Demə ki,
yadımdan çıxdın
(“Duyğular” silsiləsindən)
Yeniyetməydik
və biz Azərbaycan radiosundan tez-tez səslənən xanəndə
Ramiz Hacıyevin səsinin vurğunlarıydıq. Hələ
televiziyalar çox yayılmamışdı deyə, üstəlik
də şəkillərini görmədiyimiz üçün
hərəmiz onu təxəyyülümüzdə bir cürə
canlandırırdıq - gah bəstəboylu, arıq, gah uca
qamətli, tosqun, gah qarabəniz, gah da kürən. Bircə səsini
kimsənin səsiylə çalpaşıq salmazdıq.
Günün müxtəlif saatlarında radiodan eşidən
kimi bilərdik bu Ramiz Hacıyevin avazıdır. Sonra
böyüdük, oxumaq, ali təhsil almaq adına Bakıya gəldik,
hərəmiz bir peşənin ardınca düşüb
getdik. Mən də lap uşaqlıqdan jurnalist olmaq
sevdasına düşmüşdüm, oldum da. Özümə
söz vermişdim ki, uşaqkən, yeniyetməykən səslərini
eşidib üzlərini görmədiyim, amma sənətlərinin
sehrindən qurtula bilmədiyim ünlü sənət xadimləriylə
mütləq görüşəcəm, onlar haqqında
ürək sözlərimi aləmə bəyan edəcəyəm.
Özümçün
bir siyahı tutdum, ürəyimcə olan sənət xadimlərinin
adlarını sıraladım. Onların arasında əlbəttə
onun da adı var idi - o illərin dillər əzbəri olan “Ay
çiçək” mahnısının əvəzsiz
ifaçısı olmuş Ramiz Hacıyevin. Zaman-zaman öz
jurnalist fəaliyyətim boyu siyahımdakı o insanların
çoxuyla görüşüb söhbətləşsəm
də, istər radio dalğalarında, istər mətbuat səhifələrində
onlara məqalələr, oçerklər həsr etsəm də
elələri oldu ki, görüşməyimizə sadəcə
əcəl mane oldu. Bəziləri də oldu ki,
çeşidli səbəblər üzündən onlarla
görüşüm zamandan-zamana adladı. Və belə sənətkarlardan
biri də istedadlı Azərbaycan xanəndəsi Ramiz
Hacıyev idi. Özünün “Mirzə Hüseyn segahı”,
“Dəşti”si, “Ay çiçək”, “Şəhla
gözlüm”, “Əziz dost” mahnıları ilə
adını Azərbaycan musiqisi tarixinə həkk eləmiş
bu ustad sənətkarla da görüşüm
çox-çox sonralar baş tutdu və təəssüf
ki, ömrünün son məqamlarında...
Mən,
istər üzürlü, istərsə də
üzürsüz səbəblər ucbatından uzun illər
görüşə bilmədiyim bu sənətkarı
heç gözləmədiyim halda çox asanlıqla
tapdım. Sadəcə telefon nömrəsini öyrənib evlərinə
zəng vurdum və dəstəyi özü
götürüb, “eşidirəm” dedi. Ürəyim yerinə
gəldi. Axı, mənə də elə onun “eşidirəm”
deməsi lazım idi. Uzun sözün qısası, vədələşdik,
ertəsi gün Azərbaycan radiosunda, mənim otağımda
görüşdük onunla və uzun illər oxuduğu
muğamlara, mahnılara heyranlıqla qulaq asdığım bu
istedadlı xanəndənin indi suallarımı
cavablandırarkən danışıq ləhcəsini, səs
ahəngini də dinləməli oldum.
