Avropalı diplomatın azərbaycanlı xanımı

AYGÜN İSMAYILOVA: “AVROPADA YAŞAMAQ MƏNƏ TƏK İNTUİSİYA İLƏ HƏRƏKƏT ETMƏYİ YOX, RASİONAL OLMAĞI DA ÖYRƏTDİ”

 

 

İlhamə Qasımlının təqdimatında “Qərib söhbət”

 

 

İnsan sevdiklərindən, böyüyüb boya başa çatdığı yerdən, mühitdən uzaqdadırsa, deməli, qəribdir. Fərqi yoxdur, o mühitdən az uzaqda, ya çox uzaqdasan. Bu layihə də biz Qəriblərin layihəsi olacaq. Danışanlar da, danışdıran Mən – İlhamə Qasımlı da Qəriblərik.

“Qərib söhbət”lərimiz müxtəlif coğrafiyaları əhatə edəcək. Amerikadan da, Avropadan da – bir sözlə, hər yerdən olacaq müsahiblərimiz. Bunun üçün mütləq oraya getməyə gərək yoxdur – müasir informasiya texnologiyalarının imkanı ilə dünyanın hər yeri ilə istər səsli-görüntülü, istərsə də çat vasitəsilə müsahibələrimizi alacağıq.

“Qərib söhbət”imizin budəfəki qonağı Aygün İsmayılova Azərbaycan mətbuatında, xüsusilə xəbər jurnalistikasında özünü təsdiqləmiş jurnalistlərdən idi. “Azadlıq” qəzeti, “Space TV”, “Trend” xəbər agentliyində, son illərdə isə beynəlxalq təşkilatlarda çalışıb. Xüsusilə, informasiyanı əldə etmək və müsahiblə ünsiyyət sahəsində yüksək bacarığa malik olub... Ona görə “olub” deyirik ki, artıq jurnalistikadan diplomatiya aləminə, həm də Avropanın diplomatiya aləminə transfer edilib.

Dinamik və sərbəst jurnalist həyatından sonra  təmkinli və protokol diplomatiya həyatı odla suyun müqayisəsidir. İndi onun həyatını müsahibələr yox, diplomatik qəbullar, rəsmi görüşlər rəngləndirir. Səfir xanımı statusunun ictimai məsuliyyətini çiyinlərində daşıyır.

Hər şey 2008-ci ildə Aygün “Trend”in təmsilçisi olaraq Belçikanın Azərbaycandakı o zamankı səfiri Frank Geerkenslə görüşə gedərkən baş verdi. Bu işgüzar tanışlıq romantik münasibətlərə keçdi və nəticəsi bu oldu ki, Aygün İsmayılova artıq Avropanın siyasi mərkəzi Belçikanın hakimiyyət ailəsində təmsil olunan bir azərbaycanlıdır.

Həyat yoldaşı Frank Geerkens hazırda Belçikanın Hollandiyadakı səfiridir.

Qəriblik yalnız nostalji hissləri ifadə eləmir, həm də fərqli mədəniyyətləri, adət-ənənələri, mətbəxləri və daha nələri görmək, müqayisə etmək üçün bir fürsətdir. Aygün İsmayılova ilə söhbətimiz buna imkan verdi.

“Hazırda Avropada yaşayıram və bundan çox məmnunam”

– Azərbaycanda dinamik jurnalist həyatın vardı. Sonra səhv etmirəmsə, ATƏT-in Bakıdakı nümayəndəliyinə işə keçdin. Səbəb yalnız maddi məsələ idi?

– Düzdür, bir müddət ATƏT-in Bakı ofisində işlədim. Maddi cəhətdən heç bir dəyişiklik yox idi. Söhbət 2008-ci ildən gedir. Azərbaycan Avropaya və ümumiyyətlə, Qərbə doğru baxmağa başlamışdı. Düşündüm ki, mənim də bu prosesdə rolum ola bilər.

– Üstəlik, Avropa həyatına marağın da vardı...

– Əlbəttə! Atalar sözü var: “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.

– Bir atalar sözü də var: “Niyyətin hara mənzilin ora”.

– Haqlısan. Niyyətim məni istədiyim mənzilə gətirdi. Hazırda Avropada yaşayıram və bundan çox məmnunam.

– Mətbuatın, demək olar ki, bütün sahələrində çalışmışdın – qəzet, televiziya, informasiya agentliyi, nəhayət, mətbuatla bağlı menecer. Hansı daha maraqlı idi?

