Yaxşılığın
keşiyində dayanan insan- Madər Musayev 65
“Adamı
heç harda heç nə gözləmir, gərək adam özü getdiyi yerə nəsə
aparsın” – Hacı Madərlə hər yeni söhbətdən
sonra bu müdrik deyimi xatırlayıram. Gəldiyim
nəticə belə olur ki, o, ömrü boyu getdiyi yerə nəsə
aparıb, kimdənsə nəsə ummayıb. Ən əsası
odur ki, hər yerə özü ilə insanlıq,
xeyirxahlıq, mərhəmət, şəfqət aparıb...
Bir dəfə soruşdum ki, bu qədər insanların
harayına çatırsınız, onlara arxa-dayaq olursunuz,
kimsə yıxılanda qolundan tutub ayağa
qaldırırsınız, bəs elə olubmu ki, çətin
gününüzdə sizi ayağa qaldırıblar? “Allah məni
o günə qoymasın! Mən bu işləri
ona görə etmirəm ki, əvəzini gözləyim...”
deyə çox konkret cavab verəndə anladım ki, fikrimi
düz çatdıra bilməmişəm. Əslində, soruşmaq istəyirdim ki, yeniyetməliyində,
gəncliyində kimsə ona dayaq olubmu? Dedi ki, yox, mən
elə uşaqlıqdan zəhməti sevən olmuşam. Qazandıqlarımın hamısı bir
Tanrımın köməyi ilə, bir də əziyyətimin
bəhrəsi olub, daha kiminsə köməyinə ehtiyac
qalmayıb. Həmişə Allah olub dayağım...
Və söhbətin bu yerində nədənsə mənə
elə gəldi ki, o heç uşaq illərini də uşaq
kimi yaşamayıb. Həmişə elə indiki kimi
ağıllı, ciddi, məsuliyyətli, qayğılı
bir insan olub. Xarakterindəki təvazökarlığı,
ağır-batmanlığı, ağayanalığı,
ziyalılığı, mədəniyyəti isə diqtə
edir ki, bu insan Yer üzünə elə insanların
xeyirxahı kimi gəlib. İnsanların xeyirxahı
olmaq onun alın yazısının ən qalın xəttidir...
...O,
yaxşılığın xidmətində dayananlardandır.
Dünyamızın biganələrindən deyil,
tərəzinin arzulanan gözünü əyənlərdəndir.
Humanistdir, səxavətlidir,
insanlığın keşiyini çəkən insandır,
özü dediyi kimi “qan yatırandır”. Qarşılaşdığı
möhtaca cibinin son qəpiyini belə əsirgəməyəndir.
Xeyirxahlığa adətkərdir, öyrəncəlidir,
dinimizə, imanımıza sədaqətlidir, kənd-kəsəyinə
yarayan adamdır. Məmləkətinə,
xalqına, el-obasına təmənasız münasibətini hər
addamı, hər əməli ilə sübut edəndir.
Sözü, bu sözün arxasında dayanan əməli onun
bütövlüyünün, böyüklüyünün
göstəricisidir...
Onu ölkəmizdə, sadəcə, Hacı Madər
kimi tanıyır və hörmət edirlər. Adını
eşidən kimi vəzifəsindən, rütbəsindən
asılı olmayaraq, böyüklü-kiçikli
hamının üzünə təbəssüm qonur.
Millət
vəkili, “parta yoldaşı” İmamverdi İsmayilov: “Uzun
zamanlardan bəri müəyyənləşmiş normalara
görə, Kəbə ziyarətində olmuş müsəlmanların
adları qarşısına Hacı titulu əlavə edilməlidir.
Bu titul sənədlərdə rəsmiləşməyib.
Əhatəsindəki insanların konkret şəxsə
yalnız şifahi münasibətinin, hörmət və
ehtiramının ifasdəsidir bu... Və indi bir
anlıq düşünək, Kəbə ziyarətində
olmuş çox tanışımızınmı
adını bu titulla birgə xatırlayırıq?! Deyəsən,
yox!.. Görünür, toplum yalnız
Hacı titulunda cəmləşmiş dəyərlərə
tam layiq olmağa çalışanlar üçün
başqa titullar axtarmır... Daşıdığı
siyasi-ictimai statusla, o da cəmiyyətə hamı kimi təqdim
oluna bilərdi: “Azərbaycan Respublikası Milli Məclisinin
deputatı”, bir qədər qısa şəkildə “millət
vəkili”, sırf rəsmi formada “cənab Musayev”, yaxud sadəcə olaraq “Madər
müəllim” deyə... Amma deputat həmkarımız
Madər Musayevi tanıyanlar üçün bu təqdimatların
heç biri işlək deyil. Şəxsiyyətinə
böyük hörmətlə yanaşan on minlərlə
insan üçün rəsmi, yaxud qeyri-rəsmi, fərq etməz,
bütün dairələrdə o, məhz Hacı Madərdir.
