Açıq cəmiyyət
və mətbuat
XX əsrin
sonu, XXI əsrin əvvəllərində Azərbaycanda
müstəqillik, azadlıq, demokratiya dalğası ölkənin
inkişafı və Qərb dəyərlərinə
yanaşması ilə bərabər, KİV-in də çox
sürətli tərəqqisi və cəmiyyətdə
mövqelərinin möhkəmlənməsi ilə
müşayiət olundu. Bu iqtisadi-siyasi, sosial–mədəni,
intellektual tərəqqi isə, öz növbəsində, cəmiyyətin
inkişafının yeni mərhələyə keçidi ilə
nəticələndi. Ölkədə demokratiya, plüralizm,
fikir və söz azadlığının əsas
daşıyıcılarından biri olan media insanların cəmiyyətin
idarə olunmasında iştirakını labüdləşdirdi,
onları ölkənin taleyüklü məsələlərində
daha məsuliyyətli və fəal olmağa səfərbər
etdi. İnsanlarda ölkə, Vətən, xalq
üçün, onun taleyi üçün bir sahiblik, bir məsuliyyət
hissi yaranmağa başladı. Bu yeni dalğa ölkədə
prinsip və keyfiyyətcə yeni bir prosesin – açıq cəmiyyət
quruculuğunun ilk cücərtiləri, simptomları idi.
Kütləvi informasiya vasitələri – qəzetlər,
jurnallar, teleradio proqramları, sənədli kinofilmlər və
kütləvi informasiyanın müntəzəm formada
yayıldığı digər vasitələr – cəmiyyətin
inkişafına ciddi təsir göstərən, onun vəziyyətini
və mahiyyətini müəyyənləşdirən siyasi
sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə
baş verən reallıqlara münasibət
formalaşdırır, ictimai-siyasi təsir göstərir.
KİV təkcə informasiya ilə kifayətlənmir, o həm
də yeniliklərə şərh verir, ayrı-ayrı
ideyaları, təlimləri, siyasi proqramları təbliğ və
təşviq edir.
KİV
insanlarda ictimai fikirlər, inam və sosial fəallıq
formalaşdırmaqla, onları müəyyən fəaliyyətə
istiqamətləndirir. İnformasiyaların əsas mənbəyi,
daşıyıcısı “dördüncü hakimiyyət”
adlanan, çağdaş dünyamızda özündən əvvəlki
hakimiyyət qolları ilə, demək olar, eyni səviyyədə
dayanan və onlara sağlam opponentlik edən kütləvi
informasiya vasitələri, qısa deyilsə, mediadır. Cəmiyyətin
inkişafında uzaq keçmişdən mətbuat öz
sözünü demiş, müasir dövrdə isə
KİV ictimai həyatın ayrılmaz mexanizminə
çevrilmişdir. XX əsrin ortalarından “informasiyalı cəmiyyət”
anlayışının meydana çıxması da bu proseslərlə
bağlıdır və məhz informasiyalı cəmiyyət
tədricən formalaşaraq müasir sivilizasiyada özünə
vətəndaşlıq hüququ qazanmışdır. Bu
inkişaf isə, həm də kütləvi informasiya vasitələri,
bütövlükdə jurnalistika ilə bağlıdır.
Belə bir cəmiyyətdə vətəndaşların informasiya
almaq hüququ cəmiyyətin və dövlətin demokratik
göstəricisi kimi qəbul olunur. Demokratik, hüquqi cəmiyyətdə
hər bir vətəndaş dünyada və ölkədə
baş verən proseslər barədə məlumatlanmaq
üçün hüquqi cəhətdən zəmanət
verilən azadlıqlara malikdir. Aşkarlıq və demokratiya
kütləvi informasiya vasitələri olmadan nəinki
reallaşdırıla, heç təsəvvür belə edilə
bilməz. Ona görə də, “bəşəriyyət
demokratiyanın yolunu açıq, informasiyalı cəmiyyətdən
almışdır” və
“Demokratik əsaslarla fəaliyyət göstərən ölkədə
jurnalistikanın inkişafı insanın informasiya hüququnu
təmin edən açıq cəmiyyətə aparır”
söyləyən mətbuat nəzəriyyəçiləri
tamamilə haqlıdırlar.
