"Əmək pensiyalarında daim
artım müşahidə olunur”
Elşən Məmmədəliyev: “Əmək
pensiyalarinin orta aylıq məbləği 151,3
manatdır”
Oktyabrın
10-da Dövlət Sosial Müdafiə Fondunun yaranmasının
20 ili tamam olur. Bu müddətdə
sığorta-pensiya sistemində aparılan islahatlar və digər
məsələlərlə bağlı
suallarımızı Fondun Əmək pensiyaları
şöbəsinin müdiri Elşən Məmmədəliyev
cavablandırıb.
-Azərbaycanda
həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində
əhəmiyyətli yer tutan sahələrdən biri də
sosial müdafiə, o cümlədən pensiya sistemində
aparılan islahatlardır. Pensiya sistemi eyni
zamanda cəmiyyətdə vətəndaş həmrəyliyini
möhkəmləndirən əhəmiyyətli vasitədir.
Müstəqil Azərbaycanda pensiya sahəsində
qəbul edilən ilk qanunlardan biri əhalinin pensiya təminatı
sisteminin hüquqi əsaslarını nəzərdə tutan
“Vətəndaşların Pensiya Təminatı haqqında”
Qanun (01.01.1993) idi. Buna paralel olaraq sosial sığorta və
pensiya təminatının maliyyələşdirilməsi sahəsində
idarəetmənin təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun yaradılması haqqında” Fərmanı ilə Azərbaycan
Respublikası Pensiya Fondu və Azərbaycan
Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondu
yaradıldı. Lakin qeyd olunan dövrdə
pensiya qanunvericiliyi bazar iqtisadiyyatının tələblərini
özündə əks etdirə bilmirdi, çünkü həmin
dövrdə mövcud olan həmrəylik sistemində işləyənlər
üçün ödənilən sosial sığorta
ayırmalarının fərdi uçotu aparılmadan bir yerə
toplanması və pensiya ödənişlərinə yönəldilməsi
həyata keçirilirdi. Bu halda ödənilən
sosial sığorta haqları ilə təyin olunan pensiyalar
arasında birbaşa əlaqələr görünmədiyindən,
insanlar vəsait ödəməkdən yayınmağa daha
çox meyilli olurdular. Sosial təminatın
mühüm vasitələrdən biri olan pensiya təminatının
yenidən qurulması üçün ulu öndərimiz Heydər
Əliyev tərəfindən imzalanan “Azərbaycan
Respublikasında Pensiya İslahatı Konsepsiyası” bu sahədə
dəyişiklikləri şərtləndirdi. Konsepsiya islahatın mahiyyətini təşkil edən
sığorta-pensiya və sosial yardım sistemlərinin
bir-birindən ayrılmasını, sığorta münasibətlərinə
əsaslanan pensiya sisteminin qurulmasını ifadə edir.
Bu dəyişikliklərin başlıca elementi
sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan
sığorta-pensiya sisteminin yaradılması idi. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd
ödənilən məcburi dövlət sosial sığorta
haqqı ilə pensiya məbləği arasında birbaşa
qarşılıqlı əlaqənin təmin edilməsidir.
2001-2005-ci illərdə sözügedən
konsepsiyanın müddəaları gerçəkləşdirildi.
27 noyabr 2001-ci ildə “Dövlət sosial sığorta
sistemində fərdi uçot haqqında” Qanunun tətbiq edilməsi
ilə ölkəmizdə məcburi dövlət sosial
sığorta sistemində fərdi uçotun əsası
qoyuldu, məcburi dövlət sosial sığorta sahəsində
idarəetməni həyata keçirən Dövlət Sosial
Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik
edilərək, ona fərdi uçotu həyata keçirmək
və daha sonra Azərbaycan Respublikası Prezidentinin 4 avqust
2003-cü il tarixli 908 nömrəli Fərmanı ilə
pensiyaların təyini və ödənilməsi
funksiyaları verildi. Beləliklə vahid
sığorta pensiya qurumunun yaradılması təmin olundu.
