Mənəvi dəyərlərin
qlobal böhranı
Bu
gün də sanki tarix, daha doğrusu, mənəviyyatın
böhran tarixi təkrarlanır. 19-cu əsrin sonları, 20-ci əsrin
əvvəllərinin “Qürub fəlsəfəsi”ni, Osvald
Şpenqleri, Şopenhaueri, Nitşeni yada salaq. Yeni dövrdə
gündəmə gələn, dünyanın və
xalqların rəvan axarla gec-tez təkamül edərək irəliləməsini
bəyan edən tərəqqi ideyası ötən əsrdə
ciddi sınaqlara məruz qaldı. Dünyanı təhdid edən
tənəzzül meyillərinin bu ideya ilə mürəkkəb
münasibətləri formalaşdı. Ötən əsrin
60-cı illərində mövcud ziddiyyətlərin həlli
istiqamətində bütün ümidlər elmi-texniki tərəqqiyə,
texnokratik optimizmə yönəldi. 80-ci illərdə isə
tərəqqi ideyasının reallaşmamasının əsas
günahkarı totalitarizm, demokratiya və açıq cəmiyyətin
olmaması hesab edilirdi.
Ötən əsrdən
danışarkən onun əsas yekunlarından biri kimi, həm
də mənəviyyatın böhranı,
dünyagörüş vakuumu qeyd edilir. Əsrin sonunda
demokratik transformasiya dalğasında bu da gerçəkləşdi.
Lakin təəssüflər olsun ki, qlobal bəşəriyyətin
üzləşdiyi mürəkkəb problemlər kompleksi
azalmaq əvəzinə, daha da artmaqda davam edir. Dünyanın
ümumi gələcəyinə dair ideyalar, həm də
zamanın “qəhrəman idealı”
böhran dövrünü yaşayır. Bəlkə
ona görə ki, bu gün Qərb fəlsəfəsi
“qürub və tənəzzülü” deyil, finalizm, “tarixin sonu”
fəlsəfəsini təqdim edir, bəlkə söhbət fəlsəfi
ideyaların sonundan gedir...
- Sözlərinizdən
belə çıxır ki, 21-ci yüzillikdə böhran
yalnız qlobal maliyyə-iqtisadi mahiyyətli deyil, mənəviyyatı
kəşf edən fəlsəfi ideyalar və humanitar
düşüncənin məzmununa da sirayət edib...
- Tamamilə
doğrudur. Eyni zamanda, qloballaşma prosesləri yalnız
iqtisadi, siyasi, mədəni və sair sahələri deyil, fəlsəfi ideya sistemlərini
də əhatə edir. Belə olduqda təbii ki, ortaya
çıxan çoxsaylı sualları cavablandırmaq
lazım gəlir: fəlsəfədə Qərbin Şərqə
dair stereotiplərinin rolu bu
böhranda nə qədər görünür? Onlar təkamülə
uğrayıbmı? Dəyərlər böhranı, mənəvi
böhran hansı qlobal forumların mövzusu olub?
İnsanlar azad
olduqlarından danışırlar, mənəvi sanksiyalar
yoxdursa, mütləq azadlıq bəşəriyyətə nə
vəd edir? Breyvikləri? Peyğəmbərə
karikaturalarını? Nə
üçün bu bədnam təşəbbüslər
“barbar” stereotiplərinin ifadə etdiyi tərəfdən deyil,
Qərbdən gəlir. Dünyada baş verənlərin məsuliyyətin,
siyasi əxlaqın əsasında hansı etik prinsiplər, dəyərlər
və təfəkkür tərzi durmalıdır?
Burada digər məsələ
fəlsəfə və informasiya inqilabı əsri məsələsidir.
