Suu, su!...
Qaranlıq
düşsə də, axtardığı evi tez tapdı. Zəngi
basdı, iki dəqiqə sonra rəngi azca getmiş, güllər
həkk olunmuş dəmir darvaza açıldı.
- Hə,
keç içəri, - üstündə qırmızı
qızılgüllər olan xalat geymiş,
saçlarını zil qara rəngə boyamış dolubədənli,
yaraşıqlı qadın hündürboylu, əzələli
Ramizi həyətə buraxdı, darvazanı arxadan
bağladı.
- Tez
tapdın buranı?
- Hə.
Buralarda əvvəl çox olmuşam.
- Kimgilə
gəlirdin ki?
-
Heeç, - Ramiz könülsüz cavab verdi. - O vaxtlar bu
küçədə bir sinif yoldaşım yaşıyırdı.
- Adı
nəydi ki?
- Hmm, -
mızıldandı, - inanırsan, yadımdan
çıxıb uje.
Qadın
ona inanmadı, başa düşdü ki, Ramiz bu barədə
heç nə demək istəmir, artıq sual vermədi.
İçəri keçdilər, Ramiz divanda, qadınsa stolun
arxasındakı yumşaq stulların birində oturdu.
- Mənə
dedilər sənin ərin var, düzdü?
- Var, nə
olsun ki? - qadın bu sualı sanki mininci dəfə
eşidirmiş kimi laqeydcəsinə cavab verdi.
-
Heeç, prostu... Nəysə.
- Sən
narahat olma, işdədi. Gecə smeni işdiyir.
- Bu
rayonda, yoxsa? - Ramiz həyəcanla soruşdu.
- Əşi,
narahat olma. O bizim rayonda işləmir. İkincisi də sabah
axşam gələcək... Bəlkə çay dəmliyim?
- tez çay təklif elədi ki, Ramiz qayıdıb
soruşmasın “Hansı rayonda işləyir?”
- Yox,
lazım deyil... Sağ ol.
- Onda
keçək də o biri otağa.
-
Keçək.
Yataq
otağına keçdilər. Qadının xahişiylə
Ramiz “bəri başdan” pulun bir hissəsini, on şirvanı
dolabın üstünə qoydu. Bir az söhbət eləyəndən
sonra əsas məsələyə keçdilər...
Ramizin
Krasnodarda balaca ayaqqabı dükanı var. Ailəsi, arvadı
Qızyetər və balaca oğlu ilə orda kirayə
tutduğu ikiotaqlı evdə qalır. İldə bir dəfə
yayda iki aylığa rayona gəlirlər. Bu dəfə -
oktyabr ayı idi, arvad-uşağı Krasnodarda yaxın
qohumugildə qoyub dostunun toyuna gəlmişdi, bir həftəyə
qayıdacaqdı. Arvaddan başqa mağazasının
satıcısı Lyudası vardı. İndi də eşqinə
qarasaçlı, qaragözlü, necə deyərlər,
“milli fahişə” düşmüşdü. Amma bu işə
görə qohum-tanış xəbər tutmasın deyə
toyu olan dostunun təklifi ilə, - fahişənin telefon
nömrəsini o vermişdi, -
tamam başqa bir rayona gəlmişdi. Qadın dəmir
darvazanı açıb onu içəri buraxanda
“Yaxşı şeydi, Lyudadan da qəşəngdi,” - ürəyində
sevinmişdi. Əslində azərbaycanlı fahişəylə
Lyuda arasında elə bir fərq yoxuydu, boyları eyni, ikisi də
dolubədənli, bir sözlə ikisi də qəşəng.
Sadəcə arvadından (çoxdan), satıcısından
da bezmişdi, rayon “gəlini” onun gözündə sanki
qeyri-adi gözəl idi...
“Risk eləmişəm,
- ər məsələsinə görə Ramiz ürəyində
özünü danlayırdı. - Vallah, risk eləmişəm...