-2006-cı ildən yeni “Əmək pensiyaları
haqqında” Qanun tətbiq edilməyə başladı. Yeni qanunun əsas
özəlliyi nədən ibarət idi?
-2005-ci
ildə sığorta-pensiya sistemi ilə dövlət
yardım sistemlərini bir-birindən ayıran “Əmək
pensiyaları haqqında” və “Dövlət sosial müavinətlər
haqqında” qanunlarının layihələri
hazırlanmış və 2006-cı ilin yanvarın 1-dən
beynəlxalq standartlara cavab verən müasir
sığorta-pensiya sisteminə keçid baş tutdu. Bununla da həmrəylik prinsiplərinə deyil,
sığorta-pensiya prinsiplərinə əsaslanan və ədalətli
sistemin yaradılmasına gətirib çıxaran yeni “Əmək
pensiyaları haqqında” Qanunu qüvvəyə minmişdir.
Bundan başqa həmin qanunvericiliyə
müvafiq dəyişiklik və əlavələr edilməklə
ölkədə 2007-ci ildən vahid pensiya sistemi
yaradılması tamamlanmışdır. Belə
ki, 2006-cı ildən qüvvədə olan “Əmək
pensiyaları haqqında” Qanunu mülkiyyət formasından və
əmək fəaliyyətinin xarakterindən asılı
olmayaraq bütün işləyənləri (o cümlədən
dövlət qulluqçuları, hərbi qulluqçular və
xüsusi rütbəli şəxslər) əhatə edir.
2006-cı ildən fəaliyyətdə olan yeni
sığorta-pensiya sistemi hər bir sığortaolunana fərdi
hesabın açılaraq ödənilən sosial
sığorta haqlarının həmin hesabda fərdi
uçotunun qurulması, vətəndaşların pensiya təyinatının
bu uçotun məlumatları əsasında
aparılmasını nəzərdə tutur. Burada pensiyaların məbləğinin hər kəsin
sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi
onun ədalətliliyini və inkişafını təmin edən
ən müasir vasitədir.
Son illər “Əmək pensiyaları haqqında” Qanuna
edilən bir sıra mühüm əlavə və dəyişikliklər
ölkədə həyata keçirilən
sığorta-pensiya islahatlarının növbəti mərhələsidir
və bu mərhələdə atılan addımlar
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı”nda da yer alıb. Qanuna edilən əlavə
və dəyişikliklərin ən mühümü
keçmiş dövrdə qazanılmış əmək
pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi
ilə bağlıdır. Bu dəyişiklik
pensiya təyinatında yanlış hesablama qaydasını
aradan qaldırıb, həm də sistemdə böyük bir
şəffaflıq təmin olunub. Pensiya təyinatı
zamanı əsas problemlər 2006-cı ilə qədər
olan dövr üçün pensiya məbləğlərinin
müəyyən olunması metodikası ilə bağlı
idi. Belə ki, daha az əmək
stajına malik, lakin yüksək əmək haqqı
almış şəxslərlə uzun müddət işləmiş
və kifayət qədər əmək stajına malik olan
şəxslərin pensiya məbləğləri arasında kəskin
fərqlər mövcud idi. Pensiyaların
hesablanması zamanı yaranan belə fərqli hallar
pensiyaçılar arasında haqlı narazılığa səbəb
olurdu. Əvvəlki qayda ilə hesablama zamanı, elm, təhsil,
səhiyyə, mədəniyyət və s. sahələrdə
uzun müddət əmək stajına malik şəxslərin
əmək haqqı göstəricilərinin aşağı
olması səbəbindən əksər hallarda qeyd olunan sahələrdə
çalışan vətəndaşların pensiyaları
minimum məbləğlə ifadə edilirdi. Bununla
bağlı 2006-cı ilin 1 yanvarınadək mövcud
olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından,
həmin dövrdə qazanılmış pensiya
hüquqlarının müəyyənləşdirilməsində
