Qloballaşma dövründə kulturoloji
innovasiyalar: reallıq və zərurətin kəsişməsində
Yaşadığımız zaman geosiyasi proseslərin
intensiv xarakter alması ilə diqqət çəkir. İnformasiya
texnologiyalarının hərtərəfli tətbiqi, ictimai həyatda
kommunikativ və texnogen amilin rolunun artması qloballaşma
proseslərini aktual və labüd etmişdir. Əlbəttə, qloballaşma prosesi sosial-mədəni
inkişafın müxtəlif formasiyaları ilə, milli
mentalitetdən irəli gələn özəlliklərlə
qarşılaşır və bunların təsiri altında məhəlli,
yaxud etnik xüsusiyyətlər kəsb edir. Bu xüsusiyyətlər milli-mədəni təfəkkür
tərzində özünü daha qabarıq büruzə
verir.
Qloballaşan dünyada sosial-mədəni inkişaf bir
sıra prioritetlərlə müəyyən edilir. Bu prioritetlərə
vətəndaş cəmiyyətinin qurulması, sosial
rifahın gücləndirilməsi, insan amilinin ön plana
çəkilməsi ilə yanaşı, həm də milli
mentalitetin qorunub saxlanılması, mədəniyyətlərarası
ünsiyyətin intensivləşməsi, mənəvi-əxlaqi
dəyərlərin inkişaf etdirilməsi kimi mühüm
anlayışlar daxildir. Çağdaş
cəmiyyətdə bu anlayışların hərtərəfli,
əhatəli izahının verilməsi, onların elmi cəhətdən
əsaslandırılması insan və cəmiyyət
haqqında bitkin, müasir təlim olan kulturologiyanın
öhdəsinə düşür. Azərbaycan
məkanında kulturologiyanın aparıcı elm və tədris
bazası olan Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti təbii ki, bu sahədə
ciddi, məqsədyönlü fəaliyyət göstərir,
yeni elmi prioritetlərin yaradılmasında aparıcı rol
oynayır. 90-illiyini qeyd etməyə
hazırlaşdığımız universitet mühüm
kulturoloji təhsil və elmi-tədqiqat bazası olmaqla bəradər,
həm də cəmiyyətdə kulturoloji dəyərlərin
əsas daşıyıcısıdır.
Bu gün dinamik inkişaf edən respublikamızda,
xüsusilə iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində
kulturoloji innovasiyalar böyük potensiala, cəmiyyətə
təsir göstərmək imkanlarına malikdir. ADMİU unikal
mədəniyyət təhsili ocağı olduğu
üçün, çoxqütblü innovasiyalar sistemində
bizi daha çox cəlb edən məsələlər məhz
sosial və mədəni sahələrdir.
İnnovasiyaların sosial və mədəni sahələrdəki
təzahürlərinin dövlətçilik, mədəniyyət,
təhsil, elm və s. ilə üzvi surətdə
uzlaşdırılması Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğunun inkişafına xidmət edir. Bu,
həm də dövlətimizin elm, təhsil, mədəniyyət
sahələrindəki strategiyası ilə üst-üstə
düşür. Azərbaycançılıq
ideyalarından qaynaqlanan dövlətçilik
strategiyamızın əsas prioritetləri Azərbaycan cəmiyyətinin,
Azərbaycan insanının rifahına, sosial və mənəvi
yüksəlişinə doğru yönəlmişdir. Bu mühüm sosial-siyasi dəst-xəttin
çoxşaxəli tutumunu, dərin mahiyyətini elmi müstəvidə
əks etdirmək, onu ayrı-ayrı aspektlərdə, o
cümlədən mədəni aspektdə təhlil etmək
isə bəzi digər sahələrlə yanaşı, həm
də kulturologiyanın vəzifəsidir.
Kulturoloji təfəkkürün inkişaf etdirilməsində
zaman anlayışının böyük rolu vardır. Zaman konsentrik
və nisbi anlayışdır. Zamanda təzahür
edən mədəniyyət, sivilizasiya formaları məhz bu əbədi
ölçü daxilində dəyişir, fərqli keyfiyyətlər
əxz edir. Zaman axarında kulturoloji
innovasiyaların tənzimlənməsi etnosun və dövlətin
təşəkkülündə,
dünyagörüşünün, siyasətinin
formalaşmasında əhəmiyyətli rol oynayır. Tarixən formalaşmış etnomədəni
substansiyaların, ümumən biosferin sosial mahiyyətinin
inkişafında, sosiumda kommunikasiya və infrastrukturun daha
intensiv tətbiq olunmasında texnogen amillə yanaşı mədəniyyət
fenomeni də tənzimləyici qüvvə kimi
çıxış edir.
