Uşaq sözün
düzünü deyər...
BƏLKƏ ELƏ BUNA GÖRƏ ONLARI
DİNLƏMƏK İSTƏMİRİK?
“Uşaq evin gülüdür” – deyib atalarımız. Bu ifadənin təsadüfi yarandığına inanmıram. Fikrimcə, gül epiteti burada gəlişigözəl kəlmə olaraq seçilməyib. Çünki körpələrimizə, balalarımıza bu ad təkcə zahiri baxımdan yaraşdırılmayıb. Gül kəlməsi həm də zərif, xüsusi qulluq tələb edən, qaba münasibətdən tez solub-saraldığına görə uşaqlara şamil edilir. Uşaqlar həssas varlıqlardır. Bəzən “heç nə anlamırlar” deyib keçirik, bəzən də “uşaqsan, otur uşaq yerində” söyləyib fikirlərinə əhəmiyyət vermirik. Amma anlamırıq ki, bu səhv münasibətlə “gələcəyimiz” adlandırdığımız uşaqlarımızın gələcəyini kor qoya bilərik. Bu yazımda hələ də milli mentalitetimizə “söykənərək” uşaqlara söz haqqı tanımamağımızdan, fikirlərinə əhəmiyyət verməməyimizdən, öz baxışlarını azad ifadə etməyinə mane olmağımızdan söz açmaq istəyirəm. Yaşlı nənə-babalarımız, elə əksər gənc ata-analarımıza da bu mövzu elə uşaqların fikri kimi əhəmiyyətsiz görünə bilər. Lakin əslində bu mövzu- uşaqların söz haqqı, fikir və baxışlarını ifadə etmək hüququ elə böyüklərinki kimi vacib, zəruri və aktualdır.
1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minən Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında da uşaqların bütün təməl hüquqları öz əksini tapıb. Konvensiyanın 12-ci maddəsində isə məhz haqqında söhbət açdığımız mövzu- uşaqların öz baxışlarını azad ifadə etmək hüququndan bəhs olunur. Bu maddədə qeyd olunur ki, hətta bu baxışların ifadə edilməsi onun öz taleyi ilə bağlı olanda müstəsna əhəmiyyət kəsb edir və etməlidir.
Psixoloqlar da uşaqları, yeniyetmələri dinləməyin vacibliyini vurğulayırlar. Tanınmış psixoloq Ramil Nəcəfli ilə söhbətimizdə uşaqlara söz haqqı verilməyin çox vacib, zəruri olduğunu diqqətə çatdırıb: “Bu gün artan uşaq intiharlarının böyük əksəriyyətinin onları dinləməməkdən, fikirlərini soruşmamaqdan, bu səbəbdən də onlarda qapalılığın, ağır depressiyanın yaranmasından qaynaqlandığını qeyd etməliyəm. Bəzən valideynlər uşaqların dəcəlliyindən şikayətlənirlər. Lakin hədsiz sakit, özünə çox qapanmış uşaqlar daha çox narahatlığa səbəb olmalıdır, nəinki dəcəl, aktiv uşaqlar. Uşaqla hesablaşmamaq, onun rəyinə, fikrinə əhəmiyyət verməmək bəlkə də bizim milli mentalitetimizin bir çatışmazlığıdır. Uşaqlarla hər şey barəsində danışmaq, onların suallarını cavablandırmaq, onları maraqlandıran hər bir mövzunu onlara izah etmək lazımdır. Valideyn öz övladına vaxt ayırmasa, onu dinləməsə, o özünə kənarda, bəzən də həyatı, sağlamlığı, psixologiyası üçün təhlükəli çevrələr seçə bilər, suallarına orada cavab axtara bilər. Uşaqla, yeniyetmələrlə valideyn hər bir mövzu barəsində, hətta cinsi tərbiyəsi barəsində də söhbətlər aparmalıdır. Əgər valideyn öz övladını dinləməsə, zaman keçdikcə, xüsusilə də uşaq yeniyetməlik və gənclik yaşına çatdıqda valideynlə övlad arasında uçurum yaranacaq. Övlad ata-anasına hörmət etməyəcək, ona hisslərini, duyğularını bölüşməyəcək. Beləcə, bəzən övladını zərərli çevrələrə tərk edərək, dolayısı ilə təhrik edərək valideyn uşağını hər hansı formada itirə bilər”. Amma psixoloq müsahibəsində uşağı dinləməklə onu ərköyün böyütməyi səhv salmamağı