Görən həftədə neçə kişi gəlir
bura? Yəqin hər dəfə pasteli dəyişir ki, əri
yerinə uzananda iy-zad hiss eləməsin. Utanmaz-utanmaz da
kravatında uzanmışam. Deyir də. Birdən gəldi? Bəlkə
bilmir ki, arvadı gəzir? Elə şey olar bilməsin? Gəlsə
neyliyəcək ki? Heç nə, baltanı
götürüb bapbalaca təpəmə vuracaq. Lap
yaxşı da eliyəcək. Mənim kimi başıboşa
belə lazımdı. Qaçmağa da yer yoxdu. Ancaq bir yer
tapıb gizlənmək olar. Harda?” Pərdə ilə
örtülmüş iri pəncərələrə
baxdı, qonşunun həyətinə
çıxırdı, həyətdə isə arada qalın
səsli it hürürdü. “Mənə lazımıydı əri
olanın yanına gəlim? Hələ Krasnodarda Faiqə
(artıq toyunda iştirak etdiyi dostu) min dəfə dedim ki, mənə
boşanmış, ya da uzağı dul arvad nömrəsi verərsən.
Nə olsun deyirdi ki, əri çox vaxt evdə olmur... Bəs
mən gicbaş niyə bura gəldim?!”
Qorxurdu, durub getmək istəyirdi. O biri yandan da qadın xoşuna gəlmişdi, pulun yarısını, on şirvanı vermişdi, qalanını da verməliydi, qiymət əvvəlcədən danışılmışdı. Pulun yarısını verib bir bəhanə ilə çıxa bilərdi, amma bu pula heyfi gəlirdi, heç olmasa bir dəfə də qadınla olmaq istəyirdi. Yavaş-yavaş özünü sakitləşdirdi. “Gəlməz. Raz ki, özü deyir rayondadı, gəlməz, znaçit gəlməz. Bilir ki, deyir, çox olub belə şeylər. Gəlsə də çöl qapısını döyəcək, ona qədər tez durub geyinib əkilmək olar. Yəqin ki, bir yer tapıb burdan qaçmaq olar”...
- Xoşuna gəldi? - qadın sanki onun daimi məşuqəsi kimi nazlana-nazlana soruşdu. Qadının ilıq səsindən xoşallanan, bir də qol saatına baxandan sonra “Gecə saat on ikidən sonra çətin ki, əri gələ,” - fikri ilə özünü sakitləşdirən Ramizin həyəcan təri yavaş-yavaş soyudu.
- Həə,
- tez, bir az da gur səslə cavab verdi.
- Bəs ərin
bilir ki?
- Yox
bilmir, - sözünü kəsdi, bir az da sərt cavab verdi.
“Ay-hay, qonşular çoxdan xəbər eliyiblər. Guya gecə gələnləri qapıbir qonşularınız görmür. Prostu deyə bilmirsən ki, ərin oğraşdı,” - Ramiz fikirləşdi.
- Özün özünü təkbaşına dolandırırsan da, - Ramiz guya maraqlı komplimentfason bir şey demək istədi, qadın reaksiya vermədi.
- Ərin həmişə gecə smeni işdiyir?
- Yox.
- Bəs
bayaq dedin?...
- Hərdən
bir. Göyərti aparır satmağa, çox vaxt elə orda
bacısıgildə qalır.
- Bəs
birdən? - Ramiz yerindən qalxmaq istəyəndə, qadın
onun çiynindən basdı.
- Əşi
sən nə qorxaq adamsan. Dedim ki, gəlməyəcək, yəni
mən o qədər..
- Nə
bilim, dedim birdən...Neçə ildi evlisiz?
- Səkkiz ilə yaxındı.
- Sevib ərə getmisən?
- Yox, tanış eliyiblər.
- Qohumdu ki?
- Uzaq qohum düşür.
-
Neçə uşağın var?
- Bir,
oğlandı.
-
Neçə yaşındadı?
-
Beş... Sifətindən görürəm ki, yenə
qorxursan.
