Vaqif İbrahimoğlunun
teatr dünyası Mədəniyyət
Çağdaş
Azərbaycan teatrının istiqamətini təyin edən,
öz yaradıcılığında milli teatr ənənələri
ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini
üzvi şəkildə birləşdirən rejissorlardan biri
də Vaqif İbrahimoğludur.
Vaqif İbrahimoğlu bir rejissor kimi fəaliyyətə Eksperimental Teatr Studiyasından başlayıb. Gənc, istedadlı rejissorun studiyaçılığa meyli onun eksperimental, yenilikçi, qeyri-standart rejissurası ilə izah olunmalıdır. V.İbrahimoğlunun studiyaçılıq meyli yaradıcılığının sonrakı dönəmlərində də özünü göstərir.
Rejissor elə ilk işi olan “Əhvalat vaqe olur” tamaşası (tamaşa Sultan Məcid Qənizadənin “Xor-xor”, Cəlil Məmmədquluzadənin “Yığıncaq” və Cəfər Cabbarlının “Yaylağa gedir” bir pərdəli komediyalarının kompozisiyaları əsasında hazırlanıb) ilə seçdiyi sənət istiqamətini, yaradıcı iddialarını bəyan etdi. Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin nəzdində fəaliyyət göstərən Teatr-studiyasında quruluş verdiyi iki tamaşa – “Qədim nəslin nümayəndələri” A.P.Çexovun “Evlənmə”, B.Şounun “Lord Avqust iş başında...” və L.Pirandellonun “Axmaq” bir pərdəli pyesləri əsasında) və “Məcnun” (Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında, rus dilində) tamaşaları ilə V.İbrahimoğlu öz yaradıcılıq istiqamətinin konturlarını cızdı. Amma “Vaqif İbrahimoğlunun Aktyor Evindəki eksperimental teatr-studiyasının aqibəti acı oldu. Anarın böyük səylərinə baxmayaraq, o illərin ideoloji və mədəniyyət rəhbərləri bu təşəbbüsə biganə qaldılar, studiyanı yaşatmadılar” (İlham Rəhimli). Deməzdim ki, bu studiyanın aqibəti acı oldu, çünki studiya bağlansa da, Vaqif İbrahimoğlu və həmfikirləri burada başladıqları işi M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) nəzdində fəaliyyət göstərən Tədris Teatrında davam etdirdilər. Bir də ki, rejissorun özünün də dediyi kimi, “Nəticə heç nə, proses hər şeydir”. Aktyor Evinin nəzdindəki teatr-studiyanın fəaliyyəti isə teatr aləmində özünütəsdiq və teatr konsepsiyasının realizəsi prosesində tramplin rolunu oynadı. Bu prosesdə növbəti mərhələni isə Tədris Teatrının səhnəsində hazırladığı “Zəncirbənd” (Anar), “Ac həriflər” (Əbdürrəhim bəy Haqverdiyev), “Yaylağa gedir” (Cəfər Cabbarlı), “Var olsun günəş” (Kamal Aslanov), “Güneylər, quzeylər” (Rəsul Rza), “Diqqət! Başlayıram” (Rəhman Əlizadə), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında), “Komsomol” (Səməd Vurğun) kimi tamaşalarla gerçəkləşdi. Doğrudur, V.İbrahimoğlu Musiqili Komediya Teatrına baş rejissor təyin edildikdən sonra bu prosesdən bir qədər uzaqlaşdı. Musiqili Komediya teatrındakı fəaliyyəti dövründə də V.İbrahimoğlu rəsmi iş saatından sonra öz dəstəsi ilə seçdiyi teatr konsepsiyasına uyğun tamaşalar hazırlayır, hələ Aktyor Evində başladığı teatr eksperimentlərini, axtarışlarını davam etdirirdi. Nəhayət bu axtarışlar teatr prosesimizin avanqardında dayanan V.İbrahimoğlunun öz teatrını yaratması ilə nəticələndi. Rejissorun milli teatr poetikasını yaratmaq arzusu və bu yolda mətin mübarizəsi artıq fərqli konsepsiya ilə işləyən, fərqli bədii-estetik prinsiplərə söykənən yeni bir teatrın yaranmasını zərurətə çevirdi. Əslində, V.İbrahimoğlunun yaradıcılığını teatr fəaliyyətinə başladığı ilkin dövrdən etibarən məhz yuğ tipli, yuğ amallı bir teatrın yaradılmasına doğru bir yol kimi dəyərləndirmək olar. Rejissorun quruluşunda səhnə həyatı tapan, az qala, hər biri hadisəyə çevrilən bütün tamaşalar isə bu yolda atılan növbəti addım idi və nəhayət 1989-cu ildə Həsənağa Turabovun təşəbbüsü və yaxından köməkliyi nəticəsində Akademik Milli Dram Teatrının nəzdində “Yuğ” Teatr-Studiyası açıldı. 1992-ci il 18 oktyabr tarixində bu studiya dövlət statusu aldı.
