Bir şair-bəstəkarın taleyi
Keşməkeşli taleyi
ötüb-keçən illərin dolaylarında az qala itib
batsa da, mahnıları dillər əzbəridir. “Qarabağın maralı”! Sözləri
də, melodiyası da Novruzlu
İsgəndərə məxsusdur. Qasımov İsgəndər
Hacı bəy oğluna. Bu
barədə dönə-dönə yazılsa da,
adı, ünvanı göstərilsə də
ifaçılar, aparıcılar sanki qəsdə
durublar, heç nə
dəyişmir, nəğməsi xalq
mahnısı kimi oxunur.
Nə etmək, bu da bir qismətdi. Görünür bu “haqsızlığın” əsl
səbəbi Novruzlu İsgəndərin
mahnılarının xalq ruhu
ilə həmahəng olmasındadır. Çoxlu
sayda ifaçıların səsi ilə
yaddaşımıza köçmüş
o mahnını xəyalınızda
canlandırın və qulaq asın:
Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı,
Gözlərinə
heyranam,
Qarabağın
maralı.
Sən bulaq üstə gələndə,
Qıyqacı
baxıb güləndə,
Aldın səbri-qərarımı,
Qarabağın
maralı.
Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə,
Bir qonaq gəl
bizlərə,
Qarabağın
maralı.
O günə qurban kəsərəm,
Gəlməsən
səndən küsərəm,
Gəzərəm
səndən aralı,
Qarabağın
maralı.
Turşsu olsun
yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən
olaydın qonağımız,
Qarabağın
maralı.
Çıxaq
Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına
Enək İsa bulağına,
Qarabağın
maralı.
İsgəndər Novruzlunun ulu babası
Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli
mahalının Novruzlu kəndində yaşamışdır.
Müqəddəs Kərbəla
ziyarətində olmuş Hacı bəyin
Qasım bəy və Cəfərqulu bəy adlı
oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar
Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov
soyadını daşımışlar. Kərbəlayi
Qasım bəyin də Hacı bəy, Misirxan
bəy adlı iki oğlu
vardı. Qasım bəyin oğlu Hacı
bəy də 1853-cü ildə Novruzlu kəndində
anadan olmuşdur.
Hacı bəy babasının adını
daşıyırdı. Hacı bəyin İngilis
və Məhəmməd bəy adlı oğlanları
vardı.
Sonralar adını dəyişib İsgəndər
Novruzlu kimi tanınan İngilis 1917-ci ildə Novruzlu
kəndində anadan olmuşdur.
İlk təhsilini kəndlərindəki
mədrəsədə almış, sonra
isə Ağdam Mexanikləşdirmə Texnikumunda təhsilini davam
etdirmişdir. Lakin o, sovet-fin müharibəsi
başladığından təhsilini davam
etdirə bilməmişdi. Onu yaxın dostları – Şirin Əhmədov,
Əzim Əzimov və Bəşir Əkbərovla birgə sovet-fin müharibəsinə göndərmişdilər.
İsgəndər müharibədə yaralanıb doğma kəndlərinə
qayıtmış, iki il
sonra yenidən 1941–1945-ci İkinci
Dünya müharibəsində iştirak etmişdir.
Cəbhədə yaralanan İsgəndər
yenidən Novruzluya qayıdır. Hər
şeyə şübhə ilə yanaşan
Sovet hökuməti bəy mənşəli
İngilisə, necə deyərlər, göz
verir, işıq vermir.
Nəhayət bu münasibətdən
bezikən İngilis adını dəyişdirib
İsgəndər qoyur və vətənini
tərk edərək Aşqabada gedir.
İsgəndər
gözəl təbli şair olmaqla yanaşı, həm də şirin ləhcəli xanəndə idi. Buna görə də Aşqabad filarmoniyasının solisti
kimi fəaliyyətə başlayır. O,
Aşqabadda əslən Şuşadan
olan Sona xanıma rast gəlir və çox
keçmir ki, onunla ailə qurur. Ənvər
Çingizoğlunun yazdığına
görə onun bu izdivacdan Rövşən, Nizami
adlı oğlanları, Natella və Nailə
adlı qızları olur. Lakin
bu ailə səadətinin ömrü
uzun olmur, İsgəndər
başqa şəhərdə qastrolda olduğu zaman Aşqabadda dəhşətli
zəlzələ olur. Başılovlu Aşqabada qayıdan İsgəndər şəhəri
xarabazar, evinin yerlə-yeksan
olduğunu görür.