- Əşi,
sən də deyəsən məni prikola tutmusan, yox bir
beşyaşlı uşaqdan qorxacam.
- Burda
deyil, nənəsigildədi.
-
Hansı nənəsigildə?
- Off, sən də gərək elə hər şeyi soruşasan. Mamamgildədi.
Qadının mobil telefonuna zəng gəldi, ekrana baxıb əli ilə “sus” işarəsi verib yaşıl düyməni basdı.
- ...Həə...yaxşı.... bişirərəm. Yadımdadı, ooldu, - qırmızı düyməni basdı, bildi ki, yanındakı soruşacaq kimiydi, sualı qabaqladı. - Yoldaşımdı, deyir sabaha dolma bişir mənə.
“Bu, dolma
da bişirə bilirmiş ki”.
- Maman yəqin
öyrədib dolma bişirməyi?
- Hmm...
Pauza
yarandı. Ağ tavana baxa-baxa Ramiz fikirləşdi ki, nəysə
demək lazımdı, guya çarpayıda uzanıb əsas
işlə məşğul deyillərsə mütləq nəsə
deməlidi, soruşmalıdı.
- Deyirsən
oğlunun beş yaşı var hə?
- Hmm, - əlacı
olsa boğardı, amma müştəridi, eşitmişdi ki,
pullu kişilərdəndi, üstəlik, ümid eliyirdi ki,
müəyyən olunmuş qiymətdən
artığını alacaq, ona görə deyə bilmirdi: “Əşi
sənə nə, oğlumun neçə yaşı var?!”.
- Məktəbə?...
Hə, bayaq dedin beş yaşındadı.
-
Hazırlığa gedir, - müştərisinin
qırıq-qırıq dediyi sualı cavablandırdı, dərin
nəfəs alıb əsas mətləbə keçdi. - Bəlkə
yenə başdıyaq?
-
Başdıyaq.
İkinci dəfə başladılar, hardasa yeddi-səkkiz dəqiqə keçmişdi, ikisi də hiss edirdi ki, ikincidən daha çox ləzzət alırlar, üstəlik pik nöqtəsinə az qalırdı, birdən qonşu otaqda uşaq ağlamağa başladı: “Maamaa! Maamaa!!”
Bir anda ikisi də dayandı, Ramizin ürəyi tez-tez döyünməyə başladı. Hələki hər ikisi susurdu. Uşaq üçüncü dəfə “maa-ma” deyəndə Ramiz qadının sual dolu gözlərinə baxdı, (hələ bir-birilərindən aralanmamışdılar), ona nədənsə elə gəldi ki, qadın tərəddüd içindədir, elə bil tez işini bitirib oğlunun yanına getmək istəyirdi. “Yalan danışmağına bax it qızı itin. Mamasıgildə qoyub uşağı”, - ürəyində qadını söydü.
Kişini soyuq tər basmışdı, beş-altı saniyənin içində ehtirası tam sönmüşdü, hətta bir anlığa Ramizə elə gəlmişdi ki, ehtirasını həmişəlik itirib. “Birdən uşaq durub gələr bura?” - qorxdu, istədi yorğanın, ya da çarpayının altında gizlənsin. Onda da qadın çox güman ki, gülməyə başlayacaqdı. (“Onsuz da bayaqdan mənə qorxaq deyir”). Yorğanı sinəsinə çəkib gözləmək qərarına gəldi. Qadın barmağıyla üzündə həyəcan-qorxu “sus” işarəsi verdi.
- Gəlirəm, maman qadanı alsın, gəlirəm! - yavaşca yerindən durdu.
- Suu, su gətir mənə kuxnidən! - uşağın susuzluğu bir yana, səsindəki, yanğı “su gətir mənə kuxnidən” deyəndə səsində xoruz buraxması Ramizə lap pis təsir elədi.
- Gətirirəm indi, qadan alım, gətirirəm! - Ramizə isə pıçıltıyla, - gözlə, uşağa su verim, gəlirəm.