Bəlkə fəlsəfə informasiya əsrinə hazır
deyil, şaşqınlıq içərisindədir. Bəlkə
ona görə ki, fəlsəfə ideya deməkdir, texnologiya
deyil. Elə isə çıxış yolu, ideyanın
texnologiyaya çevrilməsi necə baş verə bilər. Fəlsəfənin
nizam deyil, məhz “xaos” anlayışı bu qədər necə
aktual və şüurlara hakim ola bilib? Məsələ yenə
məlum sualların üstünə gəlir: filosoflar, konkret
olaraq Türk dünyası fəlsəfi fikir təmsilçiləri
nə təklif edir?
Bir həqiqətdir
ki, tarixin böhran, dönüş nöqtələri fəlsəfənin
yaşadığı ən məsuliyyətli, çiçəklənmə
dövrdür. Qloballaşan dünyada hər hansı ölkədən
başlanğıcını götürən böhranlar
dünyanı qərq edən labüd “siyasi sunamiyə”
çevrilib. Belə vəziyyətdə fəlsəfi
düşüncə və təfəkkür çevikliyi təmin
edən başlıca amilə çevrilir. Cəmiyyət fəlsəfədən
dahà çox intellektual cəsarət, əzmkarlıq, məsuliyyət
və zəhmət, siyasi mənəviyyat və perspektivlər
üzərində düşünməyi tələb edir...
- Yeri gəlmişkən,
Şərq fəlsəfəsinə dair stereotiplərin
böhranda rolu varmı, nə dərəcədədir?
- Bilirsiniz, burada
təbii olaraq nə üçün Qərb dedikdə
müsbət, Şərq dedikdə mənfi olan stereotiplər
göz önünə gəlir. Stereotiplərin aradan
qaldırılması üçün fəlsəfələrin
dialoqu baş verməlidir. Ən azından Edvar Səidin
“Oriyentalizm” kimi əsərləri lazımdır. Bu əsərdə
Şərq anlayışının, Şərq fəlsəfəsinə
dair stereotiplərin kökü
aydınlaşdırılmışdır. Səid olduqca zəngin
tarixi-mədəni mənbələr əsasında sübut
edib ki, “Şərq” anlayışının coğrafi mənada
(East) başa düşülməsi deyil, mədəni-mənəvi
mənada (Orient) izahı, stereotipə çevrilərək təqdim
edilməsi Qərbin intellektual və siyasi strategiyasının
zəruri elementi kimi yaranıb.
Bu, o demək idi
ki, Şərq tədqiq edilə, öyrənilə və ən
vacibi dəyişdirilə bilən fenomen kimi başa
düşülməlidir. “Oriyentalizm” bir paradiqma,diskurs kimi
mövcud formalaşmasaydı, Qərb mədəniyyəti, fəlsəfəsi
Şərqdə hakimlik edə bilməzdi. İnsan şəxsiyyəti,
onun mədəniyyəti və dəyərlərinin
prioritetliyinin qlobal məsələyə çevrilməsi
“sivilizasiyaların toqquşması” ideyasının müəllifi
Hantinqtonun “sayəsində” gündəmi məşğul etsə
də, həllini tapa bilməyib.
Onun fikrincə,
soyuq müharibənin qurtarması ilə dünya artıq
ideoloji meyarlara görə deyil, bu gün mövcud olan altı
sivilizasiyanın mədəni-dini əsaslarına görə
bölünüb. Lakin praktik siyasətdə hələ də
Avropa mərkəzçi dünya modeli hakimdir ki, bu da Qərb
fəlsəfəsinin bütün xalqlara universal dəyərlər
kimi təsdiq etməyə haqq qazandırır. Digər tərəfdən,
dəyişən zamanın fonunda fəlsəfənin də
subyekti, obyekti dəyişir. Fəlsəfi ontologiyada
varlıq, reallıq artıq 21-ci əsrdə virtual reallıq
kimi paralel rəqiblər kimi mövcuddur.