əmək haqqına istinadın aradan qaldırılması,
hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə
əsasən aparılması qərara
alınmışdır. 2009-cu ildə “Əmək
pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərlə
2010-cu ildən etibarən yeni pensiya təyin olunan şəxslərə
2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi
iş stajının hər ilinə görə 170 manat pensiya
kapitalının hesablanması nəzərdə tutuldu. Sosial sığorta 1992-ci ildən tətbiq edilsə
də, vətəndaşa ölkə üzrə ən
yüksək orta aylıq əmək haqqı nisbəti ilə
işlədiyi əvvəlki dövrə də sığorta
kapitalı hesablanıb. Nəticədə
yeni təyinatların orta aylıq məbləğləri 150
manata qalxdı, minimum pensiya təyinatı öncə qeyd
etdiyim kimi aradan qaldırıldı. Növbəti mərhələdə
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı”nın 2.9 bəndinə
uyğun olaraq yeni sığorta-pensiya sistemi fəaliyyətə
başladıqdan əvvəl və sonra pensiyaya
çıxmış şəxslərin pensiya məbləğləri
arasındakı əvvəlki pensiya sisteminin yaratmış
olduğu fərqlərin aradan qaldırılması ilə əlaqədar
1 iyul 2011-ci il tarixdən qanunvericiliyə əlavə və dəyişikliklər
edilib. Yenidən hesablama nəticəsində 1 yanvar 2010-cu il
tarixədək pensiyaya çıxanların pensiya işləri
üzrə 1 yanvar 2006-cı il tarixədək iş
stajının hər bir ili üçün də yeni pensiya
təyin olunan şəxslərdə olduğu kimi 170 manat
pensiya kapitalına uyğun 1,94 manat sığorta hissəsi təyin
edilib ki, bu da bütün pensiya sisteminin vahid qaydaya gətirilməsi
deməkdir.
Beləliklə, pensiyaların yenidən hesablanması əvvəlki
qaydaların şamil olunduğu bütün pensiya işlərini
əhatə edir. Bu zaman yenidən hesablanmış və
mövcud pensiya məbləğlərindən daha yüksək
olanı pensiya təyinatı üçün əsas
götürülür. Bir daha qeyd etmək
istəyirəm ki, burada söhbət 2006-cı ilə qədər
qazanılan pensiya hüquqlarının yenidən
hesablanmasından gedir. Əgər şəxs
2006-cı ildən sonra da işləyərək sistemə
sosial sığorta haqları ödəyibsə, bu hissə fərdi
uçot prinsipləri əsasında ayrıca hesablanıb pensiya
məbləğində nəzərə alınır.
-Konkret
olaraq həyata keçirilən tədbirlər pensiyaların
hansı səviyyədə artımına gətirib
çıxarıb? Ümumiyyətlə son 20
ildə əmək pensiyalarının orta aylıq məbləğinin
artım tempi necə olub?
-01.01.1992-ci
ildən 01.01.2012-ci il tarixədək olan
dövr üzrə Respublikamızda pensiyaların məbləğinə
diqqət etsək əhəmiyyətli artım
dinamikasını müşahidə edərik. Məsələn,
1 yanvar 1992-ci il tarixdə pensiyaların orta aylıq məbləği
yeni manatla 0,11 manat, 1 yanvar 1993-cü il
tarixdə 0,14 manat və 1 yanvar 1994-cü il tarixdə 0,36
manat təşkil edib. Sonrakı dövrlərdə ölkədə
aparılan iqtisadi islahatlar nəticəsində pensiyaların
orta aylıq məbləğində yüksələn dinamika
ilə artımlar olunub və “Əmək pensiyaları
haqqında” Qanunu qüvvəyə mindiyi 1 yanvar 2006-cı il
tarixə pensiyanın orta aylıq məbləği 28,5 manata çatıb. Yeni Qanunun
tətbiqindən sonra əmək pensiyalarının orta
aylıq məbləği daha sürətlə yüksəlib.
