AYB-də Tofiq Məliklinin 70 illiyi qeyd olundu
Tədbirdə alimin “Qaralamasız
yaşanan ömür”
kitabı ictimaiyyətə
təqdim olunub
Ötən gün Yazıçılar
Birliyində (AYB) tanınmış
alim, türkoloq Tofiq Məliklinin 70 illik yubileyi qeyd olunub. Tədbiri giriş
sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar
yubilyarı təbrik edərək onun AYB-nin Moskva bölməsinin
rəhbəri kimi fəaliyyətini yüksək
qiymətləndirib. Xalq yazıçısı
alimin Rusiyanın paytaxtında da yubileyinin təntənə
ilə qeyd olunmasını xatırladaraq
onun yaradıcılığının
məziyyətlərindən danışıb.
AYB-nin birinci katibi, Xalq şairi
Fikrət Qoca yubilyarın 70 yaşı
tamam olmasına baxmayaraq çox cavan görünməsini onun yaşadığı
mənalı, təmiz
ömürlə əlaqələndirib. Alimin yaradıcılığından danışan xalq şairi yubilyarın əsərləri haqqında
fikirlərini tədbir
iştirakçıları ilə bölüşüb:
“Adətən deyirlər
ki, alimlərin yazdığı şeirlər
bir az quru
olur. Amma Tofiq Məliklinin
şeirləri istisnadır.
Onun şeirləri dolğun, emosionaldır. Tofiq Məlikli
Moskvada müəyyən
zaman ərzində mövcud olan elm, sənət, ədəbiyyat
boşluğunu doldurub.
Bu ağır yük Tofiq Məlikli körpüsündən
keçib”.
AYB-nin sədr müavini
Nazim İbrahimov yubilyarın yaşadığı
ömür ərzində
özünə çoxlu
dostlar qazandığını
deyib: “Tofiq Məlikli ilə ilk dəfə İstanbulda
1991-ci ildə tanış olmuşuq.
Onda mən gördüm ki, bu insan
nə qədər nüfuzlu bir şəxsiyyətdir. Orada onunla
hesablaşırlar, onun
sözünə böyük
dəyər verirlər.
Türkiyədə işlədiyi
bir neçə il ərzində
Tofiq Məlikli özünə çoxsaylı,
sadiq dostlar qazanıb. Bu gün
Tofiq Məlikli olmadan Azərbaycanda heç bir türkoloji forum, aidiyyəti
tədbir onsuz keçmir. Çünki öz sahəsini
dərindən bilən
bir mütəxəssis
kimi ona hər zaman ehtiyac duyuruq. O böyük alim olması ilə yanaşı, şeirin, poeziyanın da incəliklərinə dərindən
bələd olan bir şairdir”.
Professor Əsgər Rəsulov çıxışında yubilyarın
həyat və yaradıcılıq yoluna
nəzər salıb:
“Azərbaycan Dövlət
Universtitetinin şərqşünaslıq
fakültəsində təhsil
alan Tofiq
Məliklinin praktik türk dilini öyrənməsində müəllimi
Cabbar Cabbarovun böyük əməyi olub. Tofiq Məlikli müxtəlif
illərdə Türkiyədə,
Rusiyada çalışıb.
Onun yaradıcılığı çoxşaxəlidir.
Lakin o hər şeydən əvvəl filoloq-türkoloqdur.
Böyük mənada Türkiyə
ədəbiyyatşünasıdır.
Onun Rusiya, Fransa, Polşa, Çexiya, Türkiyə və dünyanın bir çox başqa ölkəsində,
eləcə də respublikamızda türkologiyanın
ən mühüm və aktual problemlərinə həsr
olunmuş 10-a yaxın
monoqrafiyası, dərsliyi
və dərs vəsaiti, 100-dən artıq
elmi əsəri, elə bir o qədər də publisistik məqaləsi çap edilib. Tanınmış yazıçı,
jurnalist Yaşar Əliyev Tofiq Məlikli ilə müsahibəsində onu haqlı olaraq sərrast bir deyimlə “Türkiyə ədəbiyyatının Rusiyada
elçisi” kimi səciyyələndirib”.
