Əruzşünas alim
Bir neçə il
idi ki, İncəsənət
Universitetində nəzəri
fənləri, o cümlədən
əruzu tədris edirdim. Akademiyanın bağında yazıçı
dostum Əlibala Hacızadə ilə gəzişən Əkrəm
Cəfərə rast gəldim. Ədəb-ərkan
salamından sonra söhbətə qoşulub
soruşdum: Ustad mən beş
ilə əruzu tədris etmək səviyyəsində öyrənə
bilərəm? Barmağını
“yox” istiqamətində
yelləyib ürəkdən
güldü və dedi: Əşşi mən otuz ildi
əruzu öyrənə
bilmirəm...
Əruz ədəbiyyat nəzəriyyəsinin
inteqralıdı. XIII əsrdə
(767-ci il) ərəb dilçisi və musiqişünası
Əbu Əbdürrəhman
Xəlil ibn Əhməd əl Bəsri, əl Fərahi (718-790) tərəfindən
əsası qoyulan əruz orta əsrlərdə mədrəsələrdə
ana dili ilə bərabər tədris olunur, buna görə də əruzu bilməmək ayıb sayılırdı.
Türk
alimi İ.Həbib “Ərəb islam
millətlərinə iki
şey verdi: din və əruz” - deyə ona çox
böyük qiymət
vermişdir. Əruz haqqında Şərqdə
çox, bizdə isə az
yazılıb. Böyük nəzəriyyəçi
Əkrəm Cəfər
“Əruzun nəzəri
əsasları və Azərbaycan əruzu”
(1977) adlı fundamental monoqrafiyası
ilə müqayisəli
əruzşünaslığın əsasını qoyub.
O, özündən sonra
daha qiymətli bir əsər - bu günlərdə 50 yaşı tamam olan istedadlı tələbəsi, əruzşünas
alim Tərlan Quliyevi ərsəyə gətirib. Alimin böyüklüyü ondadır ki, o, təkcə yaxşı əsər yazmır, həm də özündən sonrakı
nəsillər üçün
yaxşı mütəxəssis
yetişdirir, məktəb
yaradır.
Əkrəm Cəfər məktəbinin
ən gənc və istedadlı yetirməsi Tərlan Quliyev 1962-ci il
oktyabr ayının
6-da Bakıda ziyalı
ailəsində anadan olub. Onun atası Aslan
Quliyev, anası Balaxanım İbrahim qızı, dayısı Malik Qarazadə və xalası indiki BDU-nun şərqşünaslıq
fakültəsinin ərəb
dili şöbəsini
bitirmişlər. Dayısı 1995-2008-də
BDU-nun ilahiyyat fakültəsində
kafedra müdiri olub.
Tərlan
ilk təhsilini Bakıdakı
ərəb dili təmayüllü 44 saylı
orta məktəbdə,
ali təhsilini
1979-1984-cü illərdə BDU-nun filologiya fakültəsində
almışdır. Hələ
beşinci kursda diplom işi yazarkən Ə.Cəfərlə
tanış olmuş bu böyük alim onun həm diplom işinin, həm də 1990-cı ildə müdafiə etdiyi “Nəsirəddin Tusinin “Miyarül-əşar əsəri”
mövzusunda namizədlik
dissertasiyasının elmi
rəhbəri olub.
Tərlan
1989-cu ildə AMEA-nın
Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunda baş laborant kimi əmək
fəaliyyətinə başlayır.
2001-ci ilə qədər
çox qısa müddətdə biliyi, istedadı təşkilatçılığı,
səmimiyyəti sayəsində
orada şöbə müdiri vəzifəsinə
yüksəlir. Nəzəriyyəçi
alim 2004-cü ildən
bu günədək
AMEA-nın M.Füzuli
adına Əlyazmalar İnstitutunda
çalışır, hal-hazırda
bu elm məbədində
“Əlyazmaların kataloqlaşdırılması”
şöbəsinin müdiridir.
T.Quliyev 2003-cü ildə müvəffəqiyyətlə
“Əruz və qafiyəşünaslıq tarixi
VIII-XVI əsrlər” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib.
