Kürsü bülbülü
(hekayə)
Şəhərə təzə
başçı təyin edilmişdi. Yatanlar oyanmış,
oyaqlar isə çalxantılı bir intizar içində
fürsət gözləyirdilər. Fitrətən qaz
ayıqlığına malik olan Şərbətalı bəy
gözləyənlər arasında üstün cəhətləri
sayəsində həmkarlarından seçilirdi. Maraqlılar
təzə başçının tərcümeyi-halının
görünən və görünməyən tərəflərini,
nəyə meyilliliyini, yuxarılarda kimlə
bağlılığını, yerliçilik şakərinin
dərəcəsini, iş üslubunu, kadrlara hansı bucaqdan
baxışını, başlıcası, tərifə,
alqışa yatımlılığını
araşdırmaqla məşğuluydular. Maraqlılar
dalğalı dənizdə vurnuxan kiçik və orta həcmli
qayıqlara, gəmilərə oxşayırdılar. Onlar
“Şəhərbaşı” adlı limana yan almaq
üçün münasib şərait, uğurlu fürsət
axtarırdılar. Şəhərbaşını ələ
almaq üçün hərə öz silahı ilə – kimi
xahişi, kimi pulu, kimi gülü, kimi də dili ilə
hazır dayanmışdı. Şərbətalı bəyin
silahı yasalamaqda Fransa yağını, şirinlikdə
Hindistan şəkərini geridə qoyan diliydi. Allah bu dili ona
çörək ağacı kimi bəxş etmişdi. Bu
dilin cazibəsinə, ovsununa düşməyən şəhər
rəhbəri yoxuydu. İstək, arzu
qarşılıqlıydı. İxtiyar sahibləri də belə
bir dilsiz keçinə bilmirdilər. Axı necə keçinə
bilərdilər?! Bu dil özünün möcüzə
qabiliyyətilə “Fış!..” eləyib, “Fiş!..” eləyib zibillərini
“kişmiş” eləyib tökürdü camaatın cibinə.
Şəhərə
təzə başçı təyin edilmişdi.
Maraqlılar amadə dayanmışdılar. Hamı bir-birinə
amansız rəqib kimi baxırdı. Qısqanclıq alovunun
şiddəti bir-birini qarsıyırdı. İlk təmas
addımını atmaq kimə nəsib olacaqdı? Əlbəttə,
bu qapı qarşı tərəfdən, səlahiyyət
sahibi tərəfindən açılmalıydı. Rəhbər
ilk dəfə kimə iltifat göstərib əl
uzadacaqdısa, birincilik də ona nəsib olacaqdı.
Rəhbərlər
çörəksiz, susuz yola gedə bilərlər, tərifsiz
yox. İllah da ki, bu tərif tribunadan – xitabət
kürsüsündən deyilə! Usta natiq tərəfindən
söz kürsüsündən yağdırılan tərifin
qiymətini müəyyənləşdirmək çox
çətindir. Bir şey ki, xəstə rəhbərə
oksigen balıncı kimi vaxtında çatdırıla,
doğrudan da, onun dəyəri əvəzsizdir. Xalq onun ən
mahir ifaçılarına “kürsü bülbülləri”
deyir. Şərbətalı bəyin rəqibləri çox
olsa da, o, özünü bir nömrəli kürsü
bülbülü hesab edirdi.
Kürsü
düşkünlüyü də qarşılıqlı idi.
Bu mərəz həm eşidəni, həm də deyəni
öz ağuşuna almışdı. Yoluxandan sonra
kürsü düşkünü xəstəliyindən
qurtulmaq müşkül məsələdi. Kürsü
bülbülləri həftədə bir-iki dəfə
ötməsəydilər, özlərini halsız hesab edərdilər.
Elə rəhbərlər də. Tərif səlahiyyətlilər
üçün can-əzələ masajından az əhəmiyyətli
olmayan söz masajı, söz sığalıdır. Birini
soyunanda, o birini geyinəndə icra edirlər.