Və bu addan sonra bu günlərdə ömrün
böyük bir zirvəsini fəth edən dəyərli bir
şəxsiyyətin həyatı başlanır...”
”Ömrün böyük zirvəsini” – 65-i fəth edən
Hacı Madərin həyatı isə sadə bir azərbaycanlının
ailəsindən başlayıb. Bu ailədə
xalqımızın adət-ənənələrinə,
dini-mənəvi dəyərlərinə hörmət olub həmişə.
Bu, evin kişisinin tələbi imiş. Ailənin yeganə oğlu Madər də o tələbdən
kənara bir addım belə atmayıb. İndi deyir ki, o
ailə, o od-ocaq, o tərbiyə ilə bağlı heç nəyi
unutmamışam və nə yaxşı, mən də nəslimizə
baş ucalığı gətirmişəm...
“Sadə, təmiz bir ailəmiz olub – kolxozçu ailəsi. Namuslu, ləyaqətli, halal
insanların övladı olmuşam: atam müharibədən əlil
qayıtmışdı, 1953-cü ilə qədər kolxoz sədri
işlədi. Sonra kolxoz dağıldı, bir
neçə kəndi birləşdirdilər. Anam da evdar idi. Üç
bacı, bir qardaş idik. Sonra evin tək
oğlu olduğuma görə hamının yükü mənim
üstümə düşdü. Zəhmətə
tez alışdım. Uşaq
yaşımdan ticarətdə işlədim, satıcı
şagirdindən mağaza müdirinə qədər. Sovet hökumətinin asan-kəsən vaxtlarında
bir tənqidim belə olmayıb, əksinə, bütün
mükafatları almışam. 1990-cı
ildə heç bilmirdim ki, deputat seçiləcəm. Bu, ağlıma da gəlməzdi.
Çünki sovet dövründə mağaza müdiri
heç vaxt deputat ola bilməzdi.
Kolxozçu, sağıcı, professor... deputat ola
bilərdi, amma ticarətçi yox. Kəndimizin
ağsaqqalları məscidə yığışıb qərara
gəliblər ki, namizədliyimi versinlər...”
Beləcə, el-obası 5 dəfə dalbadal onu
özünə elçi, vəkil seçib. Bu hörmət-izzət
isə göydən zənbillə düşməyib,
xonçada hazır verilməyib, qazanılıb. Ömrü boyu halalıqla işləyib, namusla
yaşayıb, heç kimin çörəyinə bais
olmayıb, heç kimin bostanına daş atmayıb, əksinə,
camaata can yandırıb, kasıb-kusuba, əlsiz-ayaqsıza əl
tutub, çoxlarının əlini çörəyə
çatdırıb, nəcib işlər görüb. Heç vaxt tək özünü, ailəsini,
qohum-əqrəbasını düşünməyib,
Allahın verdiyi ruzini tək yeməyib. Kiminsə
işığını yandıranda elə bil öz ürəyində
işıq yandırıb, bundan rahatlıq, dinclik tapıb.
Ağlı kəsəndən üzünü
Haqqa tutub. Deyir, Allahla dost olmağın şərti
xalqla dost olmaqdır. Xalqın dəyərini
bilsən, o, səni ucaldacaq. Xalqın
ucaltdığını isə fələk də yıxa bilməz.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Haci Allahşükür
Paşazadə: “Onun xeyriyyəçiliyi, savab əməlləri,
xoş məramlı işləri haqqında mən çox
zaman tanımadığım insanlar vasitəsilə, əksər
hallarda təsadüfən xəbər tuturam. Belə
ki, özü bu barədə susmağı üstün tutar.
