Yaddan çıxmır Nüsrət
Kəsəmənli...
Nüsrət Kəsəmənli mənim
bu dünyada ŞAİR adına gördüyüm birinci şəxs idi.
1966-cı ildə,
fevral ayında Bakıda
yuxarı sinif şagirdlərinin respublika toplanışına
gəlmişdik. Nüsrətlə orada tanış oldum. O,
hamının diqqətini özünə cəlb eləmişdi.
Təkcə oxuduğu şeirlərlə yox,
ağıllı, məntiqi söz-söhbətiylə. Ətrafında
qızlar əksik olmurdu və mən deyim ki, bu vəziyyət-bu
ünas tayfasının Nüsrətlə
daimi “diplomatik” ünsiyyəti ömrü boy davam elədi.
1967-ci ildə mən ADU-nun filologiya fakültəsinə
daxil oldum. Nüsrət Eyyubov da (o zaman hələ Kəsəmənli
deyildi) o fakültəyə daxil olmuşdu, amma jurnalistika
şöbəsinə. Çox zaman leksiyalarda bir yerdə
olurduq. Təbii ki, tez-tez görüşürdük. Hərdən
ona qoşulub şeir məclislərinə gedirdim. Nüsrət “Heyf o sevgiyə” şeirlər kitabını (2000 ) mənə belə bir
avtoqrafla təqdim eləyib: “Ədəbi aləmdən şəxsən
ilk və qədim dostum Vaqif Yusifli üçün müəllifdən
xatirə. 30 may 2000”.
Nüsrət Kəsəmənli
həmişə populyar şair olub. Özü də müvəqqəti,
bir zaman kəsiyinin populyar şairi yox. Bu
populyarlığı ona poeziyası
qazandırmışdı. Yadımdadır ki, Nüsrətin
şeirləri cavan qızların, oğlanların şeir dəftərlərinin
bəzəyi idi, sevən oğlan və qızlar
görüşə gedəndə çox zaman Nüsrətin
şeir kitablarını özləriylə aparırdılar.
İndi Nüsrətin ölümündən altı il keçsə də, o şeirlər
yenə də sevilə-sevilə oxunur, əzbərlənir.
Deməli, XXI əsrdə də, həqiqi sevginin qıt
olduğu bir zamanda da o şeirlərsiz keçinmək olmur.
Amma mən Nüsrəti təkcə sevgi şairi kimi təqdim
etmək istəmirəm.
Nüsrət Kəsəmənli
ədəbiyyata altmışıncı illərin
sonlarında gəlmişdi. Tanınmış şair-ədəbiyyatşünas
Qasım Qasımzadə “Azərbaycan gəncləri” qəzetində
Nüsrətə “Uğurlu yol” yazmışdı. Onda
Nüsrət özünə səhv eləmirəmsə,”Eldost”
təxəllüsü götürmüşdü.Amma bu, uzun
çəkmədi, az sonra Nüsrət Kəsəmənli
imzası hamının diqqətini özünə cəlb
etdi.
Altmış-yetmişinci
illərin şeir gecələrini, poeziya axşamlarını
xatırlayıram. Onda indiki kimi deyildi, hamı poeziya havası
ilə yaşayırdı,indiki kimi saysız-hesabsız kitab təqdimatları
keçirilmirdi, şairlərin ünvanına şit təriflər
söylənilmirdi. Nüsrət Kəsəmənli o şeir
gecələrində həmişə axırıncı
çıxış eləyənlərdən biri
olurdu.Alqışların hamısını yığıb
aparırdı özüylə.. O, şeir deyəndə tamam
dəyişirdi, oradakı hisslərlə, duyğularla
yaşayırdı.
“Sevgi şairi”,
“təbiət şairi”, “cəmiyyət şairi”... Çox
zaman şairləri qələmə aldıqları
mövzularına görə bölgülərə
ayırırlar, seçirlər, fərqləndirirlər. Belə
çıxır ki, “sevgi şairi” ancaq sevgidən, “təbiət
şairi” ancaq təbiətdən, “cəmiyyət şairi” isə
ancaq cəmiyyət hadisələrindən yaxşı yaza bilər. Bu
yalnış mülahizəyə görə Nüsrət Kəsəmənli
də sırf sevgi şairi kimi təhlil və şərh
olunmalıydı və tənqidçilər də onun
yaradıcılığına elə bu nöqteyi-nəzərdən
yanaşırdılır. Yeri gəlmişkən deyim ki,
Nüsrət Kəsəmənli poeziyası
sağlığında ədəbi tənqidin gündəmində,
daimi diqqət mərkəzində olmadı. Biz Nüsrətin
poeziyasına vaxtında qiymət verə bilmədik. Tək-tük
yazılarda isə onun sevgi şeirlərində cəmiyyətin
əks-sədasını axtardıq. Ancaq bütün bunlara
görə heç də təəssüflənməyə
dəyməz, çünki Nüsrət Kəsəmənlinin
poeziyası dünənin yox, həm də bu günün
poeziyasıdır.
