Britaniya generalının Bakı gündəlikləri

 

(Bakının azad edilməsinin 94 illiyinə həsr olunur)

 

Denstervilin gündəliklərinin Bakı ilə bağlı səhifələrində ən çox təsadüf olunan heç şübhəsiz, “möcüzə” sözüdür. O, iyulun ikinci yarısından etibarən şəhərin yalnız “möcüzə” sayəsində duruş gətirdiyini təkrarlamaqdan yorulmurdu. Eyni zamanda özünün də bəzən belə bir möcüzə nəticəsində vəziyyəti dəyişəcəyinə inamını itirmirdi. Çox güman elə buna görə də, Dokuçayevin sədrliyi ilə keçən hərbi şuradan və özünün çağırdığı toplantıdan sonra Bakını tərk etməklə bağlı mərkəzdən əmr alsa da, onu yerinə yetirməyə tələsmirdi. Əksinə, hökuməti strateji məsələlərdə düşünülməmiş addımlar atmaqda təqsirləndirərək sentyabrın 9-da gündəliyində yazırdı: “Bağdad və London strategiya məsələsində cinayətkarcasına astagəllik göstərirlər. Hətta indi də başa düşmürlər ki, türklərin Bakını tutması bizim Bağdadı ələ keçirməyimizdən qat-qat əhəmiyyətli qələbədir”.

O, Dərbənd, Ənzəli və Krasnovodska səfərləri nəticəsində həmin şəhərləri Bakı ətrafında birləşdirmək və Xəzərdə Britaniya ağalığını təmin etmək istəyirdi. Denstervilin Dərbəndə səfəri uğursuzluqla nəticələnmişdi. Bakıdakı gərgin vəziyyət Krasnovodska getməyə imkan verməmişdi. Sadəcə, Britaniyanın nəzarəti altındakı Ənzəli limanı ilə intensiv əlaqələri qoruyub saxlamaq mümkün olmuşdu. Lakin mahiyyət etibarı ilə bu uzaqgörən planın ingilislərə dünyanın strateji xammal ehtiyatları baxımından  zəngin və perspektivli bölgələrindən birinə nəzarət imkanı yaradacağı şübhə doğurmurdu.

Bu istiqamətdəki planlarından bəhs edən Denstervil yazırdı: “Özümü  bolşevik dəniz quldurlarının hücum riski qarşısında qoyaraq Dərbəndə getməyi qərara aldım. Biçeraxovla görüşmək və əməkdaşlıq planlarını müzakirə etmək istəyirdim. 48 saat ərzində Bakıya qayıtmalı, yerli limanın imkanlarını öyrənmək üçün Krasnovodska getməli idim. Krasnovodskdan Ənzəliyə səfər planlaşdırmışdım. Burada Mirzə Kiçik xanla danışıqları başa çatdırmaq, habelə yeni qüvvələrin göndərilməsi və ordunun ərzaq təminatından ötrü Gilandan düyü gətirilməsi məsələsini həll etmək  lazım idi. Azsaylı yerli qoşunu ruhlandıraraq şimalda, dəmir yol xətti  boyunca onların basqınlarını hazırlamaq, bu minvalla da türklərin arxa cəbhə ilə əlaqələrini pozmaq üçün Lənkərana getməliydim. Lənkəranda həm də böyük miqdarda ərzaq tədarükü görmək imkanları vardı”.

Denstervil bəlkə özü də fərqinə varmadan Azərbaycan istiqlalının düşmənlərinin - Şaumyan və əlaltılarının zərərsizləşdirilməsi prosesində iştirak etmişdi. On üç gəmi ilə Həştərxana qaçmaq istəyən “kommunarlar” ingilis və Sentrokaspi qüvvələrinin birgə səyi ilə dayandırılmış və geri qaytarılmışdı. Bolşevik təbliğatına təsir altına düşən sıravi əsgərlər tərksilah edildikdən sonra eyni gəmilərlə Sovet Rusiyasına, liderlər isə həbsxanaya göndərilmişdi. 

