Zamanın mənəvi-estetik
mənzərəsi Məmməd Araz poeziyasında
Xalq şairi Məmməd Arazın 50-ci illərin
axırları və 60-cı illərdə
yaratdığı bir çox poetik nümunələr onun ədəbi-nəzəri
görüşlərinin hansı vüsət və
ardıcıllıqla formalaşdığını parlaq
şəkildə göstərir. Xüsusən, o dövrdə hələ
gənc olan böyük sənətkarın “Nənəmin
kitabı”, “Şeirim”, “Səba yeli”, “Şeirə gətir”,
“Oxucuya məktub”, “Mən Araz şairiyəm”, “Şair
ömrü”, “Bəzi şairlərə” kimi gözəl əsərləri
və “Anamdan yadigar nəğmələr” silsiləsinə daxil olan bir
çox şeirlər fikrimizi təsdiq edə bilər. Altmışıncılar
nəslinin bədii-estetik axtarışları və
uğurlarının ən başlıca və əsas
xüsusiyyətləri M.Arazın ilk lirikasında öz ifadəsini
tapmışdır. Məsələn, gənc
şairin o illərdə qələmə aldığı “Nənəmin
kitabı” (1956) şeirini götürək. Müəllif
uşaqlıq xatirələrinə dalaraq o şeirində nəsillərin
estetik yaddaşını və ovqatını səmimiyyətlə
ifadə etmişdi: “Kitabın ildırım sürəti
vardı, Bir anda bir əsri uçub aşardı... Ondakı nağılın hüdudu hanı? Saysızdı ondakı hünər dastanı,
Ondaydı ellərin fikri, nəfəsi, Keçmişin
sükutu, bugünün səsi. Nənəmin səsində,
dilində idi: Elə bil hər nə var əlində idi...”
Bu misralar
gənc şairin estetik idealının mənşəyini
aydınca bizə nişan verir. Şair bədii təxəyyülünün
hansı gələnəklərdən gəldiyini və
hansı qaynaqlardan güc aldığını göstərir.
Öz yaşıdları arasında heç kim
mənəvi-estetik mənbəyini, şeirinin milli
qaynaqlarını M.Araz qədər məftunluqla və
vüqarla vurğulamamışdır: “Ellərin sevinci, ellərin
dərdi, Nənəmin dilində dilə gələrdi. Mən də gah sevinər, gah da yanardım, Nənəmi
ən böyük alim sanardım. Sinəmə
el sazı açdı o kitab, Sinəmə çox kitab
yazdı o kitab.” M.Araz bu şeiri ilə təkcə
öz ədəbi görüşlərini və
arzularını ifadə etməklə kifayətlənmirdi.
Eyni zamanda, öz ədəbi yaşıdlarını az qala unudulmuş milli-mənəvi dəyərlərə
boylanmağa, şifahi və klassik söz sənətimizdən
öyrənməyə, bədii sözü yüksəltməyə
səsləyirdi:
Nənəmin
qəlbindən qəlbimə doldu,
Məni şair edən o kitab oldu.
O
kitabın səsi el səsi idi,
O kitab nənəmin
sinəsi idi.
M.Arazın o dövrdə yazdığı bir çox
şeirlər zamanın mənəvi-estetik mənzərəsini
təsəvvürümüzdə canlandırmaq
üçün çox əhəmiyyətlidir. Yuxarıda söylədiklərimizdən
çıxış edərək
altmışıncıların və M.Arazın həmin illərdəki
poetik axtarışlarını əsasən, bir neçə
istiqamətdə səciyyələndirmək
mümkündür; əgər gənc müəllif bir
sıra əsərlərində arzuladığı yeni
şeirin poetik-fəlsəfi konturlarını təsvir edərək,
Füzuli, Nəsimi və başqa klassiklərimiz
haqqındakı şeirləri ilə klassik poetikaya və irsə
münasibətini açıq-aşkar göstərirdisə,
“Nənəmin kitabı”, “Anamdan yadigar nəğmələr”
silsiləsi və başqa şeirləri ilə isə yeni şeirin əsas
qaynaqlarını vurğulayır və
ideallaşdırırdı. Yeni Azərbaycan
şeirinin kökləri və onun sağlam mənəvi-həyati
əsaslar üzərində inkişafı şairi dərindən
düşündürürdü. Altmışıncıları
və M.Arazı narahat edən ən mühüm məsələlərdən
biri azad yaradıcılıq problemləri idi.