İlk məqaləsinin
çap olunduğu
1985-ci ildən bu günədək onun 100-dən
artıq məqaləsi,
“Əruz və qafiyəşünaslıq tarixi
(VIII-XVI əsrlər)” (1998); “Əruz” (2001); “Anadilli şeirimizin qədim dövrü” (2001), “Anadilli
əruizvəznli şeirimizin
poetik inkişaf yolu” (2011) kimi çox dəyərli kitabları çap olunub. O, böyük türk
şairi Əlişir
Nəvainin əruz nəzəriyyəsinə dair
“Mizanül övzan”
(2006) əsərini tərcümə,
ön söz və qeydlərlə çap etdirib.
Tərlan Quliyev 1993-cü ildən başlayaraq dünyanın
İran, Tükiyə,
ABŞ, Türkmənistan, Özbəkistan,
Kıprıs kimi ölkələrində beynəlxalq
konfrans və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təbliğ və təmsil edib.
Onun əsərləri
müasir əruzşünaslıq
elmimizin və nəzəri fikrin səviyyəsini əks etdirir. Araşdırmalarında Şərq-Qərb elminin ən müasir nailiyyətlərinə
əsaslanan əruzşünas
alim çox ustalıqla faktın nəzəri fəzasını
təyin edir, mühakimələrində fəhmin
və məntiqin vəhdətinə əsaslanır.
Ərəbdilli elmin və ədəbiyyatın, anadilli
bədii fikrimizin müxtəlif cərəyanlarına
dərindən bələd
olan T.Quliyev səylə tarixiliyə istinad edir, konteksti
nəzərə alaraq
nəticələr çıxarır.
Əruzdan nəinki kitab yazmaq, əruzdan bir səhifə belə yazmaq çətindir. Şərqin üç böyük dilində - ərəb, fars və
türk dillərində
yaranmış klassik Şərq ədəbiyyatı
əruz vəzni üzərində təməl
tapıb. Dahi Füzuli “Qəzəl
bildirir şairin qüdrətin” dedikdə həm də əruzla yazmağın çətinliyini ifadə
edirdi. T.Quliyev əruzun sehrli
aləminə daxil olmuş bir mütəxəssisdir. Müasir əruzşünaslıq
elmimizin yaradıcılarındandır.
Mən heç bir tərəddüd etmədən onun kitablarını, xüsusilə
“Əruz və qafiyəşünaslıq tarixi”
və “Anadilli əruizvəznli şeirimizin
poetik inkişaf yolu” monoqrafiyalarını
əruz nəzəriyyəsi
sahəsində nüfuzlu
mənbələr hesab
edirəm. Orta əsrlərdə şeirin
necəliyini təyin edən iki tərəzi,
iki meyar əsas idi: vəzn və qafiyə. T.Quliyev klassik şeirin
əsas vəzni olan əruzu və vəznin şəriki olan qafiyəni ərəbdilli
məxəzlər əsasında
əsaslı şəkildə
araşdıraraq dəyərli
nəticələrə gəlib.
T.Quliyevin əruz və qafiyəşünaslıq sahəsində
tədqiqatları müasir
qloballaşan dünyada,
rəqəmsal avropaçılıqla
ruhi aləm - şərqçilik arasında
mücadilələr getdiyi
bir dövrdə xüsusi əhəmiyyət
kəsb edir. Bu əsərlər şərqçiliyin
dayaqlarını möhkəmlədir,
milli özgünlüyün
qorunmasına şərait
yaradır.
T.Quliyev tapdanmış yolla getməyib, böyük Ə.Cəfərin müqayisəli
əruzşünaslıq elminin
işığında özünə
yeni yol tapıb, öz adını bəşər
fikrinin hələ çox-çox əsrlər
heyrətdə qoyacaq əruzun tarixi ilə bağlayıb. İstedadlı alim ömrünün yetkin çağına -
50 yaşa gəlib çatıb.
İstiqlal yolları
ilə əzmlə
nurlu sabahlara addımlayan xalqımız
ondan yeni tədqiqat əsərləri
gözləyir.
Əzizim
Tərlan! Qoy canın sağlam,
zehnin iti, fəhmin hüdudsuz, yazıb yaratmaq ehtirasın tükənməz
olsun.
Nizaməddin ŞƏMSİZADƏ,
Professor
525-ci qəzet.- 2012.- 6 oktyabr.- S.17.