“Çağ” – təhsildə
20 illik uğur
Ənvər Özərən: “Azərbaycanda
ilk türk özəl təhsil müəssisələrinin fəaliyyətinə
Heydər Əliyev yol açıb”
“Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ öyrətim” adlı konfrans keçirilib. “Etimada sədaqətlə 20 il” devizi altında keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, dövlət qurumlarının rəsmiləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Öncə Türkiyə prezidenti Abdulla Gülün tədbirə ünvanlanan təbrik məktubu oxunub, sonra isə şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən adıçəkilən şirkətin idarə heyətinin sədri Ənvər Özərən qurumun 20 illik fəaliyyətindən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verib və onun ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Tarix baxımında 20 il ərzində qısa zaman kimi görünsə də bu illər ərzində şirkət mühüm işlər görərək yeniliklərə və uğurlara imza atıb. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, 1992-ci il dekabrın 1-də Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk Azərbaycan – Türkiyə özəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb”. Ölkədə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Özərən qeyd edib ki, “Çağ Öyrətim”in təhsil müəssisələri – Azərbaycan – Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530–dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə çalışan müəllimlərin 80 faizi yerli kadrlardan ibarətdir. Bu isə eyni zamanda, “Çağ”ın daha bacarıqlı, bilikli müəllimlər də yetişdirməsindən xəbər verir. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Ə.Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.
Təhsil naziri M.Mərdanov çıxışında “Çağ”ın Azərbaycana gəlişi və dövrlər ərzindəki fəaliyyətinin tarixini vərəqləyib: “20 illlik tarix əslində qısa bir zamandır. Lakin “Çağ”ın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20 ildir ki, “Çağ” Azərbaycan təhsili üçün örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20 il ərzində “Çağ öyrətim”Azərbaycanın təhsiuli sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir. Rahat şəkildə deyə bilərik ki, onlar bu fəaliyyətləri ilə ulu öndər Heydər Əliyevə verdikləri sözə hörmətlə, sədaqətlə əməl ediblər. Bütün bu kimi uğurlar “Çağ”da fəaliyyət göstərən doğru, dürüst adamların əməyinin nəticəsidir. Son illər bu məktəblərə axının artmasının da əsasını halallıqda axtarmaq lazımdır. Halallıq olan yerdə həm inkişaf, həm də tərəqqi var. “Çağ”ın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Hər kəs bilir ki, təhsildə hər hansı bir nailiyyət əldə etmək o qədər sadə məsələ deyil. Bunun üçün 10 qat artıq çalışmaq lazımdır. “Çağ öyrətim” 20 il ərzində Azərbaycan təhsilinin inkişafında çox böyük xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə hələ çox yeniliklər gətirəcəklər. Gələcək illərdə də “Çağ öyrətim” ölkəmizdə çalışaraq Azərbaycan təhsilini daha da irəliyə aparacaq”.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Məhmət Sağlam da iştirakçılara öz təbriklərini çatdırıb.
Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub.
Konfransın sonunda 20 illik fəaliyyəti dövründə“Çağ Öyrətim” İşlətmələri Şirkətinin məzunları olan və bugün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim edilib.
S.QARAYEVA
525-ci qəzet.- 2012.- 29 noyabr.- S.2.