Şabran” qəzetinin 80 illiyi qeyd olunub

 

Noyabrın 24-də Şabran şəhərində eyni adlı qəzetin 80 illiyi qeyd edilib. Bu məqsədlə şəhər mədəniyyət sarayında keçirilən mərasimdə rayon icra hakimiyyətinin, yerli təşkilatların, ictimaiyyət nümayəndələrinin təmsilçiləri “Şabran”ın yaradıcı kollektivi ilə birgə yubiley duyğularını bölüşüblər. Azərbaycan Mətbuat Şurasının nümayəndələri və ətraf bölgələrdə çıxan qəzetlərin baş redaktorları da mərasimə dəvətlilər sırasında olublar.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Şabran şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Toplantının keçirildiyi mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgidə toplanmış materiallar onların “Şabran”ın 80 ildə keçdiyi yolla tanışlığına bələdçilik edib.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmış mərasimdə öncə “Şabran” qəzetinin baş redaktoru Çingiz Məmmədov yubilyar nəşrin ötən müddətdəki ömür yolunun ayrı-ayrı məqamları barədə ətraflı söhbət açıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “Şabran” qəzetinin 80 illiyinin milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır. Yubileylə bağlı MŞ-nin həyata keçirdiyi tədbirlərdən söhbət açan Ə.Amaşov dahi mütəfəkkirin hər bir bölgənin qəzetinin həmin yerin aynası olmasının vacibliyinə dair fikrini xatırladıb və bildirib ki, “Şabran” qəzetinin timsalında Həsən bəyin miras qoyduğu ənənə özünün layiqli davamçısını tapmaqdadır. “Dahi mütəfəkkirə sadiqlik yerli həyatın operativliklə, böyük yaradıcılıqla işıqlandırılmasından, nöqsanların, həlli vacib məsələlərin qəzet səhifəsinə çıxarılmasından keçir. Bu fəaliyyət eyni zamanda xalqa, vətəndaş cəmiyyəti quruculuğu prosesinin daha da dərinləşməsinə xidmət yoludur”, – deyən MŞ sədri “Şabran” qəzeti kollektivinə bu yolda uğurlar arzulayıb. Ə.Amaşov həmçinin qəzetə rəhbərlik etdiyi qurumun təbrikini, mətbu orqanın əməkdaşlarına isə fəxri diplomlarını təqdim edib.

Xaçmaz” qəzetinin baş redaktoru Zinyət Yaqubqızı ölkənin şimal-şərq regionunda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin adından çıxış edərək şabranlı həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra rayon ictimaiyyətinin nümayəndələri, qəzetin keçmiş əməkdaşları, fəal oxucuları “Şabranla bağlı təəssüratlarını bölüşüblər.

Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxışında bu günün “Şabran”ını bilgiləndirməyi, düşündürməyi, polemikaya dəvət etməyi bacaran peşəkar mətbu orqan kimi dəyərləndirib. O, qəzetin keçdiyi yola nəzər salaraq nəşrin hər sayının qədim diyarın canlı salnaməsini yaratmaq baxımından çox qiymətli məxəz olduğunu vurğulayıb. N.Novruzov həmçinin təsisçi kimi icra hakimiyyətinin “Şabran”ın daha da güclənməsi istiqamətində gördüyü işlərdən də söhbət açıb.

Mərasimin sonunda yubilyar qəzetin əməkdaşlarına Şabran rayon İcra Hakimiyyətinin diplom, hədiyyə və mükafatları təqdim olunub.

 

 

525-ci qəzet.- 2012.- 27 noyabr.- S.6.