İçimdən qəm ilməli
Əriş-arğac keçibdir,
Sevinc yarıtox gəlib,
Qəm yapıac
köçübdür.
Sel olan göz yaşımı
Bir ehtiyac içibdir.
Tanış olaq, oxucum,
Tanış olaq: Bu mənəm.
Nüsrət Kəsəmənlinin
“Avtoportret” şeiri onun keçdiyi həyat yolunu, mənəvi
dünyasını, bir cəmiyyət adamı kimi sosial
mövqeyini az da olsa, açıqlayır (hərçənd
ki, bir şeirlə şairin dünyasını tam bəlirləmək
heç də mümkün deyil, çünki şairin
dünyası şeirlərindəki görünən
dünyadan daha mürəkkəbdir). Amma hər halda
“Avtoportret” şeirində onun bəzi cizgiləri öz əksini
tapıb:
Əllərimi uzadıb
göylərə kök atıram
“Şeş”i nəzərdə tutub
həmişə yek atıram
Mən şeir yazmıram ki,
ürəkdən yük atıram
Tanış olaq, oxucum,
Tanış
olaq, bu mənəm.
Nüsrətin poeziyasında lirik “mən”
- şair obrazı çox qabarıq nəzərə
çarpır. Bu poeziyada
elə bircə Qəhrəman- bircə Obraz var, o da Nüsrət
Kəsəmənli özüdür. Onun keçdiyi həyat
yolu, yaşadığı hisslər və duyğular bu
obrazda öz əksini tapmışdır: atalı-analı
ola-ola atasızlığın, anasızlığın
cövrünü çəkən Nüsrət tələbəlik
illərinin coşgun, qaynar anlarını yaşayan, dərslərdən,
mühazirələrdə, mühazirələrdə az-az
görünüb daha çox yaşayıb-şeirlə nəfəs
alan, bir çox sevgi macəralarının qəhrəmanı
Nüsrət - poeziya aləmində özünü təsdiq
etməyə çalışan, “zamanı” duelə
çağıran Nüsrət - içində iki “mən”i, iki dünyası olan,
öz-özünə qalib gəlib, öz-özünə məğlub
olan Nüsrət - həyatda qazandığından çox
itirdiyinə təəssüflənən Nüsrət... Bir
sözlə, əsl şair ömrü, şair taleyi.
Yalan məhəbbətlə
“baxt” güldürməkdən
Usandım mən
daha,
Bezikdim daha
Görüş
yerlərində vaxt öldürməkdən
Əsl məhəbbətə
gecikdim daha.
Geriyə
qayıtmaq asan iş deyil,
Çıxdığım
pillələr uçulub gedib.
Zamana mən necə atdan düş deyim,
Cilovu əlimdən
açılıb gedib.
“Zamanı duelə çağıran
bir şairin hər dəfə keçilmiş ömür
yoluna təəssüflə nəzər yetirməsi təsadüfü
deyildi. Həmin illərin
poeziyasında bu cür etiraflar tez-tez səslənirdi.
Maraqlıdır ki, bu etirafları dilə gətirən
şairlərin hamısı elə bil, harasa tələsirdilər.
Nüsrət deyirdi ki: “Şimşəkdən qanad al, yolun
uzaqdı, Hələ neyləmisən, ömür
yarıdı. Səni gedəcəyin son mənzilə də.Şeirin
qanadında aparmalıdı”. Bu şairlərin hər biri Zirvəyə
tələsirdi - Poeziyanın zirvəsinə, Ömrün zirvəsinə!
Əlbəttə onların bir çoxu Zirvəyə gedən
yolda büdrədi, bəziləri Zirvənin lap
yaxınlığında oldu, amma ora ucala bilmədi, bəziləri
isə iddia və imkan arasındakı təzada qurban getdilər.