Açıq
cəmiyyət elə bir ictimai mühitdir və belə bir
fakta əsaslanır ki, heç kim həqiqət üzərində
mütləq monopoliyaya malik deyildir, müxtəlif adamların
müxtəlif nəzər- nöqtələri ola bilər,
ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq
müdafiə etməlidirlər, bütün insanlara sərbəst
və əmin-amanlıq şəraitində yaşamaq
imkanı verilməlidir. Ümumilikdə, açıq cəmiyyət
qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin
varlığını, müxtəlif təbəqələrin
olmasını qəbul edən, ictimai azlıqlara və
onların hüquqlarına hörmətlə yanaşan bir cəmiyyət
kimi xarakterizə olunur.
KİV-in bu dövrdə konstruktiv rolu, əsasən,
açıq cəmiyyət azadlıqlarının əldə
edilməsindən və saxlanılmasından ibarətdir.
İnformasiya plüralizmi, informasiya məkanının tam
prinsipial açıqlığı, KİV-in dövlət təsirinin
hüdüdlarından kənarda da geniş yayılması
açıq cəmiyyətin formalaşmasının əsas
və aparıcı şərtidir. Bu cəmiyyətin prinsiplərinə
görə, demokratik hökumət onu tənqid edənləri,
müəyyən əks mülahizə yürüdənləri
nəzarətdə saxlamamalı və məzəmmət etməməlidir.
Demokratiya yeni ideya, məlumat, fikir və düşüncələri
qeyri-adi, qeyri- məhdud axından qidalanan vətəndaşların
enerjisi hesabına çiçəklənir. Vətəndaşları
hökumətin təzyiqindən qorumaq üçün
hökumətin təklifləri qanunverici orqanda qanun şəklinə
salınmalı, KİV vasitəsi ilə ictimaiyyətin
müzakirəsinə verilməli, ictimai nəzarət təmin
edilməlidir. Neçə onilliklər öncə
açıq cəmiyyət ideyası mücərrəd fikir,
fantastik mülahizə təsiri bağışlaya bilərdi.
Lakin qloballaşma dövrünün coşqun proseslərini,
son 40- 50 ildə dünyada baş verən əhəmiyyətli
dəyişiklikləri nəzərə alsaq, açıq cəmiyyətin
qanunlarının çox qısa zaman kəsiyində ictimai-
siyasi münasibətlərdə və bütövlükdə
cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi
şübhə doğurmamalıdır.
İnformasiya–kommunikasiya texnologiyalarının günbəgün
deyil, saatbasaat inkişaf etməsi, dünyada demokratik proseslərin
dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə
meyli bütün bəşəriyyətin üzünün tərəqqiyə
və açıq cəmiyyətə çevrilməsindən
xəbər verir. Məhz bu səbəbdən də “Azərbaycanda
açıq cəmiyyətin formalaşmasında mətbuatın
rolu (1991-2004-cü illər)” mövzusu ciddi aktuallıq kəsb
edir. Araşdırmanın məqsədi
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə
baş verən mütərəqqi meylləri, demokratik prosesləri,
vətəndaş və açıq cəmiyyət
quruculuğu səylərinin tarixini, mətbuatın bu
inkişafa pozitiv təsiri və ideoloji təminatı məsələlərini
öyrənməkdir. Dünyada açıq cəmiyyət
quruculuğunun əsas prinsiplərinin bərqərar olduğu
ölkələrin keçdiyi inkişaf tarixinin Azərbaycan
reallıqları ilə müqayisəli
araşdırılması, ölkəmizin Qərb dəyərlərinə
inteqrasiyası problemləri, mənəvi inkişaf, insan
hüquq və azadlıqlarının cəmiyyətimizdə
bərqərar olması məsələləri tədqiqatın
prioritet istiqamətini təşkil edir.