Xeyriyyəçliyi qanına hopmuş Madər
qardaşım bütün bunları özünü təbliğ
məqsədi ilə deyil, Allahın rizasını qazanmaq
üçün edir. Bu, onun qəlbinin dərinliklərindən
gələn mənəvi tələbatdır, nəcib xislətindən
doğan vacibatdır.” ...“Hacı Madərin Azərbaycan
tarixinin ən gərgin çağlarında nümayiş
etdirdiyi əsl vətəndaşlıq nümunəsi, mənən
sarsılmış insanlara, şəhid ailələrinin
üzvlərinə münasibətdə göstərdiyi həssaslıq
isə heç zaman xatirimdən silinməz. Belə
ki, 1990-cı ilin mürəkkəb, məşəqqətli
günlərində Hacı Madərin yardıma ehtiyacı
olan insanlara necə böyük ürək yanğısı,
qəlb riqqəti ilə yanaşdığını,
bacardığı maddi və mənəvi köməyi əsirgəməməsini
öz gözlərimlə görmüşəm. Mən bunu əsl vətənpərvərlik örnəyi
kimi dəyərləndirirəm. Vətəni,
həmvətəni, soydaşı ilə bağlı məsələlərdə
Hacı Madər heç zaman geri çəkilməz,
meydanı tərk etməz, sinəsini kənara çəkməz,
özünü düşünməz, şəxsi mənafeyi
qayğısına qalmaz. Hacı Madər
öz sözünü mərdanə deyən, nə etmək
lazım gəldiyi anda heç nədən tərəddüd
etməyən cəsarətli bir insandır.”
...O,
seçkidən-seçkiyə özünü göstərmək,
səs yığmaq naminə əl-ayağa düşmür,
qapı-qapı gəzib pay paylamır, səxavət kisəsinin
ağzını açmır. Bu kisə il
boyu açıqdır. Hər ayın
tamamında aylıq kəsdiyi insanların qapısı onun
ruzisi ilə açılır. O bayram olmaz ki, evlərdə
qazan qaynatmasın, bayram payı paylamasın. Özü
isə belə yerlərdə görünməz. Özünü təbliğlə də arası
yoxdur. Hətta seçkilərdə təbliğat
kampaniyaları vaxtı da qoymaz ki, bir yerə şəklini
vursunlar. Deyir ki, hər gün camaatla
ünsiyyətdəyəm. Hər gün
çalışıram ki, onlar üçün nəsə
bir iş görüm. 5 dəfədir eyni dairədən
millət vəkili seçilmişəm. Bir
nəfər də deyə bilməz ki, bu illərdə harasa
şəklimi vurmuşam. Məni
tanıyırlarsa, qoy gəlib səs versinlər. Əgər şəklimə baxıb, mənə səs
verəcəklərsə, lazım deyil. Mən öz kəndimdən
seçilirəm, kəndə niyə şəklimi
vurmalıyam?...
Hacı Madəri həmkarlarından fərqləndirən
bir də odur ki, o öz kəndində yaşayan və buna
üstünlük verən yeganə millət vəkilidir. Deyir,
camaatımla bir ailə kimi yaşayırıq,
köçkünlər də bu ailənin üzvüdür.
El-obanın xeyir-şəri onsuz keçməz.
Toy edənə xeyir-dua verər, yası
düşənə köməkdar olar. Xəstəsini,
tələbəsini, şagirdini yaddan çıxarmaz. İmdad, mədəd diləyənə, ehtiyacı
olana şahidsiz-sübutsuz kömək edər. Ümidlə ona üz tutanın işini yoluna qoyar.
Məktəbin, şəfa ocağının,
yolun-izin səliqə-sahmanının,
abadlığının qeydinə qalar. İlboyu
eşidərsən ki, ya yol, ya körpü salır, ya su, qaz
çəkdirir, yaxud da məktəb, ya da hansısa kimsəsizə
ev tikdirir. Doğulub-böyüdüyü
Binəqədi rayonunda hamı başına and içir.
Kimi dindirsən, gördüyü işlərdən saatlarla
danışar...
O, siyasət
adamıdır. Amma həmişə deyir ki, mənim
üçün ən böyük siyasət insanların
xoşbəxtliyi, firavanlığı, gözəl
yaşayışıdır!..
* * * *
...1988-ci
ildə Ermənistandan köçkünlər gələndə
onlara ilk həyan olub Hacı Madər. Heç kim
ona deməyib ki, get qaçqına-köçkünə
kömək elə. Hər şeyi qəlbinin səsi,
ürəyinin hökmü ilə edib.
Özü
belə deyir: “Yurdunu itirmiş soydaşlarımıza arxa
olmalıyıq. Ulu öndərimiz Heydər Əliyev
həmişə vəzifə sahiblərinə, imkanlı
şəxslərə dönə-dönə
tapşırırdı ki, gedin
qaçqın-köçkünlərin yaşayış
şəraiti ilə maraqlanın, görün, necə
yaşayırlar, hansı problemləri var. Onlara kömək
edin. Unutmayın ki,
qaçqın-köçkünlərin problemləri mənim
və ölkənin bir nömrəli problemidir. Ümummilli liderimizin davamçısı, möhtərəm
Prezidentimiz İlham Əliyev də daim bu qəbildən olan
insanların yaşayış şəraiti ilə
maraqlanır, tədbirlər görür, istəyir ki, Azərbaycanda
yoxsul insan olmasın, hamı yaxşı yaşasın. Onun qaçqın və məcburi
köçkün, şəhid ailələri, aztəminatlı
insanların problemlərinə diqqəti hər kəsi bu sahədə
bacardığı işi görməyə istiqamətləndirir.
