Canlı əfsanə
Ömrünün
86-cı ilini yaşayan sağlam, səmərəli,
işgüzar, yaradıcı bir insan, müdrik ağsaqqal,
görkəmli partiya – dövlət xadimi və ictimai xadim,
elmin ayrı-ayrı sahələri, xüsusilə ədəbiyyat
və insan fəlsəfəsinin bilicisi, həyatın –
yaşam tərzinin, təsərrüfatın müxtəlif
sahələrini təcrübəyə istinad edən zəngin
biliklərə malik, hər bir mürəkkəb vəziyyətdən
Allahın verdiyi ağıl və idrakla çıxış
yolu tapa bilən, uzun illər ən çətin rayonlarda
öndə gedən katib kimi
tanınmış, SSRİ-nin və Azərbaycan SSR-in
deputatı olmuş, xalq arasında böyük nüfuz sahibi,
dəyərli xüsusiyyətlərini saymaqla bitməyən
Sadıq Murtuzayevin ömür yolunun müəyyən
anlarını əks etdirən kitaba “Canlı əfsanə”
adı heç də təsadüfi və gəlişigözəl
səslənsin deyə verilməmişdir. Müəllif
Xanış Məmmədov, yəqin ki, bunun üzərində
çox düşünmüşdür. Bu ad
seçilməsəydi də oxucular Sadıq müəllimi
belə tanıyacaqdılar.
Ömrünün
yarım əsrini məktəbdarlıqda keçirmiş,
müəllm və direktor işləmiş, xalqın
övladlarına elm öyrətmiş, əxlaq dərsi
vermiş, məktəbyanı təsərrüfatda işləməklə
onlara əməyi sevdirmiş, Ağdamın 8 nömrəli məktəbini
respublikanın ən qabaqcıl təhsil müəssisələrindən
birinə çevirmiş və müqabilində heç bir təmənnası
olmayan müəllif Xanış Məmmədov Sadıq
Murtuzayevi bir insan, bir rəhbər təşkilatçı,
ağsaqqal kimi az qala ideallaşdıraraq sevə-sevə vəsf
etdiyi bu kitabda onun Ağdam dövrünü əks etdirməyi
məqsəd kimi qarşısına qoysa da, ona olan sonsuz məhəbbətindən
mövzuya daha əhatəli yanaşmağa
çalışmışdır.
Müəllif qəhrəmanının doğulduğu kəndi,
işlədiyi ayrı-ayrı yerləri
qarış-qarış gəzərək, keçdiyi
şanlı ömür yolunu ayrı-ayrı başlıqlar
altında təqdim etməklə oxucunun diqqətini bu məqamlara
yönəldir. “Aysberq təbiətli bir kişi
ömrü” sərlövhəsi altında o, çox
maraqlı bir bənzətmə aparır. Aysberq
nədir? Orta məktəbi bitirən hər
kəs bilir ki, aysberq suyun üstündə gözlə 1/3-i
müşahidə oluna bilən buz dağıdır. İnsan heç vaxt onun əsas hissəsini
görmür və bu görünməyən tərəf
aysberqin ən yaxşı və keyfiyyətli tərəfləridir.
Allah-Təala Qurani-Kərimdə buyurur ki, – “sizin
üçün yeri döşədim. Möhkəm
dayanıb tərpənməməsi üçün
dağları ona sütun etdim”. Son
dövrlərə qədər biz dağların ancaq aysberq
kimi üzdə olan hissəsini görür və bu şəkildə
dərk edirdik. Bugünkü elmi nailiyyətlər isə
sübut edir ki, dağların özülü daha dərin
qatlarda olmaqla göründüyündən 5,10,15
dəfə çoxdur. Belə ki, Himalay dağlarının kökünün dərinliyi
80-150 km arasındadır. Dağlar da bir növ
yer üzünün aysberqləridir.
Müəllif Sadıq müəllimi aysberq kimi təqdim
etməklə özünün də onun ancaq müşahidə
olunan tərəflərini, bəlkə, ondan bir qədər
çox görə bildiyini yazılarında diqqətə
çatdırır. Qəhrəmanın Şəki
dövründəkı fəaliyyətindən bəhs edərkən
baş verən hadisələri bir şəkilinin dili ilə
canlı şəkildə elə qələmə
almışdır ki, oxucunu cəlb etməklə yazılanlar
onun yaddaşına həkk olunur.