XX əsrin sonu – XXI əsrin əvvəlləri dünya
miqyasında böyük dəyişikliklərlə yadda
qalmışdır. Bu, təkcə minilliklərin dəyişməsi
deyil, həm də onillərlə formalaşmış
dünyagörüşünün, dəyərlərin dəyişməsidir,
yeni dəyərlər və baxışlar sisteminin meydana gəlməsidir.
Ötən əsrin sonlarında dövlət
müstəqilliyini bərpa etmiş Azərbaycan müstəqil
inkişaf yoluna və mövcud mənəvi dəyərlərin
yeni meyarlarla qiymətləndirilməsi dövrünə qədəm
qoydu. Buradan aydın görünür ki, dəyişən
dəyərlər, yeniləşən baxışlar
epoxasında kulturoloji innovasiyalar və bütövlükdə
mədəni təfəkkür dövlət və cəmiyyətin
ideya quruculuğunda aktiv iştirak edir, ictimai-siyasi fəaliyyəti
və ümumən
sosiumun dünyagörüşünü, əhvali-ruhiyyəsini,
meylini istiqamətləndirir.
Kulturoloji innovasiyalar problemi maraqlı olmaqla
yanaşı, həm də aktualdır, xüsusi ilə
müstəqilliyni yaxın keçmişdə əldə
etmiş ölkələr üçün. Bu sırada mən Azərbaycanın
adını xüsusi vurğulamaq istərdim. Avropa
ilə Asiyanın ayrıcında, Şərq-Qərb dəhlizi
üzərində yerləşən Azərbaycan tarixən
sivilizasiyalararası münasibətlərin mərkəzində
dayanmış, bu münasibətlərin inkişafına əhəmiyyətli
təsir göstərmişdir. Vaxtilə ərazisindən
Böyük İpək Yolunun keçdiyi ölkəmiz bu
gün dünya iqtisadiyyatında enerji
daşıyıcılarının
ötürüldüyü strateji, iqtisadi və geosiyasi
baxımdan stabil, etibarlı, coğrafi baxımdan ən
qısa və sərfəli yol, məkan kimi dəyərləndirilir.
Azərbaycanın təbii sərvətləri və
imkanları kimi, onun zəngin mənəvi irsi,
yaratdığı böyük mədəniyyət də bu
gün dünyanın diqqət mərkəzindədir. Əlbəttə, bütün bunlar təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
dövlət strategiyamızın məqsədyönlü,
ardıcıl fəaliyyəti sayəsində mümkün
olmuşdur. Bu gün dövlətimizin
başçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin apardığı uzaqgörən siyasət
həm də Azərbaycan mədəniyyəti və ictimai
fikir tarixinin, mənəvi dəyərlərimizin dünya
ölkələri içərisində yayılmasına
yardım edir. Ölkəmizdə
reallaşdırılan irimiqyaslı beynəlxalq layihələr,
möhtəşəm festival və müsabiqələr
qloballaşma dövründə milli-mədəni dəyərlərimizin
bütün dünyaya tanıdılmasının parlaq təzahürüdür.
Yurdumuzun özü qədər qədim olan
Qobustan abidələri, kökü minilliklərə gedib
çıxan muğamlarımız, aşıq sənəti
incilərimiz və bunun kimi bir çox başqa mədəni
sərvətlərimizin bu gün dünya birliyinin diqqət mərkəzində
olması sivilizasiyalararası dialoqda Azərbaycanın imza
atdığı uğurlar cərgəsindədir. Bu uğurlar təkcə mədəni sahənin
nailiyyətləri olmayıb həm də böyük siyasi
çəkiyə malikdir. Ölkəmizin
tanınması, beynəlxalq siyasi arenada nüfuz qazanması,
söz sahibi olması, reytinqinin möhkəmlənməsi
baxımından ciddi önəm dayışır. Möhtəşəm tədbirlərin, o cümlədən
muğam festivallarının gerçəkləşdirilməsi
bu siyasətin tərkib hissəsidir. Bu
böyük missiyanın reallaşdırılmasında Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz
xidmətləri danılmazdır. Sevinirik
ki, belə böyük layihələrin həyata keçirilməsində
təmsilçisi olduğumuz Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin də payı var.
Çağdaş kulturoloji innovasiyalar qloballaşma və
inteqrasiya prosesləri ilə paralel şəkildə təzahür
edir və bu, təbii təsir bağışlayır. Texnogen amilin cəmiyyətin
həyatına getdikcə daha dərindən sirayət etdiyi
bir vaxtda mədəniyyət fenomeninin humanitar missiyası
özünü daha artıq büruzə verməkdədir.
Kommunikativ, texnogen “yük”ün azalmasına xidmət
edən, daha çox humanitar, yaradıcı düşüncə
tərzinin məhsulu olan mədəniyyət fenomeni
sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində
etibarlı vasitə kimi istənilən cəmiyyət
üçün olduqca gərəklidir.