Arvadı Sona xanımı və
uşaqlarını soraqlasa da tapmır və onların
dağıntılar altında qalaraq
öldüklərini güman edir. Kor-peşman yenidən
doğma Novruzluya
qayıdan İsgəndər başına gələn
müsibətə dözməyib laübalı həyat
keçirməyə başlayır. Meylini
meyə salır.
Şair-bəstəkar
heç cür təbiətin
ona vurduğu
amansız yaranı unuda bilmirdi.
Əlbəttə, İsgəndərin istedadını qiymətləndirən
adamlar da az deyildi. Hətta məşhur
rejissor Adil İsgəndərov
Novruzlu İsgəndərə görə
Ağdama gəlir. Onun
xahişilə İsgəndəri öz doğma kəndindəki kluba
müdir təyin etmişdilər. Lakin İsgəndər dərdini heç cür unuda bilmirdi. O zaman Ağdam Musiqi Məktəbinin direktoru
Əlipaşa Daşdəmirov və kamançaçı Əli
(ayaması Depo) tez-tez
Novruzlu kəndinə – İsgəndərin
yanına gələrdilər. Məqsəd İsgəndərin
şirin səsinə qulaq
asmaq, gözəl şeirlərini dinləmək
idi. Əlipaşa müəllim özü də tar
çalıb oxumağı bacarırdı. Amma
o, daha çox
İsgəndərin “Zabul” üstə
oxumağının həsrətindəydi.
Novruzlu İsgəndərin yerlisi, Əməkdar
müəllim Səlim Əzimov söyləyir ki,
“İsgəndər Aşqabaddan vətənə
təzə qayıtmışdı, onda bizim Novruzluda Yeddiillik məktəb vardı. Məktəbin direktoru Əhməd Qasımov, dərs hissə
müdiri Təyyar Abbasov
idi, mən də dil-ədəbiyyatdan dərs deyirdim.
Biz həmişə
çalışırdıq ki, İsgəndərin
könlü xoş olsun. Ancaq o,
həyatdan çox küskün
idi. Bir gün o, bizə özünün “Qarabağın maralı” şeirini oxudu. Dedi istəyirəm bu
şeirə mahnı bəstələyim. Dedik
ki, çox gözəl
olar. O hər gün Təyyarın tarında bizə tanış
olmayan bir melodiya çalırdı. Beləcə indi xalq mahnısı
adı ilə dillər əzbəri olan
“Qarabağın maralı” mahnısını İsgəndər
bizim gözümüzün
qabağında bəstələyib. Sözləri də
onundu, musiqisi də”.
Yaxşı
yadımdadı, mən Xalq artisti Sara xanım Qədimova
haqqında radio üçün
veriliş hazırlamışdım.
Söhbət əsnasında Sara xanım
mənə danışdı ki, bir dəfə qapı döyüldü.
Qapını açdım, gördüm ucaboy, qarayanız bir
oğlandı. Kim olduğunu
soruşdum. Dedi ki, “Ağdamın Novruzlu kəndindənəm, Aşqabaddan
təzə qayıtmışam. İki
mahnı bəstələmişəm, xoşunuza
gəlsə oxuyun”. İsgəndərin təqdim
etdiyi mahnıları öyrəndim. Çox yaxşı mahnılar idi, amma bir
az türk
melodiyalarına yaxın idi. O zaman türk mahnısı
oxumaq olardı?! Mahnıya heyfim
gəlirdi, buna görə də o mahnını “Şahnaz”
muğamında təsnif kimi oxudum. Bu, bu
gün xalq
mahnısı adıyla oxunan
“Qarabağın maralı” idi. Novruzlu İsgəndərin “Bakılısan sən”
mahnısının da taleyi
belə oldu. Mən oxuyandan
sonra təsnif kimi
yayıldı.
İsgəndər
Novruzlunun “Ağdam”
adlı bir mahnısı da
var. Doğrudur, bəzi
ifaçıların ifasında bu
mahnının musiqisi Xosrov
Fərəcovun adına çıxılsa da,
yekun fikir belədir ki, “Ağdam”
mahnısının sözləri də, musiqisi
də İsgəndər Novruzluya məxsusdur.
Bu mahnının mətni belədir:
Ağdam, Qarabağın toy
otağısan,
Bülbüllər
səyrişən gül yatağısan.
Həmişə
baharın gülşən bağısan,
Nə
gözəl yaraşır ad sənə, Ağdam!
Baxdıqca oluram şad sənə, Ağdam!
Yenə Şah bulağın
sorağı gəlir,
Xaçının
axışıb qonağı gəlir,
Elimin nə gözəl
növrağı gəlir,
Layiqdir bu
gözəl ad sənə,
Ağdam!
Baxdıqca oluram
şad sənə, Ağdam!