Mövzunun
əsas hissəsi Sadıq Murtuzayevin Ağdam dövrünə
həsr olunmaqla onun buradakı yaradıcı fəaliyyətinin,
insana xidmət edən, insanı xarüqələr yarada bilən,
yeniliyə, irəliyə getməyə, Vətəni sevib vəsf
etməyə, onu evində, elində və uzaqlarda ləyaqətlə
təqdim etməyə sövq edir.
Sadıq müəllim harada işləyibsə, həmişə
yenilikçi kimi respublikada hər bir təşəbbüsün
önündə olub.
Oxucuların müzakirəsinə verilən kitabda
özünə yer almış nəşrin qəhrəmanının
nümunə kimi verdiyimiz bir publisistik yazısında
Abşeronda işləyərkən Bolqarıstanın Razqrad,
Şəkidə isə Ukraynanın Amerinka şəhərləri
ilə qardaşlaşmadan söhbət açılır. Möhtərəm
oxucunun diqqətini bir məqama cəlb etmək istərdim.
Bu qardaşlaşma elə-belə başa gəlmirdi.
Bunun üçün rayonda əldə edilən nailiyyətlər
ən yüksək səviyyədə olmaqla yanaşı,
buradakı rəhbərin, 1-ci katibin səviyyəsi, habelə
ərazinin də tarixiliyi, təbii şəraiti və gözəllikləri
nəzərə alınır, Azərbaycan KP Mərkəzi
Komitəsində müzakirə edildikdən sonra təklif təsdiq
üçün Moskvaya göndərilir, yuxarının
razılığı alındıqdan sonra əməli fəaliyyətə
başlanırdı. Ayrı-ayrı vaxtlarda baş verən bu
iki hadisə, yəni Bolqarıstanın Razqrad və
Ukraynanın Merinka şəhərləri ilə
qardaşlaşma üçün rayon və şəhər
axtarışı Azərbaycan KP MK-da müzakirə olunarkən
məsələ üzrə məsul şəxs, bu gün bu
sətirlərin müəllifinin böyük hörmət və
məhəbbət bəslədiyi Respublika Veteranlar
Şurası sədrinin 1-ci müavini Surxay Tağızadə
heç fikirləşmədən Sadıq Murtuzayevin rəhbərlik
etdiyi rayonu təklif etmişdi. Belə ki, həm
katibin intellektual səviyyəsi, təşkilatçılıq
məharəti, Azərbaycan və rus dillərində rəvan
və bəlağətli nitqi, rəhbərlik etdiyi rayonun
göstəriciləri də tələb olunduğu səviyyədə
idi.
Yeri gəlmişkən, burada Sadıq müəllimin
Şəkidə işlədiyi dövrdə baş vermiş
bir hadisəni yada salmaq istərdim. 1974-cü ildə Azərbaycanda
Sovet ədəbiyyatı ongünlüyü keçirilirdi.
Qonaqlar Şəkidə üç gün
qalmışdılar. Tədbirə
SSRİ Yazıçılar İttifaqının katibi Mixail
Lukonin rəhbərlik edirdi. Lukonin Moskvaya
qayıtdıqdan sonra “Literaturnaya Qazeta”da Azərbaycanda
keçirilən ədəbiyyat günləri ilə
bağlı “Günəşli diyarda dostluq görüşləri”
adlı irihəcmli yazı ilə çıxış
etmişdi. Aradan bir abzası iqtibas edirəm: – “Şəkidən
ayrılmazdan bir gün əvvəl şəhərin çox
səfalı bir güşəsində qocaman Qafqaz
dağlarının ətəyindəki turist düşərgəsində
rayon fəalları qonaqların şərəfinə ziyafət
təşkil etmişdi. Bu, adicə ziyafət
deyildi. Mənim şahidi olduğum
bütün poeziya bayramlarından daha gur poeziya məclisi idi.
Ona istiqamət verən şəhər Partiya komitəsinin katibi, hamımızın
sevimlisi olan Sadıq Murtuzayev idi. Burada
sağlıqlar gah rus, gah da Azərbaycan dilində səslənən
şeirlərlə müşayiət olunurdu. S.Murtuzayev ancaq özünə xas olan temperamentlə
gah Puşkindən, gah Səməd Vurğundan şeirlər
söyləyirdi. Elə bil biz şairlərlə
yarışa çıxmışdı və öz sənətsevərliyi,
həyatsevərliyi ilə hamımızı heyran
qoymuşdu”.