– Azərbaycanda uzun müddət jurnalist kimi çalışdıqdan sonra son illərdə, artıq menecer kimi işləməyə hazır olduğumu düşünürdüm. Məncə, bu sahədə müəyyən nailiyyətlərim də oldu. Elə bu təcrübə məni biznes aləminə yönəltdi. İndi təhsilimi biznes kommunikasiyası üzrə alıram və qlobal şirkətlərin təcrübəsini öyrənirəm.

– Avropada Azərbaycana oxşayan nəsə varmı? Gündəlik həyat, mentalitet, dil – daha nə qədər fərqliliklərin arasında oxşarlıqlar tapmaq olurmu?

– Avropa böyükdür. Hər bir ölkənin fərqli mədəniyyəti və xüsusiyyəti var. Cənubi Avropada Azərbaycanla oxşarlıqlar tapmaq olar. Düzdür, dilimiz tam fərqli olsa da, onlar da kollektiv təfəkkürlü insanlardır. Bundan başqa, bizim kimi dadlı yeməkləri sevirlər, emosional, bəzən də çox həssas ola bilirlər.

– “Kollektiv təfəkkürlü insan” deyərkən nəyi nəzərdə tutursan?

– Kollektiv təfəkkürlü insanlar qrup maraqlarını şəxsi maraqlardan üstün tuturlar. Bir misal gətirim: “Eurovision” musiqi müsabiqəsi zamanı yalnız Azərbaycanda yaşayan azərbaycanlılar deyil, hətta burda – Avropada olan azərbaycanlılar eyni vaxtda televiziya qarşısında əyləşib “bizim ölkə” qalib gəlsin deyə həyəcanlanırdılar. Kollektiv təfəkkürlü insanlar uğuru da, itkini də, “biz” nöqteyi-nəzərdən qiymətləndirir. Amma fərdiyyəçi cəmiyyətlərdə hər şey “mən”lə bağlıdır. Ona görə də Şimali-Qərb ölkələrində “Eurovision” müsabiqəsi zamanı intuziazm o qədər də yüksək deyil. Onların təfəkküründə qrup maraqları anlayışı, hissləri prioritet deyil.

– Avropaya psixoloji-mənəvi adaptasiyan necə keçdi?

– Hər bir mədəniyyətə uyğunlaşma dildən başlayır. Bura köçən kimi ilk növbədə holland dilini öyrənməyə başladım. Avropalı bir insanla evli olmam və uşağımın da yarı azərbaycanlı, yarı avropalı olması bu prosesi bir az da asanlaşdırdı. Qızımla bərabər mən də, gündəlik olaraq bu cəmiyyətin incəliklərini, gözə görunən və görünməyən cəhətlərini aşkar edirəm.

Psixoloji-mənəvi uyğunlaşmağa gəldikdə isə, əvvəlcə çətin idi. Uzun illər yaşadığın, böyüdüyün mühitdən uzaqlaşmaq, çox vaxt öz dilində danışa biləcəyin adam tapmamaq, öz xörəklərini yeməmək, zarafatları eşitməmək çətin idi. Amma bu, insanın uyğunlaşma istəyi və bacarığından asılı olan bir məsələdir. Bir də düşdüyün mühitdən. Ətrafdakıların sənin mədəniyyətinə, adətlərinə həssas olması çox vacibdir. Ən azı ilkin mərhələdə. Əgər sən özun də başqa mədəniyyətlərə açıqsansa, onda bu proses qarşılıqlı anlaşma ilə daha asan gedəcək. Elə bu səbəbdən də mən Hollandiya universitetlərindən birində təhsil almaq qərarına gəldim. Kommunikasiya elminə yiyələnmək istədim.

– Deməli, bundan sonra peşəni dəyişirsən...

– Bu yaxınlarda Qərb universitetlərindən birində M.B.A. dərəcəsi alacam. Ondan sonra beynəlxalq kommunikasiya uzrə məsləhətçi kimi fəaliyyət göstərmək niyyətindəyəm. Dünyanın qloballaşması siyasi, iqtisadi və mədəni mühitin beynəlmiləlləşməsinə aparır. Dünya “qlobal kənd”ə çevrilir. Bu mühitdə, dünyanın müxtəlif hissələri arasında kommunikasiya problemi ortaya çıxır. Elə götürək, bizim çox da uzaq olmayan tariximizi. Sovet rejiminin dağılması dünya xəritəsinə yeni ölkələrin adını saldı. Bu ölkələrin bəziləri artıq Avropa İttifaqının üzvüdür. Amma çox vaxt bu ölkələrdə yaşayan mütəxəssislərlə Qərb mədəniyyətli peşəkarlar arasında kommunikasiya problemi ortaya çıxır. Bu halda baryerlərin aradan qaldırılması, fərqli mədəniyyətləri və baxışları interpretasiya edəcək mütəxəssislərə ehtiyac yaranır. Mən də öz yerimi burda görürəm.