“Əlbəttə, Bakı həmin on üç gəmini itirməli oldu, - deyə Denstervil yazırdı. - Çünki  Həştərxan bolşevikləri onları geri qaytarmağı ağıllarına da gətirmirdilər. Digər tərəfdən, bizim hökumət də (ingilis generalının artıq özünü Sentrokaspi diktaturası ilə eyniləşdirdiyi diqqətdən yayınmamalıdır - V.Q.) bu qədər çox sayda bolşevik əsirini saxlamağa qadir deyildi. Onların şəhərdə sərbəst hərəkətinə yol vermək olmazdı. Bir sözlə, Həştərxana göndərilmələri vəziyyətdən ən yaxşı çıxış yolu idi. Şaumyan və Petrov şəhər həbsxanasında saxlanırdı. Bakının süqutu günü onlar həbsdən çıxmış  tərəfdarlarının kiçik bir qrupu ilə Krasnovodska yollanmışdılar. Lakin bədbəxtçilikdən həmin dövrdə bolşeviklər  şəhərdə çox qeyri-populyar idilər. Bu da onların güllələnməsi ilə nəticələnmişdi”.

Bolşeviklərdən bəhs edərkən ingilis  generalı başqa bir diqqətəlayiq məqama da toxunur - Şaumyan və digər komissarlar “Sovet Rusiyasının əmlakı” adı altında Bakıdan külli miqdarda pul, qızıl, əntiq əşyalar, mebel, xalça və s. çıxarmağa çalışmışdılar. Bunların bir qismi çox böyük ehtimalla 1918-ci ilin mart qırğını zamanı şəhərin azərbaycanlı əhalisindən talanan sərvətlər idi.

Aydındır ki, Denstervil Bakıya Azərbaycanın və azərbaycanlıların dostu kimi gəlməmişdi. Şəhərdə qaldığı bir aya yaxın müddətdə o, ruslar, ermənilər, gürcülər, Dağıstan təmsilçiləri və Avropa icması nümayəndələri ilə çoxsaylı görüşlər keçirmişdi. Erməni Milli Şurasının təşkil etdiyi rəsmi nahar məclisinə qatılmış, rus kilsəsində olmuşdu. Bütün bunların müqabilində Azərbaycan türkləri ilə hər hansı təmas qurmaq, onları dinləmək, dərdləri, problemləri ilə maraqlanmaq ağlına da gəlməmişdi. Hər halda  gündəliklərdə bu məsələ ilə bağlı heç  bir qeydə təsadüf edilmir. Yalnız sentyabrın 10-da adını çəkmədiyi gürcü knyazı ilə “tatarların vəziyyəti və onlarla bağlı ümidlər haqqında  fikir mübadiləsi apardığını göstərir. Hansı vəziyyətdən və “tatarların” hansı ümidlərindən söhbət getdiyi, nəhayət bu müzakirələrin nə üçün yerli xalqın öz təmsilçisi ilə deyil, “gürcü knyazı” ilə aparılması da təbii ki, qaranlıq  qalır.

Gündəliklərindən fərqli olaraq “Densterforsun macəraları” kitabında o, Bakıda Azərbaycan türklərinin  mütərəqqi və açıq fikirli nümayəndəsi ilə görüşündən bəhs edərək yazırdı: “... nüfuzlu tatarlardan biri, ziyalı və son dərəcə yaxşı təhsil görmüş şəxslə maraqlı söhbətim oldu. Lakin eyni zamanda məni əvvəlcədən xəbərdar etmişdilər ki, bu ləyaqətli centlmenlə əlaqəm şəhərdə narahatlıq yarada bilər. Ona görə də müəyyən qədər geri çəkilməli oldum. İndi də inanıram ki, əgər  Bakıda daha artıq qalsaydıq, ermənilərlə tatarlar arasında barışıq yaranmasına nail olardıq. Lakin o da yadımdadır ki, şəraitin tələbi altında həmin tatar centlmenini görmək üçün gecə yarısı yalnız bir nəfərin müşaiyəti ilə tatar məhəlləsinin dar küçələrindən keçməli oldum. Həmin küçələrin birində məni son dərəcə ehtiyatla qarşılayaraq şübhəli bir evə ötürdülər”.