Modernləşmə
həyatın bütün sahələrində
aparılır. O cümlədən, söz kürsüləri
də bu inkişafdan yan durmayıb. Vaxtilə zəhmli
hündürlüyünə, təhdidedici mikrafonlarına xof
içində baxdığımız söz kürsülərinin
indi enindən, uzunundan, hündürlüyündən
çox alıblar. Adamdan yekə olanlar indi adamdan balaca
görünür. Bu modernləşməni başqa yerlərdə
başqa cür aparmışdılar. Şərbətalı
bəyin yaşadığı şəhərdə isə bu
modernləşmə tamam fərqli mətləblərdən xəbər
verirdi.
Şərbətalı
bəy elə bir can-cüssə sahibi deyildi. Vaxt var idi, bu balaca
kişi iri tanka oxşayan kürsünün içində
itib-batırdı. Onun nəriltili, gurultulu
çıxışı “tank”ın içindən iclas
salonuna yayılırdı. Yığıncaq
iştirakçıları təkcə onun havada oynayan,
sözünün kəsərini artıran, emosiyasını
yüksəldən əllərini görərdilər. Əlbəttə,
boyu udulmasaydı, onun od saçan ağzını,
qızmış gözləri üstündə rəqs edən
qaşlarını, hərəkətlərində aktyorluq
texnikasını, tələbata uyğun səsinin enişini,
qalxışını daha əyani müşahidə edərdilər.
Və ona heyranlıqla qulaq asan, məmnuniyyətlə
başını yırğalaya-yırğalaya dediklərini
təsdiq edən rəhbərin necə
xoşallandığının şahidi olardılar.
İtkiyə
dözmək olmazdı. Şərbətalı bəy
Allahın kürsü deyilən quru taxtasına təpinə-təpinə,
barmaqlarını silkələyə-silkələyə onu əridib
kiçiltdi. Və axır ki, özü göründü.
Şərbətalı bəyin özünəməxsus
kürsü islahatı belə başa çatdı.
Hərdən
Şərbətalı bəyə peşəsilə
bağlı da müraciət edirlər: “Kürsü
bülbülü”. Bu, onun kimliyini təyin edən, lakin
kimliyinə yazılmayan ikinci adıdır. O, bu addan incimək
nədir, hətta onunla qürur hissi duyur: “Bülbül
ötməsə, bahar gəlməz. Bülbül ötməsə,
gül-çiçək açmaz. Bülbül ötməsə,
sevgililər sevdaya düşməz. Bülbül ötməsə,
rəhbərləri yuxuya vermək olmaz. Yuxu rəhbərin dərmanı,
Şərbətalı bəyin dəyirmanıdır. Biri
bişirməsə, o biri düşürməz. Tərif masajına
alışanlar bizsiz keçinə bilməzlər. Ona görə
də həmişə biz onların yanında, onlar da bizim
yanımızda olurlar. Məni təəccübləndirən
təzə şəhərbaşıdır. Necə ola bilər
ki, indiyədək kürsü bülbülü onun yadına
düşməsin?!”.
İkinci
adından fəxarət duyan Şərbətalı bəyə
bir dəfə demişdilər: “– Xaricdə mənəvi məziyyətləri
test üsulu ilə yoxlayırlar. Anketdə bir neçə
söz yazılır: pul
düşkünü, qadın düşkünü,
içki düşkünü, kürsü
düşkünü. Bunların hansına aşiqsənsə,
altından qara xətt çəkməlisən. Sənin kimi
xəstəliyə düçar olanlar “kürsü
düşkünü” sözlərinin altından xətt
çəkir. Sən testsiz mahiyyəti eyni, şəkli cəhətdən
fərqli olan “kürsü bülbülü”nə
üstünlük verirsən. Necə adlanmasından
asılı olmayaraq, geniş yayılmış bu xəstəlik
uzunmüddətli müalicə tələb edir”. Şərbətalı
bəy kəskin hərəkətlə mənanı arxaya
atıb, şəkli önə çəkmişdi: “– Allah eləməsin
ki, mən kürsü düşkünü olam. Mən
kürsü bülbülüyəm!”.
Kürsü
bülbülü birinciliyi uğrunda rəsmi olaraq
yarış və ya müsabiqə keçirilməmişdi.
