Üzün iç üzü  

 

Üz insanda həm ən fədakar, həm ən zəif, həm də ən məsuliyyətli orqandır. Bütün sözlər – bunların arasında acısı da olur, şirini də, təhqiri də, tərifi də – birinci üzə deyilir; eyni zamanda, insanın daxilində gedən prosesləri də ilk növbədə dözməyib üz büruzə verir: qızarır-bozarır, qaralır, saralır – baxır situasiyaya. Bütün bunlarla yanaşı, üz insanın zahiri və daxili hisslərini, düşüncələrini, bədənin bütün orqanlarının vəziyyətə uyğun reaksiyasını çatdırmada məsuldur. Şairin “üzündə göz izi var, sənə kim baxdı yarım” deməsi də yəqin üzün həssaslığına işarədir. Əslində üz ümumi addır – gözlərin, qaşların, dodaqların, yanaqların üstəgəl onların hamısının hərəkətlərinin, mimikalarının vəhdəti deməkdir. Məsələn, birisi yersiz göz vuranda, cavab söz o gözə deyilmir, üzə deyilir. Düzdür, “gözünün içinə baxa-baxa” da söz deyənlər olur, amma onun yükü yenə “üzünə üz bağlamış üz”ə düşür. Məhz üzündəki nurdan və ya zəhrimardan adamın yaxşı və ya pis olmasını yanılmadan təyin etmək mümkündür. Axı, mərdanəlik də üzdə yazılır. Deyirlər, “gözlər qəlbin aynasıdır”, amma məncə, gözlərin dediklərini də ilk çatdıran elə üzdür. Təsadüfi deyil ki, adamın abır-həyasını da birinci üzdə axtarırlar. Hərçənd, bəzən bu abır-həya o qədər üzdə olur ki, heç dərinliyə enə bilmir. Amma hər halda abır-həya getməmişdən qabaq “üzün suyu tökülür”.

Üzlər o qədər fərqli, o qədər unikaldır ki, onların bir təsnifata ehtiyacı olduğunu düşündüm. Amma ortaya bir məsələ çıxdı: üzdən başqa maskalar da var axı? Məhz bununla bağlı bir kiçik detal yadıma düşdü: qədimdə artistlər teatrda oynayanda üzlərinə maska taxarmışlar ki, obrazları canlandıra bilsinlər. Zaman-zaman insan öz üzünü elə əhliləşdirdi ki, maskaya ehtiyac qalmadı. Bilmirəm, bunu insanlığın qəhrəmanlığı sırasına yazmaq lazımdır, yoxsa şeytanlaşmasına? Hər halda biz hamısını ümumiləşdirib bir təsnifat apardıq. Maskanın altında kimlər var demək çətindir və biz də sadəcə üzlərdən danışmaq istəyirik.

Üz var ki, özüdü, səmimidir. Belə üzlər mərd adamda olur. Onlar gözəl tərcüməçidi. Ürəyin dediklərini elə aydın çatdırır, hər orqanın cavabdehliyini elə daşıyır, təmiz vicdanının dediklərini elə dönməz bir mərdanəliklə qoruyur ki! Bu üzdə sevinc də açıqdı, kədər də, sevgi də, nifrət də! İstədiyin sualını səsləndirmədən cavabını oxuya bilərsən bu üzdən! Amma maraqlı bir paradoks var! Belə üz sahibləri xalq qəhrəmanı, millətin xilaskarı olsalar da, karyerada geri qalırlar, siyasətdə uğur qazana bilmirlər, vəzifədə uzun müddət otura bilmirlər. Bir üzü var, əlavə bir astar da istəmir, o da üzlərdən utanıb, üzlülük eləmir.

