Yaş altmışdır...
(Tənqidçi-ədəbiyyatşünas
Şirindil Alışanlı da bu yaşa gəlib
çatdı)
Biz eyni ədəbi
nəslin nümayəndələri idik. Yetmişinci illərin
ortalarında ədəbiyyata gəlmişik və bu nəslin
nümayəndələrindən ikisi-Aydın Məmmədov
və Nadir Cabbarlı neçə
il öncə dünyalarını dəyişmişlər,
qalanları isə -Kamil Vəli Nərimanoğlu, İsa Həbibbəyli,
Kamal Abdulla, Vilayət Quliyev,
Cahangir Məmmədli, İlham Rəhimli, Məryəm Əlizadə, Rəhim
Əliyev, Qurban Bayramov, Zaman Əsgərli, Rahid Ulusel, Nizaməddin
Şəmsizadə, Arif Əmrahoğlu, Nizami Cəfərov
indi də yazıb-yaradırlar. Kamil Vəli dahi Füzuli
yaradıcılığına yeni bir baxış
bucağını əks etdirən monoqrafiya yazıb, İsa
Həbibbəyli ardıcıl olaraq Mirzə Cəlil
yaradıcılığını tədqiqlə məşğuldur,
ədəbi portretlər yazmaqda davam edir, İlham Rəhimli
teatr tarixinin işıqlandırılmamış səhifələrini
aşkarlayır, Rahid Ulusel qloballaşma mövzusunu fəth
etməkdədir, Nizaməddin Şəmsizadə XX əsrin
görkəmli şəxsiyyətlərinə aid xeyli məqalələr
çap etdirir, Rəhim Əliyev üzünü Nəsimi
dövrünə tutur və s.. Nizami Cəfərov və Arif Əmrahoğlu
qardaşlarımız isə tənqidə nadir hallarda
müraciət edirlər. Və beləliklə, hamının
dilində az qala əzbər bir kəlama çevrilən bir
söz meydana gəlir: “ƏDƏBİ TƏNQİD YOXDUR!. Əlbəttə, bu məsələdə
kimsəni qınamaq olmaz. Yaxşı ki, bu nəslin
ardıyca gələn, artıq bir ədəbi nəsil kimi
formalaşan Tehran Əlişanoğlu, Əsəd Cahangir,
Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli,
Elnarə Akimova kimi tənqidçilər var və onlar Azərbaycan
ədəbi tənqidində açıq-aşkar nəzərə
çarpan boşluğu doldurmağa cəhd edirlər.
Mən
bizim tənqidçi nəslindən söz açanda bir həmkarımızın
- Şirindil Alışanlının
adını sonraya saxladım. Səbəbi budur ki, bu yaxınlarda Şirindil
Alışanlının “Ədəbi-bədii
düşüncənin sərhədləri” və “Müasir
humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”
adlı iki yeni kitabı
işıq üzü görüb və onu yaxından
tanıyan, yaradıcılığını daim izləyən
söz adamlarından biri kimi mən də buna ürəkdən
sevinirəm. Ona görə sevinirəm ki, Şirindilin birinci
kitabındakı məqalələrin əksəriyyəti
sırf tənqidi məqalələrdir və bu
yazıların bəzilərinin tarixi yetmişinci, səksəninci
illərə aparıb çıxarsa da, hər halda, ədəbi
tənqidin varlığı barədə müəyyən təsəvvür
yaradır. Ədəbi tənqidin heç də ürək
açmayan mənzərəsində hərdən belə kitabların
işıq üzü görməsi məncə, yaxşı
bir hadisədir. Çünki Şirindil Alışanlı “ədəbi
tənqid” adı ilə tərif və tost dolu
yazılarını mətbuatda çap etdirən bəzi qələm
sahiblərindən deyil, sözün həqiqi mənasında
görkəmli ədəbiyyatşünas olduğu qədər
də, həm də tanınmış tənqidçidir və onu da qeyd edim ki, onun tənqidçiliyi
ədəbiyyat nəzəriyyəçiliyi ilə sıx vəhdətdədir.