Eyzən
Xan Şuşinski, Yaqub Məmmədov kimi onun da
danışıq səsi xanəndə səsiydi, sanki
danışmır, eləcə oxuyurdu. Çox-çox illər
öncə kimdənsə eşitmişdim ki, hər
çıxışından qabaq möhkəm həyəcan
keçirir, səhnəyə çıxanacan o
dünyanı görüb gəlir. Ona görə də
studiyaya girməzdən öncə bir balaca sorğu-suala tutdum
ki, qırımından xəbərdar olum, mikrofona
hazırlıyam. “İmtahanımdan” yaxşı
çıxdı, inandım ki, “qəddar” mikrofon önündə
özünü yaxşı aparacaq. Beləcə, onu radio
studiyasına dəvət etdim və uzun illər istər mətbuatımızın,
istərsə də radio-televiziyalarımızın yada
salmadığı bu gözəl səsli müğənni
ilə bu gün sizlərə təqdim edəcəyim söhbətimiz
baş tutdu. Amma hələ studiyaya qədəm qoymağa az qalmış
dözməyib ilk sualımı verdim ona. Dedim ay Ramiz müəllim,
nola sənin əlinə su tökməyə belə layiq
olmayan “sənətçiləri” fəxri adlarla, titullarla
mükafatlandıranlar səni bax, elə mənim təki tez,
problemsiz tapaydılar. O siyahılarda niyə sənin də
adına bir cıqqan yer ayırmırlar? Qayıtdı ki, o mənlik
deyil qadan alım, onlardan soruşun...
Sonra
operator öz işini görüb qurtardı, rejissor pult
arxasında yerini tutdu və efir verilişi üçün nəzərdə
tutulan müsahibəmizə start verildi. 2002-ci ilin yay ayları
idi və Ramiz Hacıyev səfər üstəydi...
- Ramiz
müəllim, mənə elə gəlir uzun illər ərzində
sizi unutmayan, efir yaddaşında qoruyub saxlayan bir ocaq varsa o da
Azərbaycan radiosudur. Deməli doğma ocağa xoş gəlmisiz.
R.Hacıyev:
- İntiqam müəllim, elə birinci gəlişmənizdən
kövrəltdiz məni. Bəli, bu illər ərzində mənə
ən etibarlı dost, arxa doğma radiomuz olub. Çox sağ
olun.
- Qədim,
qocaman bir sualla başlamaq istərdim söhbətimizə. Necə
oldu ki, müğənnilik peşəsinin əsiri oldunuz. Hər
səsi olan axı, bu sənətin qabağında duruş gətirə
bilmir.
R.Hacıyev:
- Mən gözümü açandan atamı xanəndə
görmüşəm, evimizdə daim zümzümələr,
xalq mahnıları, muğamlar eşitmişəm. Atam Veyis
Hacıyev bir zamanlar Şirvan, mərkəzi aran bölgələrində
adnan çağrılardı. Çox şirin boğazlı
bir xanəndə idi. Məndəki nə üstün cəhətləri
görüb hiss etmisinizsə ondan gəlmədir. Daha mənə
musiqi məktəbi filan gərək deyildi, ilk dərslərimi
atamdan alırdım. Ağdaş orta məktəbində
oxuyanda artıq məni müğənni kimi
tanıyırdılar. Tətil günləri atamın dəstəsinə
qoşulub rayon toylarına gedər, səsimi onun səsinə
qoşub oxuyardım. Sonra səsim-sorağım
Bakıya da gəlib çatdı. 14 yaşım olanda
respublika olimpiadasına dəvət olundum. Orada 1-ci yeri tutdum.
Yadımdadır o vaxt filarmoniyadakı konserti radio lentə
alırdı. Orada oxuduğum mahnı efirdə səslənəndən
sonra məni respublikada tanımağa başladılar.
- Azərbaycan
mahnı ifaçılığında, xüsusilə də
muğamlarımızın təqdimatında xüsusi xidmətləriniz
var. Bir sıra vokal nümunələrinə, təsniflərə,
muğam dəsgahlarına, bəstəkar qoşqularına
öz nəfəsinizin istiliyini, öz boyanızı, rənginizi
vermisiz. Amma bir mahnı da var ki, onu sizsiz, sizi də onsuz təsəvvür
etmək olmur. “Ay çiçək” mahnısıdır bu.
“Mən sənə üz tutub deyirəm yenə. Niyə
ürkək-ürkək çevrildin mənə”
misralarıyla başlayan gözəl bir bəstədir. Yəqin
sizə də məlumdur ki, bu mahnının maraqlı araya-ərsəyə
gəlmə tarixçəsi var. Necə oldu ki, bu tarixçəyə
siz də imza atdınız?