Bununla belə, rəqiblər müxtəlif formalarda bir-birini
sıxışdırmağa, üstələməyə,
sıradan çıxartmağa
çalışırdılar. Ancaq Şərbətalı bəy
qeyri-rəsmi də olsa, birinciliyi əldən vermirdi. Hər gələn
başçı ona daha çox ehtiyac duyduğundan kişi
kürsü çempionluğunu qoruyub saxlayırdı. O,
çempion bülbül kimi həmkarlarına yuxarıdan
aşağı baxmaqda özünü haqlı
sanırdı.
Şərbətalı
bəyin nə elə bir vəzifəsi, nə
aşan-daşan maaşı vardı. Buna baxmayaraq, bəydən,
xandan əskik dolanmırdı. Rəhbərin ştatdankənar
kürsü bülbülü olması onu sevimliyə
çevirmişdi. Bütün qapılar üzünə
açığıydı. Çoxları onun qulluğunda
durmağa imkanını əsirgəmirdi. Kimin həddi nəydi
ki, onun “hə”sinin qarşısına “yox”
çıxaraydı.
Təzə
başçının onu saya salmamasını heç
cür anlaya bilmirdi: “Məgər ona tərif masajı
lazım deyil? Axı o, tərifsiz necə keçinə bilər?!
Axı kim mənim kimi onun əyrisini düz,
qışını yaz kimi göstərə bilər?! Məgər
o, bilmir ki, mən danışanda elə bil ilan ağzından
ləl salır?.. Görəsən, Hindistan şəkərindən
– mənim tərifimdən yan durmaqda rəhbərin məqsədi
nədir? Özünə yazığı gəlmirsə,
heç olmasa, mənə – “əməkdar” kürsü
bülbülünə yazığı gəlsin”.
Sən demə,
toy tamadalığı ilə kürsü
bülbüllüyü ayrı-ayrı peşələrmiş.
Günlərin birində dəbdə olan bir tamada toya dəvət
olunmuş hörmətli qonağa – Şərbətalı bəyə
xəbərdarlıq etmədən söz verdi. Bundan qeyzlənən
Şərbətalı bəy onu aşağılayan tamadaya
protest olaraq təbrik nitqi söyləməkdən imtina etdi:
“Aşağı, aşağı, qatıqlı aşdan da
aşağı?! Kürsü bülbülü özünə
sığışdırıb toyda nitqmi söyləyəcəkdi?!
Çəki, nüfuz bərabərliyi olmadığı
üçün heç vaxt!”. Şərbətalı bəyin
təklifdən imtina eləməsini toy tamadası nüfuzuna
zərbə, özünə təhqir kimi qəbul etmişdi.
O, dözə bilməyərək toydan sonra həmkarı ilə
haqq-hesabı çürütmüşdü: “– Ay qoduq,
özünü yuxarı tutub məni pisikdirməyə
çalışdın? Bunu bacarmazsan! Axı sən kimsən?
Özünə “kürsü bülbülü” deməklə
deyil ey!.. Elə sən də bir başqa cür tamadasan. Fərqimiz
ondadır ki, mən toyda coşub-daşıram, sən
tribunada banlayırsan. Mən el şənliyinin sevimlisiyəm,
sən rəsmi iclasların, yığıncaqların
tütyəsisən. Mən bəylə gəlinə tərif
deyirəm, sən ancaq gəlinsiz bəyə – icra
başçısına. Mən çörəyimi tərənnümdən
çıxardıram, sən yaltaqlıqdan. Yanılma, sən
heç vaxt məndən üstün ola bilməzsən!”.
Şərbətalı bəy cavab qaytarmağa söz
tapmamışdı. Yaxşı ki, qarşılaşma xəlvətdə
olmuşdu.
Artıq bir həftəydi
ki, təzə icra başçısı işə
başlamışdı. Elə bil zəlzələ olmuş,
kürsü bülbülləri yerin təkində
itib-batmışdılar. Heç birinin səsi-sorağı
gəlmirdi. Əgər gəlmiş olsaydı, ilk gediş
Şərbətalı bəylə başlanmalıydı. O,
rəhbərin şahmat taxtasında həmişə ağ
fiqur olmuşdu. Bu səbəbdən də ilk gedişin müəllifliyi
ona məxsus idi.
