Teatra məhəbbət gətirən darmaturq və
ya bu günün İlyas Əfəndiyevi
İlyas Əfəndiyev elə qələm sahiblərindədir , bəlkə də yeganə yazıçıdı ki, yaşayıb yaratdığı illərdə nə quruluşa, nə də ideologiyaya xidmət edib. Heç kommunist partiyasının üzvü belə olmayıb. Bu böyük yazıçı əqidəsinə və ədəbiyyata xidmət edib. Məhz bu baxımdan bu günün dramaturqudur. İlyas Əfəndiyev ilk dram əsərlərini ötən əsrin 40- cı illərində qələmə alıb. 40-50-ci illərdə ilk dram əsərlərini yaradıb. Dünyada 60-cılar bütün sahələrdə- istər ədəbiyyatda, istər musiqidə, istərsə də elmin bütün sahələrində yeni bir mərhələ oldular. Bu da məlumdur ki, İlyas müəllim 60 cı illərdə ədəbiyyata gəlməmişdi. Amma 60 cıların önündə idi. Şübhəsiz ki, yaratdığı əsərlərlə. Səhnəyə gətirdiyi ideyalarla.
Onun 1964 cü
ildə yazdığı “Sən həmişə mənimləsən
“ dramı ilə Azərbaycan teatr tarixində
yeni bir mərhələ
başlayır. 60- cı illərdən yazmağa
başladığı əsərlərlə ədəbiyyata
yeni bir təfəkkür
gətirdi. Bu amilə lirik psixoloji janr və yaxud istənilən
bir ad verək . Fərq etməz . Dramaturq yeni
formada, bəşəri
mövzunun dili ilə milli dəyərləri, uca məhəbbətin toxunulmazlığını
Azərbaycan səhnəsinə
gətirdi. Və bu gəliş
inamlı və güclu bir dramaturq təfəkkürünün
bəhrəsi olduğu
üçün yeni bir mərhələ təşkil etdi. O illərin dünyəvi təfəkkür, yeni nəsil ,yeni əsər ideyasının daşıyıcıları
olan 60- cıların flaqmanı oldu. Bir dramaturq olaraq
onun qəhrəmanı
hərarətlə sevən,sevərək yaşamağı
öyrənən,öyrəndikcə ətrafdakı insanlara məhəbbət saçan
oğlanlar və qızlar oldu. Komsomolçu gənclər, kommunistlər
onun əsərlərinin
qəhrəmanı olmadı.
İlyas
Əfəndiyev elə
bir dövrdə yaşayıb yaradırdı
ki, quruluş milli məfkurəyə qarşı hər zaman amansız idi. Nə qədər cəmiyyətdə
abu- havanın yümşalması hiss olunsa
da sovet quruluşunun idieologiya maşını korşalmamışdı,
kəsərdən düşməmişdi. Məhz belə bir zamanda İlyas müəllim digər dramaturqlardan fərqli olaraq öz əqidəsini səhnəyə
gətirirdi. Bu əqidə
şəxsi ambissiya deyildi,
Ümummilli, ümumbəşəri
müstəvidə olan
istəklər idi. Məhz bu baxımdan günümüzün dramaturqudu
İlyas Əfəndiyev. Mənim Akademik Dram Teatrının səhnəsində
baxdığım ilk tamaşa “Mahnı dağlarda qaldı” pyesi olub. O zaman
uşaq idim , 12 yaşım vardı. İl ötən əsrin 79- cu ili idi.