Çünki Şirindil bir
sıra həmkarlarından fərqli olaraq həm də mükəmməl
bir ədəbiyyat nəzəriyyəçisidir. Yəni Azərbaycan
ədəbiyyatının nəzəri problemləri ilə də
ardıcıl məşğul olur və onun bu sahədə fəaliyyəti
qətiyyən tənqidçiliyinə, müasir ədəbi
prosesi qiymətləndirməyə, nəsrimizdə,
poeziyamızda baş verən yenilikləri dəyərləndirməyə
qətiyyən mane olmur.
Bu
yazını qələmə alanda qarşıma belə bir məqsəd
qoymuşdum ki, söhbət Şirindil
Alışanlının altmış illiyindən gedəcək.
Mən onunla bağlı düşündüklərimdən
söz açacağam. Ən azı qırx illik
dostluğumuzdan fraqmentlər canlandıracağam. Ancaq
Şirindildən danışanda onun ciddi ədəbiyyatşünas-tənqidçi-nəşriyyat
direktoru-şöbə müdiri obrazı gəlib durdu
gözlərimin qarşısında.
Şirindil
Hüseyn Arifin poeziyasının heyranlarından biridir.
Hüseyn Arifin “Yaş altmışdır” adlı bir şeiri
var və mən heç bir tərəddüd eləmədən
həmin şeirdən bir bəndi
qoyuram Şirindil Alışanlının ovcunun içinə
:
Uşaqlıq
quş kimi uçdu əlimdən,
Cavanlıq
car çəkib,
köçdü
elimdən,
Nə
deyim, nə yazım
öz
taleyimdən,
Bu nə
qovhaqovdu,
bu nə
qaçışdır,
Saçlara
baxıram,
hanı o
saçlar?
İllərə
baxıram,
Yaş
altmışdır.
Bu
misralardan sonra birdən-birə keçən əsrin
yetmişinci illərini xatırladım. “Ədəbiyyat və
incəsənət” qəzetində Şirindilin poeziyada
tanınmış, kifayət qədər çap və təbliğ
olunan iki şairin şeir kitabları haqqında tənqidi
resenziyaları çap olunmuşdu və həmin resenziyalar ədəbi
ictimaiyyətdə güclü əks-səda
oyatmışdı. Çoxu bu məqalələrdən
danışırdı. Belə cəsarətli məqalələrə
görə onu tərifləyənlər də vardı, nə
gizlədim, pisləyənlər, ardınca danışanlar
da. Sizə də yaxşı məlumdur ki, mətbuatda belə
sırf tənqidi yazılar çap olunanda həmin tənqidçinin yazılarına, bəlkə ondan
da kəskin cavablar yazılır, amma Şirindilin məqalələri
o qədər tutarlı və sərrast idi ki, tənqid olunan
müəlliflər yaxud onların tərəfdarları belə
bir “cəsarətdə” bulunmadılar.