Onun
axtarılmaması mümkün deyildi. Aşiqin məşuqəyə,
bülbülün gülə ehtiyacı olduğu kimi, bir
saylı rəhbərin də, bir saylı tərifçiyə
ehtiyacı vardı. Bu adət bineyi-qədimdən belə
qurulub. İndisə təzə şəhərbaşı
köhnə nırxa əhəmiyyət vermirdi. Bəlkə də,
iş, gedişat həqiqətən beləydi. Hətta belə
olsaydı da, Şərbətalı bəy buna inana bilməzdi.
Axı balıq susuz necə yaşaya bilərdi?! Gözü
yolda, qulağı səsdə olan Şərbətalı bəy
amadə dayanmışdı. O, səbirsizliklə, içini
didən bir təlaşla səda gözləyirdi. Hələ
ki, nə iş telefonu, nə ev telefonu, nə də cib telefonu
təzə başçının adından onu kürsüyə
dəvət edirdi. Bəlkə, o, nəzərdən
düşmüşdü? Bəlkə, təzə
başçı cəh-cəh vuran təzə bülbül
eşqinə mübtəla olmuşdu? İnanmırdı.
Axı hələ kürsü çempionluğu onun
adıyla bağlıydı. Əmin idi ki, bir az tez-bir az gec,
onu arayacaqdılar. Ona görə də o, hərbi
hazırlıq keçən, döyüşə atılmaq
anını yaşayan əsgər kimi hazır
dayanmışdı. Yəqin vaxtaşırı cəh-cəh
vurduğu kürsü onun sehrli səsi, çin-çin dəstələnən
tərifləri üçün darıxırdı.
Deyirlər,
“ehtiyatlı igidin anası ağlamaz”. Onu da deyirlər ki, “tez
duran öküz yatan öküzün başını
bulayar”. Şərbətalı bəy sınaqlardan
çıxmış bu iki atalar sözünü iki
qulağından sırğa kimi asmışdı.
Kişinin yuxusu
qaçmışdı. Ona xəbərdarlıq mesajı ilə
tez-tez “kişnəyən” zəngli saatın xidmətinə
ehtiyac qalmamışdı. Nə gecə yata bilirdi, nə də
gündüz. Elə gözünə çimir qonar-qonmaz
diksinib ayılırdı: “Görəsən, onu baş binadan
çağırmayıblar ki?”. Arvadından,
uşaqlarından dönə-dönə soruşurdu.
Hamısı da “yox” deyib dururdu. Şərbətalı bəy
nağıllardan, rəvayətlərdən, təmsillərdən
oxumuşdu ki, şirin işi tülküsüz keçə
bilməz. Sadəcə, ayıq olmaq lazımdır.
Arxayınçılıq dananı qurda verə bilərdi.
Qısa
kürsü fasiləsi özünü göstərirdi.
Yavaş-yavaş salamların sayı azalır, kef
soruşmaların soyuqlaşması açıq-aşkar hiss
edilir, evinə gələn bazarlıqların sanbalı
kiçilir, xahişlərin ünvanı perikib ayrı səmtə
yönəlirdi. O, hesab edirdi ki, uğursuzluqlar müvəqqətidir.
Onun taleyinə bir metro oyunu düşüb. Yerin altına
varanda da, üstünə çıxanda da ayağını
eskalatorun pilləsinə vaxtında qoymalıdır. Yoxsa,
büdrəyib işləyən çarxın arasına
düşər, bununla da məhv olub gedərdi.
Yuxusuzluq
kürsü bülbülünü əldən salmışdı.
Uzun müddət bu vəziyyətə dözmək
olmazdı. O, bir həftənin içində əməlli-başlı
arıqlamış, rəngi avazımış, gözləri
çuxura düşmüşdü. Özünü havalanan
kimi aparırdı. Onda olan psixoloji dəyişiklik ev
adamlarını da təşvişə salırdı. Onlara
elə gəlirdi ki, ailə başçısı şəhər
başçısının həsrətinə dözmədiyindən
hissediləcək dərəcədə xərifləyib. O, ətrafındakılara
qəribə gələn hərəkətlərinin fərqində
deyil.