– Sənin Azərbaycandan gedişin həmkarlarının böyük marağına səbəb olmuşdu. Belçikanın Azərbaycanda o zamankı səfiri ilə evliliyini jurnalistikada olan adamlar maraqla izləmişdilər...

– Sözün düzü, bu mənim üçün də gözlənilməz idi. Eyni maraqlar, eyni düşüncə tərzi, həyata baxış bizi daha da yaxınlaşdırdı və sonunda evlənmək qərarına gəldik. Ən vacibi isə qızımız dünyaya gəldi. Qızımıza ad seçərkən ağlımıza ilk gələn Qurban Səidin “Əli və Nino” əsəri oldu. Bu əsərdən ilham alıb qızımızın adını Nina qoyduq.

– Niyə məhz “Əli və Nino”ya istinad etdiniz. Bu əsərdə özünüzü xatırladan nələrsə vardı?

– “Əli və Nino” Avropada çox məhşur olan bir əsərdir. Getdiyim hər bir yerdə bu əsəri oxumuş bir-iki adama rast gəlirəm. İnsanların bu əsərdə baş verənləri mənə dönə-dönə danışması məni çox sevindirir. Mən də fəxrlə deyirəm ki, əsərdə söhbət açılan dünyanın bir parçasıyam. Qızım Avropada yaşayıb tərbiyə almasına baxmayaraq, istəyirəm ki, mənim də köklərimlə əlaqəsi itməsin.

– Tanışlığınız necə olmuşdu?

İlk  tanışlıq sırf işgüzar xarakterli idi. O zamanlar mən “Trend” xəbər agentliyində çalışırdım. Belçika səfiri də jurnalistlərlə görüşlər keçirirdi. Onlardan biri də mən idim.

– Əslində, bu, mətbuat konfransı da deyildi, daha məhdud dairədə olan bir görüş idi. Daha sonra başqa tədbirlərdə də rastlaşdıq və sonda nə baş verdiyi sizə məlumdur.

– İlk günlərdə münasibətlərinizdə azərbaycanlı və avropalı mentaliteti fərqi hiss olunurdu?

– Əlbəttə! Biz tez-tez qərarları emosiyamıza istinad edib veririk, tələsik nəticə çıxarırıq. Qərb mentalitetli insan isə əvvəlcə məsələnin faydasını və ziyanını tərəziyə qoyur və ona ən əlverişli olanı seçir. Avropada yaşamaq mənə tək intuisiya ilə hərəkət etməyi deyil, rasional olmağı da öyrətdi.

– Sosial şəbəkədə sənin kral sarayında keçirilən bir mərasimdə şəkillərini görmüşdüm. Kareta ilə həyat yoldaşınla saraya daxil olmağın təsvir olunmuşdu. Qaçaqaç jurnalist həyatından sonra kübar zadəgan həyatı yaşayırsan, deyəsən...

– Hollandiyaya gələn hər bir səfir kareta ilə Kraliçanın sarayına gedir. Bu, Niderland Krallığında bir ənənədir. Mən isə çox sadə bir həyat yaşayıram. Hətta avtomobildən belə çox vaxt istifadə etmirəm. Velosipedim mənim üçün hər an rahat nəqliyyat növüdür.

– Səfir xanımı da səfirin özü kimi protokol şəxsdir. Biz azərbaycanlılar isə protokol şəxsləri bahalı avtomobildə, şık geyimdə təsəvvür edirik. Velosipeddə səfir xanımı qeyri-standart görünür...

– Status meylli, ierarxik quruluşlu cəmiyyətlərin nöqteyi-nəzərindən bu, qeyri-standart görünə bilər. Qərbi Avropada bu, çox adi haldır. Yüksək vəzifəli şəxslər belə, velosipeddən istifadə edirlər.Həm də ki, velosiped digər nəqliyyat vasitələrindən daha səmərəlidir. Birincisi, ən ucuz nəqliyyat növüdür. İkincisi, ekologiyanı çirkləndirmir. Üçüncüsü, insanların sağlamlığına müsbət təsir göstərir. Qərbi Avropada orta yaş həddi 75 ildir.

– Bu da mentalitetdəki çox böyük fərqlərdən biri – elə deyilmi?

