Akademik İzzət Orucova: İnsanlıq, qadınlıq, alimlik ünvanı

 

Neft kimyası sahəsində mühüm elmi uğurlar qazanmış texnika elmləri doktoru, AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri Həqiqət Cavadova ilə söhbətimizdə ondan bir xahişim oldu: Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, dövlət mükafatı laureatı, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor İzzət Orucova barədə xatirələrini bölüşməsini istədim.

Müsahibə üçün onunla elə İzzət xanımın iş otağında görüşdüm. İzzət xanımın elmindən, məsləhətlərindən, onun özünəməxsus dünyasından bəhrələnmiş alim qadınımız indi vaxtilə onun əyləşdiyi stolda əyləşir və bu böyük məsuliyyəti dərindən dərk etdiyini deyir. “İldə iki dəfə yığışıb İzzət xanımın məzarını ziyarətə gedirik. Bu bizdə adət halını alıb. İşdə onun adına halva çalıb, duz da salırıq. Onun bizim boynumuzda olan əməyini heç vaxt unutmaq olmaz”.

– İzzət xanım yüksək səviyyəli kimyaçı alimlərin  hazırlanmasına yüksək əhəmiyyət verirdi. Onun elmi rəhbərliyi altında  yetişmiş milli kadrlarımız  hazırda ölkəmizin müxtəlif elmi və tədris ocaqlarında çalışır, bəziləri xarici ölkələrdə işləyirlər. Mən də 20 ilə yaxın müddətdə təkcə görkəmli alim deyil,  gözəl insanla bir otaqda birlikdə çalışdığıma görə qürur hissi duyuram. 

O, 1932-ci ildə  Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra doğma şəhərdəki  Elmi-Tədqiqat Neft Emalı İnstitutunda laborant vəzifəsinə işə daxil olmuş və ömrünün sonrakı hissəsini neft kimyası elminə həsr etmişdi. İlk günlərdən yüksək keyfiyyətli sürtkü yağlarının işlənib hazırlanması məsələləri ilə məşğul olmuş, Azərbaycanda geniş təşəkkül tapmış yeni və mühüm əhəmiyyətli  elmi istiqamətlərdən olan aşqarlar kimyasının əsasını  qoyanlardan birinə çevrilmişdi. Ona şöhrət gətirmiş  elmi uğurlarını  məhz bu istiqamətdə qazanmışdı.

İzzət xanım işləyəndə SSRİ-nin tərkibində müttəfiq respublika olduğumuzdan bizdə bütün sənədlər rus dilində gedirdi. İzzət xanım o vaxt üçün rusdilli idi, çox yaxşı natiq idi. Ona ancaq mövzunu vermək kifayət idi. Hazırlaşmadan rus dilində, özü də elmi dildə elə gözəl çıxış edirdi ki...

O heç bir təmənnası olmayan azərbaycan qadını, alim, ziyalı idi. O vaxtı institutda elmlər namizədi kimi müdafiə edənlər rus dilində yazırdılar əsərlərini, elmi tədqiqatlarını, bəzən də dissertasiyaları Moskvaya Ali Attestasiya Komissiyasına təsdiq üçün göndərirdilər. Hər bir dissertasiya bir 150 səhifə olurdu. İzzət xanım institutda elə gənc alim yox idi ki, onların dissertasiyasını oxuyub redaktə eləməsin. Həm elmi tərəfdən redaktə edirdi, həm də rus dilində onun qrammatik səhvlərini düzəldirdi. Çox işlərin müdafiəsində opponent olurdu. Bu çox məsuliyyətli iş idi. Onun rəy verdiyi adamların işi Moskvada elmi təsdiqini alıb. İzzət xanım belə sadə alim idi.

– Əsl alim imiş də...