Sutkanın istənilən
vaxtı o, çağırıla bilərdi. Ləngimək –
yerini başqasına vermək deməkdir. Bu isə onun
üçün ölümə bərabər olardı.
Oğlu gördü ki, atası qalstuklu yatağa uzanıb. Səbəbini
soruşdu. Qısa və aydın cavab aldı:
– Belə
lazımdır!
Qızı
gördü ki, atası paltarlı yatır. Təəccüblənən
övlad indiyədək görmədiyi halın səbəbini
soruşdu. Onun da sualı cavabsız qalmadı:
– Belə
lazımdır!
Arvadı
gördü ki, əri əyni geyinikli, başı silindirli,
ayağı ayaqqabılı yorğanın altına girib. Ev
sahibəsi, vəfalı həyat yoldaşı ərinin bu hərəkətindən
vahimələnib soruşdu:
– Ay kişi,
özündən xəbərin varmı? Bir məni başa
sal görüm, bu, necə yatışdır? Dəli-zad
olmamısan ki?
Yorğanın
altından cavab gəldi:
– Belə
lazımdır, arvad! Mən təzə
başçının çağırışına hər
an hazır olmalıyam. Gecikən həmişə gendən
baxmağa məcbur olur.
Heyrətlənən
ev sahibəsi əllərini dizlərinə
çırpdı. Şappıltıdan hamı diksindi:
– Əyə, ay
tifaqı dağılımış, bəlkə, heç səni
axtaran olmayacaq? Sən hardan bilirsən ki, səni
çağıracaqlar?
Yorğanın altından – quyu dibindən
gələn bir səs eşidildi. Bu səs sayıqlamaya
oxşayırdı:
– Fransa yağı!.. Hindistan şəkəri!..
Kürsü bülbülünün cəh-cəhi! Qaş
üzüyə necə lazımdırsa, tərif də rəhbərə
elə lazımdır.
Şərbətalı bəy tükənməkdə
olan gücünü səfərbər etdi. Qəlbinin dərinliyindəki
dirənişli inamın qübbəsində bir şübhə
göyərməyə başladı: “Bəlkə, şəhərbaşı
elə bilir ki, mən şəhərdə yoxam, uzaqlardayam? Bəlkə,
o, məni axtarıb tapa bilmir? Paxıllarım, əleyhdarlarım
ona yalan məlumat ötürməklə çaşdıra
bilərlər. Mənim borcum ona əl uzatmaq, hayına yetməkdir”.
Xəstəhal kürsü
bülbülü özünü toplayıb radio
qovşağına getdi, əlüstü səsini
yazdılar. Məqsədi bunu demək idi: “– Cənab
başçı, mən buradayam!”. Oradan birtəhər
televiziya şirkətinə süründü. Xahişinə əməl
edib çıxışını lentə aldılar. Məqsəd
eyni idi: “– Cənab başçı, mən buradayam!”. İki
gündəlik qəzetə müxtəlif məzmunlu
müsahibə verdi. Yenə hədəf biriydi: “– Cənab
başçı, mən buradayam!”.
Cənab başçı isə onu
eşitmirdi ki, eşitmirdi. Şərbətalı bəyin
başadüşülməz başçının idarəetmə
üsuluna acığı tuturdu: “Dəstəksiz
qılınc olmaz. Sən mənim vasitəmlə özünə
yol açmalısan. Hələ ağzın isti yerdədir.
Zamanı gələndə biləcəksən ki, mən sənə
nə qədər lazımammış. Mövqeyində
dönüş etməsən, sonucda peşman olacaqsan.
Peşmançılıq isə icraçısına deyil, kənardan
baxana xeyir verə bilər”.
Şərbətalı bəy
başıpapaqlı, ayağı ayaqqabılı yatağa
girirdi. Ona görə ki, çağırış səsi
eşidən kimi vaxt itirmədən hər şeyə
hazır olsun. Çağırış işə
eşidilmirdi. Kürsü bülbülü gərgin vəziyyətə
dözməyib axır ki, geyimli-keçimli birdəfəlik
yorğan-döşək sakini oldu. O, əməlli-başlı
titrətmə gətirdi. O, əməlli-başlı
havalandı. Və havalı-havalı gah
qışqırır, gah da ağlayırdı:
– Kürsüsüz mənə həyat
yoxdur! Mən bülbül kimi kürsüyə qonmasam, icazəli
cəh-cəh vurmasam, rəhbərin ruhunu pərvazlandırmasam,
dəli olacağam, öləcəyəm! Əzizlərim, mənim
sağalmaz dərdimə əlac edin!