– Hər bir cəmiyyətin öz özəllikləri, ənənələri var. Bu ənənələr illərlə formalaşır. Buna təsir edən bir çox amillər var: tarix, din, dil, hətta iqlim. Fərqin olması mentalitetlərdən birinin yaxşı, o birinin pis olması demək deyil. Sadəcə olaraq,  bu fərqlər var və onları başa düşmək və onlara hörmətlə yanaşmaq lazımdır.

– Azərbaycanda nəinki vəzifə sahibi, azacıq tanınmış adamı belə, velosipeddə təsəvvür edirsənmi?

– Bu tək Azərbaycanda deyil. Dediyim kimi, status meylli ölkələrdə eyni mənzərəni izləmək olar. Sözsüz ki, bununla razılaşmamaq da, Qərbdəki yaşayış tərzini daha yaxşı hesab etmək də, hətta yaşamaq üçün Qərbə köçmək də olar. Amma hər bir cəmiyyətin artıq kök salmış ənənələri var və onları dəyişdirmək o qədər də asan deyil.

– Bu cəmiyyətin yetişdirdiyi insanlardan biri kimi özünü dəyişdirə bilmisən?

– Dünyaya baxışım dəyişib. Zənnimcə bu da yaş, təcrübə ilə bağlı prosesdir.

– Diaspor fəaliyyətinə maraq göstərirsənmi, yoxsa diplomatik vəziyyətinə görə bu məsələyə müşahidəçi qalmalı olursan?

– Dediyim kimi, çox aktiv həyat tərzi sürürəm. Uşağın problemləri, təhsilim və sair. Yəni əlavə fəaliyyət üçun vaxtım olmur. Amma yenə də səfirliyimizin Azərbaycanla bağlı tədbirlərində iştirak etməyə çalışıram.

– Ailənizdə Azərbaycan xatırlanırmı, ya kosmopolit ab-hava var?

– Üç hadisə ailəmizdə xüsusi qeyd olunur: Novruz bayramı, Yeni il bayramı və təbii ki, Krismas. Novruzda xonça düzəldirik. Yeni ildə plov va dolma bişirirəm. Krisması isə Qərb ənənələrinə uyğun keçiririk. Həmin axşam bütün ailə süfrə başına yığışır və bir-birinə hədiyyələr verir.

– Həyat yoldaşın Novruza maraq göstərirmi? Novruzun hansı atributları onunçün maraqlıdır?

– Sözun düzü, bunu heç zaman sual etməmişəm ona. Müşahidələrimdən deyə bilərəm kı, bütün atributlar maraqlıdır. Məncə, yalnız dünyanın bir necə ölkəsinə aid olan bu qədim bayram, onunla tanış olmayan hər kəsin marağına səbəb olur. 

– Azərbaycanlı xanımı olan ailənin gündəlik menyusu nədir?

– Azərbaycan xörəkləri arasında bizdə ən çox seviləni yarpaq dolmasıdır. Mən dolmanı çox sevirəm. Yoldaşım da dolmaya biganə qalmır.

Evdə vaxtaşırı dolma bişirirəm və hətta avropalı dostlarımız da həmin axşamları bizə qoşulurlar. Əslində, avropalılar dolmanı tanıyırlar, amma onu ilk dəfədir ki, bizim hazırladığımız tərzdə yeyirlər.Dediklərinə görə, dolmanı isti yeməyin və üstünə qatıq tökməyin ləzzəti başqadır.

Avropalı qohum və dostlarım bizim plovu da çox sevirlər. Ötən il Yeni il bayramında bişirdiyim plovu çox ləzzətlə yedilər.

– Avropada ləziz yeməkləri bişirməkçün dadlı ərzaqlar tapmaq olur? Çünki tanışlar deyirlər ki, ordakı ətin dadı azərbaycanlı damağına uyğun deyil.

– Mənə lazım olan ərzaqları çox vaxt burda tapa bilirəm. Amma Azərbaycandakı meyvə-tərəvəzin dadını burda tapa bilmirəm.

– Evləndikdən sonra Azərbaycana getmisən?

– Təbii ki, ildə bir neçə dəfə Bakıya, daha dogrusu, Bakıma dönürəm. Bu yaxınlarda Azərbaycana getmişdim. Sözün düzü, Bakıda bir neçə dəfə azdım. Şəhərin düzümü dəyişdirilib və ətrafdakı gözəl binalara baxa-baxa hara gəlib çıxdığımı anlaya bilmədim. Nəzərə çarpacaq başqa cəhət isə insanların həyatdan zövq almasıdır.

Amma bir şeyi yenidən etməyə cürət etmədim   Bakıda avtomobil sürməyi. Həddən artıq ayıq olmaq lazımdır.Maşınların sayı çoxdur və qaydalar da aydın deyil.

