Açıq cəmiyyət və
mətbuat
Görkəmli
publisist Ə.Ağayev 1899-cu ildə “Şərqdə
jurnalistikaya bir nəzər” adlı məqaləsində
yazırdı: “...Şərq xalqları arasında dövri mətbuatın
yayılmasına uzun müddət mane olmuş və hələ
də onun inkişafına mane olan digər səbəb -
müsəlman xalqları arasında hər hansı tənzimləyici
bağlılığın olmamasıdır. Məlum
olduğu kimi, gündəlik və ya dövri mətbuat
yalnız o yerdə mümkündür ki, orada fərdin cəmiyyətə
və ya hakimiyyətə münasibətdə hüquq və
vəzifələri az-çox dəqiq müəyyən
edilsin, vətəndaşların əmlakı və
azadlığı qanunla qorunsun, bir sözlə, həyat
qaydaları sarsılmaz təmələ arxalansın. Lakin o
yerdə ki, özbaşınalıq və ya hərc-mərclikdir,
ümumi tənzimləyici təməl yoxdur, hər şey təsadüfdən
və ya kimlərinsə istəyindən asılıdır, -
orada mətbuata yer yoxdur” .
Azərbaycanda milli-azadlıq hərəkatının
başlandığı 1988-ci ildə də, şübhəsiz,
xalqı birləşdirən başlıca vəsilələrdən
biri, bəlkə də ən birincisi də məhz mətbuat idi. Həmin ildən başlayaraq Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetində, həmçinin
“Meydan”, “Azadlıq”, “Ayna”
(Zerkalo), “Yeni Müsavat”, “Aydınlıq”, “Səhər”, “Həyat”,
daha sonra isə “525-ci
qəzet”, “Hürriyyət”, “Səs”, “İki
sahil”, “Yeni Azərbaycan”
və digər mətbuat orqanlarında dərc olunmuş analitik yazılar,
ölkənin gələcəyi üçün
narahatlıq hissi və ən əsası,
bu nəşrlərin bir
çoxu üçün
xarakterik olan vətəndaşlıq
mövqeyi onları kütlənin obyektiv informasiya mənbəyinə
çevirdi. Bununla da sanki
möcüzə baş verdi:
hələ öz müstəqilliyini elan etməmiş respublikanın dünənə
qədər cəmiyyətin arxasınca güclə
sürünən mətbuatı tədricən geniş xalq kütlələrini
inandıran, onları öz arxasınca aparan güc mərkəzinə,
avanqard quruma
çevrilməyə başladı.
Ölkə
mətbuatı bu ərəfədə Qarabağ uğrunda gedən
ümumxalq mübarizəsində, qanlı 20 Yanvar hadiəsələrinə
etiraz aksiyalarında, ölkəni müstəqilliyə
doğru aparan yolun bələdçiliyində də demokratik
qüvvələrin, haqq işinin müdafiəçilərinin
sırasında oldu. Beləliklə, ölkə mətbuatı
passiv seyrçi mövqeyindən cəmiyyətin bütün
təbəqələrinə bacarıqla nüfuz edən
nüfuzlu ictimai qüvvəyə - sözün əsl mənasında,
“dördüncü hakimiyyət”ə çevrildi.
Demokratik
dəyişikliklərin, aşkarlığın,
plüralizmin, insan haqlarının dönməz müdafiəçisi
kimi tanınan, cəmiyyətdə baş verən
bütün taleyüklü prob-lemlərə cəsarətlə
nüfuz edən ölkə mətbuatının gücü
ilə artıq ayrı-ayrı məmurlar deyil, hətta iqtidar
və müxalifət də hesablaşmalı olurdu. Mətbuatın
təsiredici gücünün ilk dalğasını cəmiyyət
1992-ci ildə “sınaqdan” keçirmiş oldu.
