Şabalıd qoxulu İstanbul
“- Günka, “İstanbul”u tez qaytar.
– Niyə ki? İmkan ver, oxuyum.
– Yox, uzatma. Atamındır, müəllim
kitablarına çox diqqətlidir.
– Söz. Oxuyum, qaytaracam”.
Söhbət Orxan Pamukun “İstanbul – xatirələr
və şəhər” kitabından gedirdi.
Bakıda havanı ilıq qoyub getməyimizə
baxmayaraq, İstanbul qapısını üzümüzə
yağışla açdı. Çox da böyük olmayan
Atatürk Hava Limanında pasport qeydiyyatından keçmək
üçün növbəyə duranda yuxarıdakı
yazılara diqqət etdim. Tablonun birində “Türk vətəndaşları”,
digərində isə “Başqa milliyyətlər”
yazılmışdı. Sözsüz ki, ikinci cərgədə
dayanası olduq. Təəssüfləndim... Növbədə
hər millətdən adam var idi və sıra çox uzun
idi. Bütün günü siyasətçilərin bar-bar
bağırdıqları “Bir millət iki dövlət”
lozunqu, deyəsən, Atatürk limanına hələ gəlib
çıxmamışdı. Yoxsa bu növbədə nə
işimiz vardı?!
Bizi qarşılayan türk dostumuz Mustafa bəy
İstanbul tıxaclarından xəbərdar etsə də,
otelimiz şəhərin mərkəzində olduğu
üçün və üstəlik də şəhəri
görək deyə avtomobili mərkəzi şosselərlə
sürməyə qərar verdi. Hava soyuq idi, bir yandan da
yağış yağırdı, əynimizdə yay
paltarları olduğundan üşüyürdük. Amma məni
İstanbulu açıq şüşədən seyr etmək
həvəsi rahat buraxmırdı. Odur ki, avtomobilin
şüşələrini açıb, xəstələnməyim
deyə dua edə-edə İstanbula göz atdım.
İslanmış qağayılar boğazdakı sürahilərə
qonub sakitcə yağışın dayanmasını gözləyirdilər.
O an elə köməksiz görünürdülər ki.
Yağış boğazüstü uçuş
planlarını pozmuşdu. İstanbul ilk baxışdan
gözümə boz dəydi. Atatürk Hava Limanında əldə
etdiyim İstanbulun xəritəsinə nəzər yetirirəm.
Validə Sultan, Fatih Sultan, Sultan Ahmet, Mehrimah məscidi,
türk mədəniyyətində məscid inşa etmək həmişə
xüsusi adət olub. Demək olar ki, bütün taxta
çıxan sultanlar öz analarının şərəfinə
məscidlər tikdiriblər, bu üzdəndir ki, İstanbul xəritəsində
ən çox rast gəlinən məscid adları Validə
sultan məscidləridir və xəritədən
başımı qaldırıb indi İstanbula göz gəzdirirəm.
Uzaqdan ucalan minarələr məndə İstanbul haqda ilk təəssüratı
yaratdı. “İstanbul məscidlər şəhəridir”.
Otelimizi dalanlarda, küçələrdə
çox axtarsaq da tapmadıq. Küçələr çox
hündürdə, iti bucaq altında salınmışdı.
Hündürdə yerləşən bu məhlələr
insanı vahiməyə gətirirdi. Hətta elə
küçə var idi ki, qalxanda sanki dağa
dırmaşırdın. Mustafa bəydən qışda qar
yağanda adamların buradan necə düşdüklərini
soruşdum. O da gülərək, “Günelcim, kendin cevab
verdin, insanlar burdan düşürlər”. Yadıma
düşdü ki, “düşürlər” türk dilində
yıxılmaq mənasındadır. “İstanbul – təpələr
şəhəridir”.
Nəhayət, bəxtimiz üzümüzə
güldü. Otelimiz axtardığımız dar küçələrdə
deyil, düz Taksim meydanın yanında imiş. 7 mərtəbəli,
hər qatında dörd otağı və iki restoranı olan
yarı qaranlıq otelin foyesində və nömrəmizdə
diqqətimi Faruk Cimokun sulu boya ilə çəkdiyi rəsmlər
cəlb etdi. Tablolardakı restoranı, şəhər mənzələrini
görəndə, nədənsə, “9 ay” filmindən bir
fraqment yadıma düşdü.
