Bakıda istedadlı və yaradıcı
gənclərin II Respublika
Toplantısı keçirilir
Bakıda
Gənclər və İdman, Mədəniyyət və Turizm,
Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər
Akademiyasının təşkilatçılığı ilə
İstedadlı və yaradıcı gənclərin 2-ci
Respublika Toplantısının
açılışı olub. APA-nın məlumatına
görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev,
gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev, xüsusi dəvət olunmuş qonaqlar - Türkiyənin
məşhur kino ulduzu Türkan Şoray, İtaliyanın
dünya şöhrətli müğənnisi Robertino Loretti də
iştirak edib.
Elçin
Əfəndiyev gənclərin adı ilə bağlı hər
bir tədbirin mühüm əhəmiyyət
daşıdığını deyib: “Mən ümid edirəm
ki, 20-30 ildən sonra bu toplantıda iştirak edən
yaradıcı gənclər dünyanı fəth edəcəklər
və onların həyatında bu gün keçirilən tədbirin
böyük əhəmiyyəti olacaq. Hər bir
yaradıcı gənc istənilən addımında öz
adından əvvəl ölkəsini təmsil edir”.
Azad
Rəhimov isə qeyd edib ki toplantının keçirilməsində
məqsəd gənclərin
yaradıcılığa yeni baxışını təmin
etmək, yaradıcılığın geniş spektrində gənclərin
imkanlarını və nailiyyətlərini nümayiş
etdirmək, onları yaradıcılığa həvəsləndirməkdir.
Əbülfəs
Qarayev yaradıcı gəncləri fəal olmağa dəvət
edib və onları ölkədə gənclərə göstərilən qayğıdan
istifadə etməyi çağırıb.
Tədbirdə
çıxış edən Robertino Loretti Azərbaycanda belə
bir tədbirin keçirilməsini yüksək dəyərləndirdiyini
deyib.
Türkan
Şoray isə çıxışında növbəti dəfə
Azərbaycanda olmasına görə çox məmnun
olduğunu deyib, yaradıcı gənclərlə
görüş fürsəti qazandığına görə,
təşkilatçılara təşəkkür edib.
İki gün öncə Türkiyədə 50 illik kino fəaliyyətindən
bəhs edən “Sinema və mən” müəllif
kitabının işıq üzü gördüyünü
qeyd edən sənətkar nəşrdə Azərbaycanda
vaxtilə çəkilmiş və premyerasında iştirak
etdiyi film haqqında xüsusi qeydinin olduğunu
vurğulayıb: “Orada yazmışdım ki, Azərbaycana getməyi
çox istəyirəm. Bu
arzuma qısa zamanda çatdım. Azərbaycanda uzun illər
öncə olduğu kimi, yenə də isti münasibət
görürəm. Qardaş ölkədə belə bir
münasibətdən qürur duyuram”.
Bir
neçə gün əvvəl Azərbaycanın
tanınmış sənətkarı Yaşar Nurinin vəfat
etdiyini xatırladan Türkan Şoray bununla bağlı onun
ailəsinə və Azərbaycan xalqına
başsağlığı verib.
Məşhur
kino ulduzu bu gün saat 16.00-dan başlayaraq 2 saat ərzində
əldə etdiyi nailiyyətləri Azərbaycanın
istedadlı gəncləri ilə bölüşəcəyini
deyib: “Ümid edirəm ki, onlara nəsə öyrədə
biləcəm”
Qeyd
edək ki, 5 gün davam edəcək tədbir çərçivəsində
Türkan Şoray, Robertino Loretti, Abbas Kiarostami kimi dünya
şöhrətli sənətkarlar kino, foto, moda, klipmeykerliklə
bağlı ustad dərsləri keçəcəklər.
Azərbaycandan
isə Çingiz Abdullayev və Alim Qasımovun gənclər
üçün master-klasslar təşkil edəcəkləri
gözlənilir.
Mürvətqızı Sevinc
525-ci qəzet.- 2012.- 27 noyabr.- S.7.