– Mən deyərdim ki, əsl insan idi. Çünki əsl insan hansı sahədə çalışmağından asılı olmayaraq orda öz yerini tapır. Neft və Kimya İnstitutundan gələnlər burada əvvəl laborant işləyirdilər. O deyirdi ki, mən gündə 18 nümunənin 100 dərəcə S-də tərkibini təyin edirdim. İndiki laborantlar  4-5 dənədən artıq edə bilmirlər. O cür işgüzarlıqla çalışırdı. Elmlər namizədi olub, elmlər doktoru olub, əməkdar elm xadimi olub. Söhbət yoxdur ki, bu və ya digər rütbələrin qazanılmasında ilk dəfə Sevil rolunda oynamağının rolu olub. Onu beynəlxalq konqreslərə dəvət edirdilər.  Adı Valentina Tereşkova kimi yüksək səviyyəli tanınmış adamlarla bir siyahıya düşmüşdü. Bilirsiniz, tutduğu vəzifəsini də, alimlik dərəcəsini də o qədər sadə qiymətləndirirdi, amma özü bilmirdi ki, kənardan çox qiymətli görünür.

Ayrıca kabineti ancaq direktor olanda olub, bura köçəndə də 4 nəfər işçi onunla əyləşirdik. Bizə bir cavan direktor müavini gəlmişdi, onda mentalitetə yaraşan etik hərəkətlər yox di. Zəng edirdi ki, İzzət xanım, gəlin yanıma. Bu bizə pis təsir edirdi. Ona dedim ki, “İzzət xanım, siz onun ayağına gedirsiz, bu nə deməkdir? Bir dəfə əlinizi stola vurun, ona göstərin ki, siz İzzət xanımsız”.  Mənə dedi ki, “Həqiqət, bu sadəliyimlə həyatda heç nə itirməmişəm”. O cümlə də mənim beynimə həkk olunub.

İzzət xanım qələmi kağızın üzərinə qoyanda, səhifə bitməmiş  əlini vərəqdən qaldırmırdı. O qədər sinədəftər idi ki... Təsəvvür edin, respublikanın zavodlarında istehsal olunan yağlarla əlaqədar bütün sahələri, hansı sexdə hansı proseslər gedir hamısını əzbərdən bilirdi. Axı qabaqlar istehsalatla elmi müəssisələrin birgə fəaliyyəti çox geniş idi. İndi bizi zavodun heç içinə də buraxmırlar, müdirləri heç qəbul da eləmirlər. Bir də,  heç o sahəni bilməyən adamları ki, direktor təyin ediblər, mənimlə nə danışacaqlar, bilmirəm. İzzət xanımın hər hansı gördüyü elmi iş zavodlarda öz tətbiqini tapıb. Aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələr əldə etmişdi. Müxtəlif sahələrdə ehtiyac duyulan yüksək nəticələrə malik bir neçə aşqarın yaradılmasına və onların istehsal texnologiyasının işlənib hazırlanmasına gərgin  yaradıcı əmək sərf etmişdi. Nəticədə Azərbaycan Kimya İnstitutunun laboratoriyasında işlənib hazırlanmış və SSRİ adlı böyük ölkənin müxtəlif sənaye sahələrində tətbiq edilmiş aşqarların müəlliflərindən biri də məhz İzzət xanım Orucova olmuşdu. O işlərin bəzilərinin tətbiqi ilə əlaqədar o vaxt Stalin Mükafatı alıblar bizim alimlərimiz.

  Ondan hansı peşə vərdişlərini əxz etmisiz?

– Mən indi öz-özümə təəccüb edirəm ki, bu rəqəmlər necə yadımda qalır. O mənə bir dəfə dedi ki, Həqiqət, çalış rəqəmləri yadında saxla. Bax indi qızlar təyin edir nəyisə, bəzən onlardan rəqəm soruşanda deyirlər, dayan dəftərə baxım. Mən onu əzbərdən deyirəm. Görürsünüz, onun mənə tövsiyəsi saatın xoş vaxtına düşüb, Allahtaala bunu mənə onun əlilə verib. Yaşayış, təbiət belədir də, kiməsə nəsə bəxş edir...

Özünün şəxsi xoşbəxtliyindən danışmazdı. Çox dərdli qadın idi. Repressiya illərində həyat yoldaşı Möhsünü sürgün edəndə boşanmağa məcbur olublar. Çünki o vaxt adamları sürgünə ailəsi ilə birgə göndərirdilər. Sürgünə getməsin deyə bu yolu seçmişdilər. Sonra Möhsün bəraət aldı, gəlib Mingəçevirdə baş həkim işlədi. Onlar həyat yoldaşı kimi yox, dost kimi qaldılar. Hər ikisi yeganə oğulları Yılmazın naminə hər şey edirdilər. Oğlu fizika üzrə elmlər namizədi idi. O rəhmətə gedəndə İzzət xanım artıq vəfat etmişdi. Yaxşı ki, bunu görmədi. Nəvələri köçüb Amerikaya. Burada indi bacılarının, qardaşlarının uşaqları var.