Bunlar
yaşanılan reallığın çox sürətlə
davam edən virtuallıq fenomeni, onun ictimai şüuru
alt-üst edən təzahürləri və xüsusiyyətləri,
identiklik probleminin bütün səviyyələri - fərdi,
şəxsi, etnik, milli müstəviləri, münaqişələrin
bütün növləri - milli, dövlətlərarası,
insanlararası və insanın öz daxili aləmi ilə
münaqişələrin bütün çalarları, mənəvi
sözünün ifadə etdiyi bütün dəyərlər,
dini dəyərlər və passionarlıq gücü kimi
faktorlar, son illər intensiv müzakirə olunan yeni transhumanizm
- insan varlığının və təkamülünün
yeni səviyyəsini əks etdirən fenomenin (“bio”, “nano” etika
və s.) yaratdığı, sadalamaqla bitməyən yeni
ziddiyyətlərdir...
- Belə fikirlər
də var ki, fəlsəfənin başlıca predmeti olan
“insan-subyekt”lə işləmək indi dəfələrlə çətin olub...
- Dünya və
kosmosun çoxçalarlı, çoxölçülü
olduğu halda, ”birölçülü”, biganə subyekt
böhranının yaşanması
düşündürücüdür. İfrat, radikal
plüralizm, hərənin öz həqiqəti olduğunu
vurğulayan postmodern dünyagörüşü “yeni sofizm” təzahürlərini
formalaşdırır. Yeni dövrdən gündəmə gələn
“rasional ağlın hökmranlığı, tərəqqi və
individualizm” ideyaları öz yerini xeyri şərlə,
işığı qaranlıqla eyniləşdirən
postmodern kabuslarına verməkdədir.
Belə vəziyyətdə
yad ideyaların və yanlış cərəyanların
insanlarımızın şüuruna nüfuz etməsinə
yol verməmək fəlsəfənin əsas qayələrindəndir.
Əslində ətrafımızda özünü müstəqil
hesab edən, gerçəklikdə isə hansısa “xarici, məqsədli
təbliğ olunan ideyanın, manipulyasiyanın əsiri olanlar
da az deyil. Hesab edirik ki, azad insan ilk növbədə müstəqil
düşüncəyə malik olmaq deməkdir. Dünya ideya
məkanına hərtərəfli bələd olmaqla
yanaşı, onları müstəqil düşüncənin
süzgəcindən keçirməyi bacarmaq deməkdir.
Bütün
bunların fonunda təsəlliverici məqam odur ki, fəlsəfi
ideyalar kosmosunda əsrlərin sınağından
çıxan və bu gün üçün çox aktual
olan düşüncələr istənilən dövrdə
gündəmə gəlir. Yəni, məsələ belədir
ki, Şərqdə və Qərbdə, ortaq türk məkanında
mövcud olan fəlsəfi irsdən, onların bu gün
üçün aktual olan prinsiplərindən necə bəhrələnirik.
- Məqamı
düşmüşkən, YUNESKO-nun 2013-cü ili də əhatə
edən strategiyasında qeyd edilir ki, fəlsəfəyə,
ictimai elmə bu gün dünyada tələbat və maraq
artmaqdadır...
- Bu maraq
başqa elmlərin deyil, məhz fəlsəfi həllini tələb
edən problemlərin sayının artması ilə
bağlıdır. Bütün bunlar həm
bütövlükdə bəşəriyyətin problemlərinin
həllində türk dünyasının müxtəlif
ölkələrindən olan filosofların birgə səylərinin
artırılması və fəaliyyət mexanizmlərinin
daha geniş formalarda təşkilini gündəmə gətirir.
2-ci Dünya müharibəsindən sonrakı dövrdə
adıçəkilən beynəlxalq təşkilatın
yaranmasını zəruri edən amillər qədər
taleyüklü məsələdir və həmin vaxtda
dünya alimlərinin göstərdiyi eyni qətiyyəti,
birliyi və əzmkarlığı tələb edir.