Qloballaşma
şəraitində Azərbaycanın açıq cəmiyyət
quruculuğuna qədəm qoyması faktının strateji nəticələrini
proqnozlaşdırmaq, mətbuatın ölkə
üçün bu taleyüklü inkişaf mərhələsində
maarifçilik, təşkilatçılıq və
aşkarlıq , şəffaflıq vasitəsi kimi rolunun
fövqəladə şəkildə artması müstəvisində
fəaliyyət prinsiplərini araşdırmaq başlıca məqsəd
kimi qarşıya qoyulmuşdur.
Burada əsas tədqiqat obyekti 1991-2004-cü illəri əhatə
edən müasir Azərbaycan mətbuatıdır. Əsasən,
“Azərbaycan”, “525-ci qəzet”, “Zerkalo”(“Ayna”), “Yeni Azərbaycan”,
“Yeni Müsavat” qəzetlərinin materialları, həmçinin
digər elmi, bədii və publisistik nümunələr
üzrə sözügedən zaman kəsiyində ölkədə
yeni cəmiyyət quruculuğu, demokratik proseslər, müstəqillik
illərinin mürəkkəb keçid mərhələsində
ictimai şüurun, dövlətçiliyin qorunması və
milli ideologiyanın formalaşması səylərinə mətbuatın
sanballı köməyi və təsiri konkret faktlarla göstərilir.
Burada açıq cəmiyyət quruculuğu məsələlərinin
son dövrdə istər dünyada, istərsə də Azərbaycanda
kifayət qədər geniş maraq kəsb etməsi, onun
mahiyyət və əsas prinsipləri ilə bağlı
polemikaların daim ictimai həyatda, siyasi və sosial kuluarlarda
yer alması, ölkədə yeni cəmiyyətin təşəkkülünün
günün reallığına çevrilməsi faktı əsas
götürülərək ictimai həyatın ruporu olan mətbuatın
bu problemlərə yanaşma formaları ətraflı şəkildə
tədqiq olunmuşdur.
Araşdırmada həm açıq cəmiyyətin tələbləri
nöqteyi-nəzərindən daha sivil və demokratik ölkələrin
təcrübəsi, həm də , eyni zamanda, bu təcrübəni
gündəlik fəaliyyətlərində tətbiq etmiş
və maraqlı, legitim nəticələr qazanmış
KİV-in publisistik materialları tədqiqat obyekti
olmuşdur. Müəllifin qələmə
aldığı mövzunun nəzəri və metodoloji əsasında
açıq cəmiyyətin formalaşması prosesində
misilsiz xidmətləri olan, demokratiyanın ayrılmaz
atributuna çevrilən, “dördüncü hakimiyyət” kimi
dəyərləndirilən mətbuatın milli ənənələri,
müasir fəaliyyət prinsipləri, dünya təcrübəsinin
tarixi və müasir meyllərinin analoji aspektləri ilə
müqayisəli şəkildə təhlili dayanır. Nəzəri
konsepsiyalar və siyasi, fəlsəfi, publisistik aspektlərə
tarixilik baxımından yanaşma mövzunun araşdırma
üzrə məqsəd və nəticələrinin əsas
prinsiplərini təşkil edir. Bu zaman bir sıra maraqlı,
orijinal nəzəri fikirlər irəli sürülür və
əsaslandırılır. Araşdırmada göstərilir
ki, açıq cəmiyyət quruculuğu konsepsiyası və
bu prosesin reallaşmasında mətbuatın rolu tarixi ciddi
araşdırma mövzusu kimi ötən əsrdən tədqiq
edilməyə başlamışdır. “Açıq cəmiyyət”
anlayışı ilk dəfə olaraq fransız filosofu Anri
Berqsonun (1859 – 1941) 1932- ci ildə yazmış olduğu “Mənəviyyat
və dinin iki mənbəyi” kitabında özünə
geniş yer almışdır. A.Berqson sözügedən
kitabda bir-birinə tam əks mövqedə dayanan
“açıq cəmiyyət “ və “qapalı cəmiyyət”
fəlsəfi kateqoriyalarını geniş elmi –siyasi leksikona
daxil etmişdir. Lakin A. Berqsonun sözügedən əsərində
“açıq cəmiyyət”, “qapalı cəmiyyət”
anlayışları sırf dini – fəlsəfi məna
yükünə malikdir və ictimai
həyatın digər sahələrini əhatə etmir.