M.Arazın “Poeziya, poeziya” (1966) şeiri zamanın estetik
idealının sərrast ifadəsi təsirini
bağışlayırdı. “Poeziya nədir?”
sualına müəllif aydın şəkildə cavab verirdi.
Şair sanki öz yaşıdlarına
müraciət edərək, bu çətin və mürəkkəb
tale yolunda irəliləməyə gücünüz
olacaqmı, cürətiniz çatacaqmı, deyə onlardan
sorurdu. Zira, poeziya yolu ilk növbədə
tale yoludur, ölüm və qalım yoludur. Bu yolla getmək
var - qayıtmaq yoxdur, bu yol ancaq irəliyədir, geriyə
dönüm yoxdur: “Poeziya, poeziya! Ey qələm
qardaşım! Mənimlə diz-dizə,
Üz-üzə oturan, Sirdaş bacım, Həmdəm
qardaşım!” Bu xitab səmimiyyətin
nişanəsidir. Ən yaxın, ən əziz
varlığa üz tutan kimi şair poeziyaya müraciət
edir. Onu öz qəlbi ilə əbədi
birliyə səsləyir. Həyatın dolanbac
yollarında bir-birimizə hayan, arxa ola biləcəyikmi?
Bax bu lirik “mən”i dərindən
düşündürürdü: “Bu dünya younda Sən
ömür karvanı! Hardasa büdrəyib, Əbədi
yıxılsa, Sarbanım, Tufanlar səhrası, Boranlar gədiyi
adlayan, Böhtanlar ətəyi qatlayan Cürətin olarmı?
Qüvvətin olarmı?”. Bu fundamental
şeirdə müəllif poeziyanın üç
mühüm funksiyasını vurğulayırdı. Bu da təbii
ki, nəslin şeiriyyət qarşısında qoyduğu tələblərlə
qırılmaz surətdə bağlı idi: “Poeziya, poeziya!
Ürəyin yarpaq dilisən, Bənövşə nisgilisən,
Bəşərin ən böyük ittiham kürsüsü, Ən
iti intiqam qılıncı, Ən incə Gözəllik
güzgüsü!”. Gənc şair
poeziyanın təbiətini dəqiq təyin edir; “Ürəyin
yarpaq dili” və “Bənövşə nisgili”! Bu qədər
incə və zərif varlıq üç mühüm estetik
vəzifəni yerinə yetirməlidir: 1. Poeziya tribunası - bəşərin
ən böyük ittiham kürsüsünə çevrilməlidir.
2. Poeziya - insanlığın ən iti intiqam qılncı
kimi çalmalıdır. 3. Poeziya - dünyanın ən
aydın və ən incə gözəllik güzgüsü
olmalıdır. Əminliklə söyləmək
olar ki, hələ cavan olan M.Arazın bu cür poeziya təsnifatına
onun bütün yaşıdları imza atardılar. “Poeziya, poeziya!” pleyadanın estetik idealının
parlaq ifadəsi idi.
M.Araz “Poeziya, poeziya!” şeirində özünün
estetik görüşlərini bir küll halında əks
etdirməyə nail olmuşdu. Özünün can
atdığı qayəvi-fəlsəfi mündəricənin
əsas atributlarını, bədii forma
axtarışlarının baş yönünü və təfərrüatlarını
da aydın şəkildə göstərməyə
çalışmışdı. Hətta 60-cı illərdə
yeni vüsət alan forma rəngbərəngliyini,
heca və sərbəst poetikasının
qarşılıqlı təsirini də ehtiva etməyə
can atmışdı. Müəllif poeziya idealına istənilən
mənəvi dəyər və keyfiyyətləri, gözəlliyə
və ağla uyğun yolları, şəkilləri rəva
görür; amma bircə şərtlə - əldən-ələ,
dildən-dilə düşmək, ürəklərə yol
tapmaq, xalq tərəfindən sevilmək şərtilə!