Lukonini heyrətdə qoyan o poeziya məclisinin
iştirakçısı olmasam da, o vaxt Sumqayıtda,
Şamaxıda, Bakıda – neft daşlarında Sovet ədəbiyyatı
ongünlüyü çərçivəsində
keçirilən tədbirlərdə gənc jurnalist kimi
iştirak etmişəm. Və mənə məlumdur ki, Sadıq müəllim o
tədbirlə bağlı iki ay öncə rus şeirinin
günəşi Aleksandr Puşkinin Səməd Vurğunun tərcüməsində
“Yevgeni Onegin” poemasını əzbərləmiş, rus dilində
bir sətir belə şeir bilməyən, lakin fenomenal
yaddaşa malik rayon sovetinin sədri Zahid Qəniyevə isə
poemanı or?inaldan əzbərlətmişdi. Gecə
boyu mənzum əsər hər iki dildə onların
ifasında səslənmişdi. Məclisin şirin
yerində Sadıq müəllimin L.Tolstoyun ölümünə
vəfatından bir gün sonra orta təhsilli azərbaycanlı
senzor, istedadlı publisist Hüseyn Minasazovun rus dilində
yazıb həftəlik nəşr olan “Zakafkazskoe obozreniye”də
dərc etdirdiyi mənsur şeir mənzuməsini böyük
pafos və avazla oxuduqda məclisdə bir anlığa heyrətamiz
sükut yaranmış, tədbirin iştirakçısı
olan tolstoyşünas elmlər doktoru, professor xanım
ayağa qalxıb: – “Daje Lenin tak silno ne qovoril o Tolstom” –
bütün ömrümü Tolstoyun həyatının tədqiqinə
həsr etsəm də, bu heyranedici mənzuməyə rast gəlməmişəm
demişdi.
Yaşının bu vədəsində də Sadıq
müəllimin hafizəsi üstündədir və hər dəfə
onunla yol gedərkən, toyda-düyündə
görüşərkən müxtəlif dövrlərdə
yaşamış və müasir şairlərin
yaradıcılığından beytlər, misralar və ya
bütöv şeirlər söyləyərək, kimindir? – deyə
məndən soruşur. Təbii ki, əksər
şeirlərin müəlliflərini yada sala bilmir, ya
tanımıram. Onda olan bu qabiliyyət də
İlahidəndir, hər adama nəsib olmur. Sadıq müəllim uzun illər
tanınmış sənət adamları – şair,
yazıçı, rəssam və bəstəkarlarla dostluq əlaqəsində
olmaqla həm də incəsənətin, gözəl
musiqimizin xiridarı kimi tanınır.
Ağdamda işlədiyi dövrdə o, SSRİ-də
birinci, dünyada ikinci çörək muzeyinin
yaradılmasının təşəbbüskarı
olmuşdur.
Burada sərgilənən Ağdamın “Özərriktədə”
deyilən yerindən tapılmış, yeddi min il tarixi olan
buğda dənəsini və s. eksponatları yerləşdirərək
bu yerlərin min illər boyu Azərbaycan insanının
yaşayış məskəni olmasını respublika və
İttifaq mətbuatında təbliğ
etməklə, ağdamlıları – bütövlükdə
azərbaycanlıları çörəyi qiymətləndirməyi
bacaran və sülhsevər xalq kimi dünyaya
tanıtdırmağa çalışmışdır.
Burada tikilən Çay evi, Muğam məktəbi,
“Axtarış” Bank İnformasiya Mərkəzi, nəinki Azərbaycanda,
eləcə də bütün SSRİ məkanında ilklərdəndir. Kəhrizlərin
bərpasını və burada qızıl xallı
balığın yetişdirilməsini də bu siyahıya aid
etmək olar.
Müəllif
hər bölmədə Sadıq müəllimin insanlara mərhəmətli
münasibətindən olayları müxtəlif ştrixlərlə
diqqətə çatdırmağa çalışır. “Bu dərdin dərmanı raykomun əlindədir”
bölməsində isə əməkçi bir insanın kələm
sahəsinin sulanmasına icazə verməsi ilə oğlunun
xeyir işinin həllinə kömək etəmsini elə
canlı və əlaqəli şəkildə nəql edir ki,
müəlilfin adi kənd müəllimi deyil, əsl
yazıçı təxəyyülünün şahidi
olursan.