Maraqlı olan
odur ki, dünyanın enerji, ərzaq, qlobal iqlim məsəllərini
həll etmək yönündə təbiətşünas
alimlər çox ciddi səylər göstərir, həmrəylik
nümayiş etdirirlər. Nümunə kimi alternativ enerji mənbələrinin
kəşfi sahəsində Böyük Adron Kollayderin
yaradılması işinin təşkilində əzmkarlığı
yada salaq. Elə isə fəlsəfənin ideya
gücünün, fikir enerjisinin “Böyük İdeya
Kollayderinin” yaranması yönündə əməkdaşlığa
nə mane olur.
Bu yekdillik fəlsəfi
dialoq sahəsində də nümayiş etdirilsəydi, necə
olardı? Bəşəriyyəti sarsıdan millətçi
şovinizm, münaqişələr, terrorizm, etik böhranlar,
dözümsüzlük fəlsəfi, yoxsa riyazi həll
üsuluna malikdir. Antik filosofa görə: “Xeyir və şər”
haqqında bilik verməyən elmin heç bir mənası və
əhəmiyyəti yoxdur”. Deməli, mövcud vəziyyət
məqbul hesab edilə bilməz.
- Amma bir məsələ
də var, yəni, reallıq bundan ibarətdir ki, bu gün
yaradılan tarixin ideya əsası Qərb fəlsəfəsidir...
- Bu gün Şərq
və İslam dini fəlsəfəsindən yalnız
stereotipləri götürmək
onun tamamilə təhrif edilməsi deməkdir. Dünyaya mənəvi
kamilləşmə, demokratiya, azadlıq ideyalarını ilk
öncə Şərq mütəfəkkir filosofları təqdim
ediblər. Bütün dünya dinlərinin vətəni
Şərqdir. Həmin ideyaların potensialından bu
günün problemlərini həll etmək üçün
necə istifadə etmək olar? Azadlıq və təhlükəsizliyin
nisbəti və hüdudları problemi 21-ci əsrin qlobal
terrorizm və transmilli təhdidlər şəraitində necə
həll edilməlidir?
İnsan-dünya
münasibətlərinin bugünkü vəziyyəti, ifrat
individualizmin, özgələşmənin fəlakəti,
humanizmin təhlükə altında olması qane edə bilməz.
Şərqin malik olduğu qədim və zəngin fəlsəfi
irsi bu gün Qərbin hüquq sistemindən, mədəniyyətindən
kənarda qalıb. 21-ci əsrin formalaşan dünya düzəninin
tarixi subyekti yalnız Qərb, ideya əsası isə
yalnız Qərb fəlsəfəsi ola bilməz. Bu,
yanlış bir vəziyyət olardı.
Paradoksal olsa da,
bu vəziyyət tarixdə dəfələrlə
yaşanıb. 1942-ci ildə hələ 2-ci Dünya
müharibəsi davam edərkən Avropada düşünən
insanla faşizmin fəlakətə qərq etdiyi dünyada
nifrət və fəlakətdən azad olan yeni bəşəriyyətin
yaradılmasına yardımçı ola biləcək mənəvi
dayaqları səfərbər etmək üçün təşkilat
yaratmaq məqsədi ilə bir araya gəldilər. O zaman da fəlsəfi
ideyalar və konsepsiyalar təhrif edilmiş, totalitarizm və
faşizmin təbliğinə xidmət məqsədi ilə
istifadə edilmişdi, insan ləyaqəti, humanizm arxa plana
keçmişdi.
Məhz buna
görə YUNESKO dünya üçün son dərəcə
çətin olan belə bir qarşıdurma, zorakılıq
və savaş məntiqini aradan qaldırmağa xidmət edən
fəlsəfi idealların və fəlsəfi təfəkkürün
beynəlxalq səviyyədə populyarlaşması zərurətini
bəyan etdi. Eyni zamanda onu da vurğuladı ki, 2-ci Dünya
müharibəsi, əslində, insanların şüurunda “mənəvi-ideoloji
parçalanmanın bəhrəsi”, dəyərlər
seçiminin böhranı idi...
- Əslində
heç kimə sirr deyil ki, müharibələr və
böhranlar ilk növbədə insanların
dünyagörüşündən, şüurundan
başlayır...