Şirindil
Alışanlının həm o dövrdə, həm də
indiki məqalə və resenziyalarda onun daha çox poeziya tənqidçisi
olduğu qənaətinə gəlirsən. Etiraf etmək
lazımdır ki, Şirindil poeziyanı yaxşı duyur, onun
meyl və tendensiyalarını, ayrı-ayrı şairlərin
yaradıcılıq dünyasını, fərdi üslub və
özünəməxsus deyim və duyum tərzlərini
düzgün müəyyənləşdirir. Mən
ayrı-ayrı şairlərin yaradıcılığı
haqqında bir yazı yazmağa başlayanda mütləq
Şirindilin həmin şairlər haqqında fikirlərinə də nəzər
yetirirəm. Bəzən həmin fikirlərlə qeydsiz-şərtsiz
razılaşmalı oluram, bəzən isə
razılaşmıram. Deyirəm ki, bu, onun fikridir, hörmətlə
yanaşıram, amma razılaşmıram. Şirindil deyəndə
ki: “Məmməd Araz gerçəkliyin ötəri hadisələri,
bir anlıq sevinc və kədərindən doğan təəssüratları
ilə kifayətlənmir, həyat təzahürlərinə
daha çox romantik nəzər salır, bədii ümumiləşdirmələr
axtarır. Təbiət, sevgi, intim aləm, ailə-məişət
qayğıları belə məqamlarda onun şeirlərində
məzmunlu sonluqla yekunlaşdırılır. Onun şeirlərinin
çoxunda hər bənd digərinin məntiqi
davamını hazırlayır. M.Arazın şeirlərinə
fikri-hissi tamlıq xasdır” - təbii ki, bu mülahizələr
M.Araz poeziyasını şərh eləmək
üçün hər hansı tədqiqatçıya istiqamət
verə bilər. Yaxud, onun çox sevdiyi iki şairin -
Hüseyn Arifin və Məmməd İsmayılın
yaradıcılığına həsr etdiyi məqalələri
götürək. Bu iki şair haqqında, onların
özünəməxsus yaradıcılığı barədə
çoz yazıblar, amma Şirindilin yazılarında həm
Hüseyn Arifin, həm də Məmməd İsmayılın
poeziyasına dəqiq, tənqidi fikrin sanki ümumiləşmiş
mövqeyi hiss olunur. H.Arifdən kim yazırsa, onu səmimi və
təbii şair adlandırır. Şirindil
Alışanlı isə sanki bu fikirlərə elmi rəng
qatır: “Ənənəyə bağlılığın səciyyəvi,
əsas cizgiləri H.Arif poeziyasının bədii ifadəsində
daha ahəngdar hiss olunur. Sadəlik, səmimilik, təbiilik və
rəvanlıq kimi bədii keyfiyyətlərlə
bağlı olduğu ədəbi ənənədən
süzülüb gələrək şair üçün
bir növ “yaradıcılıq instinktinə”
çevrilmişdir.
Çox yaxşı xatırlayıram ki, 1983-cü ildə mən - “Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri kimi Şirindilə müasir uşaq şeiri barədə bir məqalə yazmağı təklif etdim. Bu təklif onun ürəyincə oldu və həmin il jurnalın iyul sayında Ş.Alışanlının “Əyanilik və konkretlik” (Müasir uşaq şeiri haqqında qeydlər) məqaləsi çap olundu. Uşaq ədəbiyyatı həmişə bizim ədəbi prosesin yaralı yeri olub. Şirindil həmin məqaləsində yazırdı: “Son illər çap olunmuş uşaq şeirlərində kəmiyyət keyfiyyətlə müqayisədə üstünlük qazanır və “bədii materialın” bolluğu onun məzmun-forma, janr-üslub axtarışlarını müşahidə etməyə mane olur. Qəribədir ki, heç bir potensial imkanları olmayan bəzi müəlliflər də öz “istedadlarını” bu sahədə sınayırlar.Zahirən müasir baxımdan aktual, zəruri mövzularda şeirlər yazılır: təbiətin təsviri, humanist hisslərin təbliği, övlad qayğısı, dünyanı dərk etməyə ciddi maraq və s. Lakin bütün bu mövzuların müasir poetik səviyyədə ifadəsinə az şeirlərdə rast gəlirik. Mövzu özünün uğurlu poetik ifadəsini tapmırsa, onun “fövqəladə aktuallığı” belə heç bir əhəmiyyət kəsb etmir. Dərin hiss və səmimiyyətdən, təbii və xəlqi dildən məhrum şeir çətin ki, uşaq qəlbinə yol tapa”.