R.Hacıyev:
- Bunu məndən çoxları xəbər alır.
Mahnının sözlərini P.Qoretski adlı bir rus şairi
qələmə almışdı. Onun qələm dostu Nəbi
Xəzri də şeiri rus dilindən bizim dilə
çevirmişdi. Ağdaşda bir incə ruhlu musiqiçi
vardı - Xaləddin Xəlilov. Onun xoşuna gəlmişdi
deyə götürüb həmin sözlərə “Ay
çiçək” adlı mahnı bəstələmişdi.
1957-ci il idi, mən də artıq A.Zeynallı adına musiqi məktəbində,
Seyid Şuşinskinin sinfində oxuyurdum. Günlərin birində
məni radioya çağırıb konsertdə vermək
üçün bir mahnı oxumağımı xahiş elədilər.
Mən də “Ay çiçək” mahnısını oxudum.
O, bu, qaldı fondda. Onun tarixçəsinə gələndə
isə deyim ki, həmin Qoretski Azərbaycana gələndə
pambıqçıların işiylə tanış olmaq
üçün Sabirabada gedir. Orda Çiçək adlı
bir pambıqçı qızın həm gözəlliyi, həm
də zəhmətkeşliyi onu valeh edir, götürüb bu
şeiri yazır. Sonra da dostu N.Xəzridən xahiş edir ki,
şeiri tərcümə eləsin. Bax, belə gəlib
dünyaya həmin mahnı.
- Mənim
xatirimdədir, hardasa ötən əsrin 70-ci illərində
həmin Qoretski bir daha respublikamıza gələndə onun
haqqında bir televiziya verilişi hazırlamışdılar.
Nəbi Xəzri ilə siz də orda iştirak edirdiniz. Həmin
verilişdə artıq yaşa dolmuş, saçlarına dən
düşmüş Çiçək də vardı.
Çox təsirli bir ekran işiydi həmin veriliş və
bir də onun ən şirin duyğusal məqamı orası
oldu ki, siz “Ay çiçək” mahnısını oxudunuz və
deyəsən Qoretski uzun illərdən sonra ilk dəfə həmən
mahnıya həyəcanla qulaq asdı. Çox təsirlənmişdi.
Oxuduğunuz
bir sıra mahnılar var ki, onların yazılma tarixləriylə
bağlı məlumatsız olsaq da sizin əvəzsiz
ifalarınızla tarixə düşdükləri şəksizdir.
Məsələn Habil Əliyevin “Şəhla gözlüm”,
Ramiz Mustafayevin “Anam yadıma düşdü”, “Bu gün elə
xoşbəxtəm ki” və sairə. Bu
mahnılarınızla yadımdadır ki, 60-70-ci illərin
mahnı ifaçılığında bir yeni, ilıq abu-hava
yarada bilmişdiniz. Bunu istər bəstələnən
mahnıların lirizmində, istər sizi yamsılamaq istəyənlərin
baş tutan və tutmayan cəhdlərində sezmək
olardı.
R.Hacıyev:
- O da bir axın idi. Bəli, xüsusən həmyerlim Habil Əliyev
bəstələdiyi “Şəhla gözlüm”, “Vəfa”,
“Güləsən gərək”, “İlk məhəbbət”
mahnılarını ilk olaraq mənə verirdi, mən də
çoxusu “Segah” üstə olduğu üçün onları
xüsusi şövqlə oxuyardım.
- Ötən
əsrin 60-cı illərini xatırlayıram. Həmin
dövrdə filarmoniyamızın qabağındakı
afişalarda tez-tez adınıza rast gəlinərdi. İstər
solo, istərsə də digər sənətkarlarla konsertləriniz
paytaxtımızda əsl toy-bayram kimi qarşılanardı. Mən
özüm bunun dəfələrlə şahidi olmuşam.