-
Haqlısınız. Elə buna görə də bəşəriyyətin
vəhdətini təmin edə biləcək intellektual-mənəvi
həmrəylik və dialoqa xidmət edən fəlsəfənin
dərindən öyrənilməsi, bu sahədə əlaqə
və mübadilələrin genişlənməsi
mühüm çıxış yolu ola bilər. Yeri gəlmişkən,
YUNESKO-nun dünyada ictimai elmlərin vəziyyəti barədə
hazırladığı sonuncu hesabatı “Biliklər
arasında parçalanma” adlanır.
Onu da qeyd etmək
yerinə düşər ki, 21-ci əsr innovasiyalar, kreativlik əsridir,
paradoks nədən ibarətdir, fəlsəfi ideyaların
öz yaşadıqları əsrləri qabaqlamaq ənənəsi
burada üstünlüyə çevrilməlidirsə, nə
baş verir? Kreativliyin fundamental amilə çevrildiyi əsrdə
mənəviyyat niyə tənəzzül edir, bunlar o qədərmi
əks mənalı fenomenlərdir? Tarixdə
yaradıcılığın yalnız seçilmişlərə
məxsus olan sakral, mistik fenomen kimi başa
düşüldüyü dönəmlər olub.
Yaradıcılığın sehri və müəmması
yalnız ayrı-arı mütəfəkkirlərin maraq
dünyasına hakim olub, onun sirrini açmaq dahilərin həyatının
mənasına çevrilib. Geniş ictimaiyyəti,
insanları bu o qədər də düşündürməyib.
Bu gün tamamilə
başqa zamandır. Bugünkü sivilizasiya-innovasiyalı,
insan-kreativ şəxsiyyət, cəmiyyət isə kreativ cəmiyyət
kimi səciyyələndirilir. Daha dəqiq deyilsə
inkişaf etmək, yüksəlişi təmin etmək istəyən
hər bir dövlət dövrün məhz bu
çağırışlarına
uyğunlaşmalıdır ki, daim irəliyə getsin.
Yaradıcılıq yalnız seçilmişlərin deyil,
günümüzdə hər kəsin qarşısında
imperativ kimi duran ən fundamental inkişaf faktoruna
çevrilib.
Çünki
yaradıcılıq missiyası yaradılanların ən
şərəflisi sayılan, dünya içində yeni
dünya yarada bilən insana məxsusdur. Zamanın simvoluna
çevrilmiş yaradıcılıq və yaradıcı
insan probleminin tədqiqinə, onun mahiyyəti və əhəmiyyətinin
dərk edilməsinə bu gün elmi ehtiyac və sosial
sifariş mövcuddur.
Bu gün
yaradıcılığı - həyat və inkişafın
daim qaynayan çeşməsi, müqəddəs
“emalatxanası” qismində təcəssüm edən bu insani və
bəşəri keyfiyyəti şübhə altına alan
daha bir mübahisəli məqam, biz deyərdik ki, “postmodernizm
kabusu” mövcuddur...
- Postmodern tezisə
görə bu gün tamamilə başqa bir zamandır,
hazırda bəşəriyyət sitatlar, frazalar, epizodlar
dövründə yaşayır...
- Həmin tezisə
görə, eyni zamanda, yeni heç nə yoxdur və
mümkün də deyil. Çünki hər şey artıq
çoxdan deyilmişdir. Deyilən və yazılanlar isə
artıq çoxdan mövcud olan fikirlərin
istinadıdır, təkrarıdır. Ən təəccüblüsü
odur ki, postmodern “Müəllifin ölümü!”
şüarını irəli sürüb. Bu isə
yaradıcı kimi insanın öldüyünə işarədir.
Postmodern fəlsəfədə yaradıcılıq və ona
baxışlar müstəvisində paradoksal, ziddiyyətli
mövqelərin yanaşmaları var.