Burada bir məqamı da qeyd eləmək istəyirəm. Şirindil Alışanlı haqqında söz açdığı, yaradıcılığına müraciət etdiyi hər bir şairin poeziyasındakı şah damarı tutmağa çalışır və deyim ki, əksər hallarda buna nail olur. Məsələn, S.Vurğun ədəbi məktəbinin nümayəndəsi sayılan Adil Babayev haqqında onun fikir və mülahizələri maraqlıdır. “Gerçəkliyin müxtəlif tərəflərinə poetik müdaxilədə onun rəhbər tutduğu əsas bədii-estetik prinsip öz həmsöhbətinin qəlbinə işıqlı, nikbin fikirlər, hisslər aşılamaq idi”-bu cümlə Adil Babayevin poeziyasının əsas axarını müəyyənləşdirməyə yardımçı olur. Doğrudan da, Adil Babayevin şeir yaradıcılığı, xüsusilə sonetləri oxucuda belə bir təsəvvür yaradır ki,bu şair ancaq zərif və işıqlı hissləri tərənnüm etmiş, kədərdən, qəmdən yazanda da o hissləri tərk etməmişdir.
Ədəbi tənqidin nisbətən az diqqət yetirdiyi, son zamanlar isə demək olar ki, unutduğu bir mövzuya da Ş.Alışanlı neçə il öncə müraciət etmiş, “Poema: janrın poetik sərhədləri” adlı geniş məqaləsində bir tənqidçi kimi vaxtında münasibətini bildirmişdir. Bu məqaləni də keçmişin məqaləsi hesab etmək və orada qaldırılan məsələlərin artıq köhnəldiyini elan etmək qətiyyən doğru olmazdı. Bu yazıda Ş.Alışanlı bir neçə missiyanı üzərinə götürür: Birincisi; Azərbaycan poeziyasında uzun əsrlik bir zaman müddətində bu janrın keçdiyi inkişaf yollarını nəzərdən keçirir, POEMA ƏNƏNƏSİNİN yarandığını misallarla sübut edir. İkincisi; məqalənin yazıldığı illərdə Ümumittifaq mətbuatında poema janrı ilə bağlı diskussiyalara münasibətini bildirir. Üçüncüsü; müasir poemalarda diqqəti cəlb edən keyfiyyət dəyişikliklərindən söz açır. Dördüncüsü: müasir Azərbaycan poemasını səciyyələndirən cəhətlər üzərində dayanır, bu sahədə uğurlu nümunələrin yarandığını qeyd etməklə yanaşı, müəyyən qüsurları da nəzərə çatdırır.Yeri gəlmişkən qeyd edim ki, bu məqalə ilə bağlı müəyyən mülahizələr unudulmaz Xalq şairi Rəsul Rzanı xeyli qane etmişdi. “Bir görüşün tarixçəsi” məqaləsində R.Rza ilə görüşdən alınan təəssürat ifadə edilmişdir.
Şirindil Alışanlının maraq dairəsi təkcə poeziya ilə məhdudlaşmır. O, müasir ədəbiyyatın hər sahəsindən (nəsrdən, dramaturgiyadan, publisistikadan) və problemlərindən (“Milli tarixi ənənələr və müasir ədəbiyyatda şəxsiyyət problemi”, “XX əsr Azərbaycan ədəbiyyatı: Tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri”, “XX əsr poeziyasının müasir dərkində “Ədəbi mif” amili” və s.) eyni ilhamla yazır. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığından söz açan “Ötən əsrin bədii salnaməsi”, Elçin nəsrinin poetikasından danışan “Xalqa və sənətə məhəbbətlə”, Sabir Əhmədlinin “Gedənlərin qayıtmağı” romanı ilə bağlı məqalələri, həmçinin görkəmli tənqidçi K.Talıbzadənin ömür yolundan söz açan “Sönməz ocağın odu” portret yazısı tənqidlə publisistikanın vəhdətindən yaranıb. Publisistika ilə tənqidin belə qovuşuğu Şirindilin yazılarına bir şirinlik gətirir.