Üz də var ki, İkiüzlü Yanusdu, hər mənada. Birinə xoşdu, birinə naxoş, birinə təbəssüm bağışlayır, başqasına diş qıcayır. Yeri gəlmişkən, Məhəmməd İqbal “Cavidnamə” əsərində İblisin təsvirini verəndə onun da iki üzünün olduğunu deyir: “Bu buluddan bir fəriştə çıxdı – iki üzlü: birisi atəş kimi, digəri tüstü kimi. Bəli, üzlərdən biri nur versə də, digəri zülmətdi, nə nuru sabitdi, nə zülməti. Öz iki üzü ilə həm keçmişini, həm gələcəyini təmin edən üz sahibi – İkiüzlü Yanuslar özlərini həqiqətən qədim Yunan Tanrısı hiss edirlər. Bəlkə də düşünmək olar ki, o elə mifik qəhrəman kimi iki üzlə doğulub, çünki bu üzlər o qədər cəld, o qədər rahat, utanmadan-qızarmadan bir-birini əvəz edir ki, adamın gözü alacalanır.

Bəzən müəyyən vəzifə, yaxud mühit adamın üzündə öz möhürünü qoyur. Adam bu üzlə o qədər doğmalaşır ki, sonralar vəziyyəti dəyişsə belə, üzü dəyişmir. Məsələn, adam “adam” olana qədər bir yaltaqlıq, yalançılıq yolu keçir, olur Dədə Qorquddakı Yalıncıq. Sonra “xidmətləri” sayəsində onu ən yüksək vəzifəyə də qoysalar, üzü elə Yalıncığın üzü olaraq qalır. Sanki bu üzlər kiminsə qılıncına möhtacdırlar ki, altından keçələr. Sanki bu üzlər qorxudan saralmaq üçün yaranıblar.

Amma elə üzlər də var ki, Viktor Hüqonun Kuinpleyni kimi kralın şıltaqlığı ucbatından ömrü boyu gülmək məcburiyyətindədir. Ürəyi qan ağlasa da, bu üz gülməli və güldürməlidir. Belə adamların üzü yuxarıda dediyimiz başqa funksiyalarını itirir, üzlə başqa orqanlar arasında əlaqə və dilbirlik qırılır. İnsan ümumiyyətlə bir vahid varlıq olmaqdan çıxır və hissələrdən ibarət olan, hər hissəsi bir ayrı ideyaya xidmət edən “mexanizmə” çevrilir.

Üzlər var ki, üzərində “əl gəzdirirlər” ki, adam içinə çıxa bilsin. Əvvəllər bunu daha çox qadınlar edirdi: üzlərinə bəzək vururdular. İndi gender bərabərliyi kimi bir ideya “kəşf ediblər” və kişilər də bu xidmətdən istifadə edirlər və sözün hərfi mənasında bərabərlik yaranır: ya kişilər qadınlaşır, ya qadınlar kişiləşir. Əvvəllər hər bəzəyin bir mənası var idi – üzdəki ifadəni gücləndirmək, mimikanı daha təsirli etmək üçün. Məsələn, hind rəqqasəsinin gözlərinin, üzünün makiyajı üzə gözəlliklə yanaşı, az qala bütöv bir fəlsəfəni yerləşdirirdi. Burda üzün sahibinin kimliyi, şəxsiyyəti aparıcı qüvvə idi.

Amma elə ki, üzə verilən bəzəyin əhəmiyyəti böyüdü, onda üz aparıcı qüvvəyə çevrildi və şəxsiyyəti idarə etməyə başladı. Bir şirkətin, brendin “üzü” nə qədər tanınmış, gözəl bir üz olursa, brendin uğuru da bir o qədər təmin olunur. Və bu uğur gətirən üz uğrunda “ov” başlandı, əməliyyatlar keçirildi: həm siyasi, həm də plastik əməliyyatlar. Üzlərmi silikonlaşdı, yoxsa silikonmu üzü əvəz etdi, təyin etmək çətindi.

Kimyəvi tərkibləri eyni olmasa da, yadıma mum maskalar düşdü. Qədimdə ölmüş insanların mumdan maskaları götürülürdü ki, onların üzü gələcək nəslə çatdırılsın. Əhəmiyyətli bir məqam da var ki, şərəfini itirmiş vətəndaşların üzü götürülmürdü – onların üzünü gələcəyə göstərmək xəcalətindən xilas olurdular. Məsələyə iki prizmadan baxmaq olar: bir tərəfdən, görkəmli insanların, xüsusilə filosofların, şairlərin üzünü bu gün də görürük, digər tərəfdən, könül gözü də açıq olan bu adamların üzü bizlərə gözsüz çatır. Əcəba, üzündə gözü yoxdursa, o üz həmin adamın üzü sayıla bilərmi? İstər-istəməz mum üzləri silikonlaşmış üzlərlə – sağ ikən götürülən bu “maskalar”la müqayisə edəndə düşünürsən: əcəba, süni üzlərdə gözlər nə qədər vacibdir?

