Karvanın kitab yükü

 

KARVANA QƏDƏRKİ YOL

 

Əslinə qalanda, mən tədbirin adını təhrif edirəm. Onun əsl adı belədir- “Uşaq kitab karvanı”. Elə bilirəm ki, bu o qədər də qəbahət sayılmamalıdır; nə fərqi var “Uşaq kitab karvanı” ilə “Karvanın kitab yükü”nün?

Azı on gün əvvəl karvanın səfəri barədə məlumat almışdım. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə xanım Quliyeva zəng edib bərk-bərk tapşırmışdı ki, nəbadə tədbirdən boyun qaçırasan. “Başına gələn başmaqçı olar” məsəli yadıma düşdü. Ötən il mən bu qatardan, daha doğrusu, bu karvandan aralı düşmüşdüm. Vaxt, istək, şərait, icazə, filan, bəhman... Nə qədər desən səbəb və bəhanə gətirmək mümkündür. Bu dəfə bir növ “itirilən etibarı” bərpa etməyi qərara almışdım. İşdən icazə istəyəndə heç bir çətinliyim olmadı. Yaradıcı adamlara, qələm sahiblərinə həmişə qayğı göstərən, dayaq duran, diqqətlə yanaşan AzTV-nin sədri Arif Alışanov müavini Cavanşir Cahangirovun dilindən mənim istəyimi eşidəndə tərəddüd etmədən razılıq verdi. Beləliklə, 20 sentyabr 2012-ci ildən bu karvanla paytaxdan çıxıb Kür çayını adlayacaq və ölkənin cənub bölgəsinə - Cəlilabaddan başlamış Lerik, Yardımlı kimi səfalı (ucqar demirəm ha!) yerlərə beş günlük səfər edəsi idim. Onu da deyim ki, bu tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilirdi.

Doğrusu, bu səfərin məsuliyyəti öz yerində, bir az da sevinirdim.  “Uşaq kimi sevinirdim” deməkdən bilirsiniz nəyə görə çəkindim? Məni tanıyan, mənimlə yol yoldaşı olan qələm dostlarımın iradından. Bəlkə biri qayıdıb dedi ki, “Uşaq verilişləri” redaksiyasının baş redaktorunun uşaq kimi sevinməsi təbiidir. Əşi, nə istəyirlər desinlər, axı biz elə uşaqlarla görüşə gedirik. “Uşaq şairləri uşaq kimidir” şeirini bəyəm mən yazmamışam?

Bəri başdan onu da deyim ki, Quba və Xaçmaz rayonlarında keçirilən bir günlük kitab bayramlarında iştirak etmişdim. Təəssüratım yetərincə zəngin idi. Bu dəfə bayramı müddəti və ömrü xeyli uzundur - beş gün!

 

DAN ULDUZU – KARVAN BƏLƏDÇİSİ

 

Allah insaf versin Fizurə xanıma, adamı əvvəlcə sevindirir, sonra da qorxudur. Sevinməyimin səbəbi bəllidir, qorxu barədə isə lap qısaca deyəcəm.

- Səhər saat 9-un yarısında hamı bir nəfər kimi olur kitabxananın qarşısında! Gecikən...

Yox, hədələmədi. Qorxutmaq üçün elə bu ciddi tapşırıq da kifayət edirdi.

Gec yatıb tez qalxdım yerimdən. Telefonun zənginə ehtiyac duymadım. Çünki o məni yox, mən onu qabaqlamışdım.

Eyvandan göylərə boylandım. Deyəsən havanın necəliyini bilmək istəyirdim. Göylər buludsuz idi, ulduzlar elə bil son gücünü toplayıb “mən də varam” demək istəyirdi. Dan ulduzu isə tamam başqa aləm idi - işığı, nuru, gözəlliyi, cazibəsi ilə. Onun gözdən itməsinə hələ xeyli vaxt qalırdı.

