Həsən bəy
Zərdabi ilə bağlı Türkiyədə nəşr
edilən kitabın Bakıda təqdimatı olub
Oktyabrın
6-da Atatürk Mərkəzində Türkiyədə nəşr
olunan “Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi” kitabının təqdimat
mərasimi keçirilib (“Modern.az).
Təqdimat
mərasimində Parlament Jurnalistləri Birliyinin (PJB) sədri
Elşad Eyvazlı, kitabının tədqiqatçısı
və tərcüməçisi Marmara Universitetinin professoru
Okan Yeşilot, Milli Məclisin üzvləri Məlahət
İbrahimqızı, Jalə Əliyeva, Musa Quliyev, Sevinc
Hüseynova, media nümayəndələri və QHT təmsilçiləri
iştirak ediblər.
Öncə
kitab barədə PJB sədri Elşad Eyvazlı məlumat
verib:
“Görkəmli
ziyalı Həsən bəy Zərdabi nəinki ölkəmizdə,
eləcə də bütün türk dünyasında
böyük iftixar hissi ilə yad edilir. Bu gün təqdimatı
keçirilən kitabın müəllifi, Mərmərə
Universitetinin müəllimi, doktor Okan Yeşilot Türkiyədə
Zərdabi irsinin araşdırıcılarındandır. Okan
Yeşilotun müəllifi olduğu bu kitab Türk
dünyasının Zərdabiyə bir ehtiramıdır”.
Okan Yeşilot tədbirin təşkilatçısı PJB-nin sədri E.Eyvazlıya minnətdarlığını bildirib. “Zərdabi bütün türk dünyasının ortaq ziyalısıdır. Onun həyat və fəaliyyəti bir örnəkdir. Mən Zərdabi haqqında kitab yazmamışdan öncə onun haqqında bütün mənbələri araşdırdım. “Həsən Məlikzadə Zərdabinin həyat və fəaliyyətləri” adlı dissertasiya yazaraq doktor oldum. Bir ziyalı olaraq bununla qürur duyuram. Zərdabinin özü yaşamasa da, onun fikirləri yaşayır” deyə türkiyəli qonaq əlavə edib.
Deputat Məlahət İbrahimqızı tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib. Milli Məclisin üzvü deyib ki, bu həmdə 18 oktyabr müstəqilliyimizin bərpası gününə, azad fikrin banisi H.B.Zərdabinin yaradıcılığına və fəaliyyətinə həsr olunmuş tədbirdir. “Dünyaya yaymalıyıq ki, hələ bir çox ölkələrdə azad fikir, mətbuat olmayanda, Azərbaycanda onun əsası qoyulmuşdu. Azərbaycanda belə bir şəxsiyyətlər olduğu tanıdılmalıdır”.
Deputat Jalə Əliyeva kitabın çox önəmli olduğunu deyib və buna görə əməyi olan hər bir kəsə təşəkkürünü bildirib. J.Əliyeva bütün dünyada maarifsevər insanlara, böyük qiymət verildiyini deyib və dünyanın H.Zərdabini yüksək tutmalı olduğunu qeyd edib.
Milli Məclisin üzvü Musa Quliyev bildirib ki, bu kitab Türk dünyasında milli şüurun formalaşmasında böyük pay sahibi olan insanın həyatına həsr olunub.
“Kitabın Türkiyədə çap olunması daha böyük uğurdur. Okan bəyin bu fəaliyyətini çox yüksək dəyərləndirirəm. Bu Zərdabinin başladığı yolun davamıdır. Siz türklərin bu cür aydınları haqqında fəaliyyətinizi davam etdirin. Bu kitab gələcəkdə Azərbaycan və Türkiyə universitetlərinin jurnalistika fakültəsində tədris oluna bilər. Bütün bu fəaliyyətlər biz türkləri birləşdirəcək”.
Digər qonaqlar da kitab haqqında öz fikirlərini bölüşüblər.
525-ci qəzet.-
2012.- 9 oktyabr.- S.6.