Hər birimiz ondan nümunə götürməliyik...”
Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov:
“...Hacı Madərin mənim bilavasitə məşğul
olduğum sahə ilə əlaqədar xidmətləri
danılmazdır. Binəqədi rayonuna gələn
qaçqın və məcburi köçkünlər
Hacı Madərin simasında özlərinə ümid yeri
görüblər, onun mənəvi və maddi dəstəyi
ilə təskinlik tapıblar. Təsəvvür edin,
torpağını, ev-eşiyini, üstəlik, əzizlərini
itirmiş bu dərdli insanların ürəyini ələ
almaq, onların doğmasına çevrilmək insandan nə
qədər yüksək ali keyfiyyətlər tələb
edir! Bu insanların qəlbinə yalnız
yaxşılıqla yol tapmaq olardı! Hacı Madər isə
bunu bacardı və təkcə imkansızlara, köməksizlərə
qayğısı ilə sübut etdi ki, o, ən ali keyfiyyətləri özündə cəmləşdirən
bir insandır. Çox işlədilən bir atalar
sözü var: “Dünya malı dünyada qalar.” Hacı Madər bu deyimin fəlsəfəsini gözəl
anlayan bir şəxsdir. Məhz buna görə
də öz halal zəhməti ilə əldə etdiyi
qazancından, şəxsi büdcəsindən böyük
bir hissəni həmişə xeyriyyəçilik işləri
üçün ayırır. Burada daha bir mətləb
də var: elə ona görə də Tanrı bu əməlisaleh
bəndəsinin işini həmişə düz gətirir,
ruzusunu başından tökür. Üstəlik, Allah-Təala
həmin xeyirxah bəndəsini həmişə qoruyur,
saxlayır, onun qismətini daim yetirir...”
* * * *
...Son illərin
hadisələri bir həqiqəti də üzə
çıxardı: Vətənə, millətə borcunu
yüksək tribunalardan çığırmaq kimi başa
düşənlər yanılırlar. Bu uca
amallar naminə fədakarlığı görülən
işlə sübut etmək lazımdır. Tanıyanlar
Hacı Madərin bir xasiyyətini də yaxşı bilirlər:
həmişə diqqətdə olmaq naminə danışmaq
ona yaddır. İş görmək onun üçün
danışmaqdan qat-qat üstündür... “Məsələ
danışmaqda deyil, iş görmək
lazımdır. Danışdıqlarının
nəticəsi olmayanda dediklərin də qiymətdən
düşür” deyir.
...Şahidi
olduğum bir tədbirdən də bəzi məqamları qeyd
etmək istəyirəm: neçə illər öncə Binəqədi
təhsil işçilərinin konfransına Hacı Madəri
də dəvət etmişdilər. O da gəlmişdi. İclasda çoxları danışdı. Adamın başının üstündə Allah
var, heç pis də danışmadılar. Hərə
bir şeydən söhbət saldı, təhsildən, tərbiyədən...
Hacı Madər burada da danışmadı.
Ancaq dinlədi, qulaq asdı. Sonda isə səslənən
problemlərin həlli ilə bağlı onun görəcəyi
konkret işlər sədr tərəfindən salona
çatdırıldı: “Hacı Madər elə bu gündən
iki məktəbin təmirini öz üzərinə
götürür.” Zalı alqış sədaları
bürüdü...
Millət vəkili yeni dərs ilinə qədər vədinə
əməl etdi. O, sözünün ağasıdır. Nəyinsə
xatirinə quru vədlər vermək isə ona yaddır.
Bircə şüarı var: “Mənim vədim indiyədək
gördüyüm işlərdir. Ömrümün sonunadək
xeyirli işlərimi, əməllərimi davam etdirəcəyəm...”
Həmkarı,
millət vəkili, professor Fəzail İbrahimli: “...İnsan
var ki, onu qohum-əqrəbasından başqa heç kim tanımır. İnsan var ki, az
iş görüb, çox tanınmağa
çalışır. İnsan da var ki, iz salan
əməllərlə, xeyirxah işlərlə məşğul
olur və bundan çoxlarına pay düşür.