Şərbətalı bəyin səhhəti
saatbasaat ağırlaşmaqdaydı. Sağlamlığı
təhlükə qarşısındaydı. Çörəyini
yeyənlər bu vəziyyətə biganə qala bilməzdilər.
İtki qorxusunu hamıdan tez dərk edən vəfalı həyat
yoldaşı əlini telefon dəstəyinə ataraq təcili
tibbi yardım məntəqəsinə zəng etdi. Xəstənin
nədən şikayətləndiyini soruşdular. Ev sahibəsi
dəqiq cavab verə bilmədi. Ancaq bunu deyə bildi:
– Xəstəliyini özünüz müəyyənləşdirə
bilərsiniz. Bilirsiniz ki, doğru diaqnoz müalicənin
yarısı deməkdir.
On beş dəqiqədən sonra həkim
şəfqət bacısı ilə birlikdə içəri
girdi. Müayinəsiz Şərbətalı bəydən
eşitdikləri ona tibbi bələdçilik etdi. Uzaqdan
muğam səsi gəlirdi. Hansı xanəndəsə Nəbatinin
“Gəlsin-gəlməsin?” şeiri ilə qəlblərə
yol açırdı: “Bülbül gülüstana gəlsin-gəlməsin?”.
Xanəndə bu misrada “gülüstan” sözünü
işlətməklə “təhrifə” yol vermişdi. Bu
“yanlışlıq” özündə olmayan xəstəni daha
da əsəbiləşdirirdi. O, həkimə dərdini demək
əvəzinə, etiraz notasına başladı:
– Bu xanəndə haranın
avarasıdır ki, efirə buraxıblar? Nadanlığı
ucbatından ustad şair Nəbatinin klassik şeirini
alt-üst etdi. Misranın əsli belədir: “Bülbül
kürsüstana gəlsin-gəlməsin?”. Şair
“bülbül” dedikdə aşiq insana işarə edir.
Ağlı başında olan, xeyrini-şərini anlayan, gələcəyini
düşünən bülbül – insan heç vaxt
kürsünü – kürsüstanı qoyub, bəlası əskik
olmayan gülüstana üz tutmaz.
– Həkim tibb ləvazimatına əl
atmadan dedi:
– Deyəsən, sizin kürsü ilə atəşli
bir məhəbbətlə bağlılığınız
var. Sevgi insanı xoşbəxt etdiyi qədər, bədbəxt
də edə bilir. Xahiş edirəm,
danışasınız.
Müayinəçi yardımçı həkim
olmaqdan başqa, həm də arif adam – filosof idi. Hər halda
kürsü bülbülünə belə gəldi. Onu
axtardığı Loğman bildiyindən dərdini gizlətmədi.
Bu dərdə olsa-olsa, yenicə kəşf etdiyi Loğman əlac
edə bilərdi:
– Başına dönüm ay Loğman, bəlkə,
sən deyəsən, bizim şəhərin təzə
başçısı nədən kürsüyə – tərif
kosmodromuna gedən yola şlaqbaum qoyub? Axı illərlə bu
sahədə zəhmət çəkən, püxtələşən
sənətkarlar var! İrili-xırdalı hər vəzifə
sahibinin böyür-başında onlarla kürsü
bülbülü hərlənir. Onların dəqiq
uçotunu aparmaq müşkül məsələdir. Bu sahənin
lideri kimi mənim borcum onların da qayğısına
qalmaqdır. Birdən-birə onların peşəsinə veto
qoymaq, çörəyinə bais olmaq, taleyin ümidinə
buraxmaq olarmı? Bu ən azı ədalətsizlikdir.