Filmdə dəniz mənzərəsini
çəkən adam o birisindən soruşur:
– Necədir?
– Bu şəkil hansısa otelin sifarişi
ilə çəkilir?
– Düz deyirsən, bu, ancaq otellərə
yarayır.
Rəssam rəsmini molbertdən
götürüb, dənizə tullayır.
Rəssam üçün ən
böyük təhqir onun rəsmlərinin otel mədəniyyətinə
bənzədilməsidir. Otel rəsmləri bayağı və
sənətdən kənar hesab olunur. Bu rəsmlər daha
çox divar kağızlarının rəngini, fakturasını
tamamlayan rəsm növüdür. Yəni əsl sənətlə
əlaqəsi olmayan sadəcə müştəri
rahatlığını tamamlamaq üçün çəkilmiş
rəsmlərdir.
Yol yorğunluğumuzu canımızdan
çıxarmaq üçün günorta yeməyinə getməyi
qərara aldıq. “Çox
lezzetli olur yemekleri” deyib Mustafa bəy bizi Taksim
meydanındakı Osmanlı mətbəxi verilən bir
restorana apardı. Restoranın interyeri Osmanlı dövrünə
məxsus rəsmlərlə, fiqurlarla bəzədilmişdi.
Menyuya nəzər yetirəndə bir qədər
şaşırdıq: burada əsasını yağlı təamlar
təşkil edirdi: yağda bişirilmiş mal, qoyun,
balıq, toyuq əti, qızardılmış tərəvəzlər,
kərəviz, badımcan və s. Bayaqdan havanın
soyuqluğu məni narahat edirdisə, indi bu məni əməlli
başlı sevindirirdi. Çünki istidə bu qədər
yağlı yeməyi mədəyə yola salmaq çətin
olardı. Deyəsən, İstanbul əhli də o anlarda mənimlə
həmrəy idi: restoran bir ucdan elə hey dolub
boşalırdı. “İstanbul – 3 gündə kilo aldıra
biləcək qədər dadlı mətbəxi olan şəhərdir”.
Ağır yeməkdən sonra Taksim
meydanı boyu gəzintiyə çıxdıq. Taksim
meydanı bir növ bizim “Torqovı” küçəsinin
ruhuna görə atası sayıla bilər. Küçə
boyu göz oxşayan vitrinli mağazalar, səyyar
musiqiçilər, əski kitablar satan kitabçılar,
arı pətəyi kimi qaynayan
kafelər, turistləri yoldan çıxarmağa
çalışan dönərçilər, hüzünlü dilənçilər,
zarafatcıl dondurmaçılar insana İstanbulun ruhunu
anladır. Havadan Cemal Sürəyya, Ece Ayhan, Atilla İlhan,
Orhan Vəli şeirlərinin qoxusu duyulur, küçə
boyu Orxan Pamuk, Elif Şafak cümlələri gəzişirdi.
Taksim meydanı qələbəlikdir. Burada hərə öz
hekayəsi ilə dolanırdı. Hər insanın geyimin rəngi,
qoxusu, baxışı, dialoqlarındankı qulağına
çatan parçaları sanki bir roman parçası idi.
Meydan başlayandan bitənə qədər, elə bil o xəyali
romanının izi ilə gedirdin. Romanın da adı qoy olsun
“Taksim”. Taksim meydanı macəra, əyləncə, rutin həyatdan
qaçıb, bura sığınan gənclərlə
doludur. Onlar burada siqaret çəkir, içki içir, kitab
oxuyur, musiqi dinləyirlər. “İstanbul – macəra
diyarıdır”.
Türk qəhvəsi içmək
üçün Qalata qalasının yanındakı
“İrfan” adlı kafeyə yollandıq. Qalata qalası
istanbulular üçün çox önəmlidir.
İstanbulun fəthi bu qalanın açarlarının
alınması ilə bitmiş hesab edilir. Türk qəhvəsi
fincanını əlimə alıb, yarı zarafat yarı
ciddi sağlıq dedim. “İçək Fatih Sultan Mehmetin ruhuna”.... Türk qəhvəsini
şəkərli sifariş etsək də, dadı çox
şəkərsiz, tünd idi. Bəzi istanbulluların turistləri
sevməyən tünd baxışları kimi...