Mən ancaq böyük aktrisamız Amaliya Pənahovanın gözəlliyinə baxırdım. Çox sonralar əsərin Azərbaycan xalqının faciəsi olan sovet quruluşunun gətirdiyi bədbəxtlikləri nümayiş olunmasında əvəzsiz pyes olmasını dərk etdim. Bir əsilzadə ailənin simasında quruluşun faciəsini dramaturq məharətlə səhnəyə gətirmişdi. İlyas müəllim bir millətin faciəsini , bədbəxtliyini Şahnazın məhəbbəti fonunda tamaşaçıya çatdırırdı. O zaman bu əsərə baxan tamaşaçı ilk baxışda bolşevizmin təntənəsi kimi qəbul edirdi. Tamaşanın sonunda isə faciənin şahidi olurdu. Bu fakt İlyas Əfəndiyev dramaturgiyasının qüdrətinin bariz nümunəsidir. Bir fakt da qeyd etmək istərdim. Mən bu tamaşaya baxanda artıq əsər 10 ilə yaxın səhnədə oynanılırdı. Amma biz tamaşaya bilet tapa bilmədik. Amaliya xanım bizi tamaşaya qonaq etdi. İlyas Əfəndiyev lirik psixoloji janrda bir-birindən maraqlı və fərqli pyeslər yazıb. İlk baxışda bu tamaşalar bir məhəbbət dastanı idi. Əslində İlyas Əfəndiyev bəşəri mövzuda əsərlər yazırdı. Bu sevgi macərası hesab olunan dram əsərlərində mütləq vətən, millət dəyərləri ön planda olurdu. Bütöv Azərbaycançılıq, xalqın mənəvi dəyərləri, tarixi hər bir pyesdə qırmızı xətt kimi keçir. Bu baxımdan həmin əsərlər millətin tarixinin təcəssümüdü. Böyük həcmli əsərlərin, cild-cild kitabların müəllifi olmaq olar. Xüsusən də bu gün. Amma gəlin baxaq o əsərlərdə millətin, vətənin tarixləşməsində bir misra və ya bir sətir varmı?. Çox böyük cəsarətlə demək olar İlyas Əfəndiyevin nəinki qələmə aldığı əsərlərdə, hər bir sətirdə, hər bir misrada, hər bir sözdə vətən, xalq və onun yaşadığı acılı- şirinli tarix var. Əslində hər bir əsərdə İlyas Əfəndiyevin şəxsi arzuları, istəkləri yox, böyük vətən sevgisi var. Hərarətlə vuran bir ziyalı və vətəndaş qəlbi var. O İlyas Əfəndiyevin özüdü. 64- cü ildən başlayaraq Azərbaycan teatr sənətində yeni bir mərhələ başlayıb. O illərdə Ədil İsgəndərov teatrda deyildi, Mehdi Məmmədov teatrdan getmişdi. Novator rejissor Tofiq Kazımov teatrın baş rejissoru kimi fəaliyyət göstərirdi, tamaşalar hazırlayırdı. O da yeni nəfəs ,yeni söz sorağında idi. Bu yenilik İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi və baş rolun ifaçısı gənc aktrisa İncəsənət instutunun 2- ci kurs tələbəsi Amaliya Pənahova oldu. Bu tamaşa teatrın cüt taleyində bir təlatüm yaratdı. Şübhəsiz ki, bu təlatüm sənət aləminə və sənətsevərlərə yeni bir eranın başlanğıcından xəbər verirdi. İlyas Əfəndiyev xoşbəxt dramaturqdu. Hər bir dramaturq arzulayar ki, onun qələmə aldığı obrazın canlı əksini səhnədə görsün. Şübhəsiz ki, hər bir ifaçı müəllifin yazdığı obrazı oynayır və səhnədə qəhramanı canlandırır. Ümumilikdə bu bir aktyor oyunu olur. Amma İlyas Əfəndiyev yaratdığı qəhrəmanın ruhunu səhnədə Amaliya Pənahovanın simasında tapdı. Bu ilahi şansdı və hər bir dramaturqa nəsib olmayan xoşbəxtlikdi. Bu bir həqiqətdir ki, İlyas müəllim yalnız Amaliya xanımı nəzərdə tutaraq pyeslər yazıb. Dramaturq aktrisa vəhdətindən həm teatr , həm tamaşaçı həm də, müəllif qazandı. Bilmirəm. İlyas Əfəndiyev qəhrəmanları hər zaman tamaşaçıların sevimlisi olub. O qəhrəmanların taleyinə tamaşaçılar laqeyd, biganə qalmayıblar. Hətta onların həyatda, öz sıralarında olduqlarına inanıblar. Bax budu dramaturq qələminin qüdrəti. Mən söz gəlişi bu ifadəni işlətmirəm. Bir faktı xatırlayıram. Düzdü o illərdə mən anadan olmamışam. Valideynlərim danışırdı ki, 68- ci ildə “Unuda bilmirəm” tamaşası böyük hadisəyə çevrildi. Bu məqamda bir haşiyə də çıxmaq