Mətbuatımızın dəyərli söz sahibi

 

İlqar Rüstəmovun 50 illiyinə

                                           

Adı iki hecadan ibarətdir: “il” və “qar”dan. Ömrünün 50 “il”ini tarixə göndərdü, 51-ə saçlarının “qar” dənələri – çiçəkləri ilə qədəm qoydu İlqar. Vay səni, zəmanə, bu  şivərək oğlanı da yaşlandırdın.

Bizim “Xalq qəzeti”nin redaksiyasında iki İlqar var: biri məsul katib İlqar Rüstəmovdur, biri də bölgə müxbiri İlqar Həsənov. Hər ikisi mətbuat aləmində yetərincə tanınır. Hər ikisi ilə yaxın dostuq. Özü də bu dostluq təkcə firavan çağlardan deyil, dar günlərdən, birgə səfərlərdən qaynaqlanır. İlqarların əsl istedad sahibi kimi sadəliyi, təmənnasızlığı və hər zaman ilqarlı olmaları ürəyimin başında yer tutmalarını şərtləndirib.

Bir neçə il öncə gəncəli İlqarın 50 yaşında ürək sözlərimi mətbuat vasitəsilə ona  çatdırmışam. İndi də növbə lerikli İlqarındır. Əslində, əvvəlindən dostlar arasında ayrıseçkilik etmək fikrim olmayıb. Sadəcə o, bundan bir az böyükdür.

Mən universitetin jurnalistika fakültəsini bitirən il İlqar Rüstəmov 1-ci kursa gedib. Tələbəlik dövrünü dumanlı şəkildə xatırlasam da, eyni vaxtdan – 1989-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamağımız yaxşı yadımdadır. Həminki İlqardır: elə mənim kimi qarayanız, bir qədər qaşqabaqlı təsir bağışlayan, amma məndən xeyli çox məsuliyyət hiss edən. Bu məsuliyyətli oğlanın hazırda məsul katib vəzifəsini daşımasında da yəqin ki, bir qanunauyğunluq var.

Radioda birgə çalışdığımız üçcə ildə İlqar Rüstəmov 2500 nəfərlik kollektiv arasında tanına, hətta seçilə və sevilə də bilib. Yazın və payızın yağışında, yayın qızmarında, qışın qarında onu daim çiynində səsyazan aparat obyektlərə, müsahibələr almağa tələsən görmüşəm. Elə geri qayıdanda da hey tələsərdi: radioda çox operativ şəkildə mətni yazmaq, lentə köçürmək, böyüklərdən keçirmək və efirə təhvil vermək var, axı. Həyatımızın həmin dövrünü düşünəndə gözlərim önündə İlqarın obrazı məhz o şəkildə canlanır. Özü də İlqarın müsahiblərinə verdiyi suallar sanbalı, bəzən də kəskinliyi ilə fərqlənərdi. Dili gözəl bilməsi, obrazlı düşünüb danışmağı bacarması, həm də, türklər demiş, dartışılan mövzunu dərindən öyrənib özünü tam inamlı aparması, tərəf-müqabilinə ürəyini boşaltmaq imkanı yaratması onun özəl məharətləri silsiləsindən idi. Bir çox müxbirlərdə müşahidə olunan söz kəsmək, öz fikrini hegemon saymaq, müsahibini gərəksiz yönləndirmək cəhdləri onda yox idi. Efir səsində – diksiyasında da məxsusi bir  yapışıqlıq vardı İlqarın.

İyirmi iki il öncə İlqar komitədə bizləri tərk edərək o vaxtki “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) redaksiyasına getdi. Aradabir görüşsək də, xoş sorağını tez-tez eşidirdik. Müxbir, baş müxbir, şöbə müdiri vəzifələrində çalışıb. Hər zaman xəbər janrının ustası olub, indi də elədir. Üstünə qoyub ki, əskiltməyib.

Adına İlqar dediyimiz “əlli yaşında cavan” arada bir il də “Vətən ocağı” qəzetinin baş redaktoru olub. Yaddaqalan nömrələr buraxıb. Sonra yenidən “Xalq qəzeti”nə qayıdıb. 1995-ci ilin dekabrından bugünəcən buradadır.