Sadə bir ailədə doğulmuşdu. Atası bağban idi. Ailənin böyüyü olduğundan mümkün qədər   qazanıb bacılarına, qardaşlarına edib. Onlar üç bacı idilər, üçü də Lenin ordeni almışdı. Bacısı Tamara Razində 6 nömrəli uşaq xəstəxanasının baş həkimi idi. Cavahir isə uzun illər Kitabxanaçılıq Texnikumunda direktor olub.  Qardaşı Faad yaxşı arxitektor, Munib isə orta məktəbdə riyaziyyatdan dərs deyirdi. Yığcam, savadlı ailə olublar.

– Sizə acıqlanan vaxtı olurdu?

– Qorxurduq ondan, öz hörmətinə görə, həm də müdirimiz idi də... Bir dəfə  acıqlanmışdı. Dedik İzzət xanım sizə çay süzək, dedi yox, özüm süzəcəm. Həmişə kimyəvi stəkanda çay dəmləyirdik. Həmin gün təsadüfən stəkanda bir kimyəvi məhlul hazırlamışdıq. O da bilmədən həmin məhluldan öz sətəkanına dəm çayı kimi süzüb, üstünə də su alıb gəlib oturub. Elə çayı ağzına almışdı: “oy, oy” dedi. Biz güldük. Özü də bizə qoşuldu və dedi, “day küsmərəm sizdən bundan sonra”.

Mədəaltı vəzisində problem var idi. 5 nömrəli xəstəxanada cərrahiyyə əməliyyatı eləmişdilər onu. Elə o xəstəlikdən bir neçə il keçəndən sonra rəhmətə getdi. Xəstəxana ilə bizim evimiz üzbəüz idi. Mən hər gün gedib ona dəyirdim. Bir gün qonaqlarımız olduğundan gedə bilmədim. Sabahısı gün mənə dedi ki, “Həqiqət, dünən hər qapı açılanda səni gözlədim”.

– Siz indi onun stolunda əyləşmisiz. Özünüzü necə hiss edirsiz?

– İzzət xanım bu laboratoriyanın rəhbəri idi. Bir var o mənim əlimdən tutub aparıb, elə olmayıb... mən özüm də çox çalışan, işlək olmuşam. O deyirdi məndə nə varsa öyrənin.  Mən də indi qızlara deyirəm ki, nə var mənim stolumda, icazə verirəm öyrənin. O institutda təhsil alarkən Cəfər Cabbarlı  ailə vəziyyətini bildiyindən onu aparıb Kinostudiyada “maşinistka” işinə qoymuşdu.  İzzət xanım o maşınkada bilirsiz necə yazırdı? O bir yerə gedən kimi tez otururdum maşınkanın arxasında, öyrənirdim. Nəyi qoyub gedirdi onları oxuyurdum, başlayırdım mənimsəməyə. İnsanın özündən çox şey asılıdır. Nəyə görə edirdim bunu? Ətrafımda bilik dərəcəsində məndən üstünləri var, söz yox. Amma elə adamlar da var ki, İzzət xanımdan sonra sabah onların rəhbərliyi altında işləyəcəyimi düşünəndə özümə yazığım gəlirdi. İzzət xanım nə insan kimi, nə də alim kimi paxıl deyildi. Böyük şəxsiyyət idi də, nə başınızı ağrıdım. 

– Necə oldu sizi ensiklopediyaya müəllif kimi götürdülər?