Ramizin həyəcanı azaldı, ürək döyüntüləri normaya düşdü. (“Day uşaq bura gəlməz”). Qadınsa xalatının düymələrini bağlaya-bağlaya bir az da gileyli “Maman ölsün, axşamlar o qədər şakaladdan yeyirsən ki, gecə də yata bilmirsən,” - dedi, həmin andaca çarpayıda uzanmış Ramizə sərt baxdı, bir növ işarə vurdu ki, su verib gələndən sonra “uşağı mamagildə qoymuşam” məsələsinə qayıtma, yersiz sual vermə, yəni uşağı sakitləşdirmək mənlikdi. Suyunu içib yenə yatacaq. Mən də indi qayıdıram, işimizi qurtararıq, pulun qalanını verərsən, cəhənnəm olub gedərsən evinə”.
Oğluna su gətirmək üçün mətbəxə keçdi. Ramiz cəld qalxıb çarpayının qırağında oturdu, tələsik corablarını ayağına, şalvarı əyninə keçirdi. Yavaşca cibindən zəhmət haqqının qalanını, iyirmi şirvanı dolabın üstündəki mürəbbə qabının altına qoydu. Barmaqlarının ucunda mətbəxə tərəf gedəndə əlində balaca güllü fincanda balasına su aparan ana ilə üz-üzə gəldi, qadına pıçıltıyla “Mən həyətdə bir siqaret çəkim, beş dəyqəyə gəlirəm,” - dedi, qadın başını tərpətdi, yəni “işində ol”.
Ramiz ayaq barmaqlarının ucunda dəhlizə çıxdı, ayaqqabısını geyinib oturdu, ayaqlarına ilişməsin deyə ayaqqabılarının uzun bağlarını hər iki corabının içinə salanda dəhlizə bitişik otaqdan beş yaşlı oğlanın az qala nəfəsini dərmədən hortultuyla su içməyini eşitdi. “Adam az qalır dəli olsun”, - beynindən bu fikir keçdi. Getməyə qərar vermişdi, amma güclü bir maraq onu ana və bala olan otağa dartıb aparırdı, daha doğrusu, gizlincə qapının ağzından bir dəfə oğlana baxmaq ürəyindən keçirdi. Eyni zamanda Ramizə elə gəldi ki, balaca oğlana üç-dörd saniyə belə baxsa, onun sifəti həmişəlik yaddaşına həkk olunacaq, - bədənindən bir gizilti keçdi. Fikrindən daşındı.
Suyu içib qurtaran balaca oğlan udqundu, dərindən nəfəs alıb ləzzətlə “əhh” elədi, anasının üzündən öpüb (mırç) şirin səsiylə “sağ ol, genə ver” deyəndə Ramiz daha heç nə eşitmək istəmədi. Amma uşağın şirin səsi, hortultuyla su içməsi isə həmişəlik bu bədbəxtin yaddaşına həkk olundu.
Qapını açıb həyətə çıxanda son eşitdiyi bu oldu. “Maman qurban, bəsindi”. Ayaqlarını yavaşca yerə basa-basa həyətin o başına getdi, dəmir darvazanı taqqıldatmadan açdı, yavaşca örtdü və gecənin qaranlığında itdi...
O hadisədən sonra Ramizin üç yaşlı oğlu hərdən gecələr yuxudan oyanıb ağlamağa başlayanda, arvadı deyinə-deyinə yerindən duranda o, Allaha yalvarırdı ki, bircə su istəməsin, - ya pis yuxu görmüş olsun, ya da əli bədəninin altında qalıb uyuşsun. Bir də arvadına oğlu gecə susuyub oyanmasın deyə ona axşamüstü şokolad verməyi qadağan etmişdi... “Üstəlik indiki şokoladlar ximikatdı, zəhər kimi şeydi, ondansa uşağa təbii şeylər ver yesin,” - demişdi...
Alpay Azər
525-ci qəzet.- 2012.- 13 oktyabr.- S.29.