Kitab boyu
S.Murtuzayevi ən çətin məqamlarda
çıxış yolu tapa bilən, xalqını, millətini,
vətən torpağının hər qarışını
canından əziz tutan, heç kəsin burnunun qanamasına
razı olmayan müdrik bir rəhbər, tədbirli ağsaqqal
kimi təqdim etməyə səy edərək onu əsrimizin
qeyri-adi fenomeni adlandırıb, ağdamlıların hər
an onun bir sözü ilə ayağa qalxmağa hazır
olduqlarını xüsusi bir vurğu ilə qeyd edir. Mən buna qəti şübhə etmirəm. Sadıq müəllimin 85 illik yubileyində, digər
tədbirlərdə ağdamlıların ona olan yüksək
ehtiram və məhəbbətinin – fədakarlıqlarının
şahidi olmuşam.
Kitabı oxuduqca müəllif yüksək dərəcədə
yaddaş qabiliyyətinə malik müşahidəçi kimi
təsəvvürdə canlanır. Bu qabiliyyət qələm
sahibi üçün böyük uğurdur. Bu yerdə kitabdan bir neçə məqamı
önə çəkib iqtibas etməklə diqqətinizi cəlb
etmək istərdim. “... O müdhiş gündə Qərvənd
kəndi ilə Qarağan qəbristanlığı arası
30 km yol insanla dolu idi.... Adamlar yola
sığmırdı. Yevlaxdan, Bərdədən,
Ucardan, Tərtərdən, Göycaydan insanlar
ağdamlılara dayaq olmağa gəlmişdilər... Əliyalın
gələn bu insanların məsuliyyəti
ağdamlıların üzərinə
düşürdü... Silahsız halda təpədən-dırnağa
qədər silahlanmış düşmən üzərinə
hücum... 366 alay bütün hərbi
sursatı, tank və pulemyotları ilə yolu kəsmişdi.
Öndəki tankın üstünə çıxan general hərbi
şuranın əmrini elan etdi: “Kütlə dərhal
qayıtmasa atəşə tutulacaq”. Ən dəhşətlisi
o idi ki, həmin qərar qəbul olunarkən MK-nın 1-ci
katibi Kamran Bağırov başda olmaqla, bütün büro
üzvləri Xankəndində idi...”
Böyük dərddir. Səndən olan
özünə böyük bildiyin qanı-qanıdan,
dini-dinindən olan bir rəhbər. Əgər onun dini
var idisə, millətin minlərlə övladının
gülləbaran edilib qırılmasına necə imza
atmışdı?.. Müəllif
bu yerdə Sadıq mülləimin müdrikliyini xüsusi
ustalıqla diqqətə çatdırır. “... Sadıq müəllim neçə illərdi ki,
ağdamlılarla işləyirdi. Onların
psixologiyasına bələd idi. Belə məqamlarda
adi sözlər onların əsəblərini soyuda bilməzdi,
onun yanında Sosialist əməyi Qəhrəmanı, Ali
Sovetin deputatı Xuraman Abbasova dayanmışdı.
Sadıq müəllim bu dar macalda Xuraman xanıma bir dərs verdi. Bir yaylıq tapıb ona
uzatdı. Xuraman xanım da sözü göydə tutan
idi...”
Xuraman xanım izdihama müraciət edib
ana-bacılarımızın, qızlarımızın
namusunun simvolu hesab edilən yaylığı kütlənin
qarşısına atır. “Keçməyin bu
yaylığın üstündən” – deyir. Beləliklə, yüzlərlə insanın
qırılmasının qarşısı alınır.
Bununla belə, bir neçə min gənc
yollarını dəyişib Əskəran üzərinə
yürüş edir. Bir qədər sonra Əli
və Bəxtiyarın cənazəsi, əlli yaralı ilə
maşınlara doldurulub geri qaytarılır. Bunlar Azərbaycanın ilk şəhidləri idi.
Sadıq Mürtuzayev şəhidlərin dəfn mərasimini
yüksək vətənpərvərlik səviyyəsində
təşkil edib bütün respublikanın diqqətini bu
qanlı faciəni anmağa cəlb etməklə Azərbaycana
rəhbərlik edənləri öz xalqının-millətinin-vətəndaşının
qayğısına qalmaq, Vətənin taleyi haqqında
düşünməyə sövq edərək haray
qaldırsa da, əfsuslar olsun ki, o vaxtkı rəhbərliyin
doldurulmuş qulaqları nə bu harayı eşitdi, nə də
ki, gözləri başlanmış və gələcəkdə
ümumxalq faciəsinə çeviriləcək hadisələri
görə bildi.
