Açıq cəmiyyət və
mətbuat
Vətəndaş
cəmiyyətinin bütün bu elementləri sıx inteqrasiya
olunub, bir-birindən asılı vəziyyətdə və
qarşılıqlı əlaqədədir. Eyni zamanda, vətəndaş
cəmiyyətini dövlətlə tamamilə əlaqəsi
olmayan bir sistem kimi təsvir etmək düzgün olmazdı.
Belə ki, demokratik dövlətdə siyasi plüralizm və
çoxpartiyalılıq şəraitində seçkilər
yolu ilə hakimiyyətə gəlmiş partiya, belə demək
olar ki, vətəndaş cəmiyyəti sistemindən dövlət
münasibətləri sisteminə keçir.
Beləliklə,
vətəndaş cəmiyyəti dövlətdən
uzaqlaşmır, əksinə, dövlətin siyasətini
istiqamətləndirir. Vətəndaş cəmiyyəti siyasi
demokratiyanın fundamentini, özülünü təşkil
edir. Bütün bunlardan sonra, qarşıya kifayət qədər
məntiqi bir sual çıxır: bəs, vətəndaş,
açıq cəmiyyətlərin alternativi, əksi olan
“qapalı cəmiyyətlər” hansı xarakterik xüsusiyyətlərə
malik olur? Karl Popper irəlidə adını çəkdiyimiz
və sonralar da istinad edəcəyimiz “Açıq cəmiyyət
və onun düşmənləri” kitabında yazır:
“Maqik, qəbilə və kollektiv cəmiyyətləri biz qapalı cəmiyyətlər, ayrı-ayrı fərdlərin şəxsi qərarlar qəbul etməyə məcbur olduqları cəmiyyətləri isə açıq cəmiyyətlər adlandırırıq.” Bu cəmiyyətlər arasında mövcud olan ayrı-ayrı fərqlərin və əksliklərin geniş spektri aşağıdakılardır: * Qapalı cəmiyyətdə insan müəyyən ənənələrə, stereotiplərə sadiq qalan və onları göz bəbəyi kimi qoruyan kollektivlərə kor-koranə tabe olaraq fəaliyyət göstərir. Açıq cəmiyyətdə də insanın fəaliyyəti müəyyən normalar, qanunlar ilə məhdudlaşır, lakin bu qanunlar ona hansı formada hərəkət etməyi əmr etmir, əksinə, onlar vətəndaşa seçim azadlığı bəxş edir. Bu kanonlar ona sərbəst şəkildə müəyyən məqsəd uğrunda özünün münasib bildiyi həll yollarını seçmək və tətbiq etmək fürsəti verir.
* Qapalı cəmiyyət insanlara təşəbbüs və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaratmır. Açıq cəmiyyətdə isə insana səmərəli düşünmək, yaratmaq, qurmaq və yenilik tətbiq etmək üçün hüquq və real imkanlar verilir. * Açıq cəmiyyətə xas olan rəqabət onun sürətli inkişafına, yenilənməsinə şərait yaradır. Qapalı cəmiyyət isə durğunluq vəziyyətində olduğu üçün, əksinə, az hərəkətli və inersiyaya meyllidir. * Qapalı cəmiyyətdə çox sərt repressiv sosial və siyasi nəzarət mövcuddur. Qəbul olunmuş normalara uyğun gəlməyən bütün hərəkətlərin qarşısı alınır, bu hərəkəti etmiş insanlar isə cəzalandırılır. Açıq cəmiyyətdə isə qadağa yalnız sosial cəhətdən təhlükəli olan, insanlara ziyan gətirən və s. hərəkətlərə qoyulur. Burada insanlar öz narazılıqlarını qrup halında bildirə, istədikləri vaxt iş yerini dəyişə, dini icmadan çıxa, istədikləri ictimai – siyasi təşkilata daxil ola bilərlər: bir sözlə, onun ictimai maraqlarına uyğun gələn istənilən sosial müstəvini seçə bilərlər.
* Qapalı cəmiyyətdə dəyişilməsinə və ya ona qarşı çıxmasına yasaq qoyulmuş müəyyən dəyərlər sistemindən ibarət ideoloji və dini monizm mövcuddur. Açıq cəmiyyətdə isə plüralizm hakimdir. Bu cəmiyyətdə həmişə müxtəlif ideoloji, dini cərəyanlar və mədəniyyətlər təmsil olunur. Ən əsası isə, burada şəxsiyyət azadlığı, insan hüququnun dövlətin qanunları ilə ilə müqayisədə prioriteti, başqa sözlə deyilsə, liberal dəyərlərə – insanları təşəbbüslərə, şəxsi məsuliyyətə, tolerantlığa və bu gün ayrı əqidəyə və baxışlara malik olan insanlara qarşı dözümlülüyə istiqamətləndirən prinsiplər dominantlıq təşkil edir. Açıq cəmiyyətin əsas parametrləri bəlli idi və göründüyü kimi, yenicə müstəqillik əldə etmiş bir ölkənin kifayət qədər gənc və müəyyən mənada təcrübəsiz mətbuatının yeni cəmiyyət quruculuğu səyləri nə qədər zəngin və ardıcıl idi. Həmin dövrün mətbuatının səhifələrində bu faktı təsdiqləyən kifayət qədər dəlillərə – qəzet çıxışlarına rast gəlmək mümkündür.