Müstəqilliyimizin ilk dövrlərində gedən prosesləri təsəvvür etmək üçün 1992-ci ildə baş vermiş bir hadisə ilə bağlı jurnalistlərin ölkə başçısına ünvan-landıqları müraciəti və həmin müraciətə cavabı diqqətə çatdırmaq yerinə düşərdi.Respublikanın 38 qəzet və informasiya agentliyi rəhbərinin Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktubda bildirilirdi ki, 1992-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının daxili işlər naziri İ. Həmidov öz mühafizəçiləri ilə birlikdə “Ayna” qəzeti redaksiyasına gəlib qəzetin əməkdaşı Cahangir Hüseynovu döymüş, ləyaqətini alçaltmışdır.
İ.Həmidov bu zorakılığı “Ayna” qəzetində “Real” İnformasiya Agentliyinin verdiyi materialın dərc olunması ilə əsaslandırmağa çalışmışdır. Məktubda bildirilirdi ki, bundan qabaq nazir jurnalist Mahal İsmayıloğluna da kobudluq göstərmiş, ancaq Milli Məclisin bu hadisəyə laqeyd münasibəti və jurnalistlərin öz həmkarlarını zəif mudafiə etməsi nəticəsində hadisə prinsipial mövqedən qiymətləndirilməmişdir.
Dövlət aparatında məsul vəzifələrdə işləyib, nazirin özbaşınalıqlarına “dözümlü” münasibət göstərən şəxslərin də əslində bu cür hadisələrin təkrar-lanmasına, qanunsuzluğun baş alıb getməsinə şərait yaratması xüsusi qeyd edilmişdi.”Azadlıq”, “Azərbaycan”, “Azerbaydjan”, “ Azərbaycan dün-yası”, “Azərinform”, “Axtarış”, “And”, “Açıq söz”, “Ayna”, “Biznes”, “Bakı”, “Bakinski raboçiy”, “Birja”, “Vətən”, “Vışka”, “İstiqlal”, “ İki sahil”, “İncəsənət”, “Kəndin səsi”, “Millət”, “Müstəqil qəzet”, “Müxalifət”, “Nax-çıvan”, “Odlar Yurdu”, “Ordu”, “Svoboda”, “Səhər”, “Səs”, “Savalan”, “Tək səbir”, “Femida”, “Ülfət”, “Xalq qəzeti”, “Şimali Azərbaycan” qəzetlərinin, “Real”, “Turan”, “Xəbər servis”, “Xəbərlər” informasiya agentliklərinin rəhbərlərinin imzalıdığı müraciətdə deyilirdi: “Oktyabrın 2-də etiraz əlaməti olaraq “Azərbaycan” nəşriyyatının qarşısına toplaşmış jurnalistlərə Bakı şəhər Dİİ-nin rəis müavini Əli Əliyevin nalayiq söyüşlərlə göstərdiyi kobudluq, televiziya operatorlarının zorla polis avtomobilinə basılması da nazir İ.Həmidovun zorakılıqlarının məntiqi davamıdır.
Vətəndaşları hər cür zorakılıqdan məhz özü qorumalı olan DİN get-gedə zorakılıq aparatına, qanunsuzluq mücəssəməsinə çevrilir… Hadisələrin bu cür inkişafı Azərbaycanın demokratik dövlət quruculuğu yolunda olması haqqında beynəlxalq aləmdə təzəcə yaranmaqda olan rəyə də sarsıdıcı zərbə vuracaq.”
Bəri başdan
haşiyə çıxaraq qeyd edək ki, media kapitanları
“jurnalistlərin öz həmkarlarını
zəif mudafiə etməsi” məsələsində, yumşaq deyilsə, bir qədər
qeyri-obyektivliyə, şişirtməyə yol
vermişlər. 1992-ci il sentyabrın 14-dən
ölkə Milli Məclisinin qərarı
ilə öz nəşrini “Azərbaycan”
qəzeti kimi davam
etdirən “Həyat” qəzetinin həmin il
24 sentyabr tarixli
nömrəsində Ş. Çobanoğlu
və E. Vəliyevin imzaları ilə çıxan “İ.Həmidov
Mahal İsmayıloğlunu döyübmü?” başlıqlı məqaləsində
bu məsələyə kifayət qədər
kəskin münasibət bildirilmişdi. Müəlliflər bu məqalədə
həmin il sentyabrın 21-də
“Aydınlıq” qəzetinin əməkdaşı M.