Bəs Nüsrət? Nüsrət hər halda poeziyada öz
cığırını açdı, bu
cığırı YOLa çevirə bildi.
Belə bir fikir
var ki, dünyada nə qədər şair olursa, o qədər
də fərdi üslub, yazı manerası var... “Qoy lap
qurbağanın nəğməsi olsun, dünyaya təzə
bir nəğmə ver ancaq” (Sergey Yesenin). “Üslub -
bütün üslubların yaddan
çıxarılmasıdır” (Jül Renar). Əlbəttə,
söhbət qromofon yazarlardan yox, əsl şairlərdən
gedir. Üslub yaradıcılıqda özünü təsdiq
etmək deməkdir.
Nüsrət Kəsəmənli
də ədəbiyyata gələndə poeziyaya təzə
bir nəfəs gətirdi. Bütün şairlər sevgidən
yazırdı, hamı eşqi, məhəbbəti tərənnüm
edirdi, hamı sevgilisinin camalını vəsf edir ya da hicran
alovlarında yandığından söz açırdı.
Nüsrət isə sevgini, konkret olaraq iki gəncin münasibətini
heyrət və tərənnüm, gözəlin vəsfi
üzərində yox, sevgi iztirabları üzərində
köklədi. İlk sevginin uğursuzluğu onun bütün
şeirlərinin motivinə çevrildi. Əlbəttə, bu
motiv digər şairlərin də şeirlərində
işlənmişdir. Ancaq Nüsrətin sevgi poeziyasında
iztirab, ayrılıq-həsrət və bundan doğan kədər
duyğuları eyni not üstündə köklənmir, rənglər,
çalarlar müxtəlifdir. Dahi alman filosofu Hegel deyirdi ki,
sevmək - özünü unutmaq deməkdir, əgər sən
sevirsənsə, deməli, başqasına çevrilirsən.
Bu zaman “Leyli və Məcnun”unda bu fikir öz klassik həllini
belə tapıb:
Məndə olan
aşikar sənsən,
Mən xud yoxam, ol ki, var sənsən!
Daim sənə
məndədir təcəlli.
Mən ğeyrdən
olmuşam təsəlli.
Gər mən, mən
isəm, nəsən sən, ey yar?
Vər sən sən
isən, nəyəm məni-zar?
Əlbəttə, sufilik fəlsəfəsindən
gələn bu anlam Füzulidən əvvəl və sonra
klassik poeziyada əsas motivlərdən biri olmuşdur. Ancaq təbii ki, zaman o zaman deyil, məhəbbətə
münasibətdə də klassik Aşiq-Məşuq
çevrəsi dəyişilmişdir. Bu dəyişmədə
paradoksallıq da nəzərə çarpır. Əgər
“Leyli və Məcnun”a diqqətlə nəzər yetirsəniz,
Məcnunun heç bir etirafının şahidi
olmazsınınz. Məcnun ancaq sevir və bu sevgi - Leyliyə
olan məhəbbəti onu ucaldır. Məcnun
üçün bu cür etiraflar bəlkə də çox
adi səslənərdi:
... De necə qayıdım, hansı üz
ilə?
Başlamaq olarmı ömrü yenidən?
Aradan məhəbbət körpülərini
Özüm öz əlimlə
uçurmuşam mən,
Başlamaq olarmı ömrü yenidən?
Baxdım məhəbbətə əyləncə
kimi
Məhəbbət mənimlə əylənib
demə
Sənin billur kimi təmiz eşqini
Vəhşi hisslərimçün
çevirdim yemə,
Məhəbbət mənimlə əylənib
demə.
Sənə söylədiyim şirin
yalanlar
Ölən məhəbbətin
acısı oldu.
Qəlbimdə bir sevgi qəbristanı var,
Qollarım oraya uzanan yoldu,
Ölən məhəbbətin
acısı oldu.
Fikirləşirsən ki, Məcnun belə
deməzdi. Amma bu, XX əsrin məhəbbətidir. Məhəbbət
deyilən insani münasibətin bütün kompleksləri
burada( eləcə də bir çox sevgi şeirlərində)
iştirak edir: güman, şübhə, qısqanclıq,
etiraf, tövbə, itirilmiş səadətin acısı, təəssüf...