İlqarın tanınmış ictimai-siyasi xadimlərin həyatı və fəaliyyəti barədə bilgiləri dərindir. Bu mövzuda çox oxuyub. Ulu öndər Heydər Əliyevin böyük şəxsiyyətinə vurğunluğu isə əsaslı və təbii olması ilə diqqət çəkib.

Xatırladıqları: “Məndə Heydər Əliyev sevgisinin özünəməxsus tarixçəsi var. XX əsr, 70-ci illərin ortaları idi. Mərhum atam Gülağa Rüstəmov Lerik Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı. Nəhəng  sovetlər ölkəsində Sov.İKP-nin qurultayları, MK-nın plenumları televiziya ilə yayımlananda atam bu xəbərləri çox diqqətlə izləyirdi. Mənimçün qəribə o idi ki, hər dəfə Siyasi Büronun üzvlüyünə namizəd, sonralar Siyasi Büro üzvü olan Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevi rəyasət heyətində göstərəndə atam sevincək ayağa qalxaraq əl çalar, gözlərində sonsuz bir qürur hissi parlayardı. Bir dəfə təkidlə bunun səbəbini soruşanda cavabı çox qısa oldu: “Böyüyəndə bilərsən ki, Azərbaycan oğlunun SSRİ kimi nəhəng ölkənin siyasi hakimiyyətində yer alması nə deməkdir”. Açığı, uzun illər fərqinə varmadığım bu fikri yalnız 90-cı illərdə jurnalist fəaliyyətimdə dərk etdim... Ağlıma da gəlməzdi ki, bir gün tale mənə də bu böyük siyasi xadimin hakimiyyətə qayıdışını göstərəcək, mən də bir jurnalist olaraq ondan müsahibə ala biləcək və onun yorulmaz, gərgin siyasi fəaliyyətindən bəhs edən ən müxtəlif materiallar hazırlayacağam.

...1993-cü ilin sonunda Prezident Heydər Əliyev dövlət başçısı kimi xarici ölkəyə ilk səfərindən (Fransaya) bir gün əvvəl onu müşayiət edəcək jurnalistləri qəbul etdi. Mən də onların sırasında idim. Söylədiyi hər söz fəaliyyətimiz və davranışımız üçün bir proqram idi. “Unutmayın ki, dövlət nümayəndə heyətinin tərkibindəsiniz və hər biriniz orada gənc müstəqil Azərbaycan Respublikasını təmsil edirsiniz”. Və mənə ilk dəfə bu səfərdən qayıdarkən təyyarədə ulu öndərdən şəxsən müsahibə almaq şərəfi nəsib oldu...

Sonralar İlqar Rüstəmovun Fransa və Türkiyəyə səfərlərdən hazırlayıb “Xalq qəzeti”ndə dərc etdirdiyi məqalələr ən yüksək səviyyədə oxunub təqdir edildi. Onu Prezident Administrasiyasına çağıran dövlət müşavirlərindən biri bildirdi ki, “cənab Prezident sizin yazıları şəxsən oxuyub və onun adından təşəkkür etməyi tapşırıb. Belə də davam edin”. – Bu, təkcə Azərbaycan Prezidentinin deyil, dünyanın siyasət panteonunda özünəməxsus yeri olan böyük siyasi xadimin sadə bir jurnalistin yazısına göstərdiyi diqqət idi.

Sonralar İlqarın siyasi kumirinə çevrilən böyük şəxsiyyətə qarşı yönəlmiş və uğursuzluqla nəticələnmiş 1993-1995-ci illərdəki sui-qəsd, dövlət çevrilişi cəhdləri barədə seriya məqalələr qələmə aldı. Hər dəfə də onun barəsində nəsə yazanda ağlına gələn ilk fikir o olurdu ki, Prezident bu yazını oxuya bilər. Yenə də yuxarıda vurğuladığım məsuliyyət hissi!

Ustalıq, peşəkarlıq, bax, belə-belə cilalanıb, qələm belə-belə itilənib. Yeddi il bundan qabaq İlqar Rüstəmov Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Elə həmin il ümummilli liderin respublikamızın müstəqilliyini möhkəmləndirmək naminə gördüyü işlərdən bəhs edən “Çevrilişdən çevrilişə” kitabı nəşr olunub və maraqla qarşılanıb.