Nəticə göz qabağındadır. Vətən
torpağının 20 faizi düşmən tapdağı
altında, 100 minlərlə qaçqın-köçkün
soydaşlarımız Vətən həsrəti ilə zillət
içində. Allah özü bizlərə rəhm edib
kömək olsun inşallah! Amin!
Müəllif Sadıq Murtuzayevin uşaqlıq, gənclik
və Ağdama qədər keçdiyi ömür yolunu ətraflı,
hətta ayrı-ayrı hallarda incəliklərinə qədər
öyrəndikdən sonra bildiklərini qələmə alaraq
qəhrəmanı haqqında epopeya yaratmışdır. Müzakirənizə
verilən kitab əlyazmasının ixtisar variantıdır.
Kitab
redaktə olunduqdan sonra tərtibatı zamanı müəllif
Xanış Məmmədovun qəhrəmanı Sadıq
Murtuzayevin ona yazdığı “Açıq məktubu” “Dost
sözü – məlhəmin ozü” yazısını də
bura daxil etmək məsləhət bilindi. Kitabda Sadıq
müəllimlə 10 il çiyin-çiyinə
çalışmış və uzun illər dostluq
münasibətlərində olmuş ağdamlı ağsaqqal
ziyalılar Səlim Əzimovun, Bəbir Hüseynovun, sabiq millət
vəkilləri Həmzə Əliyevin, Çimnaz xanım Əliyevanın
yazılarına – ürək sözlərinə də yer
verilmişdir.
Sonda
Sadıq müəllimin yetirməsi, tanınmış
yazıçı-jurnalist, bu sətirlərin müəllifin
müəllimi və dostu, Həcc yoldaşı – Hacı Əhməd
İsayevin qəhrəmanımızın tərtib etdiyi
“İlusu” ensiklopedik toplusu haqqında qələmə
aldığı “Yurd sevgisi” adlı isti ürək sözlərini
“525-ci qəzet”in səhifələrində oxuduqdan sonra bu yazını
da kitaba daxil etdik.
Sadıq müəllimin tərtib etdiyi və onun
ömür yolundan bəhs edən bir neçə kitabın
redaktəsi mənim bəxtimə düşüb. Onunla uzun illər bir yerdə
işləməsəm də qurucu və yaradıcı
müdrik həyatı mənə doğma olduğundan
Xanış Məmmədovun çox canlı şəkildə
qələmə alıb təsvir etdiyi hadisələr kino
lenti kimi gözlərim önündə canlanıb və mən
inanıram ki, çox dəyərli və diqqətli oxucular
kitabı mütaliə etdikcə müəllifin qəhrəmanını
sevəcək, xüsusilə gənclərimiz özlərini
ona bənzətmək, onun kimi yorulmadan elmə yiyələnmək,
çətinliyə sıxıntılara sinə gərərək
həyat yollarında onun kimi addımlayaraq işlədikləri
sahələrdə yeniliklər edəcək, gecə-gündüz
bilmədən xalqımızın rifahı, işğal
olunmuş Vətən – Qarabağ torpağının
düşmənlərdən azad olunması yolunda var qüvvələrini
sərf edərək onun kimi ali istəklərinə
qovuşmağa çalışmaqla ucalacaqlar.
Xanış
Məmmədovun “Canlı əfsanə” kitabı qurub-yaratmaq,
öyrənib-öyrətməkdən bu gün də 86
yaşında belə yorulmadan qəlbi coşqun həyat
eşqi ilə döyünən Sadıq Murtuzayevin ömür
yolunadan danışsa da, Azərbaycan tarixinin şanlı bir səhifəsi
– Vətənpərvərlik simfoniyasıdır. Oxuyun bu
kitabı! Oxuyun hadisələrin şahidinin dili ilə nəql
olunan-yazılan “Canlı əfsanə”ni!
Qoy
yaddaşınıza həkk olunsun bu qəhrəmanlıq
dastanı!
Səlim ƏZİMOV,
Əməkdar müəllim,
“Qızıl qələm” və
“Media”
mükafatı laureatı;
Hacı Mehman FƏRZULLAYEV,
naşir-jurnalist
525-ci qəzet.-
2012.- 28 noyabr.- S.4.