Bax, bu mənada Nüsrət Kəsəmənlinin məhəbbət
lirikası fərdin daxili dünyasının- sevən qəlbin
bütün gözəgörünməzlərini üzə
çıxarırdı. Bu sevgi etirafları yalnız “mən”
və “sən” arasındakı münasibətlərdən
daha geniş idi. Məlumdur ki, sevgi anlamı təkcə insan
hissləri və duyğuları ilə məhdudlaşsaydı,
hüdudları tükənərdi. Yenə də “Leyli və
Məcnun”u xatırlayaq- Məcnunun üz tutduğu məkan səhra
idi, dərdini bölüşdüyü isə vəhşi
heyvanlar. Klassik poeziyada sevgi və təbiət, məhəbbət
və dünya motivlərinin vəhdəti haqqında çox
danışmaq olar. Ümumiyyətlə, dünyada sevgi ilə
ilişgisi olmayan heç bir nəsnə yoxdur...
Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr
sönməz
Bu yağış buludun yükü deyil
ki,
Bu yağış bir simurq tükü
deyil ki
Yandırsan ömür-gün qayıda
geri.
Nüsrətin bu şeirində (“Gecikdi bu
yağış”) Yağış obrazı gecikmiş bir
sevginin təcəssümünə çevrilir. Gecikmiş
sevgi insana xoşbəxtlik gətirmir, həmişə təəssüf
hissi doğurur, yağış da gec yağanda, vaxtında
yağmayanda torpaq zillət çəkir. Gecikmiş
yağış həm də ölən xatirələrə
bənzəyir.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər
sarala qaldı
Vaxtında yağmadı,
Nur çiləmədi,
Buludlar qarala-qarala qaldı
Məni bu günündə soraqlama sən
Məni dünənində taparsan indi.
Bəzən kitab arasında qurumuş bir ləçək
də qəmli xatirələr oyadır. Bu ləçək
qürub etmiş sevgi ilə quruyub solan gül arasında
assosiasiya yaradır:
Görən kim dəfn edib bu son ümidi?!
Sən ondan saralmış xatirə istə.
Bir ölmüş sevgiyə əklil
kimidir,
Quruyub məhəbbət qəbrinin üstə...
Nüsrətin 90-cı illərdə sevgi
şeirlərində də eyni motivlər davam etdirildi. Lirik qəhrəmanın
kədəri- sevgilisinin ondan uzaqlığı, biganəliyi yenə əksər
şeirlərin mövzusuna çevrildi. “Sevgi adlı bir
kitabam, Sənin kitabın deyiləm” misraları son sevgi
şeirlərin də əsas leytmotivi kimi nəzərə
çarpırdı.
Nüsrətin sevgi şeirlərinin əksəriyyəti
öz ritmik və melodik xüsusiyyətlərinə görə
dərhal seçilir, onların bəstəçiləri cəlb
etməsi, əbədi mahnı ömrü yaşaması da
bununla bağlıdır.
60-90-cı illər Azərbaycan poeziyasının ümumi mənzərəsi
belə bir fikri söyləməyə haqq verir deyək ki,
poeziya o illərin bədii- tarixi salnaməsinə
çevrilmişdi. Bu bədii- tarixi salnamənin
yaranmasında digər şairlər kimi Nüsrət Kəsəmənlinin
də öz payı var.
Azərbaycan
şairləri nədən yazırdılar?
O illərdə Azərbaycanın mənəvi
bütövlüyü, birlik ideyası poeziyanın
aparıcı mövzularından birinə çevrilmişdi.
Poeziyada böyük vətən sevgisi
çağlayırdı. Nüsrət Kəsəmənli
yazırdı:
Vətən alov etsin odunu sənin,
Böyü bu torpaqla,
Bu yurdla öyün.
Mən Araz qoydum ki, adını sənin
Evimdə Arazı çağırım hər
gün.
O illərin poeziyasında təbiətin
mühafizəsi, ana torpağa sevgi və bağlılıq da
saysız şeirlərin, poemaların yaranmasına səbəb
oldu. Ağacların, quşların, dənizin, dağın,
qayanın-daşın, çölün-çəmənin
mühafizəsi problemi poeziyanın da probleminə
çevrilmiş, təbiətin ağrısı şeirin
ağrısına qarışmışdı.
Hər gün budağında bir yarpaq
ölür,
Mənim o ağaca yazığım gəlir.
... Yanına bir cığır
Bir iz gəlməyir,
Qara kölgəsindən qorxur o ağac,
Bir ocaq oduna həris gəlməyir,
Boylanıb yollara baxır o ağac
... O ağac nə çəkir
Tənhalar bilir,
Mənim o ağaca yazığım gəlir.