istəyirəm. O zaman hind filmləri nəinki Bakını, Azərbaycanı fəth etmişdi bütün dünya bu filmlərin tamaşaçısı yox, əsiri olmuşdu. Belə bir zamanda “Unuda bilmirəm” teatr səhnəsinə gəlir və böyük tamaşaçı auditoriyası qazanır. Azərbaycan teatr tarixində bu qəbildən olan faktlara rast gəlinmir. Bax bu baxımdan dramaturq İlyas Əfəndiyevin böyük şansı olub. Elə düşünə bilərsiniz ki, şansdı də, hamıya nəsib ola bilər. Yox belə deyil, şans böyük istedadın təzahürüdü.Belə desək lap yerinə düşər. Ədəbiyyatımızda İlyas Əfəndiyev kimi dramaturqun olması teatrımızın, səhnə sənətimizin böyük şansıdı. O tamaşalara mən çox baxmışam. Baxdıqca da doymamışam, usanmamışam. Məsələ ondadı ki, ilk tamaşa necə həyəcanlı, təntənəli oynanılırdısa yüzüncü və ya beş yüzüncü tamaşa da o şəkildə tamaşaçıya təqdim olunurdu. İlyas Əfəndiyevin şəxsində və yaradıcılığında cənub mövzusu hər pyesdə biruzə verib. 80- ci illərdə dramaturq “Şeyx Xiyabani” əsərini yazır. Bu tamaşa sözün əsl mənasında Azərbaycançılıq mövzusunda çox dəyərlidi. Əsərdə bir- birindən maraqlı obrazlar qələmə alınmışdı. Eyni zamanda cənub mövzusu dramaturgiyaya müəllif tərəfindən ustalıqla gətirilmişdi. Daha doğrusu cəsarətlə deyilmiş söz idi. Bu cəsarətli söz və fikir ancaq İlyas Əfəndiyevə məxsus ola bilərdi. Ədəbiyyatda cənub mövzusu Süleyman Rüstəmin yazdığı şeirlər silsiləsində çoxluq təşkil edirdi. Dramaturgiyada cənub mövzusu İlyas Əfəndiyev yaradıcılığında çoxşaxəli yer tutur. Bunu qeyd etməyə bilmərəm ki, İlyas müəllim bu pyesdə Amaliya xanım üçün yeni bir xarakterdə obraz yazıb. Bir qədər yırtıcı, qəddar, şəhvətli qadın olan Xanım Mahnur. Bu obraz çox fərqli qadın rolu idi. Amaliya xanım adətən İlyas Əfəndiyevin tamaşalarında sevən, kövrək, bəzən də mübariz olan qızları oynayırdı. “Şeyx Xiyabani” pyesində Xanım Mahnur obrazı ədəbiyyatımızda az təsadüf olunan obraz idi. İlyas Əfəndiyev tamaşaçılarına hər zaman hörmət və sevgi izhar edən müəllif olub. Dramaturqlar var ki, yalnız bir məqsədləri olur. Necə, nə cür olur olsun, təki yazdığı pyes səhnədə oynanılsın vəssalam. İlyas müəllimin ali məqsədi yazdığı əsərin səhnəyə gəlməsi olmayıb. Daha dəqiq desək necə gəldi oynanılmasının və tamaşaçıya təqdim olunmasının əleyhinə olub. Çünki özündən əvvəl tamaşaçıya hörmət edirdi. Bu baxımdan rejissor seçimindən, rol bölgüsünə qədər hər bir işə özü nəzarət edirdi. Hətta dekorasiyadan tutmuş musiqiyə qədər. Bilirik ki, onun tamaşalarında qəhrəman çox gözəl, ürəkləri titrədən mahnılar ifa edirdi. Bu məqamda bir xatirəmi bölüşmək istərdim. 1997- ci ildə Azərbaycan teatrının 125 illik yubileyinə həsr olunmuş veriliş hazırlayırdım. O verilişdə sevimli şairimiz Çingiz Əlioğlu da iştirak edirdi. Çingiz müəllim İlyas Əfəndiyevin əsərlərinə olan ciddi münasibətindən söhbət açdı. İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasında mahnıların mətnini Çingiz Əlioğlu yazıb. Amaliya xanımın ifa etdiyi mahnıda belə bir misra var-“Ömür şərbət badəsi daş dəyib qırılıbdı”. Çingiz müəllim şərbət yerinə şərab sözü yazıbmış. İlyas müəllim qəti etiraz edib. ”Mənim qəhrəmanım şərab badəsi deyə biməz. Bu iraddan sonra Çingiz Əlioğlu şərab sözünü şərbət ifadəsi ilə əvəz edir. İlyas Əfəndiyevin əsərinə və tamaşaçısına məhəbbəti o qədər böyük idi ki, heç nə ilə müqayisə edilməz dərəcədə. İlyas Əfəndiyev əsərlərini Akademik Dram Teatrı üçün yazırdı. Və o teatrın ən yaxşı aktyorları tamaşalarda səhnəyə çıxırdı. Obraz oynayacaq aktyorun istedadı ilə bərabər onun xarici görkəmi, boyu, nitqi