və təmizliyinin ölkəni dəyişdirmək
baxımından yetərli olmadığı fikrini önə
sürürdü.
“Qazi Paşanın həyata keçirdiyi dəyişikliklər
böyüklüyü etibarı ilə, heç şübhəsiz
möcüzəvi və əfsanəvidir. Bir millət
yalnız qeyd-şərtsiz etimad göstərdiyi, qəlbinin və
ruhunun bütün səmimiyyəti ilə təqdis etdiyi bir rəhbərə
bu şəkildə təslim olur. Bu
möcüzəni yaratmaq türk dahisinə nəsib
olmuşdur” – sözləri ilə Atatürkü göylərə
qaldıran, daha açıq desək, onun heysiyyətini
oxşamağa çalışan Əhməd Ağaoğlu dərhal
sonra acı həqiqətlərin təsvirinə
keçmişdi.
Onun
fikrincə, həm Atatürkün, həm də ölkənin
nüfuzuna, mənəvi prestijinə zərbə vuran
üç qorxulu təmayül mövcud idi: vəzifəli
adamların öz nəfslərinə sahib dura bilməmələri
(Əhməd bəydə “nəfs fəraqəti yetərsizliyi”),
başında Atatürkün dayandığı Cümhuriyyət
Xalq Partiyasının fəaliyyətsizliyi,
qarşılıqlı nəzarətin olmaması. İttihad
və Tərəqqi hökumətinin süqutunu da eyni amillərin
şərtləndirdiyini yada salan Əhməd
Ağaoğlu yazırdı: “Türk milləti İttihad və
Tərəqqinin bütün xətalarını, hətta məmləkətin
parçalanmasını belə unutmuşdur.
Unutmadığı bir şeylər varsa o da ehtikarlar,
qanunsuzluqlar, çapovulçuluq və israfçılıqlardır
!”
Əhməd
Ağaoğlu Atatürkün diqqətini çox ciddi məqama
cəlb edirdi: yaxın keçmişin acı təcrübəsinin
cəmisi üç illik tarixə malik Cümhuriyyətdə
unudulması faciəvi nəticələrə gətirib
çıxara bilərdi! Əhməd bəyin səmimi qənaətinə
görə, hakim partiya üzvləri, dövlət
adamları, millət vəkilləri respublika vətəndaşı
olmağın məsuliyyətini öz əxlaq və mənəviyyatlarında,
gündəlik davranışlarında göstərməli, cəmiyyətə nümunə
olmalı idilər. Onu qayğılandıran Cümhuriyyətdə
tamamilə əks mənzərənin yaranması idi: “Biz firqə
üzvləri üzərimizə düşən vəzifəni
artıq unutmaqdayıq. Pula, ticarətə, mənfəətə,
şəxsi fayda güdməyə qapılmaqdayıq. Xalqa münasibətdə amiranə, təkəbbürlü
tövr almaqdayıq. Vəzifə və
mövqeyimizdən yararlanıb hökm göstərmək,
idarələrdə şəxsi mənafelər arxasınca
qoşmaqdayıq”.
Əksəriyyəti Atatürkə yaxın şəxslərdən,
hökumət üzvlərindən, nüfuzlu adamlardan ibarət
partiya rəhbərliyi – Firqə Divanı da Əhməd bəyin
sərt tənqidindən kənarda qalmamışdı. O, Atatürkün qurucusu
olduğu Cümhuriyyət Xalq Partiyasının rəhbərliyini fəaliyyətsizlikdə,
yaxasını məmləkətin üzləşdiyi problemlərin
həllindən kənara çəkməkdə təqsirləndirirdi.
Avropadakı hakimiyyət partiyalarının təcrübəsini
nümunə gətirərək onların iqtidar olduqları
zaman ölkənin taleyi üçün məsuliyyət
yükünü öz çiyinlərinə
götürdüklərini, bunu bacarmadıqda isə ya istefa
verdiklərini, ya da seçkiləri uduzaraq bir kənara
çəkildiklərini xatırladırdı.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2012.-
24 noyabr.- S.10-11.