Yır-yığış edib evdən küçəyə çıxdım. Dan ulduzu hələ də alışıb yanırdı, hələ də başımın üstündə idi.

 

KARVANIN SƏRNİŞİNLƏRİ

 

Bəzən vaxtın dəyərini, qədir-qiymətini elə dəqiq bilirəm ki... Bu dəfə də yanılmamışdım. Düz 9-un yarısında özümü F.Köçərli adına Respublika Uşaq kitabxanasının qarşısına yetirdim. Sən demə məndən də qoçağı var imiş. Səməd Məlikzadəni deyirəm. “Tumurcuq” qəzetinin baş redaktorunu. Təzə avtobusun içində özünə yer seçib rahatca oturmuşdu. Görüşdük, bir az da yaxından tanış olduq. Bir-birimizi yaxşı tanımaq üçün isə hələ beş gün vaxtımız var idi. Karvanın digər sakinləri barədə kitabxananın direktor müavini Zahirə xanım Dadaşovadan məlumat aldım.

Birinci İlyas Tapdığın adını çəkdi. Bu kişini respublikamızda kim tanımır ki? İlyas müəllim ədəbiyyatın canlı enisklopediyasıdır. Gözəl şair, xeyirxah insan olduğu üçün hamı tərəfindən sevilir. Maşallah, yadına-yaddaşına, natiqlik məharətinə, milliliyinə söz ola bilməz. Əla!

Qəşəm İsabəyli - şair, “Şirvannəşr”in baş redaktoru. Onlarla kitabın və mənim bir kitabımın redaktoru. Zarafatı sevir, amma şeirlə, ədəbiyyatla zarafat etmir. Şair kimi onu çox dəyərləndirirəm. Mən hardan biləydim ki, Qəşəm müəllim həm də yaxşı sürücüdür. Şeir yazanda da, maşın sürəndə də həmişə yolunda yaşıl işıq yanır. Təki həmişə belə olsun!

- Daha kimlər var bu karvanda? - deyə Zahirə xanıma sual verdim.

- Nüşabə xanım Məmmədli.

Bu xanımı həm gözəl insan, həm də maraqlı yazıçı kimi yaxşı tanıyıram. Onun “Vicdan dustağı” adlı romanı məni bir həftə özünə dustaq, bir ay əsir etmişdi. İndi ha çalışır ki, o biri romanlarını da oxuyum. Düzü risk etmirəm. Özü kimi ciddi yazsa oxuyaram. Bəzən elə hirsli-hikkəli, bəzən elə kövrək yazır ki, kövrəlib əldən gedirsən. Ayrı tənqid yazmaqda çətinlik çəkirəm.

Səməd Məlikzadə -sonradan öyrəndim ki, gələn il 60 yaşını qeyd edəcək Səməd müəllim danışmaqdan çox qeydiyyat aparmağı, yazmağı sevir. Nəqliyyatda yaxşı yol yoldaşıdır, “stol yoldaşlığı” etməkdə bir az tərəddüdlüdür. Bu kiçik nöqsanına  baxmayaraq yaxşı insandır.

Sevinc xanım Nuruqızı - onun uşaq şeirləri elə nurdan yoğrulub. Uşaqlara sevinc paylayan Sevinc Nuruqızı şeirlərinə görə böyükdür, amma sadəliyinə və səmimiyyətinə görə uşaqlardan seçilmir.

Və bir də mən. İlanı yuvasından çıxaran dilim olmasa da ilanla yola gedə bilən adamam. Bir də ki, iddialı-iddiasız qələm sahibləri ilə yola getmək, bu su içimi kimi asandır.

Qaldı karvanın digər sakinlərinə: yəni bizi bir yerə cəmləyib karvana qoşanlara, nazımızı çəkənlərə.