Burada həqiqətin, yoxsa macəra ünsürlərinin, yaxud ekzotikaya meylin daha üstün yer tutduğunu müəyyənləşdirmək  çətindir. Həm də sual yaranır: nə üçün digər millətlərin təmsilçiləri ilə özünün “Prezident Kroger” gəmisindəki qərargahında, yaxud “Avropa” otelində görüşən, habelə zərurət yarananda onları öz ofislərində, digər ictimai yerlərdə ziyarət edən general Denstervil  azərbaycanlı ziyalı ilə ünsiyyət qurmaq üçün belə çətin və təhlükəli variant seçmişdi? Görüşün məxfiliyi və ciddi ehtiyat tədbirləri hansı tərəfin tələbi idi? Denstervil yerli əhalinin təmsilçisi ilə ünsiyyəti gizli saxlamağa çalışırdı, yoxsa “tatar centlmeni” ingilislərlə təmas qurmasını kimsənin bilməsini istəmirdi?

O biri tərəfdən həmin “centlmenin” kimliyi də suallar yaradır. Əgər inkoqnito şəxs ingilis  generalı ilə əl-ələ verərək qarşıdurma meydanına çevrilmiş Bakıda milli sülh yaratmaq iqtidarında idisə, deməli həqiqətən də şəhərin erməni və azərbaycanlı əhalisi arasında böyük nüfuz sahibi sayılmalı idi. Belə məqamda ilk ağla gələn Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, yaxud F.Xoyski kimi tanınmış azərbaycanlı siyasi xadimlər olur. Lakin həmin günlərdə birinci iki nəfər İstanbulda, sonuncu isə Gəncədə idi. Ümumiyyətlə, erməni terroru, habelə ingilislərin də dəstək verdiyi antiazərbaycan  isterikası nəticəsində milli siyasi və intellektual elita Bakıdan didərgin salınmışdı. Odur ki, Denstervilin “tatar centlmeni” deyərkən kimi nəzərdə tutduğunu müəyyənləşdirmək imkansızdır. 

 

Denstervil və ermənilər

 

İngilislərin Bakıya dəvət olunmalarının təşəbbüskarları sırasında erməni siyasətbazları yuxarıda da göstərildiyi kimi əsas yerlərdən birini tuturdular. Müttəfiq axtarışı onların diqqətini İrandakı ingilis hərbi qüvvələrinə cəlb etmişdi.

Erməni Milli Şurası emissarını Denstervilin yanına ilk dəfə 1918-ci ilin aprelində, o, Həmədanda olarkən göndərmişdi. Azərbaycanda daşnak-bolşevik alyansının rəhbərliyi ilə həyata keçirilən mart qırğını yeni başa çatmışdı, Bakı kommunası hələ rəsmən hakimiyyətə gəlməmişdi. Bolşeviklərin mövqeyi kifayət qədər güclü deyildi. Belə şəraitdə daşnaklar mövcud vəziyyətdən yararlanaraq ingilislərin himayəsi ilə Bakının ağalarına çevrilmək   istəyirdilər. “Densterforsun” Bakıya gəlməsindən təxminən iki həftə əvvəl - avqustun 5-də isə Şura üzvü doktor S.Araratyans Ənzəlidə general Denstervili ziyarət etmişdi. Bu görüş həm kəşfiyyat, həm də təşviqat xarakteri daşıyırdı. Erməni Milli Şurası Xəzəri keçməyə hazırlaşan ingilis hərbi güclərinin kifayət qədər çoxsaylı olmayacağından şübhələnirdilər. Doktor Araratyans da ilk növbədə Denstervili mümkün qədər böyük qüvvə gətirməyə təşviq etmək üçün göndərilmişdi. O, generalla söhbətində nisbətən kiçik Britaniya hərbi kontingentinin türklərə qarşı mübarizədə başqa heç bir müttəfiqi olmayan Bakı ermənilərində bədbinlik və ümidsizlik yaradacağı fikrini hər vasitə ilə əsaslandırmağa, aşılamağa çalışırdı.