– İzzət xanım o ensiklopediyanın redaksiya kollegiyasının üzvü idi. Redkollegiyanın üzvləri gərək bütün sözönünü oxuyub  imzalarını qoyaydılar. Rusdilli olduğundan bütün materialları oxumaq üçün mənə verirdi. Düzəldirdim, redaktə edirdim, axırda bir dənə möhürünüı vurub imza atırdı. Bir dəfə dedim: İzzət xanım bir-iki dənə burda şey var, mən bilən düz deyil. Mənə dedi ki, bilirsən nə var, sən elə özün get redaksiyaya, aydınlaşdır.  Bu işə də rəhbərlik edən Mirzə Babalı çox savadlı adam idi. İşimdən razı qaldığından məni  ştatdankənar müxbir kimi işə götürdü. İzzət xanım bu işdə də mənə təkan  vurdu. Həm işimi çatdırır, həm də uşaqların təhsili ilə bağlı ora-bura qaçırdım. Mənim işgüzarlığımı çox qiymətləndirirdi.

– Gözəl qadın idi?

– Doktorluq müdafiə edəndə gördüm İzzət xanımın qanı qaradır. Səbəbini soruşdum. Dedi ki, “Həqiqət, dünən Yılmaz mənim başıma oyun açıb. Evdə mənə deyir ki, sən orda çıxış edəndə çox ədalı, işvəkar görünürdün”. Deyim ki, bu qadının təbii olaraq canında, təbiətində var idi bu işvəkarlıq, özü yaratmırdı bunu. Hələ yerişini demirəm. Həmişə kabloklu tufli geyinərdi. O gedəndə, deməzdin 70 yaşındadır. Bizim alimlər deyirdi ki, İzzət xanım kənardan 18 yaşında qız kimi görünür.

Bir yerdə yeyib-içirdik. Yeməyi çox az idi, pendir çörək, kolbasa. Balaca buterbrod edərdi. Demək olar ki, həftədə iki-üç dəfə özünü çəkdirirdi. Deyirdi, 150 qram kökəlmişəm. Deyirdim, İzzət xanım çay içmisiz də...

Sovet İttifaqının 50 illiyi ilə əlaqədar kitabını hazırlayırdılar. Fotosunu o kitaba salmaq üçün Moskvadan Litvin adında fotomüxbir gəlmişdi. Mən getdim o kişini birinci mərtəbədən gətirməyə. Qayıdıb otağa girəndə İzzət xanımı tanımadım. Bir az kosmetikadan istifadə eləmişdi, o qədər  gözəl görünürdü, elə bil işıq saçırdı. Bax, o görünüş mənim yaddaşımda həkk olunub.

İndi sizə bir şey deyəcəm, qəzetdə bunu mütləq yazın. 1928-ci ildə Cəfər Cabbarlının ssenarisi əsasında “Sevil” filmi çəkiləndə eyni epizodda həm İzzət xanım, həm də erməni qızı Nora Arzumanova çəkilir. Sınaq çəkilişində İzzət xanım gözəl olmasaydı, Sevil rolunda erməni qızı çəkiləcəkdi. Bu filmdə erməni oynasaydı, indi siz fikirləşin, necə olacaqdı? Biz öz doğma Sevilimizi itirəcəkdik...

 

lll

 

Həqiqət xanım illərlə əziz bir xatirə kimi qoruyub saxladığı qovluğu stolun üzərinə qoyur. İzzət Orucovaya məxsus saralmış qəzet parçaları və fotolarla məni tanış edir. Gözüm sağlığında verdiyi müsahibələrdən birinə sataşır: “Təcrübələr, hesablamalar, nəticələr! Laboratoriyada edilən ilk “eskizlər” yavaş-yavaş gələcək əsərə çevrilir. Lakin elm aləminin, alimlər kollektivinin əsəri oxucuların deyil, mürəkkəb proseslərin, böyük təzyiqlərin imtahanından çıxmalı olur. “Sabah sınaqdır!” Bilirsiniz bu nə deməkdir? İşi sınaqdan keçirilən alim, mühəndis, hər hansı bir kollektivin üzvü üçün bu əmək poeziyası ilə dolu bir aləmdir. Burada elə bir poeziya vardır ki, onu çap edib oxumaq olmaz, onu yalnız duymaq, dərk etmək olar. Bunun üçün isə əməyini, işini sevməlisən, ona böyük ürəklə vurulmalısan. Mən öz peşəmi belə sevirəm”.

 

 

Saminə HİDAYƏTQIZI

 

525-ci qəzet.- 2012.- 5 oktyabr.- S.7.