Bu
anlayışlar yalnız Böyük Britaniya alimi Karl Popperin
1945-ci ildə işıq üzü görmüş
“Açıq cəmiyyət və onun düşmənləri”
kitabından sonra geniş şöhrət
qazanmışdır. Bu ikicildlik kitabda K.Popper açıq cəmiyyət
ideyasını özünün elmi səmərəlilik fəlsəfəsi
ilə birləşdirərək mükəmməl bir elmi –
siyasi istiqamətin əsasını qoymuş oldu. Məhz bu
aspektdən açıq cəmiyyət ideyası media tərəfindən
ötən əsrin ortalarından sonra daha intensiv şəkildə
öyrənilməyə başlandı. Həmin dövrdə-
80-ci illərin sonu – 90-cı illərin əvvəllərində
Şərqi Avropada, eləcə də keçmiş SSRİ
məkanında baş verən demokratik proseslər və milli
– azadlıq hərəkatları nəticəsində
açıq cəmiyyət quruculuğu prosesi ən aktual və
strateji cəhətdən ən cəlbedici istiqamətə
çevrildi. Bu dövrdə açıq cəmiyyətin
mahiyyəti, perspektivləri və problemləri ilə
bağlı istər Qərb, istər rus, istərsə də
Azərbaycan məkanında kifayət qədər ciddi
araşdırmalara başlandı. Hazırda bu publisistik, elmi və
fəlsəfi araşdırmalar ABŞ, Böyük Britaniya,
Rusiya, Norveç, Almaniya, Fransa kimi ölkələrin sahə
elmi mərkəzlərinin tədqiqatlarının əsas
profilini təşkil edir. Azərbaycanda
açıq cəmiyyətin formalaşması prosesində
milli kütləvi informasiya vasitələrinin rolunun
araşdırılması ölkəmizdə sözügedən
sahədə ilk cəhddir. Çağdaş Azərbaycan
jurnalistikası tarixində demokratik inkişafın, vətəndaş
cəmiyyətinin ən yüksək fazası olan
açıq cəmiyyətin formalaşmasına mətbuatın
təsiri mövzusu ilə bağlı indiyə kimi fundamental,
kompleks araşdırmaya rast gəlmək
qeyri-mümkündür. Bu sahəyə yaxın mövzularda
müəyyən mülahizələr səslənsə,
yazılar dərc olunsa da, həmin materiallarda mövzunun
bütövlükdə elmi-publisistik həlli deyil,
ayrı-ayrı aspektləri barədə fikirlər irəli
sürülmüşdür. Bu araşdırmada mətbuatın
ölkədə gedən quruculuq proseslərinə təsiri,
cəmiyyətin bu quruculuq səylərini dərindən
qavraması və dəstəkləməsi, cəmiyyətlə
dövlət arasında münasibətlərin sivil qaydada tənzimlənməsində
onun yeri və rolu elmi və praktik şəkildə əsaslandırılmışdır.
Müasir
cəmiyyətdə mətbu proseslərin sürətli
inkişafı bir sıra amillərlə bağlıdır və
bu inkişaf özünün məntiqi nəticələrini
meydana çıxarır. Tərəqqidə olan ictimai-siyasi
formasiyanın, konkret cəmiyyətin lokomotivi elmi-texniki
inqilab, yeni ictimai münasibətlərin yaranması ilə
reallaşan, evalyusiyanın danılmaz atributuna çevrilən
informasiyadır. Məhz informasiya axınının intensivləşməsi,
planetin ən fərqli ictimai-siyasi mühitində, eləcə
də kommersiya dünyasında bu əmtəəyə sonsuz
maraq onu sivilizasiyanın taleyini müəyyən edəcək,
bəlkə də dəyişəcək səviyyəyə
qaldırır.