... Bəlkə də ötən əsrin ortalarında açıq cəmiyyət ideyası təəccüb, gözlənilməz təsir bağışlaya bilərdi, lakin müasir dövrün mürəkkəb proseslərini, son illərdə dünyada baş verən dinamik inkişafı nəzərə alsaq, açıq cəmiyyətin qanunlarının çox qısa zaman kəsiyində ictimai – siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi heç kəsdə şübhə doğurmur. İnformasiya – kommunikasiya texnologiyalarının daim inkişafı, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin total tərəqqiyə və açıq cəmiyyətə birmənalı şəkildə çox böyük dəyər verməsi və diqqət yetirməsi qənaəti yaradır. Beləliklə, Azərbaycanın 1991-ci ildə müstəqillik qazanması və sivil dünyaya inteqrasiya yolunu tutması bir sıra məqamlarla yanaşı, azad mətbuatın yaranması və çox sürətli inkişafı ilə nəticələndi. Demokratik dəyərlərin, insan haqlarının keşiyində dayanan, cəmiyyətin maariflənməsi, məlumatlanması və əylənməsi funksiyalarını dinamik şəkildə reallaşdıran ölkə mediası qısa zaman kəsiyində xalq arasında, belə demək mümkündürsə, söz, iş və nüfuz sahibinə çevrildi. KİV-in bu səyləri cəmiyyət tərəfindən pozitiv qarşılandı və ümumən xalqda mətbu sözün kəsərinə və sanbalına gerçək bir inam yarandı. Elə müstəqilliyimizin ilk illərindən başlayaraq ölkə mediası Azərbaycanın çoxşaxəli fəaliyyətinin ön sıralarında oldu və sonda cəmiyyətin əsas təbəqələrini də öz arxasınca aparmağı bacardı. Azərbaycan mətbuatının tarixi xidmətlərindən biri də müstəqilliyimizin ilk illərindən tutduğu yola sadiqlik, ölkənin problem və qayğılarını özününküləşdirərək, yeni həyat, cəmiyyət quruculuğu uğrunda mücadilənin ön sıralarında addımlaması və insanlarda bu yolun doğruluğuna, dönməzliyinə möhkəm, sarsılmaz inam yaratması idi. Azərbaycan mediasının sözügedən fəaliyyəti onu açıq cəmiyyət quruculuğu iştirakçısından bu istiqamət üzrə strateji tərəfdaşa, ayrılmaz tərkib hissəsinə, əsas istiqamətləndirici qoluna və nəhayət, təminatçısına çevirdi. Ölkədə digər təsisatlarla yanaşı, azad, müstəqil mətbuatın ictimai rəyi sərbəst şəkildə əks etdirməsi və bununla da vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin formalaşması üçün münbit şərait yaratmaq funksiyasını yerinə yetirməsi prosesi başlandı. Azərbaycanda demokratiya və mətbuat azadlığının zəruriliyini şərtləndirən tarixi şəraitin yaranması 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Dövlət Müstəqilliyi aktını qəbul etdi. Bu zaman cəmiyyətdə qələbə eyforiyasından daha çox məsuliyyət hissindən doğan bir çaşqınlıq və qeyri-müəyyənlik hökm sürürdü. Toplum çox təbii olaraq bir neçə təbəqəyə parçalanmışdı: bu təbəqələrin ikisi isə özünü çox açıq formada büruzə verirdi. Bunlar mühafizəkarlar və yeni siyasi şəraitin yaratdığı liberal və demokratik dəyərlərin tərəfdarları idi. Bu tendensiya özünü KİV-lərin fəaliyyətində də bariz şəkildə göstərirdi.