məsləhət görür: “ Bəzi valideynlər elə düşünürlər ki, uşağın hər istəyini soruşmaq və əməl etmək lazımdır. Bu da düzgün addım deyil. Sadəcə uşaqla böyük adam kimi, şəxsiyyət kimi danışıb ona başa salmaq lazımdır ki, hər şeyi almaq, əldə eləmək asan deyil. Bunun üçün valideynlər zəhmət çəkirlər, işləyirlər. Lap sadəcə uşağa dua etməyi öyrətmək lazımdır. Demək lazımdır ki, sən dua elə, ata çox pul qazansın, yaxud maaşını alsın, sənə istədiklərini alacaq. Uşağa başa salınmalıdı ki, hər şey asanlıqla əldə olunmur, çətin zəhmət hesabına başa gəlir. Bunu anlayan uşaq ərköyünlük etməyəcək, eqoist olmayacaq. Uşaqla səmimi, mehriban və anlayışlı davranmaq lazımdır. Zorakılıq qətiyyən yolverilməzdir. Övladlarına zorakılıq edən valideynlər onların hörmətini, sevgisini itirəcəklər. Uşaqları təkcə fiziki baxımdan yox, həm də psixoloji və mənəvi baxımdan qorumaq lazımdır”.
Uşaqların hüquqları ilə bağlı ölkəmizdə də bir sıra işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması Azərbaycanda uşaqların inkişafı naminə və uşaq hüquqlarının təmin olunması istiqamətində yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Ölkəmizdə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili bu il 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı”nın keçirilməsini təklif edib. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 20 oktyabr – 20 noyabr 2009-cu il tarixlərində “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi ilə ölkədə uşaq hüquqları aylığının keçirilməsi təşəbbüsünü irəli sürüb.
Bu aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsinə, sosial problemlərinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda, qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarət idi.
Bu aylıq ərzində ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Ombudsman Aparatının Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən dəyirmi masaların, treninq-seminarlar keçirilib.
Bundan başqa 2009-cu ildən etibarən Uşaq Qaynar Xətti fəaliyyət göstərir. Bu, Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası Təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.
Müəyyən problemi, narahatlığı olan uşaqlar, yeniyetmələr istədikləri mövzu ilə bağlı Uşaq Qaynar Xəttinə –480 22 80, 050 680 22 80 telefon nömrələrinə müraciət edə bilərlər.
Uşaqlar bir tərəfdən şəxsiyyət kimi formalaşmaq üçün bütün potensiallarını ortaya çıxarmağa çalışırlar, digər tərəfdən isə içində yaşadıqları cəmiyyətin mənəvi dəyərlərini və ənənələrini mənimsəməyə cəhd edirlər. Onların bu cəhdlərinin uğurlu alınması üçün başlıcası valideynlərin, müəllimlərin, bütövlükdə isə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bir Çin atalar sözündə deyilir ki, uşağın təlim və tərbiyəsi doğumundan 20 il əvvəl başlayır. Bu söz, sağlam uşaq böyütmək üçün əvvəlcə valideynlərin və cəmiyyətin şüurlandırılmasının vacibliyini vurğulayır. Həqiqətən də valideynlər, eləcə də uşaqların tərbiyəsində, təhsilində məsul olan hər kəs öz məsuliyyətini dərk eləməli, həssas yanaşma nümayiş etdirməlidir ki, həm uşaqlar hər cəhətdən sağlam böyüsün, həm də onların timsalında sağlam cəmiyyət formalaşsın.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 28 noyabr.- S.5.