“Hayat o kadar berbat olamaz,” diye
düşünürüm bazan. “Ne de olsa, sonunda insan
Boğaz’da bir yürüyüşe çıkabilir.” (Orhan
Pamuk)
Pamukun bu sözlərinə Boğazı kəşf
etdikdən sonra daha rahat şəkildə inandım. Gəmiylə
çıxdığımız Boğaz turu həqiqətən
boğazımı qurutdu, birinci və ikinci körpülərin altından
keçərkən möhtəşəmlik duyğusu,
kiçik dalğaların maviliyi, yol boyu bizi müşayiət
edən qağayılar inanılmaz tablo idi. Mərmərə
dənizi sanki sənin kədərlərini əlindən
alacaqmış kimi qarşında sərilmişdi. Bu gəzinti
meditasiya kimi idi, sahilə enəndə qağayılar tək
fikirlərindən, buxovlarından azad şəkildə enməliydin.
Yoxsa boğaz səni bağışlamazdı. İkinci
boğaz körpüsünü uzaqdan seyr edəndə Pamukun
məşhur romanında “İntihar körpüsü” deyilən
hissəsinə baxdım, yanından gəmimiz keçəndə
isə aşağı baxmağa qorxdum. Qorxdum ki, öz
avtomobili ilə intihar etmək üçün özlərini
boğazın sularına qərq etmiş insanların
simalarını mavi suların arasında seçə bilərəm.
Mustafa bəy axşam yeməyi
üçün bizi Çiçək passajında yerləşən
balıq restoranına apardı. Masaya dəniz qidalarında
hazırlanmış müxtəlif çeşiddə təamlar
gəldi: qızardılmış kilkə, heydəriyyə,
humus, zeytun əzməsi, dəniz levrəyi, palamut izgara.
Şam etdiyimiz müddətdə Mustafa bəy bizə bu
restoranın əski sahibi haqqında maraqlı məlumat verdi.
Restoran sahibi hündür, yaraşıqlı, çox
kübar bir bəy olub. Hətta deyilənə görə
Aqata Kristi vaxtilə İstanbula səfər edəndə bu bəylə
eşq macərası da yaşayıb. Yeməkdən sonra
Mustafa bəy bizi Aqata Kristinin qaldığı otelə də
apardı. Bu otelin bizim oteldən cəmi bir ulduzu artıq idi,
yəni 5 ulduzlu idi. Buradanın böyük salonunda ziyafət
verilirdi, bahalı qiyafələrdə xanımlar, bəylər
əllərində şampan qədəhləri ilə salonda
gəzişirdilər. Foyenin tam ortasında qırmızı
rəngdə rahat divan qoyulmuşdu. Orada oturub ətrafı
seyr etməyə başladım, Aqata Kristinin bu divanda oturub
Erkül Puaronun tədqiq edəcəyi hansı qətli
planlaşdırması haqda fikirlər yürütməyə
başladım, amma divanla üzbəüz yerləşən
güzgünü görüb daha romantik fikirlər məni
çuğladı. Yəqin o, bu güzgüyə baxıb
restoran sahibi ilə görüşə
hazırlaşırmış, ola bilsin ki, dodağından kənara
çıxmış dodaq boyasını salfetlə bu
güzgüyə tamaşa edə-edə silib.
Aya Sofya, Sultan Ahmet, Topqapı
sarayını ziyarət etsək də içəriyə
keçmək üçün uzun növbələri
görüb, elə kənardan tamaşa edib, foto çəkməklə
qane olduq. Məşhur “Möhtəşəm yüz il”
serialından sonra daha çox “məhşurlaşan” Hürrəm
Sultanın tikdirdiyi su çeşməsi və hamam, əsasən,
qadınlar və kiçik yaşlı qız uşaqları
üçün poza məkanına çevrilmişdi. Bəzi
turistlər üçün “İstanbul – Hürrəm
sultanın şəhəridir”.