Biz gənclər ən çox da sizin adınızı tutub
o konsertlərə bileti yerin-göyün altından əldə
edərdik. Bax, o vaxt sənət kuluarlarında belə bir
söz gəzirdi ki, adlı-sanlı müğənnilər
arasında yeganə bir oxuyan var ki, hər dəfə səhnəyə
çıxmazdan qabaq əsim-əsim əsir, az qala qorxusundan
bağrı yarıla. Bu siz idiniz. Bizlər də konsertin
gedişi boyu haqqınızda yayılan bu söz-söhbət
prizmasından sizi izlərdik, amma o qorxudan, o həyəcandan əsər-əlamət
görməzdik. Bununla belə haqqınızda yayılan o
“şaiyələr” sönüb-səngiməzdi. Nəydi
bunun səbəbi, bəlkə bunun bir əsası olub?
R.Hacıyev:
- Buna bənzər bir sualı, o zaman radioda Tələt
Şahverdiyev vardı, o da verdi mənə. Dedi Ramiz, sən hər
dəfə səhnəyə çıxanda elə bil imtahana
gedirsən, heç özündə olmursan. İstədim
cavab verəm Xan əmi söhbətə qoşuldu. Dedi, Tələt,
imtahan nədir ki, asan işdi. Mən 40 ildən çoxdu bu sənətdəyəm,
bu gün də səhnəyə çıxanda
qılçalarım əsir, ürəyim sözümə
baxmır. Sənətkar oxuduğunun üstündə öz
balası kimi əsmirsə ondan sənətkar olmaz. Məsuliyyət,
məsuliyyət, yenə də məsuliyyət.
- Elə
görünür həmin məsuliyyət hissidir ki, sizi
sonralar səhnəyə çox uzun fasilələrlə
çıxmağa, ifaçılar cərgəsindən kənarda
qalmağa sövq etdi. Hər halda uzun illər sizi tez-tez
görməyə, dinləməyə vərdiş etmiş pərəstişkarlarınızı
zamandır ki, məyus qoymusunuz. 60-70-ci illərin Ramiz
Hacıyevi bu günlərimizdə əvvəlki vüsəti,
möhtəşəmliyi ilə görəmmirik. Olmaya səsinizlə
bağlı problemlər ortaya
çıxıb?
R.Hacıyev:
- İntiqam müəllim, bu taleh yüklü sualınıza
görə sizə dərin minnətdarlığımı
bildirirəm. Amma inanın, səsim yenə 60-cı, 70-ci illərdəki
səsdir, yerindədir, hələ bir az da müdrikləşib.
Axı, özüm də bu ötən illərdə
dünyanın isti-soyuğundan, yaxşı-yamanından
keçmişəm. Nə deyirəm ki, dəvət eləsinlər
oxuyum, görsünlər ki, Ramiz elə həminki Ramizdi. Pis
olsam qovsunlar qapılarından. Çağırmırlar,
axtarmırlar axı. Mən də ki, əvvəldən dərsimi
belə almışam - əvvəlcə atam Veyis kişidən,
sonra da böyük Seyid Şuşinskidən. Onların
sözüdür: dəvət olunmadığın yerə gəlib
özünü yüngüsaqqal eləmə. Bu yaxınlarda
məni İran İslam Respublikasının Tehran şəhərinə
bir musiqi məclisinə dəvət eləmişdlər. Orada
məni tanıyan, səsimi yaddaşlarında saxlayan
çoxlu sənət adamları vardı. Mən oxudum, onlar
heyrətə gəldilər, dedilər 30-40 il bundan qabaqkı
boğazdı, nə sönüb, nə səngiyib.
- Azərbaycan
radiosunun səslər xəzinəsində gənclik illərinizin
lent yazıları qorunur. Bəs yaşınız, sinninizin bu
çağlarının lent yazılarını nə zaman
dinləyəcəyik, bu barədə fikirləşirsiz?
R.Hacıyev:
- Əlbəttə, çoxlu mahnılar
hazırlamışam, yaxın illərdə onların
hamısını lentə aldırmaq fikrim var. Lap bu
yaxınlarda 7 mahnı və təsnifimi radiomuzun musiqi
redaksiyasına bağışlamışam, yəqin yaxın
vaxtlarda dinləyicilərə çatdıracaqlar. Yeri gəlmişkən,
mən bura, sizinlə görüşə gələndə
özümlə təzəcə, bu yaşımda lentə
yazdırdığım bir mahnı da gətirmişəm.