İlqar dünyaya gəlib böyüdüyü doğma diyardan da ara-sıra sanballı yazılar qələmə alır. “Lerikdə işıqlar daha sönmür” adlı yazısı, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr etdiyi reportajı xüsusilə yaddaqalan olub. Bu yazıların hər abzasından yurda bağlılıq, yurddaşlara məhəbbət  boy göstərir.

Mən “Xalq qəzeti”nin bölgə müxbiri kimi Lerikdə tez-tez oluram. Ara-sıra İlqarın dostları, tanışları ilə də görüşürəm. Hamısı xətrini əziz tutur, ziyalılar isə onunla iftixar duyduqlarını söyləyirlər. Təbiətin dilbər guşəsində qərar tutmuş “Təbəssüm” istirahət mərkəzinin sahibi Akif  Əliyev onunla bir sinifdə oxuyub. Mən İlqarın sayəsində Akiflə dostlaşmışam. İlqar heç vaxt dostları bir-birinə qısqanmaz, əksinə, onların isti münasibətlərindən mənəvi zövq alar. Çünki qəlbi genişdir.

Hər dəfə İlqardan söz düşəndə Akifin üzünə səmimi bir təbəssüm qonur. Onun mərdliyini, cəsurluğunu, sədaqətini göstərən örnəkləri dilə gətirir. Bunları eşitmək mənim üçün də xoş olur.

İlqar elə jurnalistlərdəndir ki, onun üçün mövzu məhdudiyyəti yoxdur. Universallığı aşkardır. Hər hansı sahədən az qala əsl mütəxəssis kimi yaza bilir. Savadı, biliyi, məlumatlılığı bəs edir ki, bütün mövzularda özünü suda balıq, zirvədə qartal kimi hiss eləsin.

Zirvə dedim, yadıma İlqarın “zirvə”də – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki göydələn oteldə, bilmirəm, yüz neçənci mərtəbənin eyvanında televiziya üçün verdiyi müsahibə düşdü. Onda demişdi ki, yerlə göyün birləşdiyi bu nöqtədə adam özünü Allaha daha yaxın hiss edir. (Lap Lerik dağlarında olduğu kimi). O, Məşhədi də ziyarət edib. Qatı dindar olmasa da, heç vaxt Allahsız iş görən də deyil.

Yeri gəlmişkən, İlqar həmin uca mərtəbədən öz fotokamerası ilə çəkdiyi bir mənzərə şəklini Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin keçirdiyi müsabiqəyə göndərmişdi. Nəticələr elan ediləndə məlum oldu ki, 1-ci yeri tutub və Londona üçgünlük səyahət yollayışına sahiblənib. Dumanlı Albiona səfəri onun üçün məhz o səbəbdən dəyərli idi ki, bu imkanı məhz jurnalist peşəkarlığı sayəsində əldə etmişdi. Xatırlayıram ki, Londondan alıb-gətirdiyi və bizlərə dadızdırdığı şokoladlar da elə onun öz söhbətləri kimi şipşirin, dadlı idi.

...Aylardır, illərdir ki, dostlarımdan biri mənim haqqımda nə isə yazmaq istəyir. Deyir, yarısı hazırdır, amma tamamlamaq üçün gərək oturub ətraflı söhbət edək, sənə bəzi suallar verəm. Mən də ona bu imkanı yaratmışam. Hələ də ortada bir şey yoxdur. Görünür, ya mən yaxşı “qəhrəman” deyiləm, ya da həmin dostum çox astagəldir. Amma özünütərif olmasın, mən bu yazını İlqardan xəbərsiz, birnəfəsə, eləcə yadımda olanları sətirlərin “sap”ına düzə-düzə ərsəyə gətirdim. Dost haqqında yazanda fakt toplamağa bir o qədər də ehtiyac olmur, məncə.

Yox, mən  onun mələk obrazını yaratmaq istəmədim. Sadəcə, bəzi portret cizgilərini çəkməyə çalışdım.

Dost üzü mübarək olar, deyiblər.

 

 

525-ci qəzet.- 2012.- 5 oktyabr.- S.6.