Fizurə xanım Quliyeva ömrünün bir qərinəsini bu kitabxanaya həsr edib. İşinə, əməyinə görə fəxri adı, titulu var. Kitablarla nəfəs alır, ürəyi kitablarla döyünür. Ədəbiyyat adamlarını sevir, ən çox da uşaqlar üçün yazan şair və yazıçıları. Qələm sahibləri haqlı olaraq ona “kitabların anası” və bir də “mənəvi anamız” deyirlər.

Zahirə xanım Dadaşova direktor müavini - diqqətçildir, məsuliyyətli, qoçaq və diribaşdır. Geniş mütaliəsi olduğu o dəqiqə hiss olunur. Tənqidçiliyi də var, lazım oldu, olmadı.

Şəlalə xanım Əmrahova - kitabxananın əməkdaşı. Söhbətdən çox qulaq asmağı xoşlayır. Təbiət vurğunu olduğunu gizlədə bilmir. Kəlbəcərin İstisuyu dilindən düşmür. Mehriban xanımdır.

Almaz xanım Əşrəfova - kitabxananın əməkdaşı. Səliqəli-sahmanlı xanımdır. İşinin vurğunudur. Çoxlu sual hazırlayıb, düzgün cavab verənləri mükafat gözləyir.

Könül xanım Səmədzadə - əməkdaşların içində ən gəncidir. İşə can yandırması əlüstü bəlli olur. Telefonla danışanda balalarına dəqiq məlumat çatdıra bilir - nə haradadır, nəyi necə qızdırıb yemək olar. Qaldı ləhcə ilə danışmasına, bu da gözəldir. O, danışanda adam özünü Naxçıvanda hiss edir.

Asim Məmmədov - kitabxanın əməkdaşı. Deyilənə görə yaxşı mühasibdir. Mən isə onu yeşik-yeşik kitabları bağrına basıb ünvanına çatdıran kimi gördüm. Deyəsən az-maz da dülgərliyi var. Mütaliəsi barədə məlumatım yox idi və bu barədə sual verməyə utandım.

Rafət Quliyev - kitabxananın nəzdində çıxan “Göy  qurşağı” jurnalının əməkdaşı. Şəxsi maşınını yollarda yormaqdan çəkinməyən oğlan. Kimə yaxınlaşsa, qolundan tutur. Onunla qoşa addımlayanda yıxılmaq - büdrəmək ağlına gəlməsin. Poeziya vurğunu yox, poeziya dəlisidir. Zalım oğlu könlünə yatan şeir eşidəndə dolur, doluxsunur.

Elşən - Respublika Mədəniyyət və Turizm Nazirliyinin sürücüsü. Təptəzə bir avtobus etibar ediblər ona, amma maşının markasını bilmədim.  Həyatımızı, maddi varlıq və maddi gerçəkliyimizi dağ yollarında etibar etdiyimiz oğlan. Borçalı ləhcəsində belə deyərdim: maşını yaxşı sürer, işə vaxtında gəler, işdən vaxtında geder...

 

BİRİNCİ DAYANACAQ - CƏLİLABAD

 

Deyəsən bir az gecikmişdik. Bunun o qədər də əhəmiyyəti, yəni ziyanı yoxdur, gec olsun, güc olsun deyirlər... Mədəniyyət evinin həyətində bir  qələbəlik hökm sürürdü. Məktəblilər, müəllimlər, mədəniyyət işçiləri, kitabxana əməkdaşları karvanı alqışlarla qarşıladılar. Fizurə xanım çıxış etdi, yuxarıda adını sadalayıb ötəri xarakterizə etdiyim qələm sahibləri söz aldılar. Musiqi, şeir bir-birini əvəz etdi. Tədbirin sonunda rayonun kitabxanalarına min ədəd müxtəlif bədii ədəbiyyat və digər hədiyyələr verildi, Cahangir Muradov bu görüşə və kitablara görə “Kitab karvanı”na təşəkkürünü bildirdi.

Yolçu yolda gərək demək istəyəndə ev sahibləri etiraz etdilər.