Yaradıcılığın
aspektləri son dərəcə
çoxçalarlıdır: adi şüur onu bir cür
qavrayır, bədii fikirdə bu bir fitri ədəbi istedad, fəlsəfədə
ideyalar aləminin sakral məkanına qovuşmaq və yeni
ideyanın doğulması, ilahiyyatda vəhy və ilham kimi dəyərləndirilir.
Müasir innovasiyalı cəmiyyət isə onu
inkişafın ən zəruri və real resursu, hərəkətverici
qüvvəsi hesab edir. Bütün bu müxtəliflikləri
birləşdirən bir ümumi cəhət də var -
yaradıcılıq əvəzsiz sərvət və dəyər,
insanın ilahi və dünyəvi təyinatından doğan
bir hadisə kimi səciyyələndirilir.
Məqamı gəlmişkən,
böhranlar qlobal miqyas kəsb edir və onları sadalamaq vaxt
aparır. Fəlsəfə üçün böhran yeni
deyil. Belə demək olarsa, fəlsəfi düşüncə
məhz böhranları öncə görən, onların
kökü və səbəbini dərk edən bir sahə
kimi yaranıb. Fəlsəfə bəşər həyatında
böhranların olmaması prinsiplərini irəli sürən
zəka sahəsidir. Yəni, bu əzəli olaraq fəlsəfəyə
xas olan bir məsələdir. Fəlsəfədə
böhran deyəndə biz başlıca olaraq postmodern adlanan fəlsəfi
fikrin artıq dünyada baş verən prosesləri və
meyilləri başa düşmək iqtidarında olmaması,
“müəllifin ölümünü” bəyan edərək,
geriyə çəkilməsi, izah edə və
çıxış yollarını göstərə bilməməsini
nəzərdə tuturuq.
Hesab edirik ki, məhz
belə bir məqamda türk dünyası fəlsəfəsi
öz sözünü deməsi, malik olduğu və
müasir dünyanın ziddiyyətli məsələlərinin
həlli üçün aktual olan ideyaların daha intensiv səsləndirilməsi,
türk xalqına və dünyaya çatdırılması
məsələsi gündəmə gəlmişdir. Ən
çox narahatlıq doğuran, bütün böhranların
kökündə duran mənəviyyatın, əxlaqın,
ali ideyaların böhranıdır.
- O da var ki, Qərb
şüurunda və təfəkküründə tənəzzül
və süqut mövzusu hələ
antik dövrdən üzü bəri dəyişməyən
bir mövzu olub...
- Fikirlərinizlə
razıyam. Hesiodun “Zəhmət və güzəran”
poemasından tutmuş, yunan mifologiyasındakı
çökmüş titanlara, xristianlıqdakı süqut edən
mələklərə, Osvald Şpenqlerin “Qərbin süqutu”
traktatına qədər qərb tarixindən süqut və
iflas mövzusu bir qırmızı xətt kimi keçir.
Bundan əvvəl qəhrəmanlığa və
dolayısı ilə mənəvi ideallara yerin
olmadığı dünyada yaşamağın əzablarını
təcəssüm edən qəmli cəngavər Don Kixotun
obrazı da yaradılmışdı.
Kamyunun
“Süqut”əsərindəki baş surətin mövqeyi məhz
belədir: Bu dünyada tənəzzül və iflasın
qaydaya, normal hala çevrilməsində bizim
hamımızın günahı var, onun yuyulmasına ümid
etmə isə yalandır - nə dəyərlər, nə
sağlam düşüncə, nə də iyerarxiyalar
qalıb. Qatil və onun qurbanı arasındakı fərq,
“yaxşı” və “pis”in bir-birindən fərqi “zövq məsələsinə”
çevriləndə bəşəriyyət acı tarixini
yaşayır.