Qulu Əsgərovun “Əziz dost” mahnısıdır bu. Mən
onu gənclik illərində bir dəfə lentə
yazdırmışam, bu gün də radio fonotekasında
qorunur. İndi siz bunları tutuşdursanız, səsimin
yerində olub-olmadığını hiss edərsiz”.
Bəli, o söhbətimizin efir variantında Ramiz müəllimin pencəyinin qoltuğundan çıxarıb mənə verdiyi “Əziz dost” mahnısını verilişin sonunda səsləndirdim və doğrudan da əsl sənətkar səriştəsinin, ecazkar, dəyişməz, yaşından asılı olmayaraq hər zaman yerində olan SƏS-in nə demək olduğunu bir daha izlədik. Mən də, çoxsaylı radio dinləyicilərimiz də. Veriliş efirə gedəndən az sonra redaksiyamıza xeyli təşəkkür məktubları daxil oldu. Qonşu İrandan, Türkiyədən də. Çünki ünlü bir sənət xadimini, zəhməti, xidmətləri müqabilində həqiqi dəyərini qazanmamış, hansısa məmurun səhlənkarlığı üzündən fəxri adlardan məhrum olmuş əsl istedadı yad eləyib ona efir vaxtı ayırmış, ürək sözlərini dinləmişdik. Maraqlıdır ki, həmin vaxtlarda ölkə prezidentinin sərəncamı ilə çoxsaylı sənət xadimlərinə, o cümlədən Ramiz Hacıyevlə eyni vaxtda səhnəyə çıxmış, hətta ondan çox-çox sonralar sənətə gəlmiş gənclərə belə səxavətlə fəxri adlar verilmişdi. Ramiz müəllimdən prezidentimizin bu humanist addımına münasibətini soruşduqda o ürək açıqlığı ilə bütün sənətçi dostlarını təbrik elədi, ölkə başçısına şükranlarını çatdırdı. Və təvazökarlıqla söylədi ki, görünür o siyahı tərtib edənlər yeni gələn nəslin nümayəndələri olub, ona görə məni tanımayıblar. Neylək, gələn dəfə prezidentə adımı təqdim eləsələr yəqin mənə də fəxri ad verirlər. İnanıram.!”
“Axtarış” adlı o veriliş efirdə səslənəndən sonra mənə olan çoxsaylı telefon zəngləri arasında biri də var idi - Ramiz Hacıyevin zəngi. Bir az ehtizazlı, bir az titrək, bir az da kövrək səsiylə təşəkkürünü bildirir, mənə bir hörməti keçmədiyinə görə özünü danlayırdı. Sonra da dedi ki, bu yaxınlarda İrana gedəcəyəm, məni bir toyu aparmağa dəvət eləyiblər, ordan gələndə sənə bir iran hədiyyəsi gətirəcəm. Aradan bir neçə ay keçdi. Açığı bilmədim Ramiz Hacıyevin İran səfəri baş tutdu ya yox. “İran hədiyyəsini”də gətirib gətirmədiyindən xəbərim olmadı. Amma günlərin bir günündə səsi daim yerində olan, ömrün ahıl çağında belə “Əziz dost”u gənclik illərindəkindən də gözəl, duyğulu oxuyan xalqımızın artisti, xanəndə Ramiz Hacıyevin qəfil vəfatı xəbərini alanda sarsıldım və onun xalqımız üçün yadigar qoyub getdiyi qiymətli sənət hədiyyələri barədə - oxuduğu misilsiz “Segah” dəsgahları, heç bir müğənninin ondan sonra cəsarət edib oxumadığı “Ay çiçək”, “Anam yadıma düşdü”, “Əziz dost”, “Şəhla gözlüm”, “Vəfa” mahnıları kimi sənət inciləri barədə bir daha, davamlı olaraq düşündüm və günü bu gün də düşünməkdəyəm. Xalqımıza da, elə mənim özümə də bunlardan qiymətli hədiyyə nə ola bilər ki! O gözəl, əbədi dünyanda rahat uyu, qardaşım. Demə ki, yadımızdan çıxmısan.
İntiqam Mehdizadə
525-ci qəzet.-
2012.- 13 oktyabr.- S.25.