İsmayıloğlunun ölkənin daxili
işlər naziri İ. Həmidov tərəfindən
döyülməsinin birmənalı şəkildə pisləmiş
və bu addımın demokratiya
ilə bir araya
sığmadığını xüsusi
vurğulamışlar.
Daha
sonra, son vaxtlar ölkədə sabitliyin yaradılması,
çoxsaylı qanunsuz silahlı qrupların zərərsizləşdirilməsi,
Azərbaycanın maddi sərvətlərinin
talanmasının qarşısının alınması
yolunda DİN-nin və şəxsən İ.Həmidovun
böyük əməyinin olduğunu vurğulayan müraciət
iştirakçıları cəmiyyətin
sağlamlığı üçün çəkilən
heç bir əməyin həmin cəmiyyətin üzvlərinə
qarşı zor işlətmək hüququ vermədiyini
bildirmişlər.
Müraciəti
imzalayanlar - KİV təmsilçiləri Azərbaycan
prezidentinə müraciətlə ümid edirdilər ki, nazir
İ.Həmidovun qanunu kobudcasına pozan hərəkətlərinə
prinsipial qiymət veriləcəkdir. Həmin dövrdə, əslində,
heç kəsi saya almayan, “hər şeyə qadir” bir nazirlə
bağlı ölkə prezidentinə faktiki olaraq ultimatum verən
yeni müstəqil mətbuatın heç bir yaşı da
yox idi! Amma bu müraciətdə
nə qədər məntiq, nə qədər cəsarət
və uzaqgörənlik, ən əsası, demokrtiya elementləri
var idi!
Bu cür çox cəsarətli müraciətə, fəal vətəndaşlıq mövqeyinə cavab ver-məmək, hətta gənc bir ölkənin təcrübəsiz başçısı üçün də arzuolunmaz idi və elə sabahısı gün mətbuatda o vaxtkı ölkə başçısı Ə. Elçibəyin cavab məktubu* dərc olundu. Məktubda deyilirdi: “…Son günlər respublikanın daxili işlər naziri İsgəndər bəy Həmidovla “Aydınlıq” və “Ayna” qəzetlərinin əməkdaşları arasında olan münaqişə ilə bağlı müraciətinizi diqqətlə oxudum. Belə hesab edirəm ki, demokratik Azərbaycanın sabahı üçün haqlı narahatlıq və həyəcan ifadə olunub. Xalq hərəkatının ayrılmaz hissəsi olan demokratik mətbuatın keçmiş rejimin devrilməsində müstəsna xidmətləri olduğu kimi, demokratik dövlət quruculuğunda da rolu əvəzsizdir.
İndi xalqın sabaha inamı xeyli dərəcədə azad, demokratik mətbuatdan asılıdır. Mətbuatda obyektiv tənqid nəinki lazımdır, hətta vacibdir. Əlbəttə, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin biz demokratik cəmiyyətə məhz bu yolla getməliyik. Unutmayaq ki, sözə yalnız sözlə qalib gəlmək olar. Bu baxımdan son günlər ayrı-ayrı mətbuat nümayəndələrinə olan təzyiqlərə qarşı sizin həmrəyliyinizi alqışlayıram və belə hesab edirəm ki, bu birliyin özü demokratiyanın tədricən həyatımıza daxil olduğuna sübutdur.