Süfrə hazırlanmışdı.

 

İKİNCİ DAYANACAQ - MASALLI

 

Deyəsən sonuncu dəfə Masallıda 20 il qabaq olmuşdum. Rayon mərkəzi çox dəyişilib. Burda tikinti və abadlıq işləri diqqəti cəlb edir.

Mehmanxanada yerləşdik. Bir az istirahət etdik. Tədbir sabah, yəni sentyabrın 21-i saat 10-da başlayası idi...

Səhərisi həmin vaxt da gəldi, barlı-bəhərli payız da. Bir-birindən maraqlı, bir-birindən isti ürək sözlərini, şeir və mahnıları dinlədik. Fizurə xanım qonaqları tədbir iştirakçılarına təqdim etdi. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı belə görüşlərin əhəmiyyətindən danışdı.

Hər dəfə təkrar olmasın deyə, qeyd edim ki, ayaq basdığımız rayonların hər biri min ədəd kitab hədiyyə alırdı.

Payızın ilk günü idi. Mənə söz veriləndə belə bir fikri vurğuladım:

- Bu gün payızın ilk günüdür. Bir vaxtlar məhsul bayramı keçirilərdi. İndi kitab bayramıdır. Bu Azərbaycanın şair və yazıçılarının halal məhsulunun sərgisidir. Oxuyun, bizə qiymət verin.

 

ÜÇÜNCÜ DAYANACAQ - ASTARA

 

Deyəsən get-gedə biz də isnişirdik, bizə də isnişirdilər. Bu, insanların səmimiyyəti. Astara şəhəri isə tamam başqa qiyafədədir bu gün. İkicə kəlmə ilə demək lazımdırsa, deyim - Astara gözəldir!

Rayonun mədəniyyət  şöbəsinin əməkdaşları bizi bir an da olsa gözlərindən qoymadılar. Tədbir maraqlı və məzmunlu keçdi. Nazim Fərəməzov, Şadoğlan Bayramov, sözün əsl mənasında qayğımıza qaldılar.

Astaranın gecələri Bakının gecələrindən seçilmir. Hələ bilmirdim ki, gecə saat 12-də yazacağım “Astaranın gecələri” şeirini sabahı gün saat 12-də “Kitab karvanı”nda öz “repertuarıma” daxil edəcəm.

 

Xəyalıma təpinib

Yerlərdən göyə qovdu,

Yuxumu gözlərimdən

Bilmirəm niyə qovdu

Astara gecələri.

 

İşıqları yananda

Qaranlıqlar qaçırmış,

Deyəsən öz könlünü

İşıqlara açırmış

Astara gecələri.

 

Ömrümün neçə ili

Gecələrlə yaşadı,

Bir vaxtlar vurulduğum

Gecələrə oxşadı

Astara gecələri.

 

Dirəkdəki çıraqlar

Gecə alışan çiçək,

Vallah mənə sevməyi

Təzədən öyrədəcək

Astara gecələri.

 

 

DÖRDÜNCÜ DAYANACAQ - LERİK

 

Çoxdan idi ki, belə mənzərələrin həsrətini çəkirdim. Karvanımız bu həsrətin səbəbini bir az  aldı. Avtobusu tərk edib Qəşəm İsabəylinin qara “CİP”-ində oturmuşdum. İlyas Tapdıq “sürücünün” yanında, mən isə arxada. Yolda soyuq bulaqdan su içdik, yol boyu İlyas müəllimin söhbətinə qulaq asdıq...

Lerikdə bizi qarşılayanlar bir az qayğılı görünürdülər. Səbəbini sizə də açıqlayıram - rayonun kitabsevərləri ilə görüşümüz sentyabrın 23-də, yəni bazar günü olacaqdı. Dərs olmadığı üçün dinləyici və tamaşaçı cəlb etməyin çətinliyi onları rahatsız edirdi. Nahaq yerə, uşaq da gəldi tədbirə, böyük də. Görüşümüz lap ürəyimizcə oldu...