Hacı Madər az danışıb,
çox iş görən bir insandır. Parlamentdə
danışmasa da, kifayət qədər insanlara əl tutan,
Allahın yolunda olan, millət və dövlət
üçün əlindən gələn hər şeyi edən
bir şəxsdir. Onun tribunası real həyat,
danışığı isə əməlindədir.
Başqalarından fərqli olaraq o, boğazdan yuxarı təriflərin
əvəzinə real iş görür. Hacı
Madər əməli ilə danışır. Belə adamların danışmamağı yüzlərlə
saxta danışanlardan daha qüdrətli, daha əzəmətlidir.
Hacı Madər insanlarla münasibətdə hər
şeyin yerini bilən adamdır, insanlara söz bütövlüyünə,
mərdliyinə və ədalətinə görə qiymət
verən həssas və diqqətli adamdır. Dostlarım və tanışlarım arasında
Hacı Madər, bəlkə də, yeganə şəxsdir
ki, həmişə nikbin görünür. O, ən
çətin və mürəkkəb şəraitdən
çıxış yolu tapa bilir, heç vaxt ruhdan
düşmür və ətrafdakılara müsbət enerji
verir. Bu mənada, Hacı Madər inamını
itirməyən və xoş əhvali-ruhiyyəli adamdır.
İnsan ağır anında, çətinliyə
düşəndə, dar məqamlarında həyat yolunda
xeyirxahlığı özünə amal seçən dostunu
axtarır, ona üz tutur, dərdini onunla
bölüşür. Bilir ki, ərklə
yanına gəldiyi dostu onu duyacaq və düçar
olduğu sıxıntıdan xilas edəcək...“
* * * *
Böyük Nizami “Yaxşılıq insanda sənətdir”
deyib. Və
bu sənət nəcabətdən, kökdən gəlir,
heç kim təsadüfən
yaxşı adam olmur. Kökdən, gendən gələn
bu böyüklüyü qorumaq isə hər kəsin işi
deyil. Hacı Madər din-imanı, mərdliyi,
səxavəti, xeyirxahlığı dədə-babalarından
qalan əmanət kimi qoruyur, yaşadır. El-obanı, halal duz-çörəyi unutmur, nəcibliyi,
alicənablığı ilə hamıya dərs verir və
bu dərsində indi də davam edir. Heç
nə, hətta çoxlarını yolundan döndərən
zaman da onu dəyişməyib.
Şərəfli
insan, əslində, xalqın milli-mənəvi sərvəti,
sağlam genetik kodudur. Hacı Madər belə
xoşbəxtlərdəndir. Allah ona
çox şey verib. Məncə, bu verilənlərin
içərisində ən qiymətlisi böyük ürəkdir,
insanlara çox sadə, səmimi, təmənnasız
münasibətdir. Bu münasibətin
cavabı isə xalqın məhəbbəti, cəmiyyətdə
qazanılan nüfuzdur.
Madər Musayev çox sayda mükafatlara layiq
görülüb. Özü isə ən dəyərli
mükafatını müstəqil Azərbaycanın
“Şöhrət” ordenini hesab edir. “.......Şöhrət”
ordeni ilə təltif edildiyimi eşidəndə çox
sevindim. Bu, dövlət başçısının mənə
yüksək münasibətinin göstəricisidir, sağ
olsun. Həmişə deyirəm, neçə il
İlham Əliyevlə parlamentdə bir salonda əyləşmişik.
Onun çox gözəl keyfiyyətlərinə
özüm şahid olmuşam. Ulu öndər
Heydər Əliyevin mənə göstərdiyi böyük
qayğının davamını Prezident İlham Əliyevdən
görürəm. Bu diqqət çiynimə
daha böyük məsuliyyət qoyur.”
Qarabağ problemi onun da yaralı yeridir. “...Bu, bizim
üstümüzdə ləkədir, bu ləkəni
yumalıyıq. Bu yaşımda, bu mövqeyimdə
hər şeyə hazıram, təki torpaqlarımızı
xilas edək. Gərək bu gün hamımız
qarabağlı olaq!..” deyir.
Bir arzusu
da var: “İnsanlar heş kimə möhtac olmasınlar.” Deyir, ən
xoş günüm kiməsə yaxşılıq etdiyim,
kiminsə ehtiyacını ödədiyim gün olur...
Belə xoşbəxt günləriniz çox olsun,
yaxşılığın keşiyində dayanan insan. 65 illik yubileyiniz mübarək!
Həmkarınız, akademik Ziyad Səmədzadə demiş:
“...yüzü də bax beləcə, bilmədən, hiss etmədən
haqlayasınız...”
Firuzə NADİR
525-ci qəzet.-
2012.- 27 noyabr.- S.4.