Bəzi vətəndaşların və respublika rəhbərlərinin ayrı-ayrı qəzetlərə iradı ilə də razılaşmamaq olmaz. Doğrudan da, bəzi qəzetlər tez-tez jurnalist etikasını pozur, obyektiv tənqid əvəzinə şəxsiyyəti təhqir edir, böhtanlar atır. Demokratik cəmiyyətdə bu da yolverilməzdir. Lakin bu, hər hansı yazıya görə fiziki və mənəvi təhqirlərə səbəb olmamalıdır. Belə hallara heç cur bəraət qazandırmaq olmaz. Münasibətlərin aydınlaşdırılması üçün yalnız qanunun gücündən istifadə etmək lazımdır”.
İ.Həmidovu dolayı yolla müdafiə etmək məcburiyyəti qarşısında qalan və haqlı olaraq gənc mətbuatın nöqsanlarını da sadalayan Ə.Elçibəy daha sonra yazırdı: “ ...Bütün bunlara baxmayaraq, prezident kimi mən də sizinlə tamamilə şərikəm ki, belə məsul vəzifədə çalışan bir şəxsin bu cür hərəkəti qətiyyən yolverilməzdir.
Bu məsələ ilə bağlı Azərbaycanda demokratiyanın təhlükə altında olmasından ehtiyat edənlərə bildirmək istəyirəm ki, bundan sonra da respub-likamızda demokratiyanın, o cümlədən mətbuat azadlığı və insan hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edəcəyəm. Bugünkü şəraitdə yalnız fikir müxtəlifliyi cəmiyyətin inkişafı üçün əsas hərəkətverici qüvvə ola bilər...”
Bir sıra neqativ məqamlara şərh vermədən əsas diqqəti müraciətin ümumi ruhuna yönəltdikdə, burada olayla bağlı ölkə başçısının, cəmiyyətin, onların timsalında mətbuatın ağır təpkisini hiss etməmək qeyri - mümkündür. Ə.Elçibəyin cavab məktubunda medianın böyük imkanları, demokratik mövqeyi və cəmiyyətə böyük təsir elementlərini duymamaq olmur.
Bu hadisə, bəlkə də cəmiyyətin mediaya münasibəti sahəsində əhəmiyyətli bir dönüşün, sonsuz etibarın əsasını qoydu. Müraciətdən dərhal sonra İ.Həmidovun adları sadalanan jurnalistlərlə görüşüb üzrxahlıq etməsi, mətbuata ehtiramını bildirməsi belə ölkə başçısının onun qəbahətini öz adıyla adlandırmasının qarşısını ala bilmədi. Bu, bir daha sübut etdi ki, azad mətbuat ölkədə gedən demokratik proseslərin barometridir və o, vətəndaş cəmiyyətini öz arxasınca aparmaq missiyasını yerinə yetirməyə məhkumdur. Beləliklə, yeni müstəqil KİV Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesinin əsasını qoyan ən zəruri amillərdən biri oldu.
Qeyd edilənləri ümumiləşdirərək və müasir reallıqları nəzərə alaraq, və-təndaş cəmiyyətini təxminən bu şəkildə xarakterizə etmək olar:
Vətəndaş cəmiyyəti
a) əmək vasitəsi ilə öz fərdlərinin tələbatını təmin edən və müəyyən inkişaf mərhələsində olan insanların birlik formasıdır.
b) fərdlərin könüllü formalaşmış ilkin birliklərinin - ailə, kooperasiyalar
(peşə, yaradıcılıq, idman, etnik, milli, dini və s.) birliklər (siyasi partiyalar, həmkarlar ittifaqları ) kompleksidir.
c) cəmiyyətdə qeyri - dövlət münasibətlərinin (iqtisadi, sosial, mədəni, mənəvi, əxlaqi, milli, dini və s.) məcmusudur.
ç) dövlət hakimiyyəti tərəfindən fəaliyyətlərinə birbaşa müdaxiləyə və bu fəaliyyətlərin özbaşına reqlamentləşdirilməsinə qanunla yol verilməyən azad fərdlərin və onların birliklərinin təzahür sahəsidir.
(Ardı var)
Yusifov Tofiq
525-ci qəzet.-
2012.- 6 oktyabr.- S.22.