Belə ki, 1 yanvar 2007-ci il tarixdə 41,1 manat, 1 yanvar 2008-ci il
tarixdə 62,9 manat, 1 yanvar 2009-cu il tarixdə 95,8 manat, 1 yanvar
2010-cu il tarixdə 100,4 manat 1 yanvar 2011-ci il tarixdə 112,9
manat və 1 yanvar 2012-ci il tarixdən isə 145,1 manat təşkil
edib. Hazırda əmək pensiyalarının orta aylıq məbləği
151,3 manata bərabərdir. Göründüyü
kimi pensiyaların orta aylıq məbləğində daima
artım müşahidə olunub. Xüsusilə, 1 yanvar
2006-cı il tarixdən sonra əmək
pensiyalarının məbləğində nəzərə
çarpacaq dərəcədə artımlar olunub. Bunun əsas səbəbi son illər ərzində həyata
keçirilən ardıcıl sosial müdafiə tədbirləridir.
Nəticədə ölkə üzrə əmək
pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının
orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa
görə əmək pensiyalarının orta aylıq məbləğinin
əməkhaqlarının orta aylıq məbləğinə
nisbəti isə 45 faiz təşkil edib. Bu kifayət
qədər normal göstərici hesab edilə bilər.
-Sığorta-pensiya
sistemində həyata keçirilən mühüm islahatlardan
biri də pensiyaların plastik kartlarla ödənişidir. Hazırda bu sahədə vəziyyət necədir?
-2004-cü ildən etibarən pensiya və müavinətlərin
əhaliyə çatdırılmasında müasir
texnologiyaların tətbiqinə keçilib. Belə ki,
aparılan islahatlar nəticəsində vətəndaşların
pensiyalarının ödənişi plastik kartlar vasitəsilə
həyata keçirilir ki, bu da vətəndaşların
ödəniş müəssisələrinin
qarşısında günlərlə növbələrdə
durmasını və ödənişdə neqativ halların
yaranması hallarını aradan qaldırıb.
Hazırda pensiyaların ödənişi
avtomatlaşdırılıb, kənd yerlərində
yaşayan pensiyaçıların 99,1 faizinin, şəhərlərdə
yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə
isə 99,5 faizinin pensiyasının plastik kartlarla ödənilməsi
təmin edilib. Eyni zamanda plastik kartların
pensiyaçılara billavasitə bankların filialları tərəfindən
verilməsi təşkil olunub.
-
Yaxın perspektivdə hansı islahat tədbirlərinin həyata
keçirilməsi nəzərdə tutulur?
-Nəzərdə
tutulan tədbirlər Azərbaycan Respublikası Prezidentinin
30.12.2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı”nda qeyd olunanların kompleks həllinə
yönəldilib. Hazırki mərhələdə
pensiya təyinatının tam avtomatlaşdırılması
yolu ilə əməliyyatların vahid mərkəzdən
aparılmasına keçidin təmin edilməsi xüsusi diqqət
mərkəzində saxlanılır. Növbəti
mərhələdə qeyri-dövlət pensiya
fondlarının yaradılmasını və fəaliyyətini
tənzimləyən normativ hüquqi bazanın
hazırlanması üzərində müvafiq tədbirlərin
görülməsi nəzərdə tutulub. Bundan başqa konüllü pensiya
sığortasının formalaşdırılması və
inkişafı üzrə təkliflərin hazırlanması
və sosial sığorta haqlarının fərdi
yığım hesablarına toplanmasına
başlanılmasının həyata keçirilməsidir.
Bəxtiyar MƏMMƏDLİ
525-ci qəzet.- 2012.- 6 oktyabr.- S.12.