mütləq gözəl olmalı idi. Əks tədqirdə yararsız aktyor onun tamaşasında rol ala bilməzdi. Əgər rejissor israrla hər hansı yarasız aktyora rol verərdisə və İlyas müəllimi qane etməzdisə o ifaçı məşqdəcə tamaşadan xaric olunardı. Bu baxımdan İlyas Əfəndiyevin əsərlərində hər bir aktyor nəinki baş rol, heç epizod obrazda da səhnəyə çıxa bilməzdi. Dramaturqun bu qənaətini eqoizm kimi qəbul etməyin. Əslində İlyas müəllim tamaşaçıya olan hörmətindən bu istəkləri yaradıcı heyətin və xüsusən quruluşçu rejissorun qarşısında tələb olaraq qoyurdu. Bu gün İlyas Əfəndiyevin əsərlərinə rejissorlar yeni quruluş verirlər. Tədqirə layiq haldı. İlyas Əfəndiyev əsərləri hər zaman səhnədə olmalıdır. Bir şərtlə. İlyas Əfəndiyev tələblərini unutmadan. Onun sevərək yaratdığı Nargiləyə,Nərminə, Şahnaza, Natəvana xələl gəlmədən. Onun qəhrəmanları təhrif olunmadan tamaşaçıya təqdim olunmalıdı. Rejissorlar öz məqsəd və məramları baxımdan əsərə yozum verməzdən əvvəl İlyas Əfəndiyevin quruluşa münasibətini təsəvvür etsin. İlyas müəllim lirik planda yaratdığı qəhrəmanını bom-boz görmək istərdimi? Mən əvvəlcədən deyim ki,əsla qəbul etməzdi. İlyas Əfəndiyev dramaturgiyası qadın psixologiyası üzərində qurulub. Bu baxımdan onun qadın qəhrəmanını oynaya biləcək ifaçı yox, yarada biləcək istedad teatrda yoxdursa o zaman müəllifin pyeslərinə müraciət etmək olmaz. Əgər səhnədə “Büllur saray” yoxdursa demək İlyas Əfəndiyev dramaturgiyası da yoxdu. Bu yaxınlarda müəllifi olduğum “Məqam” proqramında teatr və tamaşaçı mövzusunu araşdırmışdım. Nəticədə belə bir qənaətə gəlmişdim. Bu gün teatral tamaşaçını tamaşa zalına qaytarmaq üçün bizə İlyas Əfəndiyev ənənələrini daha da inkişaf etdirmək lazımdı. Bu gün əyləncə vasitələrinin çox olduğunun, bu səbəbdən də teatra marağın azaldığını səbəb kimi göstərirlər. 88- ci ildə respublikada cərəyan edən hadisələr hər kəsin xatirindədir. Bir tərəfdən ölkədə başlayan yenidənqurma , digər tərəfdən ermənilərin torpaq iddiaları, şəhərimizdə qeyri-sabit durum, Azadlıq meydanı insan selindən tələtuma gəlirdi. Bütün bunlarla bərabər kinoteatrlar hind filmlərini gecədən səhərə qədər nümayiş etdirirdilər. Bax elə belə bir vaxtda İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasının premyerasına bilet tapılmırdı. İlyas Əfəndiyev qədər teatr sənətinə məhəbbət yaradan ikinci bir dramaturq yoxdur. İlyas Əfəndiyev Şekspir, Şiller,Servantes kimi Azərbaycan xalqının ölməz dramaturqudur. Onun əsərləri, pyesləri hər zaman aktualdır. Yetər ki, o pyeslər olduğu kimi səhnəyə gəlsin . İlyas Əfəndiyevin ideyasına toxunmaq bəşəri ideyaların üstündən xətt çəkmək deməkdi.
Onun lirikasını arxa plana çəkmək tamaşaçını incik salmaq deməkdir. Onun tamaşalarında düzgün olmayan rol bölgüsü aparılması səhnəyə xəyanətdir. Onun tamaşasında oynayan aktyor improvizə edərək oyunbazlıq edirsə yadına salsın ki, İlyas Əfəndiyev lojasında əyləşərək tamaşaya baxsaydı nə edərdi? Mən deyim. O aktyoru və ya aktrisanı səhnəyə həsrət qoyardı. Bu baxımdan həm rejissorlar, həm aktyorlar İlyas Əfəndiyev dramaturgiyasına həssaslıqla yanaşmalıdı. Bu münasibətdən həm teatr qazanar, həm də tamaşaçı. İlyas Əfəndiyev əsərləri ölməzdi. O pyeslərdə hər şey var : Hər kəs istədiyini, axtardığını onlarda tapa bilər. Məhəbbət, sevgi, həyat eşqi, əqidə, məslək, milli mənlik və kimlik uğrunda mücadilə, Azad Azərbaycan sevgisi! Çünki İlyas Əfəndiyev dünənin, bu günün və sabahın dramaturqudu.
Vidadi Hüseynov
525-ci qəzet.-
2012.- 3 oktyabr.- S.7.