Məsələn, 1993-cü il fevral ayının 13-də “Azərbaycan” qəzetinin 29 saylı nömrəsində N.Səfərov soyadlı müəllif açıq cəmiyyət quruculuğunun başlıca şərti olan çoxpartiyalılığın təməl prinsipləri sadalayır, ABŞ, Fransa, İtaliya, İspaniya və s. kimi ölkələrdə onların qeydiyyatı, təşkili mexanizmindən bəhs edirdi. Həmin qəzetin 1993-cü il 4 mart tarixli 37-ci sayında isə Ə.Mustafanın yazıçı Ə.Əylisli ilə “Qəzetlərdə onun-bunun üstünə axıdılan söz çirkabı demokratiyanı gözdən sala bilər” sərlövhəli müsahibəsində isə ölkədə həmin dövrdə gedən proseslər, cəmiyyətin qütbləşməsi, köhnəliklə yeniliyin mətbuat səhifələrinə yol tapması problemi araşdırılırdı. Bu dəyişikliklər, əslində, qlobal proseslərin başlanğıcı idi və istər mühafizəkarlar, istərsə də cəmiyyətin inkişafının demokratik və liberal dəyərlər əsasında inkişafına ümid bəsləyənləri çətin imtahan qarşısında qoymuşdu. Akademik R. Mehdiyev “Azərbaycan” qəzetinin 18 fevral 2003-cü il tarixli sayında fransız filosofu O. Kontdan iqtibas gətirərərək yazırdı:
“...Bizim ən qorxulu xəstəliyimiz həyatın bütün əsas məsələlərinə münasibətdə beyinlərdə dərin fikir ayrılığının olmasıdır, halbuki bu məsələlərə səbatlı münasibət, sosial qayda-qanunun birinci şərtidir”. Günlər keçdikcə, totalitar rejimin demontajı dönməz xarakter aldıqca, yeni-yeni demokratik institutlar yarandıqca, vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin konturları daha aydın şəkildə görünməyə başlayırdı. Çoxpartiyalı sistem, plüralizm, aşkarlıq, söz və mətbuat azadlığı, insanların öz iradələrini azad şəkildə ifadə etmək cəhdləri sosial – siyasi müstəvidə özünə getdikcə daha intensiv şəkildə yer alırdı. Bütün ölkələr kimi, Azərbaycan da o dövrdə çox ağır, əzablı və mürəkkəb keçid dövrünü yaşayırdı. Azərbaycanı Avropa inkişaf yoluna istiqamətləndirmək, sivil dünyaya inteqrasiya üçün çox böyük səylər tələb olunurdu. Bu proses KİV-in fəaliyyətində özünü daha qabarıq şəkildə göstərirdi. Mətbuatın texniki bazası çox dözülməz vəziyyətdə idi. Jurnalistlər ağır şəraitdə, müxtəlif təpki, çətinlik və məhrumiyyət şəraitində işləyirdilər. Lakin bununla belə, ölkə əhalisinin mətbuata inamı və etibarı günü-gündən artırdı, insanlar yeni həyat quruculuğu prosesinin ilk addımlarını, ilk uğur və problemlərini məhz mətbuat səhifələrindən öyrənirdilər. Azərbaycan həmin dövrdə böyük hadisələr ərəfəsində idi. Qapalı cəmiyyətdən qurtulmuş, lakin yeni ictimai-siyasi formasiyaya qədəm qoymamış ölkənin açıq cəmiyyətdən, vətəndaş cəmiyyəti quruculuğundan başqa yolu qalmamışdı. İstənilən hərəkət geriyə – qapalı cəmiyyətə qayıdış demək idi. Tarixi, siyasi, ictimai və sosial vəziyyətin dəyişməsi geriyə yolu qeyri-mümkün etmişdi. Azərbaycan mətbuatı öz gerçək müstəqilliyinə yalnız 1993-cü ildə, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra nail oldu.
“H.Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Vətəndaş müharibəsinin qarşısı alındı, Ermənistanla atəşkəs sazişi əldə edildi. Cəbhədən gənclərin meyitlərinin gəlməsi dayandı. Demokratikləşmə prosesi başlandı. Demokratik əsaslarla prezident və parlament seçkiləri keçirildi, yeni Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq nüfuzu addım-addım möhkəmlənməyə başladı”. 1996-cı ildə Kölndə Almaniyanın iş adamları qarşısında çıxış edən H.Əliyev deyirdi:
“Beş il bundan öncə ölkəmiz dövlət müstəqilliyini əldə edibdir. Bütün bu illər Azərbaycan üçün çox mürəkkəb və çətin olubdur. Bilirsiniz ki, keçmişdə Sovet İttifaqına mənsub olan bütün ölkələr indi keçid dövrünü yaşayırlar. Onların hamısı, demək olar, eyni problemlərlə qarşılaşırlar, hamısında iqtisadiyyatın, sosial sahənin, yenidən qurulması və dövlət quruculuğu prosesləri gedir. Bu proseslər Azərbaycan üçün də xarakterikdir və şübhəsiz bu, bizim iqtisadi və sosial həyatımızda, ölkəmizin bütün başqa sahələrində vəziyyəti çətinləşdirir. Ancaq Azərbaycan xalqının başı mürtəce amillərə də qarışmışdır.
Bilirsiniz ki, ölkəmiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bu təcavüzün nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, həmin torpaqlardan Azərbaycanın 1 milyondan çox sakini qovulmuş və onlardan bir çoxu indi çadırlarda dözülməz şəraitdə yaşayırlar. Şübhəsiz, bütün bunlar Azərbaycanda həyatı olduqca çətinləşdirir”.
Yusifov Tofiq
525-ci qəzet.-
2012.- 10 oktyabr.- S.6.