Bu gün qloballaşma və inteqrasiya proseslərinin
inkişafının faydası ilə yanaşı, fəsadlarından,
cəmiyyətdə arzuolunmaz nəticələrə gətirib
çıxara biləcəyindən də çox
danışılır. Qloballaşmanın əsas təsir
formasının Qərb sivilizasiyası, hədəfinin isə
milli mədəniyyət və mentalitet olması qənaəti
insanların şüurunda özünə xeyli dərəcədə
kök salmışdır. Əlbəttə,
qloballaşma kimi çoxqütblü bir fenomenin cəmiyyətə
təsiri heç də həmişə birmənalı qəbul
edilmir. Müxtəlif cəmiyyətlərdə
bu fenomen adətən bəyənilən və bəyənilməyən
təzahür formalarına malik olur. Şübhəsiz
ki, bu halda ən məqbul variant qloballaşma və müasir
informasiya texnologiyalarından maksimum bəhrələnmək,
onların milli təfəkkür tərzinə olan neqativ təsirini
isə minimuma endirməkdir. Bunun
üçünsə çevik siyasət yürütmək,
hadisə yə yeniliklərin mərkəzində olmaq, prosesləri
obyektiv qiymətləndirmək, düzgün proqnozlar vermək
tələb olunur.
Bu fikri əldə rəhbər tutaraq əlavə etmək
istərdim ki, kulturoloji innovasiyalar cəmiyyət tərəfindən
heç də həmişə kor-koranə şəkildə,
olduğu kimi qəbul edilməməlidir. Çünki
bu halda çevik siyasət prinsipi pozulur, ölçü və
meyar anlayışları passiv xarakter dayışır, nəyin
yaxşı, nəyinsə pis olmasını müəyyənləşdirmək
imkanları məhdudlaşır. Əlbəttə
bu, yaxşı heç nə vəd etmir və demokratik dəyərlərə
istinad edən cəmiyyət quruculuğu üçün
arzuolunmazdır. Misal üçün,
çağdaş Avropa məkanında geniş
yayılmış Bolonya təhsil sistemini götürək.
Bu sistemin aşkar üstünlükləri
göz qabağındadır. Təhsilin humanistləşdirilməsi,
Avropa dəyərlərindən bəhrələnmək, təhsilin
başqa ölkə və universitetlərdə davam etdirmək
imkanının əldə olunması, diplomun xarici ölkələrdə
tanınması və s. baxımından bu mütərəqqi
təhsil sisteminin üstünlükləri şübhə
doğurmur. Azərbaycanın da Bolonya təhsil
sisteminə qoşulması və Avropa Birliyinə inteqrasiya
etməsi inkişafımızı şərtləndirən əsas
göstəricilərdən biridir. Lakin təmsil
etdiyimiz bədii təhsilin incəliklərinə varanda, bu
sistemin yumşaq desək, o qədər də məqsədəuyğun
olmadığı anlaşılır. Məsələ
burasındadır ki, bədii təhsil bir çox özəlliklərə
malikdir və standart yanaşma tərzini qəbul etmir. Bolonya sistemini bütün ixtisaslara kor-koranə tətbiq
etmək olmaz. Elə bu səbəbdəndir ki, hətta
Avropanın özündə belə bir çox sənət məktəbləri
Bolonya sisteminin tam tətbiqinə tələsmir və yaxud ona
müəyyən məhdudiyyətlər qoyurlar. Mən Paris,
London, Moskva, Sankt-Peterburq və başqa şəhərlərdəki
bədii təmayüllü ali məktəblərdə
olarkən bunun şahidi olmuşam. Səbəb
isə bədii təhsilin özəlliyidir. Aktyor, rejissor, rəssam, musiqiçi
kadrlarının hazırlanmasında Bolonya sisteminin tətbiqi
əsas sənət meyarlarının tam qavranılmasına
mane olur. Odur ki, bu sistemi bədii təmayüllü ali məktəblərə
tətbiq edərkən mütləq həmin ali məktəblərin
spesifik xüsusiyyətləri nəzərə
alınmalıdır.
Mədəniyyət fenomeni üçün varislik
anlayışının böyük əhəmiyyəti var.
