Yaşar Qarayev əxlaqı
Aradan
illər keçib, onun kədərli gözlərini indi də
unuda bilmirəm.
Bəlkə də Yaşar müəllim həyatda gördüyüm ən kədərli alimlərdən biriydi. Üzündə-gözündə gəzdirdiyi bu kədər müdriklik-ariflik işığında daha da gözəl və halal görünürdü.
Ancaq onun mutluluq məqamları da yadımdadır.
Ənənəvi akademik üslubu mükəmməl bilən bu böyük insanın gözlənilməz fikirdən, obrazlı ifadədən, aforostik deyimdən Sokrat alnı işıqlanırdı, üzü-gözü nurlanırdı.
Təbiəti seyr etməyi, xüsusən yayda Şəkidə olmağı çox sevərdi. Şəhər tünlüyü, məmurluğun yeknəsəkliyi və yaradıcılıq intensivliyi ona bu imkanı az verirdi. O, təbiət qoynunda tənhalığın, yalnızlığın mutluluğunu yaşayırdı, içindəki şairliyi boy verirdi. Bir dəfə Marxalda ağacların üstüylə sürünən dumanı mənə göstərib nəyə bənzədiyini soruşdu. Bu gözlənilməz suala tələsik nəsə uydurub dedim. Yaşar müəllim: “yaxşı bax, uşağın iməkləməsinə bənzəmirmi?”-dedi. Məhz təbiətdə içindəki sükutun və hüzurun səsini eşidə bilirdi, fikirlərin ehtiraslı nəfəsini duya bilirdi.
Yaşar Qarayev filoloji təhkiyəmizi “bənzərsiz bədii ədası” ilə zənginləşdirmişdi. Mənə hərdən elə gəlir ki, Bəxtiyar Vahabzadənin poetik priyomları hardasa Yaşar Qarayevin filoloji təfəkkürü və yazı üslubu üçün də işlək idi. Fəlsəfi antinomiyalar, ritorik suallar, fəlsəfi ümumiləşdirmələr Yaşar Qarayevin də düşüncə strukturu üçün səciyyəvidir. O inanırdı ki, yazıda fikir, deyim “nə qədər poetikdirsə, bir o qədər də inandırıcıdır”(Novalis).
Onun ifadə üslubunu, yazı sintaksisini bu gün də yamsılamaq mümkünsüzdür, istənilən istedadı bu yolda acı məğlubiyyət gözləyir.
O, keçmişi də mütləq bu günə, “indi” müstəvisinə keçirirdi, yaxud keçmişi bu günlə əlaqələndirirdi. Bütün şəkililər də olduğu kimi epik zamanın epik keçmişin olunması onun əsərlərində bədii zamanın təşkilinə də təsirsiz ötüşmürdü. Xatırladığım bir-iki örnəyi gətirim. Məsələn, Füzulinin 500 illiyi ilə bağlı çıxışında deyirdi:
“Lakin tarixi faktlar sübut edir ki, İraqdan İstanbula və Ankaraya Füzuli ilk dəfədir ki, bu gün -500 yaşında gəlir”; İlyas Əfəndiyevin pyesi ilə bağlı bir məqaləsində yazırdı ki, “dramaturq tarixi obrazları da öz müasir əxlaq və mənəviyyat aləminin güzgüsündə əks etdirir. Təkcə tarixdəki Natəvanı yox, ölümündən sonrakı tarixdə (milli-mənəvi yaddaşda!) yaşamaqda davam edən Natəvanı bizə göstərir”.
O, tarixi sadəcə olmuş hadisələrin və faktların toplumu, keçmişin xronoloji ardıcıllığı kimi deyil, milli-mənəvi, əxlaqi yaddaş kimi qəbul edirdi. “Tarix” və “mənəvi yaddaş” anlayışlarını eyniləşdirdi. Onun üçün tarix milli-mənəvi sərvətlərdən biri idi. “təkrarsız milli-mənəvi sərvətimiz təbiətlə yanaşı, həm də tarixdir. O keçmişə yox, bizə məxsusdur. O özü dünənə çevriləndə yox, biz onu unudanda tarix olur. Tarixin əbədi-mənəvi diriliyi-onun fasiləsiz əxlaqi tərbiyə və təsir qaynağı olmasındadır. Tarixdən istifadə etməyən yeraltı sərvətindən, təbii enerji ehtiyatlarından, meşələrindən və çaylarından istifadə etməyən xalq kimi köməksiz və yoxsuldur”.
Ana dilinə “ən müqəddəs sərvət” kimi baxırdı. Əlifbamızın, dilimizin problemləri ilə bağlı bir neçə məqaləsi də var. “Tarix: yaxından və uzaqdan” kitabında bir fəsli belə adlandırmışdı. “Dildə daşlaşan və yaddaşlaşan tarix: xalqın soy adı, ana dili, baba yazısı”,”təmiz ana dili olmasa, milli mədəniyyət, milli suverenitet gərəksiz və artıq bir şey olar”.