Göylərə sığmayan səadətin
var,
Musiqi ocağısan,
cəsarətin var,
Tarixi yadigar
İmarətin var,
Layiqdir bu
gözəl ad sənə,
Ağdam!
Baxdıqca oluram
şad sənə, Ağdam!
Başının üstündə Qırxqızın
da var,
Onun varlığıyla
coşanda Qarqar,
Novruzlu İskəndər
yazdı yadigar,
O verdi
əbədi ad sənə,
Ağdam!
Baxdıqca oluram
şad sənə, Ağdam!
Şair-bəstəkar İsgəndər Novruzlu
millətinə, torpağına
bütün varlığı
ilə bağlı bir insandı. Onun bəstələdiyi havalar
da xalq ruhunda
olduğundan dərhal
dillər əzbəri
olurdu. Klubdan aldığı maaş
əliaçıq, qəlbiaçıq
İsgəndəri təmin
etmirdi. Buna görə
də qiyaslı tarçalan Rüstəmlə,
Novruzludan qarmonçalan
Məişlə toylara
gedirdi. Xanəndə Şahmalı Kürdoğlu
ilə də dostluq edirdi.
İsgəndər Novruzlu Qarabağın,
onun füsunkar təbiətinin vurğunu
idi. Onun poeziya irsindən
qalmış nümunələr
də fikrimizi təsdiqləyir. Onun
“Qarabağdadır”, “Ol
Qarabağda” adlı şeirləri vardır.
Ətrafı istedadlı şair-bəstəkar
İsgəndər Novruzlunu olduğu kimi qəbul edə
bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində
tək idi. Qanadları qırılmış bir quşa bənzəyirdi,
çırpınır, vurnuxur, lakin bir çıxış
yolu tapa bilmirdi. Ona əl uzadan, dayaq duran demək olar ki, yoxdu.
Tərslikdən ailəsini itirmiş İsgəndərin
şair könlünə eşq odu
düşmüşdü. Belə ki, İsgəndər
özünün həmyerlisi olan bir qızı dəlicəsinə
istəyirdi. Lakin müqəddəs bir ailə meyə meyilli,
azadlıq sevən, sərbəst hərəkətli İsgəndərə
öz qızını rəva bilməmişdi. Bu
uğursuzluqdan sonra İsgəndər bir az da bədbinləşir.
Beləliklə, o, hər kəsdən küsür, bəzi
adamları öz hərəkətlərilə incidir. Bu
incikliyin, istedadı qiymələndirməməyin,
paxıllığın nəticəsi onun tutulması ilə
bitir. Keşməkeşli bir ömür sürmüş
istedadlı şair-bəstəkar qəfəsə
salınmış bülbül kimi çırpınır. Səsinə
səs verən tapılmır. Heç kəs fərqində
olmur ki, dillər əzbəri olan “Qarabağın maralı”
mahnısının müəllifi Şuşa türməsində
xiffətindən gün-gündən saralıb-solur. Dustaq bəstəkarın
bəstələdiyi mahnılar isə xalq mahnısı
adı ilə toy-düyündə oxunur:
Ay, qız, gəzmə aralı,
Könlüm səndən yaralı,
Gözlərinə heyranam,
Qarabağın maralı.
Dünyanın, Qarabağın, onun
gözəllərinin heyranı olan gözlər 1958-ci ildə
əbədi qapanır. Yaxınları onun cənazəsini gətirib
Novruzlu kənd qəbiristanlığında dəfn etdirirlər.
Beləcə, su sənəyi suda sınır. İsgəndər
Novruzlunu şərləyib tutduranların adı bizə bəlli
deyil, amma onun mahnıları hər kəsə bəllidir.
Söyləyirlər
ki, İsgəndər Novruzlu
həbsdə olanda çoxlu
şeirlər yazıb. Onun şeir dəftəri vəfatından sonra tarçalan
dostlarında qalıb. İsgəndər bəyin
qardaşı oğlu Hacı bəy
1973-cü ildə atası Məhəmməd bəylə birgə
əmisinin yadigarlarını tapmaq niyyəti
ilə Aşqabada gedir.
Soraqlaşa-soraqlaşa İsgəndər
Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük
qızı Natella xanımı
tapırlar. Sən demə onlar
1948-ci ildə Aşqabadda baş
verən zəlzələ vaxtı uçqunun
altından salamat çıxarılıb
şəhərdən uzaq xəstəxanalara
aparıblarmış. İsgəndər Novruzlunun
xanımını və qızını Ağdama,
Novruzluya gətirmək istəsələr
də, onlar şair-bəstəkarın vəfatı
xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən
daşınırlar.
Mustafa Çəmənli
525-ci qəzet.- 2012.- 30 noyabr.- S.7.