Gecə gec yatıb səhər tezdən durmuşdum. Lerikin gözəlliyini seyr edirdim. Bir neçə saatdan sonra Leriki tərk edəcəyimiz bəlli idi. Sanki kimsə mənə deyirdi ki, hara tələsirsən belə? Bax gör cibimdə kağız-qələm varmı? Hə, baxdım və...

 

Yoxuşdan inciyib  yamacdan küsmə,

Qoy yaşıl otların saçını hörüm.

Bulaqla söhbəti yarıda kəsmə,

Hələ dəniz üçün darıxma görüm.

 

Dizini qatlayıb belini bükmə,

Palıdla qol-boyun yaşasan bir az.

Yağış dərdi çəkmə, şeh dərdi çəkmə

Burda buludlara oxşasan bir az.

 

Dağlara güvənsən dönərsən dağa,

Əlini atdığın söz babat olsa.

Nə var ki, Lerikdə çox yaşamağa

Hər gecənin ömrü bir saat olsa.

 

Bu şeirin ilk dinləyicisi Rafət oldu. Aman Allah, insan poeziyaya nə qədər bağlı olarmış...

Rayonun Tarix-Diyarşünaslıq və Uzunömürlülər muzeylərinə də baş çəkdik. Hər şey gözəl idi, görüş də, münasibət də. Bircə... İstədim deməyəm, amma fikrimi dəyişdim. Axı niyə Lerik kimi bir rayon mehmanxana  sarıdan qonaq-qara qarşısında xəcalətli görünsün? Yəqin ki, bu kəm-kəsir barədə bizdən çox leriklilərin özləri düşünürlər...

 

BEŞİNCİ VƏ SONUNCU DAYANACAQ - YARDIMLI

 

Yardımlıya getmək üçün qayıdıb Masallı mehmanxanasında gecələdik. Səhərisi Rafətlə Elşən maşının üzünü döndərdilər Yardımlı tərəfə.

Əyri-üyrü dağ yolları, meşələr, çəmənliklər, adda-budda yaraşıqlı dağ kəndləri. Və nəhayət, dağların qoynuna sığınan Yardımlı.

Artıq həftənin birinci günü idi. Ziyalılar məkanı kimi tanınan Yardımlıda çayın sağ sahilində bayram ovqatı hiss olunurdu. Bizi musiqi ilə qarşıladılar, xoş gəldiniz edib səmimi salamladılar. Fizurə xanım qonaqları təqdim etdi. Yerli şairlər də qonaqlara qoşuldular. Axırda hədiyyələr, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayaz Əliyevin təşəkkürü.

Yardımlı qonaqpərvərlikdə əvvəlki rayonlardan heç də geridə qalmırdı. Əksinə, bizə diqqət bir az da artmışdı.

Qonaqlar üçün verilən ziyarətə təklif alanda qulağımıza bir xəbər dəydi - başçı da gəlir.

Sevindik Hətəmovun adını Milli Məclisin  üzvü olandan eşitmişdim, qiyabi tanıyırdım. Laçın rayonundan deputat seçilmişdi. Səhər-səhər özü bizimlə tanış oldu. Tədbirin sonunda isə “Kitab karvanı”nın üzvləri ilə bir süfrə arxasında əyləşdi. Bu, Sevindik müəllimin bizə olan diqqəti idi.

- Uşaqlar sizi sevdilər, həmişə yolunuzu gözləyəcəklər,  - bu sözləri rayon təhsil şöbəsinin metodisti Məhluqə xanım Niyazovadan eşitdim.

 

Sağlıq olsun.

 

 

KARVAN GERİ QAYIDIR

 

 

Ələmdar QULUZADƏ

 

525-ci qəzet.- 2012.- 6 oktyabr.- S.24-25.