Taksim meydanında yerləşən
çoxsaylı kitab mağazalarından birinə gedib
dostlarımın sifariş etdikləri disk və kitabları
axtarmağa başladım. Bəzilərini tapandan sonra
özüm üçün Orhan Pamukun “Məsumiyyət
muzeyi” romanını aldım. Bu kitab dəfələrlə əlimə
rus dilində düşsə də, inadkarlıqla türkcəsini
oxumaq istədim. Bir ingilis turistin mənimlə yanaşı bu
romanı istəməsi, yəqin ki, mənə seçimimdə
haqlı olduğuma bir işarə idi. O, kitabı istəyəndə
romanın adı yadına düşmürdü, eləcə
“museum” deyə-deyə qalmışdı. Mən
yardımçı oldum, “İnnosense muesum” deyib
satıcıdan kitabın ingilis variantında olub-
olmadığını soruşdum, o, təəssüflə
“xeyr” dedi. O an arzuladım ki, neçə illərdən sonra
bir kitab mağazasında turistlərin gəlib məndən
yazar dostlarımın əsərlərinin ingiliscə
variantlarını soruşsunlar. Yazar dostum Musa Əfəndinin
təkidinə baxmayaraq, Orhan Pamukun əsərinin şərəfinə
açdığı “Məsumiyyət muzeyi”nə elə kənardan
seyr etməklə kifayətləndim. Oxumadığım
romanın muzeyinə tamaşa etmək alacağım zövqu
korlaya bilərdi. Muzeyə səfərimi və Füsunun
itmiş sırğasını əldə etməyi növbəti
səfərimə saxladım.
“İstaNbul lavanda çiçəyi və
qovrulmuş şabalıd qoxuyur”.
Səs-küylü Taksimdən sonra
otelimizin yarıqaranlıq, tək ofisinatlıq kafesində gecəyarısı
oturub, qəhvə içmək, bədəninə,
paltarlarına, saçlarına, bir sözlə
vücuduna
yapışmış balıq qoxusunu qovmaq istədim. Qəhvə
içsəm də, burnumda lavanda çiçəyinin ətri
gəlirdi. Parfüm dükanlarından lavanda aromatı,
küçələrdən, meydanlardan isə qovrulmuş
şabalıd qoxusu alırdım. Bu qoxular adamı lap
uzağa aparırdı- kənddə saciçi qovurduğumuz
şabalıdlar yadıma düşürdü. Kəndimizlə
İstanbulu birləşdirən bu eyni qoxu 20 milyonluq əhalisi
olan İstanbulu mənim üçün kəndimiz qədər
kiçildirdi. Elə bilirdim, bu tini burulsam,
dayılarımı, əmilərimi, Boğazdan o taya boylansam
babamgilin evini görə bilərəm. İnsanların
üzündə tanış cizgilər axtarırdım.
İstanbulun
“yatan” vaxtını görmədim. Ona görə şəhəri
səhər, günorta və gecəyə böldüm.
Hansı ovqatında istəsən küçələrində
gəzə bilərsən. Bəzən istəmədən belə
qulağına Teomanın, Emre Aydının, Sezen Aksunun musiqiləri
gəlir, İstanbul səni öz kədərində
boğmaq istəyir. Yaxınlıqdakı stadiondan Sertab
Erenerin canlı konsertində müğənni
hayqırırdı: “Dinlə məni, bir az sən, sən, sən,
İstanbul sevər səni, sən məni əgər sevərsən”.
Mən İstanbulu sevdim, görəsən, o da məni sevdimi?
P.S. Yuxarıdakı dialoq mən və
dostum Zərdüşt Şəfi ilə aramızda baş
vermişdi. Kitabı ona qaytaranda İstanbulu görmək istədim.
Ona demişdim ki, şəhəri gəzib təəssüratlarımı
səninlə bölüşəcəm. İstanbulu gəzərkən
bəzən onun gözləri ilə tamaşa etmək istəsəm
də alınmadı. Onun yoxluğunu hərfbəhərf əvvəl
dilimə gətirdim, sonra beynimə yeritmək istədim. Qəhərləndim,
kövrəldim... Kədərimi Boğazın sularına
qovmaq üçün ona nağıl danışmağa
başladım. “Biri var idi, biri yox idi, bir dostum var idi və səni
çox görmək istəyirdi...”
Günel Eminli
525-ci qəzet.-
2012.- 4 oktyabr.- S.7.