Dünyanın hər yerində belə kadrlara ehtiyac
duyulmaqdadır. Onu da unutmaq olmaz ki, artıq bizdə peşə
xəstəliyi əmələ gəlib. Biz fəaliyyətdə
olmasaq, ölərik. Heç qarşı tərəfin də
sağlamlığına zəmanət vermək mümkün
deyil. İndi qartalı dağ zirvəsinə qonmağa dəvət
etmirlər. Belə olan halda, kürsü bülbülləri
xəstələnməsin, neyləsin?! Kömək edin, elə
bir dərman buyurun ki, mən adət etdiyim kürsüyə
yenidən qovuşum, yoxsa öləcəyəm! Mənim itkim
ictimai-siyasi məzmun daşıyacaq! Mən ölsəm, rəhbərin
teli daraqsız, əli yaraqsız, evi çıraqsız
qalacaq! Təkcə mənə yox, ona da
yazığınız gəlsin!..
Həkim Şərbətalı bəyi
diqqətlə dinlədikdən sonra qəti qərarını
verdi:
– Pasiyenti kürsü bülbülləri
xəstəxanasına götürün!
Vəziyyətin ciddi olduğunu duyan ev
sahibəsi ağlamsındı:
– Həkim, sizi yaxşı başa
düşmədim.
Həkim eyni ahənglə:
– Xanım, sizin əriniz kürsü
düşkünü xəstəliyinə mübtəla olub.
O, uzunmüddətli müalicə qəbul etməlidir.
lll
1 saylı kürsü bülbülləri
xəstəxanasında gərginlik yarandığından bərk
mübahisə gedirdi. Çarpayı
çatışmazlığı yeni xəstənin – Şərbətalı
bəyin qəbulunu problemə çevirmişdi. İş o
yerə çatmışdı ki, baş həkim də
qızğın mübahisəyə qoşulmalı
olmuşdu. Xəstəni nə qəbul etmək, nə də
geri qaytarmaq mümkünüydü. Yeganə
çıxış yolunu onun çarpayısını
müvəqqəti olaraq dəhlizdə yerləşdirməkdə
görürdülər. Bəyin ömür-gün
yoldaşı, vəfalı arvadı bunu hörmətsizlik
kimi, ərinin adına-sanına yaraşmayan hal kimi qəbul
etdiyindən qətiyyətlə narazılığını
bildirirdi:
– Heç bilirsiniz Şərbətalı
bəy kimdir, hansı şərəfli peşənin sahibidir?
O, uzun illərdir ki, şəhər rəhbərləri tərəfindən
əvəzolunmaz kürsü bülbülü kimi dəyərləndirilir.
O, sıradan olan adam deyil. O, öz sahəsinin çempionu kimi
qəbul edilməli, qulluğunda yüksək səviyyədə
durulmalıdır.
Baş həkim xəstə sahibini dilə
tutmağa çalışır, mövcud reallığı
qəbul etməsini istəyirdi:
– Xanım, biz Şərbətalı bəyi
yaxşı tanıyırıq. Bir bülbül olaraq onun cəh-cəh
vurmasını az görməmişik. Bizim də ona
böyük hörmətimiz var. Ancaq nə etməli ki,
boş yerimiz yoxdur. Yeni şəhər
başçısının gəlişindən sonra bu sahədə
böyük tünlük yaranıb. Mən iki xəstəni
bir çarpayıda yatırda bilmərəm ki...
Qadın bildiyini babasına vermir,
aramsız axıtdığı göz yaşları ilə ərinin
böyüklüyünü diqqətdə saxlamağa
çalışırdı:
– Hər sahənin öz ustası var.
Axır-axırda qədri-qiyməti bilinməyən Şərbətalı
bəy də kürsü dahisidir. O, rəhbərlər
uğrunda sinəsini kürsülərə sürtməkdən
döşünün tükünü aparıb. Heç
olmasa, tük xidmətini nəzərə alın də...
Baş həkim xəstə sahibinin
kükrəyişini səngitmək üçün var
qüvvəsini əsirgəmirdi:
– Elə deməyin, ay xanım, vallah,
tük xidmətini nəzərə alırıq. İnsafən,
həmkarlarının da əməyini danmaq olmaz. Hərçənd,
avazla ötməkdə Şərbətalı bəyin
rekordunu təzələyə bilməsələr də, o
yazıqların da sinələri tükü yolunmuş qaz
döşünə oxşayır. Gözləmək
lazım gələcək. Kürsü xəstəliyi tezliklə
sağalan mərəz deyil. Ona uzunmüddətli və
ardıcıl müalicə lazımdır. Bu sahədə
bizim xəstəxana yeganə olduğundan bu cür
basırıq yaranıb. Dözməyə və gözləməyə
məcburuq. Bəlkə...