İnformasiyanın
əsas daşıyıcısı olan media üçün
isə söz və mətbuat azadlığı demokratik
inkişafın ən başlıca istiqamətidir. Azad söz
və azad mətbuat cəmiyyətdə
aşkarlığın və demokratik prinsiplərin bərqərar
olmasında aparıcı rol oynamaqla yanaşı,
demokratiyanı səciyyələndirən əsas amillərdən
sayılır. Ayrı-ayrı ölkələrdə
demokratiyanın səviyyəsini dəyərləndirərkən
bu iki kriteriya hökmən nəzərə alınır,
çünki mətbuat azadlığı elə cəmiyyətin
azadlığının göstəricilərindən biridir.
Bəs
açıq cəmiyyət nədir və özündə
hansı qanunauyğunluq və prinsipləri ehtiva edir? Bu cəmiyyətin
formalaşması üçün hansı şərtlərin
olması zəruridir?
Açıq
cəmiyyət elə bir cəmiyyətdir ki, elə bir fakta əsaslanır
ki, heç kim həqiqət üzərində mütləq
monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif
nəzər – nöqtələri ola bilər, ayrı-ayrı
qurumlar insan hüquqlarını mütləq müdafiə
etməlidir, bütün insanlara sərbəst və əmin-amanlıq
şəraitində yaşamaq imkanı verilməlidir. Buradan da
aydın olur ki, debatlar açıq cəmiyyətin ilkin şərtlərindən
biri, ayrılmaz hissəsidir. Bu qənaət müasir rus və
dünya mətbuat nəzəriyyəçilərinin əsərlərində
də dəfələrlə bu və ya digər formada öz
təsdiqini tapmaqdadır . Ümumilikdə isə açıq cəmiyyət
qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin
varlığını, orada müxtəlif cəmiyyətlərin
olmasını qəbul edən, ictimai azlıqlara və
onların hüquqlarına hörmət edən bir cəmiyyət
kimi xarakterizə olunur.
“Açıq
cəmiyyət” anlayışı özünün
yaranması və populyarlıq qazanması üçün
ilk növbədə fransız filosofu Anri Berqsona minnətdar
olmalıdır. “İntuitivizm” və “həyat fəlsəfəsi”
cərəyanlarının qatı tərəfdarı olan A.
Berqson hələ 1932- ci ildə yazmış olduğu “Mənəviyyat
və dinin iki mənbəyi” kitabında bir-birinə tam əks
mövqedə dayanan “açıq cəmiyyət “ və
“qapalı cəmiyyət” fəlsəfi kateqoriyalarını
müasir elmi – siyasi müstəviyə, daha konkret olaraq isə,
sosial həyata daxil etmişdir.
Lakin A.
Berqsonun sözügedən əsərində “açıq cəmiyyət”
anlayışı yalnız dini – fəlsəfi məna
daşıyır və ictimai həyatın digər sahələrinə
tətbiq olunmur. Başqa sözlə deyilsə, bu kateqoriya
sözügedən kitabda dini məzmun kontekstindən
araşdırılır.
Avstriya mənşəli
Böyük Britaniya alimi Karl Popperin 1945-ci ildə işıq
üzü görmüş məşhur “Açıq cəmiyyət
və onun düşmənləri” kitabından sonra
açıq cəmiyyət araşdırmaları geniş
şöhrət qazandı. Bu ikicildlik kitabda açıq cəmiyyət
fəlsəfəsini özünün elmi səmərəlilik
fəlsəfəsi ilə birləşdirən Popper iddia edir
ki, “gələcək bizdən asılıldır və bizə
heç bir tarixi zərurət təzyiq göstərmir”,
“obyektiv tarixi prosesi öyrənməklə” yaratdıqları
nəzəriyyə əsasında gələcəkdən xəbər
verən “rəmmallar” ən azı səhv edirlər. Digər
məqamda isə tarixilik əleyhdarı israr edir ki, “ gələcəyi
qabaqcadan görmək olmaz, lakin onu kəşf etmək olar.”