Burada ilk növbədə
sezilməyən bir məqam var. Yəni tənəzzül barədə
ilk həyəcan siqnalı Qərb mütəfəkkirlərindən,
Qərb fəlsəfəsindən gəlmişdir. Məhz bu məqam
- dəyişikliklərin qarşısında duyulan qorxu hissi
ilə bağlı həyəcan onlara dəyişməyə
və yaşamağa kömək edir. Bir sözlə,
işıqlı gələcəyə inam-qərb mədəniyyətində
ani, qeyri-normal sayılan bir hadisədir.
Burada əsas nəticə
beldir ki, bədbinlik, böhran yaşantısının dilə
gətirilməsi Qərb fəlsəfəsində bir növ xəbərdarlıq
ənənəsinə çevrilib. Eyni məsələni
Şərqdə müşahidə etsək bunun əksini
görərik. Böhran siqnalları fəlsəfədə
özünə qayıdış, refleksiya rolunu oynayır,
yanlışlıq və səhvləri, onların aradan
qaldırılması yollarını göstərir. Məhz Qərb
fəlsəfəsi on illərlə öz
düşdüyü uçurumu dərk etməyə
çalışdığı üçün bu gün irəlidədir.
Fəlsəfi refleksiya gələcəyin potensial fəlakətlərini
süzməyə imkan verir.
Elə isə
son 50 ildə Şərqdə, türk dünyası fəlsəfəsində
hər şeyin ideal olmadığını, mövcud problemlərin
təhlilinə həsr edilən hansı əsərlər
var. Ümumi problemlər, onların müzakirəsi və həllinə
dair bizə yalnız professor Səlahəddin Xəlilovun əsərləri
məlumdur. Bu günlərdəki Fəlsəfi Forum da məhz
bu çağırışların nümunəsi idi.
Türk
dünyası fəlsəfi cəmiyyəti qlobal kommunikasiya
inqilabının nəhəng imkanlarından necə istifadə
edir? Ümumiyyətlə, edirmi? Türk fəlsəfəsi
qlobal ideyalar dialoqunda, peşəkar elmi məktəblərin
yaranmasında, internet məkanında ünsiyyət şəbəkələrini
yaratmaqda, ardıcıl beynəlxalq forumlar təşkil etməkdə
təşəbbüs göstərməlidir. Türk
dünyasının, Şərq fəlsəfəsinin ikinci
“Qızıl orta əsri”, transformasiyası yaşana bilərmi
sualı gündəliyə gətirilməlidir.
İnsanların
mənəvi dünyasındakı boşluğu, “müqəddəs
yeri” ən qorxulu ideyalar tutmaqda, mənəviyyat adlanan fenomen ən
faciəli qisaslar almaqdadır. Çünki “xeyir” kimi, “şər”
də mənəviyyat məsələsidir. Biri olmayanda o biri
irəli çıxır. Beyvik, terrorizm, soyqırımı
gerçəkləri bunu göstərir. Müasir insanın
yaşamı “antropoloji çevriliş, transformasiya” sözləri
ilə səciyyələndirilir.
Fəlsəfə
insanın da, mənəviyyatın da sezilmədən məhvə
doğru getdiyini sanki görmür. İnsanın təbiəti
günbəgün deyil, saatbasaat dəyişir. Bu gün fəlsəfi
ensiklopediya və dərsliklərdəki bütün mənəvi-etik,
mədəni fəlsəfi paradiqmalar insanın klassik tipinə
hesablanmışdı. Halbuki biotexnologiyalar, genetik modifikasiya
olunmuş qidalar, transhumanizm deyilən proses tamamilə yeni həmin
insan tipini tamamilə dəyişdirməkdədir.
- Beləliklə,
sivilizasiyanın, insanlığın, mənəviyyatın
böhranı, həm də fəlsəfənin, etik prinsiplərin
böhranıdır. Elə, deyilmi?
- Burada adi həqiqət
bundan - daha təhlükəsiz, daha sabit dünyanın
yaranmasında iştirakçı olmağın yeganə yolu
- “ideya” adlanan silahla mübarizə aparmaqdan ibarətdir. Bu
günün gəncləri hansı ideya ilə
silahlanmışdır? Türk dünyası fəlsəfəsinin
statusu, inkişaf meyilləri, filosof şəxsiyyətləri,
fəlsəfi məktəbləri, 21-ci əsr
üçün strategiyası və sair, bu məsələlər
müzakirə edilməlidir.