Yazının əvvəlində qeyd etdim ki, Ş.Alışanlı elmi-nəzəri səviyyəsi ilə seçilən tənqidçilərdəndir.Təbii ki, bu, adının qarşısında “tənqidçi” yazılan hər bir qələm sahibinə məxsus olan ən zəruri bir keyfiyyət olmalıdır. Ancaq bəzi hallarda bunun əksini görürük.Nəzəri biliklə silahlanmayan bir tənqidçi, bir də görürsən ki,müasir lirikanın ya da roman canrının “taleyini” həll edir. Yaxud hekayə canrının spesifik xüsusiyyətlərinə bələd olmayan başqa bir tənqidçi bu mövzuda az qala “professional” nəzəriyyəçi kimi söz demək istəyir. Təbii ki, onların nəzəri biliyə əsaslanmayan fikir və mülahizələri “əsası yox divar” kimidir. Şirindilin məqalələrində Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri ədəbi-nəzəri fikrin işığında izlənilir, çünki “Elmin tarixi yoxsa, nəzəriyyəsi də yoxdur, amma elmin nəzəriyyəsi olmazsa, onun tarixini xəyala belə gətirmək olmaz!” (N.Q.Çernışevski). Ş.Alışanlı çox doğru olaraq qeyd edir ki, humanitar fikrin tarixi dövrləşdirilməsində ən dəqiq meyarlar olmalıdır,ancaq uzun müddət ədəbi prosesin immanent qanunauyğunluqları nəzərə alınmamış, humanitar təfəkkürdə marksist dünyagörüşü və ictimai-siyasi amillər rol oynamışdır. Elə bu səbəbdən də, XX əsr ədəbiyyatını qiymətləndirməyin metodoloji problemləri düzgün müəyyənləşdirilməmişdir.
Ş.Alışanlı uzun illərdir bədii yaradıcılığın metodu probleminin tədqidilə məşğuldur. Onun fikrincə, sovet dövrü sənətkarlarının yaradıcılıq metodu məsələsinə yenidən qayıtmaq lazımdır. Məsələn, rus tədqiqatçısı Ovçarenko S.Vurğunun yaradıcılıq metodunun romantika olduğunu israr etmişdir. Ş.Alışanlı da bu mövqeyi müdafiə edir və yazır ki, S.Vurğun qəhrəmanlarının poetik üslubunun strukturu, bədii intonasiyanın ahəngim, bədii ümumiləşdirmə və tipikləşdirmənin səciyyəsi onun sənətini romantik ədəbiyyat kimi dəyərləndirməyə imkan verir. Müəllif doğru olaraq qeyd edir ki, S.Vurğunun yaradıcılıq metodu konsepsiyası əsasən həyatın romantik inikası məsələlərini əhatə edirdi. Biz də bu məsələdə Ş.Alışanlının mövqeyi ilə razılaşırıq. Qeyd edək ki, S.Vurğunun özünün məqalələrində də bu məsələyə aydın bir münasibət hiss edilir. O, deyəndə ki, “Xalq qəhrəmanları obrazlarının, fiziki və zehni əmək adamlarının obrazlarının bədii ümumiləşdirilməsi nöqteyi-nəzərindən biz hələlik Nizami səviyyəsinə yüksələ bilməmişik”-heç şübhəsiz,ədəbiyyatda romantikanın zəruriliyini təsdiq etmiş olurdu. S.Vurğunun romantik şeir haqqında fikir və mülahizələri Sovet yazıçılarının II Ümumittifaq qurultayındakı məruzəsində tam və dolğun şəkildə ifadə olundu.
... Çox şadam və sevinirəm ki, keçən ilin dekabrında dostum Şirindil Alışanlı - filologiya elmlər doktoru zirvəsini fəth etdi... Şirindil “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda doktorluq dissertasiyasını ədəbi-elmi ictimaiyyətin gözü qabağında müdafiə etdi. Belə bir həqiqəti sübut elədi ki, elmi ad-titul əvvəl yox, sonra da gələ bilər. Əsl hünər ondadır ki, o rəsmi zirvəyə qədər sən öz zirvəni fəth edəsən.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2012.- 13 oktyabr.- S.26-27.