Atalar necə də gözəl deyib: “Xəstə
sağalası olsa, təbib qarşı gələr”. Baş
həkim “bəlkə”sini tamamlamamış əlidəvətnaməli
başqa bir baş həkim içəri girdi. Və şad xəbər
verirmiş kimi əlindəki dəvətnaməni həmkarına
uzatdı:
– Bu gün saat 3-də rəhbərliyi mənə
həvalə edilmiş 2 saylı kürsü bülbülləri
xəstəxanasının açılışıdır.
Sağ olsun, səhiyyə idarəsinin müdiri. Bu sahədəki
kəskin ehtiyacı nəzərə aldığından bu
tipli ikinci xəstəxananın tikintisini başa
çatdırdı. Yeni xəstəxananın istifadəyə
verilməsi sizin vəziyyətinizi yüngülləşdirməyə
kömək edəcək. Əziz həmkarım, sizi 2
saylı kürsü bülbülləri xəstəxanasının
təntənəli açılışında iştirak etməyə
dəvət edirəm. Bir kaç kəlmə də təbrik
sözü dilə gətirsəydiniz, lap şad olardıq.
Sanki çıxış yolu göydən
zənbillə düşmüşdü. Tərəflər
ümidlə bir-birinin üzünə baxdılar. 1 saylı xəstəxananın
baş həkimi sevincək:
– Biz yuxarılara havayı yerdən əl
çalmırıq. Adamın işi gərək yuxarıdan
düzələ. Necə ki, indi düzəldi, – dedi və
sonra həmkarına müraciət etdi. – Şəhərimizin
çox hörmətli sənətkarı, kürsü
bülbülü tribunaya dəvət almadığından
bir balaca xəstələnib. Bizdə bütün palatalar
doludur. Belə bir şəxsiyyətin dəhlizdə
saxlanmasını özümə bağışlaya bilmirəm.
Mənə kömək əli uzadın, Şərbətalı
bəyi sizin xəstəxanaya yerləşdirək.
Uduzmazsınız, elə onun adının gətirdiyi imic sizə
bəs edər.
Özündə olmayan Şərbətalı
bəy danışıqları eşitməklə kifayətlənirdi.
Onun hadisələrə müdaxilə etməyə imkanı
yox idi. Əvəzində xanımı xilaskarlara acizanə surətdə
yalvarırdı:
– Xahiş edirəm!.. Çox xahiş edirəm!..
Həyat yoldaşımı kürsü xəstəliyindən
xilas edin!
2 saylı xəstəxananın baş həkimi
vəziyyətə dərindən bələd olduqdan sonra həmkarının
təklifinə qarşı məmnunluğunu gizlətmədi:
– Biz həkimlər Hippokrat andı
içmişik. Vəzifəmiz xəstənin son anına qədər
ona qulluq göstərməkdir. Xüsusilə, daha əlverişli
şərait olanda. Bax, indi kömək əlimi uzadıram. Bu
saat 10 kürsü bülbülümüz xərəkdə
uzanıqlı halda xəstəxananın
açılışını gözləyir. Şərbətalı
bəylə ilk qəbulda fəxri xəstələrin sayı
11-ə yüksələcək. Ancaq liderin lider yeri
olmalıdır. Biz onu 11-ci yox, 1-ci xəstə kimi qəbul edəcəyik.
Razılaşdıq?
Qarşı tərəfin hamısı:
– Razılaşdıq!
Bu dəfə hər iki tərəf birlikdə:
– Allah şəfasını versin!
Şərbətalı bəyin
uzandığı xərəyin ağzını geri döndərdilər.
Şəfa diləkli dualar eşidilməyə başladı.
Əlbəttə, başsağlığı verməzdən
əvvəl xəstəyə şəfa diləmək
lazımdır.
Qərib MEHDİ
525-ci qəzet.- 2012.-
11 oktyabr.- S.6.