Azərbaycan
Avropanın və Şərqin fəlsəfi ənənələrinin
milli çalarlarda təzahür edən, mütərəqqi və
müsbət ideyaları ilə bir-birini tamamlayan formaların
qarşılaşdığı məkandır. Bu gün
dünyada, Avropada türk fəlsəfəsi necə öyrənilir
və tədqiq olunurmu? Türk dünyası mütəfəkkirlərin
dövlətçilik, milli varlıq, sivilizasiyalararası
dialoq və s. sahələrdə irəli sürdükləri
nəzəri irs, heç də həmin dövrdə Qərbdə,
yaxud da Şərqdə mövcud olan ideya və konsepsiyalardan
zəif olmayıb.
Bu gün qlobal
informasiya məkanında saysız-hesabsız, mənası və
mahiyyəti bilinməyən ideologiyalar dolaşır. Lakin biz
burada türk xalqına məxsus olan elm, mənəviyyat və
mədəniyyət məkanını başqa yad təsirlərin,
zərərli ideologiyaların, manipulyasiyaların, bədməramlı
qüvvələrin ixtiyarına verməməliyik. Fəlsəfi
tədrisdə türk dünyası fəlsəfəsinin gənclərə
tanıdılması üçün ayrıca Türk fəlsəfəsi
tarixi tədris edilməli, dərsliklər olmalıdır.
Qlobal internet şəbəkəsində Türk
dünyasının fəlsəfi-humanitar irsi portalı
yaratmaq lazımdır.
Burada ən
aktual tədqiqat mövzularını, türk dünyası fəlsəfəsinin
tədrisində nailiyyətlərin və problemlərin
müzakirəsini, elmi məqalələri, fəlsəfi
ictimaiyyətin keçirdiyi tədbirlərə dair məlumatları,
yeni işıq üzü görən kitablara dair müzakirə
və rəyləri, müasir türk filosoflarının yeni
fikirlərinin tərcümələrini vermək, çap
etdirmək mümkündür. Ən vacibi müasir
dövrün türk ölkələrinin filosof şəxsiyyətlərini
dünyaya tanıtmaq yönündə iş
aparılmalıdır.
Qərb ölkələrində
cəmiyyətə təsir edə bilmək üçün
fəlsəfə təşkilatlanma ənənəsinə
malikdir. Türk dünyasında bu sahədə vəziyyət
necədir. Bu məsələni Türk dövlətlərində
nəzərdən keçirmək, ortaq təşkilatlanmanın
forma və mexanizmlərini tapmaq lazımdır. Bu gün həm
Azərbaycan, həm Türkiyə, həm də Qazaxıstan
inkişaf templərinə görə lider ölkələr
sırasındadır.
Biz hələ
Şərq məkanında böyük bir coğrafiyanı əhatə
edən bu ölkələrinin nəhəng modernləşmə
sıçrayışını, onun əsasında duran
inkişaf və islahatlar fəlsəfəsini dünyaya
çatdıra bilirikmi? Deməli, eyni inkişaf bu ölkələrin
fəlsəfi fikri sahəsində də özünü
göstərməlidir. Qərbin irəli sürdüyü
ideya və humanitar texnologiyalara alternativ olan fəlsəfi
ideyalar səslənməlidir. Türk dünyası fəlsəfəsi
bu gün öz tarixi dönüş məqamını
yaşayır və onun gerçəkliyə çevrilməsi
üçün birləşməliyik.
Rəbiyyət
Aslanova,
Milli Məclisin
İnsan hüquqları
komitəsinin sədri,
fəlsəfə elmləri
doktoru, professor
Rəbiyyət Aslanovanın
525-ci qəzet.-
2012.- 3 oktyabr.- S.2-4.