Ə. Rəsulov yubilyarın mütərcimlik fəaliyyətinə
də çıxışında
yer ayırıb: “Tofiq Məlikli sadəcə praktik tərcüməçi deyil,
onu mütərcim adlandırarkən təkcə
Yaşar Kamalın “Ölməz ot”, Nazim Hikmətin “Yaşamaq gözəldir, qardaşım” romanlarını,
Fazil Hüsnü Dağlarcanın, Ataol Bəhramoğlunun şeir
və poemalarını
çevirməsini nəzərdə
tutmuruq. Tofiq müəllim peşəkar
tərcüməşünasdır.
O hazırda da işlədiyi universitetdə
tələbələrinə tərcümə nəzəriyyəsi
və təcrübəsini
tədris edir”.
Professor çıxışını
atalar sözü ilə yekunlaşdırıb:
“El arasında gözəl
bir ifadə var: Yaxşı igid dayısına çəkər. Bu məsəl tamamilə Tofiq Məliklinin boyuna biçilib sanki. Bu böyük
alim türkologiyaya şərqşünaslıq məbədimizin
atlantlarından olan Həmid Araslının xeyir-duası ilə qədəm basıb.
Və bu etimadı tamamilə doğruldub”.
“Azərnəşr”in direktoru Azər Mustafazadə çıxışında
yubilyarın böyük
işlər gördüyünü
diqqətə çatdırıb,
onun dəyərli fəaliyyətindən danışıb.
“Bəzən bir
çox məsəlləri
o qədər işlədirik
ki, onları urvatdan salırıq. Amma bir məsəl çox işlənsə də onu deyəcəyəm; Tofiq Məlikli geriyə baxanda utanılası ömür
yaşamayan insanlardandır.
O, çox şərəfli
həyat yolu keçib. Yaradıcılığında xüsusi bir
məziyyəti qeyd etmək istəyirəm.
Tofiq Məlikli türkologiya ilə məşğul olarkən onu qətiyyən siyasətlə
qarışdırmayıb. Bu, onun türkologiya
sahəsində başlıca
xidmətlərindən biridir.
Sovet dövründə türk
ədəbiyyatı, türkologiya
ilə məşğul
olasan, siyasəti elmə qarışdırmayasan
bu, əsl qəhrəmanlıqdır. Tofiq Məlikli bu baxımdan qəhrəman adlandırılmalıdır”. Bu fikirləri tədbirdə
AYB-nin katibi Arif Əmrahoğlu səsləndirib. A. Əmrahoğlu
yubilyarın yaradacılığı
ilə yanaşı şəxsiyyətinin cizgiləri
haqqında da fikirlərini bölüşub:
“Tofiq Məlikli elə adamlardandır ki, onunla bir
dəfə görüşəndə
sonra yenidən görüşmək, söhbətləşmək
istəyirsən, onun söhbətlərini xatırlayırsan.
Onun olduğu yerlərdə qeybət, bədbinlik, pessimizm olmur. O özü ilə olduğu hər yerə işıq aparır”.
“Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə yubilyarla tanışlığının
tarixçəsindən danışaraq
o illəri yenidən yaşamaq arzusunu dilə gətirib:
“1960-70-ci illərdə yaşadığımız
gəncliyi yenidən yaşamaq istərdim. Lenin kitabxanasında hava qaralanadək mütailə edərdik, oxuduqlarımızı bir-birimizə
danışardıq. Necə də
o illərə qayıtmaq
istərdim, təəssüf
ki, mümkün deyil”.
Tədbirdə çıxış edən
məşhur oftalmoloq
alim, şair Paşa Qəlbinur, publisist Solmaz İbrahimova alimin yaradıcılıq yolundan,
insani keyfiyyətlərindən
söz açıblar.
Sonda çıxış
edən yubilyar tədbir iştirakçılarına
minnətdarlığını bildirib. Tədbirin sonunda alimin
“Qaralamasız yaşanan
ömür” kitabı
ictimaiyyətə təqdim
olunub.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 9 oktyabr.- S.7.