Üz özündə bütün bədənin sirrini saxlayır. Maraqlıdır ki, bəzi adamlar güzgüdə üzlərinə ürəklə baxırlar, bəziləri isə ümumiyyətlə ya güzgüyə baxmır, ya da sadəcə saçına, başına, boyuna-buxununa baxır. Sanki güzgüdə elə bir kəramət var ki, bir üzü hər dəfə halına müvafiq olaraq fərqli göstərə bilir. Üz güzgüyə etibar edir, bilir ki, nəyi var düzgün göstərəcək. Təsadüfi deyil ki, “dost da sözün düzünü üzə deyir”. Axı, dost dostun aynası olmalıdır. Amma elə aynalar da ola bilər ki, üzü deyil, iç üzü göstərsin. Onda zahiri görüntü ilə qəlbin vəziyyəti arasındakı uyğunsuzluq üzə çıxacaq. Əbu Turxan demiş:

 

Ayaq oynayardı, qəlb mürgülərdi,

Könül ağlayardı, üzsə gülərdi,

Burdakı aynalar zahiri deyil,

İç üzü göstərən çün güzgülərdi!

 

Müasir və dəbdə olan bir məsələ də yada düşür: facebook – “üz kitabı”. Əslində, bu sözü heç kim tərcümə eləmir, elə feysbuk deyirlər. Bəli, bu sosial şəbəkə guya insanları üzbəüz görüşdürüb, dostlaşdırır. Amma əsl mənzərə necədir? “Üz kitabı”nda üz-üzü görmür deyə, utanmağa bir hacət də qalmır. Axı, deyirlər, “üz üzdən utanar”. Bu səbəbdən, kim nə istəyir paylaşır öz “dostları” ilə. Bəlkə də kimlərsə, real həyatda abır eləyib gizlətdiyi şeyi burda paylaşanda müəyyən mənada üzünün abrını qoruduğunu sanır. Hətta bəziləri “üzünü üzlər görməsin” deyə öz şəklini gizlədir, “dostlarla” başqa bir üzlə tanış olur. Amma məsələ fərqlidi. Üz ürəyin aynası olduğu kimi, həm də pərdəsidi. Üz-üzə oturmayan “dostlar” üzsüz, pərdəsiz ünsiyyətdən yavaş-yavaş üzsüzləşirlər. Maraqlıdır, hətta südün də üzlüsü, üzsüzündən keyfiyyətli sayılır. 

Bütün bunlarla bərabər, adamın bir də “iç üzü”nün olduğunu deyirlər. Hərdən onun əsl niyyəti, əsasən qara rəngdə olanda, deyirlər filankəsin “iç üzü” açıldı. Bəli, bir var iç üz, bir var üz, bir də var maska. Yox, söhbət hazır maskalardan getmir. İnsanın bir “mən”i, şəxsiyyəti olanda, onun üzü də olur adam arasına çıxmağa. Yəni elə “mən”dir. Adam əziyyətsiz, zəhmətsiz hansısa vəzifə, ad-san, şəxsi mənafe qazanmaq istəyəndə, o, “mən”indən xərcləməli olur. Deməli, istəklər artdıqca, üz “simasını” itirir və adam məcbur qalır ki, üzünə maska taxsın ki, adamlar gördüklərindən diksinməsinlər. Hə, bax, o maska düşəndə adamlar həqiqətən dəhşətə gəlirlər. 

Bu dünyanın hər üzünü görə-görə insan çox şeylərlə üzləşir, çox üzlər görür: qara üzlər, sarısını udmuş, rəngi qaçmış, öz üzünü çoxdan unutmuş üzlər. Bu üzlərdə insanın ömür yolunu, bugününü, sabahının arzularını oxumaq mümkündür, təki üz üzsüz olmasın. 

 

 

525-ci qəzet.- 2012.- 30 noyabr.- S.5.