Görüş zamanı erməni təmsilçisi Bakının müdafiəsi ilə bir sırada İrəvan və Culfa ermənilərinin vəziyyəti ətrafında da müzakirələr aparmışdı. Araratyansın missiyasından göründüyü kimi, bizim günlərdə olduğu kimi o dövrdə də ermənilər məqsədlərini həyata keçirmək üçün bütün mümkün yollardan və variantlardan yararlanmağa çalışırdılar. Əgər Şaumyanla həmfikirləri  Qafqazda, eləcə də Türkiyənin şərqində erməni iddialarının reallaşmasına bolşeviklərin yardımı ilə nail olmağa çalışırdılarsa, Erməni Milli Şurası və eserlərlə əməkdaşlıq edən siyasi xadimlər bu məsələdə Müttəfiq dövlətlərə ümid bəsləyirdilər. Bir sözlə, tilova nə düşəcəyindən asılı olmayaraq hər tərəfə qarmaq atılırdı.

Avqustun 7-də doktor Araratyansa göndərdiyi məktubda Denstervil istər Bakının müdafiəsində, istərsə də İrəvan və Culfa məsələlərində ingilislərin yardımından daha çox erməni amilinin, ermənilərin bir millət kimi iradə və əzminin mühüm rol oynayacağını diqqətə çatdırırdı. Tarixin həlledici anında onları birlik və mütəşəkkillik nümayiş etdirməyə, müdafiədən daha çox ardıcıl və məqsədyönlü hücum mövqeyində dayanmağa çağırırdı.

Digər tərəfdən, ermənilərin timsalında Cənubi Qafqazdakı potensial müttəfiqlərə ümid verməyi də yaddan çıxarmayaraq yazırdı ki, “göndərilməsi mümkün olan bütün qüvvələr Bakının müdafiəsinə cəlb ediləcək. Əgər soydaşlarınız bizimlə çiyin-çiyinə dayanaraq şəhərin qorunmasını öz üzərinə götürsələr, qələbəmiz təmin olunacaq. Yox, əgər həmvətənlərinizdə qətiyyət çatışmırsa, döyüş əzmlərinə sona qədər etibarınız yoxdursa,  o zaman məsləhət görərdim ki, əsgərlərimi Bakıdan çıxarmağa imkan yaratmaq şərti ilə düşmənlə razılığa gələsiniz”.

Bu sətirlər ingilis generalının ermənilərin xislətinə və imkanlarına yaxşı bələd olduğunu göstərir, həm də müəyyən qədər uzaqgörənlik nümayiş etdirdiyini göstərir. Həqiqətən də Bakıya gəldikdən az sonra Denstervil erməni amilini yetərindən artıq qiymətləndirdiyinin fərqinə vardı və ciddi xəyal qırıqlığına uğradı. Onların iddiaları ilə imkanlarının tərs mütənasib olduğunu görmək üçün əslində hansısa müdrikliyə də ehtiyac yox idi.  Bakıya və Azərbaycanın digər ərazilərinə göz dikən Daşnaksütyun partiyasının şabalıdı odun içindən rusların, yaxud ingilislərin əli ilə çıxarmaq niyyəti ilk baxışdan özünü büruzə verirdi.

Bakının “müdafiəsinə” cəlb olunan qüvvələrin əksər hissəsi keçmiş rus ordusunda döyüşmüş erməni əsgərlərindən, habelə savaş əsnasında səfərbərliyə alınan  şəhər sakinlərindən ibarət idi. Komandanlıq da əsasən erməni hərbçilərinin əlində cəmləşmişdi. Sentrokaspinin silahlı qüvvələrinə əvvəlcə  polkovnik Avanesov, sonra isə general Baqratuni rəhbərlik etmişdi. Bakı erməni Milli Şurası hərbi məsələlərlə birbaşa məşğul olmasa da, kifayət qədər maliyyə imkanlarına və nüfuza malik idi. Hərbi qüvvələrin maliyyələşdirilməsi əsasən bu şuranın vasitəsi ilə həyata keçirilirdi. Təsadüfi deyil ki, Bakıya gəlişinin ikinci qünü general Denstervil Milli Şura üzvləri ilə ayrıca görüş keçirmişdi.