Ona görə də, ədəbiyyata, tarixə, hətta əlifbaya da mənəvi və əxlaqı dəyərlər kontekstində qiymət verməyin tərəfdarıydı. “Əlifba mənəvi mədəniyyətin, milli yaddaşın cismləşməsi, etnik dəyərin maddi vücud kəsb etməsidir”.
O, Azərbaycan ədəbiyyatını ömrünün və millətin ən ali mənəvi sərvəti hesab edirdi. Onun fikrincə alimin, ədəbiyyatşünasın müqəddəs borcu bu sərvəti etnik toplumun ruhsal tərbiyəsinə, milli mənəviyyatın mühafizəsinə səfərbər etməkdir və ədəbi tənqid və ədəbiyyatşünaslıq bu borcu nə qədər tez həkk etsə, onun ədəbiyyat qarşısında, ədəbiyyatın isə zaman və millət qarşısında məsuliyyəti artar.
Yaşar müəllim yazılarında, çıxışlarında “Şəxsiyyət” anlamına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, yazılarının və kitabının birini belə adlandırmışdı: “Şəxsiyyət-meyardır”, “Vətəndaş”, “şəxsiyyət” və “ziyalı” məhfumların bir çox hallarda sinonim kimi işlədirdi və bu mənaları bir dəyər birləşdirirdi- tarixi-mənəvi yaddaşa malik olmaq! Vətəndaşı səciyyələndirən əsas psixoloji əlamət isə narahatlıq idi. “Vətəndaş narahatlığı” Yaşar müəllimin sevdiyi ifadələrdəndir.
Zahirən həmişə sakit görünən, heç vaxt emosiyasını üzə vurmayan bu müdrik kişi cəmiyyətdə, ədəbiyyatda gedən proseslər, mənəvi dəyərlərin aşınması ilə bağlı narahatlığını gizlədə bilmirdi.
Yaşar Qarayev fəlsəfəsinin təməl dəyərlərindən biri də zaman kateqoriyası idi. Kim onun kabinetində olubsa, yəqin ki masasının üstündəki bir lövhəni yaxşı xatırlayır: “Vaxt sərvətdir” sonun yaşam dünyasında, düşüncə sistemində zaman məkandan üstün mövqeyə, üstün dəyərə malik idi, hətta mən deyərdim ki, məkan ikinci dərəcəli meyar idi. O, həmişə iç məkanını dış məkanların müdaxiləsindən, zorakılığından qorumağa çalışırdı.
İstənilən məkan (elmi konfransda, iclasda, evdə, dağda-bağda, İstanbulda, Şəkidə) Yaşar Qarayevin iç zamanına tabe olurdu, yəni “indiki zaman”da olurdu.
Klassik mətnlərə də zaman kontekstində məna verirdi, mətnlərin zaman üzrə hərəkəti- dövriyyəsi ona mədəni “miqrasiyanı” anlamağa kömək edirdi. “Xəmsə”, “Kitabi-Dədə Qorqud”, “Kəmalöddövlə məktubları”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Hophopnamə”... kimi mətnlərin zaman dövriyyəsi məhz milli mətn mədəniyyətimizi və mənəvi sərvətimizi yaratdığına və formalaşdırdığına inanırdı.
90-cı illərdə bir məqaləsinin adı diqqətimi çəkmişdi: “Cəsarət sərvətdir”. Mütəfəkkir ümid edirdi ki, zamanların kritik məqamlarında şəxsiyyət mifi yaranır və yalnız şəxsiyyətlərin, ziyalıların cəsarəti milləti mənəvi aşınmalardan qoruya bilər. O, cəsarətin mənəvi dəyər, əxlaqi sərvət olduğunu topluma çatdırmaq istəyirdi.
Elə həmin dövrdə Milli Elmlər Akademiyasında qafalarına “demokratiya, yenidənqurma” havası ilə bir qrup “cəsarətli” peyda olmuşdu, küncdə-bucaqda böyük alimin dalınca danışır ona qarşı intriqalar, şantajlar qururdular. O, isə “olimp” sakitliyini qoruyur, başını aşağı salıb klassik məqalələrini yazırdı. Səhv etmirəmsə, “Tarix: yaxından və uzaqdan” kitabını nəşrə hazırlayırdı. Azərbaycan ədəbiyyatı tarixinin yeddi cildliyi üzərində düşünürdü. Təəssüf ki, onun ancaq bir cildini görə bildi. O “qapıda hansı minilliyin” (O.Mandelştam) olduğunu yaxşı bilirdi. Bizim isə böyük ustadımızı qorumağa gücümüz çatmırdı.
Bunun ağrısını indi də çəkirik...
Rüstəm KAMAL
525-ci qəzet.- 2012.- 6 oktyabr.- S.27.