– Bir gözəl qızın var. Mənimçün həmişə maraqlı olub ki, Avropada uşağa ailədə və yaxın çevrədə münasibət necədir? Bəlkə gülməli görünə bilər – məsələn, Avropada uşağı əzizləyərkən nə deyirlər? “Qadan alım”, “ana qurban” və başqa bu kimi əzizləmələri Avropada hansı sözlər əvəz edir?

– Əlbəttə ki, hər bir millət uşaqlarını fərqli əzizləyir. Avropalılar tez-tez “əzizim” sözündən istifadə edirlər. Mənim qızıma gəldikdə isə, onun valideynləri fərqli mədəniyyətlərdən gəldiyindən, o da qarışıq tərbiyə alır və qarışıq sözlərlə əzizlənir.

– Amerikada uşaq sevmək, uşaq oxşamağın bir çərçivəsi var. Ailədən olmayan biri uşağı nəinki öpsə, hətta ona xoş söz desə və ya üzünə gülsə belə, uşaq təcavüzü kimi ağır ittihamla üzləşə bilir. Avropada bu vəziyyət necədir?

– Amerikada olduğu kimi, Avropada da şəxsi mülkiyyət və onun toxunulmazlığı məsələsi çox həssas mövzudur. Hətta belə bir deyim də var ki, bir şəxsin azadlığı o birinin azadlığının başladığı yerdə bitir. Bu baxımdan, xüsusən də Şimali Avropada, insanlar göruşdükdə xüsusi məsafəni saxlayırlar, söhbət edərkən başqasına toxunub və ya toxunmamaqla bağlı müəyyən qaydalara riayət edirlər. Bu, cəmiyyətin həm yazılmış, həm də yazılmamış qanunudur.  Bu o demək deyil ki, bütün Avropa ölkələrində eyni qaydalar hökm sürür. Misal ücün, əgər İtaliyaya getməli olsanız, adamların söhbət edərkən bir-birinə çox yaxın durmasını, tez-tez toxunmalarını, hətta ucadan danışmalarını görərsiniz. Dili başa düşməyənlərdə belə bir təsəvvür yarana bilər ki, iki italiyalı dalaşır, amma əslində, bu onların danışıq tərzidir.

– Avropanın diplomatik korpusunda təmsil olunursan. Azərbaycan və türk diplomatlarının sənə münasibətləri necədir – doğma, fərqli münasibət hiss edirsən?

– Azərbaycanlı və türk diplomatlarla və onların xanımları ilə münasibətim çox yaxşıdır. Hər görüşümüzdə məmnuniyyətlə öz dilimizdə söhbət edirik.

– Jurnalistika mühitindən sonra diplomatik mühit necə görünür?

– Hər bir mühitin öz özəllikləri var. Mənim üçün hər ikisi maraqlıdır.

– Jurnalistika çox dinamik həyat və səmimiyyəti rahat göstərə biləcəyin bir peşədir. Diplomatiya isə əksinə   emosiyasız və hissləri gizlətməyə sövq edən, hissləri biruzə verməməyə hesablanan bir peşədir. Sən də bu diplomatiyanın içindəsən. İki ziddiyyətli peşənin arasında yaşamaq necə bir hissdir?

– Dediyim kimi, mən jurnalistikadan hələ Azərbaycanda ikən getdim. 10 il kifayət qədər uzun bir zaman və təcrübə idi. Mən yenilik və inkişaf axtaran bir insanam. İndiki həyatımda daim yeni insanlarla qarşılaşıram, fərqli yerləri aşkar edirəm, mədəniyyətləri öyrənirəm. Məncə, jurnalistikadakı yerimi tərk etdikdən sonra öz yeni yerimi tapmışam.

– Avropada qohum münasibətləri necədir? Azərbaycan ənənələrindən hansı fərqləri var?

– Avropada ailə institutuna yanaşma, əlbəttə ki, fərqlidir. İstər ər-arvad, istərsə də valideyn münasibətləri daha çox rasional xarakterlidir. Yəni ailədə ər və arvadın ayrı büdcələri ola, ev xərcləri yarı bölünə bilər. Uşaqlardan da 18 yaşına çatdıqdan sonra müstəqil olub öz gəlir mənbələrini tapmaq gözlənilir. Son illər artıq Azərbaycanda da bu tendensiya müşahidə olunur. Tək qazanc üçün deyil, həm də müstəqil olmaları üçün azərbaycanlı qadınlar da işləməyə can atır.

 

 

525-ci qəzet.- 2012.- 1 dekabr.- S.8-9.