Erməni əsgərləri isə öz intizamsızlıq   başıpozuqluğu ilə ilk anlardan  ingilis hərbçisində tam inamsızlıq yaratmışdılar. Denstervili ən çox qayğılandıran onların əmrləri yerinə yetirmək əvəzinə boşboğazlıq və demoqogiyaya qurşanması olmuşdu. O, heyrətlə yazırdı ki, ermənilərə sadə bir həqiqəti- müdafiə mövqeyində dayanan ordunun ilk öncə səngər qazılması və digər müdafiə xarakterli qurğular tikilməsi zərurətini başa sala bilməmişdi. Onlar yalançı qəhrəmanlıq görüntüsü yaradaraq guya türklərdən qorxmadıqlarını, müdafiədə deyil, hücumda vuruşmağa can atdıqlarını nümayiş etdirmək üçün bu işdən boyun qaçırırdılar.

Az qala hər gün oxşar hərbi cahillik nümunələri ilə qarşılaşan Denstervil təəccüb içərisində yazırdı: “Yerli qoşunlar, əsas etibarı ilə də ermənilər səngər qazmaqdan hər vasitə ilə canlarını qurtarmağa çalışırdılar. Məcbur edəndə isə belə cavab verirdilər: “Axı niyə səngərdə gizlənməliyik? Səngər qazmaq bizlik deyil. Qoy bu işlə qorxaqlar məşğul olsunlar. Biz vuruşmaq istəyirik”. Onlar sıra ilə təbii sipər rolunu oynayan qayaların arxasında uzanır və heç bir ehtiyac olmadan havaya atəş açırdılar. Həm də bunu əsasən türklərin hücum haqqında əsla fikirləşmədikləri vaxtlarda edirdilər. Ən yaxın türk əsgəri ilə aramızdakı məsafə isə ən azı üç min yard (təxminən 3 km. yaxın - V.Q.) olurdu”.

Cəbhə xətti ilə ilk tanışlıq Denstervildə ermənilərlə birlikdə “kəşfiyyata getməyin” uğursuz və riskli iş olduğu təəssüratını yaratmışdı. Odur ki, vəziyyətdən çıxmaq üçün bolşeviklərin geniş istifadə etdikləri “siyasi komissar  institutundan  yararlanmağa çalışmışdı. Başqa sözlə desək, nəzarət məqsədi ilə bütün erməni hərbi birliklərinə ingilis zabitləri göndərilmişdi. 

Britaniya generalı bu münasibətlə avqustun 19-da gündəliyində aşağıdakı sətirləri yazmışdı: “Hər iki cinahda cəbhə xəttini qoruyan erməni əsgərləri son dərəcə başıpozuqdurlar. Onların arasında heç bir intizam və mütəşəkkillik yoxdur. Vəziyyətdən çıxmaq üçün cəbhə xəttini mənim Şimali Stafford alayımdan olan əsgərlərlə möhkəmləndiririk. Tədricən erməni batalyonlarına ingilis zabitləri göndəririk. Artıq onların topçu batareyalarında da bizim zabitlərimiz var”.

Lakin bu tədbir də gözlənilən effekt verməmişdi. Bunu gündəlikdəki 1 sentyabr tarixli qeyddən də görmək mümkündür: “Qoşunlarda heç bir intizam, qayda-qanun və mütəşəkkillik yoxdur. Onlar düşmənin hücum etdiyi bütün istiqamətlərdə  geri çəkilirlər. Nəticədə mənim hər cür yardımdan məhrum olan əsgərlərim havayı hədəfə çevrilir. Erməni hərbi hissələrinə yenicə hazırlanmış və möhkəmləndirilmiş mövqelərdə yerləşməyi əmr etdim. Onlar isə boyun qaçırdılar. Çünki düşmən bu istiqamətdən  hücuma keçə bilərdi”. Şəhər müdafiəçilərinin bu alibisinin cəfəngliyi ilə bağlı təəccüb və hiddətini ifadə etmək üçün general sonuncu cümlənin altından xətt çəkməyi də unutmamışdı...