Belə fəlsəfə insanı həm öz nəzəriyyələrinin
real həyata uyğunluğuna nəzarət etməyə, həm
də fəal həyat mövqeyi tutmağa, konkret hərəkətlərə,
xoşbəxt gələcəyə doğru təklikdə
konkret addımlar atmağa sövq edir.
Məhz
buna görə də Popper 5-7 il üçün nəzərdə
tutulan qlobal planların əleyhinə çıxış
edir. Popper hesab edir ki, kiçik addımlarla hərəkət
etmək və lokal eksperimentlərdən təcrübə
toplamaq lazımdır. Belə siyasəti o, “sosial mühəndislik”
adlandırır. Sosial mühəndislik tərəfdarları
hesab edirlər ki, siyasətin elmi əsasını ictimai
institutları bizim məqsəd və arzularımıza
uyğun olaraq qurmaq və ya dəyişmək
üçün zəruri olan informasiyanın toplanması təşkil
edir.
Karl Popper
kimdir?
Ser Karl
Popper elmi fəlsəfə, siyasi nəzəriyyə və
sosiologiya sahəsində böyük xidmətləri ilə məşhurlaşmışdır.
K. Popperin Debatlar Klubu məhz onun şərəfinə belə
adlandırılmışdır. Qeyd edildiyi kimi, 1945-ci ildə
yazdığı “Açıq cəmiyyət və onun
düşmənləri” kitabı ilə Popper açıq cəmiyyət
ideyasını məşhurlaşdırmışdır ki,
bu anlayış da fəlsəfə, məntiq, iqtisadiyyat,
politologiya, filologiya və jurnalistika elmlərinə
güclü təsir göstərmişdir.
Karl Popper
1902-ci ildə Avstriyada anadan olmuş, təhsilini Vyana
Universitetində almış və 1928-ci ildə elə orada
ona bakalavr dərəcəsi verilmişdir. 1930-cu ilin
sonlarında Karl Popper Yeni Zelandiyanın Kaystçers
Universitetində dərs demək üçün Vyananı tərk
edir.
1946-cı
ildə onu London İqtisadiyyat Məktəbində dərs demək
üçün Böyük Britaniyaya dəvət edirlər.
Burada o, məntiq və elmi metod üzrə professor elmi dərəcəsi
alır.
1972-ci
ildə Popperə zadəgan titulu (ser) verilir və on ildən
sonra isə o, Böyük Britaniyanın Fəxri Ordeninə
layiq görülür. Karl Popper Kral Cəmiyyətinin,
Britaniya Akademiyasının, Amerika Elm və İncəsənət
Akademiyasının, həmçinin bir sıra milli və beynəlxalq
Akademiyaların üzvü seçilmişdir.
1994-cü
ilin iyununda K.Popper Praqada Mərkəzi Avropa Universitetində
mühazirələrlə çıxış edir. Bu
universiteti o, sabiq Sovet İttifaqı və Şərqi Avropada
açıq cəmiyyət ideyalarını aşılayacaq
intellektual bir mərkəz kimi təsis etmişdi.
“Açıq
cəmiyyət və onun düşmənləri” kitabından
başqa K. Popper “Elmi kəşfin məntiqi”, “Tarixçiliyin
kasıblığı”, “Gümanlar və təkziblər”,
“Obyektiv biliklər”, “Realizm və elmin məqsədi”,
“Açıq kainat” və s. kimi geniş şöhrət
qazanmış əsərlərin də müəllifidir.
Karl Popper
1994-cü ilin sentyabrında vəfat etmişdir.
Popperin anlamında açıq cəmiyyət
tamamilə demokratikdir. Bu cəmiyyət qeyri – məhdud
kapitalizm deyildir, eyni zamanda, onun kökündə marksizm və
ya anarxizm də dayanmır: o, demokratiyanın müstəqil,
ayrıca variantıdır.
(Ardı var)
Tofiq YUSİFOV
525-ci qəzet.- 2012.- 2 oktyabr.- S.6.