Nüsrət Kəsəmənli də
öz həmyaşıdları- Çingiz Əlioğlu,
Sabir Rüstəmxanlı, Səyavuş Sərxanlı kimi “kənd
uşağı” idi. Və bu “kənd uşaqları”
“vaqonlarda sıxıla-sıxıla” şəhərə gəlmişdilər.
Çox keçmədən şəhərin də “dilini”
öyrənmişdilər. “Şöhrətin üstünə
yüyürdükcə” ürəklərində yeni istəklər,
arzular doğmuşdu. Ancaq yenə də.
Mənim bu şəhərdə kimim var
axı;
Bu ömrün sonuna gümanım
azdır-
deyirdilər.
Bu yazıda mən Nüsrət Kəsəmənlinin
elə sağlığında da, indi də dillər əzbəri
olmuş şeirlərini xatırladım. Nüsrət bu
şeirlərin bir qismini “Hamısı sevgidəndir” (1991)
kitabına daxil etmişdi. Mən o şeirləri poeziya gecələrində
Nüsrətin dilindən dəfələrlə
eşitmişəm. Onun məşhur şeirlərindən
biri belə adlanırdı: “Oğru olmaq istəyirəm”
Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...
Niyə, nə üçün? Ondan
ötrü ki, şair insanların arasından vicdanını
pula satan nadanları, dövlətlərin arasından sərhədləri,
anasının sifətinə vaxtsız düşən
qırışları, iki sevən gəncin arasına nifaq
salanları, neçə milyon gözüyaşlı qan
qardaşını həsrətli Təbrizdən oğurlamaq
istəyirdi. Bu şeir yazıldığı dövrün
ab-havasına uyğun idi, cirə ilə olsa da yaranan söz
azadlığından doğmuşdu. Sonralar “yenidənqurma”
dövrü başladı, Nüsrət “Qırmızı
kitab” şeirini yazdı. Nüsrətin 80-90-cı illərdə
yazdığı bir çox şeirlərində
yaşadığımız dünyanın mənəvi təzadları
da öz əksini tapır. Həmin şeirlərdə
şairin cəmiyyətdə baş verən neqativ hallara
qarşı kəskin etirazı yetərincə idi. Hələ
tələbəlik illərində Nüsrət varlı bir
qızı sevirdi, ancaq onun könlü heç cür bu
qızın mənəvi dünyası ilə uyuşmadı.
Bir kədər dumanı məni
bürüdü,
Yığdı gözlərimə nifrəti,
kini.
Üstündə hər cürə
daş-qaş var idi
Zərgər dükanının vitrini kimi
Ayrılaq, unudaq kədəri, yası,
Könlüm dediyini söyləyir dilim.
Səni nazirliyin qara “Volqa”sı
Məni isə ehtiyac gözləyir
gülüm...
90-cı illərdə yazdığı
şeirlərdə bu təzadlar, cəmiyyətdə baş
verən konfliktlər xüsusilə nəzərə
çarpır. Hamımıza tanış olan dərdlər,
ağrılar bu şeirlərdə görünməkdədir.
Qız-gəlinin əsir getdi,
Oğulların yesir getdi,
Qala getdi, qəsr getdi,
Papaq nəyinə gərəkdir.
İgidlərin atdan düşür,
Sən pul topla, rüşvət
döşür,
Başına ləçək
yaraşır
Papaq nəyinə gərəkdir.
Nüsrət Kəsəmənlinin “Yaddan
çıxmaz Qarabağ” adlı bir poeması var. Bu poemada o,
İbrahimxəlil xanın qızı Ağabəyim
ağanın həyatından söz açır. O, Ağabəyim
ağanın timsalında vətənpərvər bir qadın
obrazı yaratmışdır. Fikrimcə, poemanın
sonluğu- Ağabəyim ağanın monoloqu həm də
dünyadan nakam gedən Nüsrət Kəsəmənlinin Vətən
haqqında son monoloqu idi. “Allah onun ruhunu şad eləsin” deyib
yazını elə həmin poemanın bu son misraları ilə
bitirirəm..
Torpağın köksündə baba
ocağı,
Torpaqda buğlanan istini duyun.
Çörəktək öpürəm mən
bu torpağı,
Öləndə, gözümün
üstünə qoyun!
Vaqif
YUSİFLİ
525-ci qəzet.- 2012.- 6 oktyabr.- S.26.