Erməni hərbi birlikləri arasında avqustun 30-da yer almış başqa bir hadisə də Denstervili eyni dərəcədə təəccübləndirmişdi. “Cəbhə xəttinə yollanmaq əmri alandan sonra onlar (ermənilər - V,Q.) gedib-getməməklə bağlı qərar qəbul etmək üçün iclas çağırmışlar. 30 faiz getmək tərəfdarı olmuş, 70 faiz isə əks mövqe tutmuşdu. Həmin 30 faiz həqiqətən də möhkəm oğlanlardır. İşi belə görəndə onlar qalan 70 faizi cəzalandırmaq, yaxud da əmrin icrasına məcbur etmək üçün atəş açmağa başlamışlar. Güllələr bizim zirehli maşınlardan birinin həndəvərində vıyıldayırmış. Maşının rəisi komandirə məlumat vermiş, bu başıpozuqluğu dayandırmasalar ermənilərə atəş açacağını bildirmişdi. Komandir çox qısa şəkildə “Buyurun, atəş açın!”-demişdi”.

Bakının müdafiəçiləri arasında hökm sürən başqa bir əcaib hadisə erməni əsgərlərinin silah və sursata ordu əmlakı kimi deyil, özlərinin şəxsi əşyaları, yaxud malları kimi yanaşmaları ilə bağlı idi. İngilislər təşəbbüsü əllərinə alandan sonra bu hallara son qoymaq, hərbi birliklərdə qayda-qanun yaratmaq üçün Denstervil polkovnik Uordeni piyada hissələrin müfəttişi, polkovnik Raulinsonu cəbbəxana rəisi, mayor Vandenberqi isə pulemyotlar üzrə nəzarətçi təyin etmişdi.

Mayor Vandenberqin təyinatına qədər pulemyotçular  silahı intensiv atəşə ehtiyac duyulan mövqelərdə deyil, həyatları üçün daha təhlükəsiz saydıqları yerlərdə  qoymağı üstün tuturdular. Bu da bəzən bir neçə pulemyotçunun çox yaxın məsafədə yerləşmələrinə, müdafiə xəttində boş, açıq ərazilərin qalmasına gətirib çıxarırdı. İngilis zabiti pulemyotları arada bərabər məsafə saxlamaqla yenidən düzmüşdü. Lakin ertəsi gün mövqeləri gəzərkən təzə qaydalara əməl edilmədiyini   görmüşdü. Səbəbi ilə maraqlananda məlum olmuşdu ki, qısa müddətli istirahət hüququ alan döyüşçü pulemyotunu da özü ilə aparıb... “Yerli ordunun bu cür idiot hərəkətləri dözülməzdir!” - deyə general gündəliklərində acı-acı şikayətlənirdi.

Denstervilin fikrincə, erməni qadınları kişilərdən daha cəsarətli və qorxmaz idilər. O, yazırdı: “Bakı erməniləri haqqında deyilənlərə yekun vurarkən əlavə  etməliyəm ki, onların kişiləri arasında həqiqi igidlik nümunələrinə nadir hallarda təsadüf edilsə də, qadınlar döyüş xəttində özlərini həqiqi qəhrəmanlar kimi aparırdılar”. Bütünlükdə, erməni hərbçilərində döyüş ruhunun olmaması isə, generalın fikrincə, qorxaqlıqla bağlı deyildi. Bu daha çox onların hərbi xidmətin prinsiplərini anlamamalarından və intizamsızlıqlarından irəli gəlirdi.

Amma ardınca təsvir etdiyi epizodda Denstervil özü də fərqinə varmadan ermənilərin cəsarətsizliyinin, ilk növbədə isə türk əsgərlərindən necə qorxduqlarının görümlü mənzərəsi yaratmışdı: “Bir dəfə günün günorta çağı türklər öz mövqelərindən çıxaraq  çox güman ki, hücum məqsədi ilə dəmiryol xəttinin keçdiyi açıq ərazi boyu irəliləməyə başladılar. Erməni batalyonuna komandanlıq edən zabitlərimdən biri əsgərlərə səngərdən çıxaraq əks-hücuma atılmaq əmrini verdi. Lakin  onlar yerlərindən tərpənmədilər. Nümayəndələri isə zabitə dedi: “Ora necə gedə bilərik? Görmürsən, orada türklər var?” 