“Yuğ” studiyası ilə “Yuğ” Dövlət Teatrı arasında o qədər də ciddi yaradıcı fərqlər mövcud deyil və onların fəaliyyəti vahid bir prosesin mərhələləri kimi dəyərləndirilməlidir. “Yuğ”un 17 illik fəaliyyətinə qısa nəzər salarkən görürük ki, bu gün Azərbaycan teatr məkanında öz orijinal sənət yolu olan, əhatəsinə əsasən ölkənin ziyalı təbəqəsindən ibarət geniş tamaşaçı kontingenti toplaya bilən və milli teatr prosesinə fəal təsir göstərən “Yuğ” adlı bir teatr mövcuddur. Bu gün “Yuğ” Teatrının ünvanına deyilən modernist, postmodernist teatr ifadələrini kifayət qədər sıx-sıx eşidirik. Doğrudur, modern, postmodern teatr düşüncəsi “Yuğ”a yabançı nəsnələr deyil, amma bu ifadələr “Yuğ” Teatrının fəaliyyətini xarakterizə etmir. “Yuğ”u səciyyələndirən başlıca amil bu teatrın milli sənət düşüncəmizə, xalq oyun-tamaşa mədəniyyətindən qaynaqlanan teatr ənənələrinə müraciət etməsi və bu ənənələri dünya teatr prosesinin qabaqcıl təcrübələri ilə birləşdirə bilməsindən ibarətdir. Bu səhnədə oynanılan bütün tamaşalarda milli oyun-tamaşa mədəniyyətinin ünsürlərini sezmək mümkündür. Əslində, teatrın adı da onun başlıca yaradıcılıq istiqamətlərini kodlaşdıran amil kimi çıxış edir. Bəllidir ki, yuğ türklərin ən qədim mərasimlərindəndir və bu oyun-mərasimləri “Yuğ” Teatrının tamaşalarının modeli kimi dəyərləndirilə bilər. Bu teatrın fərqli, bənzərsiz yaradıcılıq yolu olduğu heç kəs üçün sirr deyil. Bu bənzərsizliyə zəmin yaradan amillərdən biri də “Yuğ”un öz poetikası olması və fəaliyyətində bu poetikaya istinad etməsidir. “Ruhun hikmətləri” anlamına gələn “Psixosof” poetikasının adı da bu teatrın tamaşalarını və ümumilikdə bütün yaradıcılığını daha dərindən anlamaq üçün açar rolunu oynayır. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir, insan ruhunun yaşamı, insanın ruhi-psixodelik halı onun yaradıcılığının mərkəzində dayanır. Məhz bu fakt “Yuğ” Teatrının təqdim etdiyi tamaşaların dəyərləndirmə vasitələrini də köklü surətdə dəyişir.
Vaqif İbrahimoğlu rejissurasının, poetikasının məğzini anlamaq üçün mütləq rejissorun teatr, sənət haqqında düşüncələri ilə tanış olmaq lazımdır. “Mənim üçün ən başlıca olanı haldır! Nə ritmdir, nə musiqidir, nə ideyadır, əsas sehrli haldır! Yəni, əstəğfürullah, məscidə gəliriksə, biz ora xüsusi əhval-ruhiyyə, daxili istək-arzu ilə, psixoloji hadisələrdən doğrulmuş saf inamla daxil olmuruqsa, ora getməyin heç bir əhəmiyyəti yoxdur”. V.İbrahimoğlu teatrı insanın özü-özü ilə, iç dünyası ilə dialoqda, təmasda olduğu bir yer kimi qiymətləndirir. Rejissor üçün həmin məqam müqəddəsdir, əzizdir, başlıcadır. İnsan ruhunun yaşamını, ruhi-psixodelik halı teatr sənətinin qayəsi kimi qavrayan sənətkar bu halın yaranmasında xüsusi çəkisi olan, sözə, musiqiyə əhval-ruhiyyə aşılayaraq onu təbii və emosional edən ritmi ordunu səfərbər edən sərkərdə ilə müqayisə edir.
“Yuğ”un repertuarında teatrın kredosuna, amalına, poetikasına mərhəmlik duyulur. Elə ilk tamaşası – Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası ilə Teatr öz yaradıcılıq yolunu müəyyənləşdirdi. Daha sonra səhnələdiyi “Açar”, “Dad”, “Oğul” kimi tamaşalarla sənət axtarışlarını davam etdirdi. “Yuğ”un 17 illik fəaliyyəti dövründə repertuarında yer alan tamaşalara nəzər saldıqda Teatrın klassik irsimizin nümunələrinə də (“Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və s.), müasir yazarların (Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı, Firuz Mustafa, Mehman Musabəyov, Kamal Abdulla və s.) əsərlərinə də müraciət etdiyinin şahidi oluruq. Repertuarda əcnəbi müəlliflərin (Şekspir, Ekzüperi, Bekket, Höte, Çexov, Qoqol, Yamamoto və s.) əsərləri əsasında hazırlanan tamaşalar da az deyil. “Yuğ”un tarixinə qısa ekskursdan da göründüyü kimi, teatrın repertuarı çox rəngarəngdir, amma bu repertuarda rast gəldiyimiz əsərləri birləşdirən bir amil var; onların hər biri ilahi mətləblərə, sakral, arxetipik məna qatına malikdir.
Son dönəmlərdə – Vaqif İbrahimoğlu dünyasını dəyişdikdən sonra da “Yuğ”un yaradıcılıq fəaliyyətini uğurla davam etdirməsi, ustad rejissorun yetişdirdiyi sənətçilərin uğurlu işləri bir daha sübut edir ki, “Yuğ”da yeni rejissor və aktyor nəsli yetişir. YUĞ Teatrında çalışan istər rejissorlarların, istərsə də çox yüksək potensiala malik gənc aktyorların sənətkarlıq səviyyəsi və sənətə münasibətləri teatrın gələcəyi haqqında ümidlə danışmağa əsas verir.
Aynur İSRAFİLOVA
525-ci qəzet.- 2012.-11 oktyabr.- S.7.