Tarixən məlumdur ki, fərqli mədəniyyətlərin
ünsiyyəti zamanı ikitərəfli zənginləşmə
baş verir, hər iki mədəniyyət bir-birindən
faydalı xüsusiyyətlər əxz edir. Mədəniyyətlərin
bir-birini əvəzləməsi, “köhnə” mədəniyyətin
tarix səhnəsindən silinib getməsi zamanı da biz eyni
prosesləri görürük. Xalqın
yetişdirdiyi inanclar, yüzillərlə, minillərlə
qoruyub saxladığı mənəvi dəyərlər
itmir, fərqli cəhətlər kəsb edərək dövrə
uyğunlaşır, daha da zənginləşir, mənəviyyatımızın
inkişafına kömək edir. Əgər
mədəniyyət tarixinə nəzər salsaq,
xalqımızın ən əziz bayramlarından olan Novruz ənənələrinin
fərqli mədəniyyətlərin, epoxaların süzgəcindən
keçərək yeni, əlvan çalarlar kəsb etməsini
görərik. Eyni sözləri
folklorumuzda bu gün də yaşayan əfsanəvi qəhrəmanlar,
obrazlar haqqında da söyləyə bilərik. Onlar uzaq keçmişimizdə yaranmış, zamanın
asan olmayan sınaqlarından müvəffəqiyyətlə
keçmiş, bu günə qədər
yaşamışlar. Azərbaycan xalqı
öz folklorunu, qəhrəmanlarını,
yaratdığı dolğun bədii surətləri
unutmayıb, əksinə onları sevə-sevə qoruyub,
çətin dönəmlərdə yaşadıb, yeni
çalarlarla zənginləşdirib və bu gün də
onlardan bəhrələnir. Milli
mentalitetimizin dəyərli xüsusiyyətlərindən olan ənənələrə
sadiqlik nişanəsi, varislik kimi mühüm keyfiyyətlər
öz növbəsində xalqımızın etnik
konsentrasiyası, birliyi üçün mühüm amil, mənəvi
özək olmuşdur. Bu xüsusiyyətlər
xalq şüurunu monolit məcraya yönəltmiş, onu bir
növ səfərbər etmiş, müxtəlif tarixi dönəmlərdə
birliyi qoruyub saxlamışdır.
Buradan aydın görünür ki, mədəniyyətin
zaman keçdikcə fərqli, dövrə uyğun
xüsusiyyətlər kəsb etməsi əslində monolit cəmiyyətin
inkişafının ümumi qanunauyğunluqlarından
doğur. Bu məsələdə mühüm olan etnosun dəyişən
dəyərlər dönəmində öz varislik ənənələrinə
sadiq qalması, milli-mənəvi simasını itirməməsi,
malik olduğu dəyərləri müasir tələblərə
uyğunlaşdıra bilməsidir. Azərbaycan
xalqı məhz belə xalqdır və öz mənəvi xəzinəsini,
mədəniyyətini, folklorunu istənilən dövrdə
yaşatmağa, inkişaf etdirməyə qadirdir. Ötən
əsrin 60-70-ci illərində, mədəniyyətimizin
“qızıl dövrü”ndə yaradılmış ölməz
sənət abidələrimiz zamanında bəzən ideoloji
məngənəyə düşmüş olsalar belə,
xalqımız onları bu gün də yaşadır, onlarda
yeni məna, yeni ruh görür, zamanın fövqündə
duran, bugünkü müstəqilliyimizlə səsləşən
həqiqi sənət nümunəsi kimi dəyərləndirir.
Kulturoloji innovasiyalardan danışarkən bu sadə,
eyni zamanda müdrik həqiqətləri də unutmaq olmaz və
bu həqiqətlər qloballaşan çağdaş
dünyamızda bizim üçün nə zamansa
olduğundan daha böyük önəm daşıyır.
Mədəniyyət sahəsində kulturoloji
innovasiya probleminin ideya-estetik mahiyyəti zamanın gedişində
yeni çalarlar, mənalar kəsb edir.
Bu gün Azərbaycan qloballaşan dünyada öz
sürətli inkişaf templərinə görə bir
çox ölkələri, hətta inkişaf etmiş ölkələri
də üstələyir. Mədəniyyət
fenomeninin mühüm saxlanc yeri olan milli mentalitet, mənəvi
dəyərlər sistemi qloballaşan dünyamızda fərqli
düşüncə tərzləri ilə üz-üzə gəlir,
müxtəlif təsirlərə, hətta təzyiqlərə
məruz qalır. Bunun zərərli təsirindən
qorunmağın ən etibarlı yolu isə kulturoloji
innovasiyaların tətbiqində
balanslaşdırılmış siyasət yürütmək,
çağdaş bəşəri dəyərləri
mövcüd yaşam tərzimizə, cəmiyyətimizin
ab-havasına uyğunlaşdırmaqdır. Eyni zamanda öz böyük mədəniyyətimizi
də dünya birliyinin diqqətinə çatdırmaq, onu
qloballaşma predmetinə çevirmək zəruridir.
Böyük fərəh hissi ilə vurğulamaq istərdim
ki, bu işdə hər zaman olduğu kimi, bədii
düşüncə və yaradıcılıq təmsilçiləri,
o cümlədən 90 illiyini qeyd etdiyimiz Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
professor-müəllim heyəti ön sıralarda gedir.
Timuçin ƏfƏndiyev,
ADMİU-nun rektoru,
professor
525-ci qəzet.-
2012.- 30 noyabr.- S.4