Denstervil təkcə erməni əsgərlərindən deyil, zabitlərindən də narazı idi. Xüsusilə də sonuncuların sevimlisi Biçeraxova düşmən münasibəti onu hədsiz hiddətləndirirdi. Bu mənada ingilis generalı ilə Bakı qoşunlarının qərargah rəisi polkovnik Avetisov arasında ilk günlərdən gərgin konflikt yaranmışdı. “İndiyə qədər Biçeraxov uğurlu fəaliyyət göstərib və təbii ki, mənim də uğurum onunla bağlıdır, - deyə Denstervil avqustun 20-də gündəliyində yazırdı. - Buradakılara da daim məsləhət görürəm ki, ona anlayışla yanaşsınlar. Amma qərargah rəisi Avanesov Biçeraxova nifrət bəsləyir. Eybi yox, biz tezliklə qərargah rəisini xəstəliyə görə məzuniyyətə göndərərik, o zaman vəziyyət düzələr”.

Aradan on gün keçəndən sonra Denstervil bu niyyətini gerçəkləşdirdi. Baş komandan Dokuçayev qarşısında erməni polkovnikinin ordudan uzaqlaşdırılması məsələsini qaldırdı. Gündəlikdəki 1 sentyabr tarixli qeyddə bu barədə oxuyuruq: “General Dokuçayev yaxşı adamdır. Lakin xüsusi qabiliyyəti ilə seçilmir, həm də ən çətin sahəyə nəzarət edir. Onun qərargah rəisi Avanesov (erməni) zəif, xəstə və tamamilə faydasız adamdır. Mən generaldan xahiş etdim ki, onun dalına bir təpik vurub qovsun və yerinə polkovnik Stoksu gətirsin” .

Sentrokaspi hökumətinin “müdafiə naziri” general Baqratuni də Denstervilin gündəliklərində zəif iradəli, qətiyyətsiz, xüsusən də çətin məqamlarda xarakter nümayiş etdirməyi bacarmayan  hərbçi kimi səciyyələndirir. Onun erməni əsgərləri arasında və bütünlükdə orduda nüfuzu da yüksək deyildi.

Çox güman ki, elə bunun nəticəsi idi ki, sentyabrın 5-də müdafiə xəttinin   növbəti inspeksiyası zamanı ingilis generalı biabırçı vəziyyətlə qarşılaşmışdı: “Daha çox təhlükəli sayılan və düşmən hücumunun daha çox gözlənildiyi yerdə bir nəfər də (mətndə kursivlə verilib - V.Q.) yox idi. Əslində isə burada daim 1500 əsgər və 2 pulemyot olmalıdır. Bütöv bir erməni batalyonunun dayandığı başqa yerdə isə cəmisi 75 nəfər vardı”.

Hər dəfə belə vəziyyətlə üzləşəndə o, gündəliyində Bakının indiyə qədər yalnız ilahi möcüzə nəticəsində qorunub saxlandığını yazır, hətta “səfeh türklərin” niyə hücuma keçib son zərbəni vurmadıqlarından heyrətləndiyini ifadə edirdi. Doğrudur, ardınca Denstervil bunu Qafqaz İslam ordusunun üzləşdiyi silah, sursat və canlı qüvvə catışmazlığı ilə əlaqələndirməyi də unutmurdu.

Erməni döyüşçülərin qorxaqlığı, başıpozuqluğu haqda Denstervilin gündəliklərindən və kitabından gətirdiyim iqtibaslar oxucuda haqlı sual yarada bilər: əgər düşmən bu dərəcədə zəif idisə, nə üçün türk-Azərbaycan birlikləri iki ay müddətində şəhəri azad edə bilməmişdilər?  Əvvəla, Qafqaz İslam ordusuna qarşı vuruşan yalnız ermənilər deyildilər. “Densterfors” qüvvələrindən başqa Bakı qoşunun tərkibində böyük hərbi təcrübəyə malik rus, gürcü və digər millətlərdən olan zabitlər vardı. Ölkənin demək olar ki, bütün resursları Bakıda cəmlənmişdi. Yüksəklikdə yerləşməsi, xüsusən əsas hücum istiqamətlərindən sayılan cənub tərəfdə sərt yoxuşlarla əhatə olunması şəhərin alınmasını çətinləşdirirdi.

 

(Ardı var)   

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2012.- 6 oktyabr.- S.20-21.