Dildən-dilə
düş,
Əldən-ələ
düş,
Döyül, bərki, cilalan.
Hamarlan,
hamarlan!
60-cı illərdə poeziya işi təkcə estetik
missiya deyildi, sabiq imperiya məkanında bədii
yaradıcılıq eyni zamanda və daha çox qayəvi-fəlsəfi
çarpışmalar demək idi. Bu sınaqlardan da
döyüşə-döyüşə, döyülə-döyülə,
dözə-dözə, üzüağ, qalib çıxmaq
lazımdır. Bədii zövq və dəbləri
dəyişmək də asan başa gələn, asan
qazanılan qələbələr sayılmırdı. Gənc qələm sahibləri hər şeirinin, hər
kitabının işıq üzü görməsi
üçün ziq-zaq yollardan, labirintlərdən uğurla
keçməli, bütün mərhələlərdə
öz əsərlərinin əslini qorumağı, müdafiə
etməyi bacarmalıydılar. Yeni poeziya
mürəkkəb bir bədii mühit məkanında öz
mahiyyətini və ləyaqətini saxlamağa səy göstərirdi.
“Poeziya, poeziya!” şeirinin 60-cı illərin
öncül estetik kredosuna və poetik əhvali-ruhiyyəsinin
rəmzi dərəcəsinə yüksəlməsini təmin
edən dörd misrasını burada qeyd etmək vacibdir. Belə ki, şeirdə yeni
bədii idealın milli və ümumbəşəri
ünvanı da aydın surətdə
vurğulanmışdır:
Poeziya,
poeziya!..
Bir
Müşfiq qəlbinin
Sarımtıl
muradı!
Bir Lorka
ömrünün
Bozumtul fəryadı!
M.Arazın
qələm əhli arasında məşhur olan “Günəşi
ittiham edənlər” (1968) şeirində müəllif incə bir ustalıqla ictimai
münasibətləri ulduzlar aləminə
köçürmüş və öz mühitinin tipik
reallığını şeirdə əks etdirməyə
müvəffəq olmuşdur. Əsərdə
qəribə bir lirik-fəlsəfi situasiyanın təsviri ilə
üz-üzə gəlirik. Səma sakinləri - Günəşdən
nur alıb səmada yaşayanlar, ondan işıq alıb
mövcud olanlar qəfildən günəşi mühakimə
etməyə başlayırlar: “Bu gecə fəzaya
düşmüşdü yolum, Bir topa ulduza ilişdi yolum. Qəribə
bir aləm gördüm bu gecə: Göz işlədikcə
Bir salon uzanır göyün üzündə, Ulduzlar əyləşib
əli üzündə...”. Səma
tarixində görünməmiş hadisə baş verir.
Nankorlar və qatillər Günəşi ittiham
etməyə girişirlər. Hansısa kənar
qüvvənin fətvası ilə Günəşi
söndürmək, yox etmək istəyirlər. Amma Günəşin həyatbəxş nurları
onları çaşdırır. Bu iblislərin
qəlbində Günəşin əvəzinə başqa bir
günəş yaratmaq niyyəti baş qaldırır. Təzə günəş yaratmaq ehtirası
onların gözlərini tutur, kor edir. Kin və həsəd
nəticəsində şeytan ürəklilər o boyda
Günəşi görməyə əzab çəkirlər:
“...Buynuzlu qeybətlər, Cisimlər arası münasibətlər,
Dumanlı söhbətlər, Günəş sistemində
mehvər istəyir, Göylərdə ayrıca göylər
istəyir”. Günəşin bilavasitə fiziki
təsir dairəsində və mənəvi məkanında
yaşayanlar günəşlik eşqinə düşürlər;
Günəşi məhv edib günəş olmağı
düşünürlər. Nə qədər dəhşətli
və amansız mərəzdir nursuz, ziyasız
varlıqların günəş olmaq ehtirası!
Günəş
işıqladan səma zalında
Günəşlik
istəyir öz xəyalında
Sönmüş,
söndürülmüş meteoritlər,
Sürünən, quyruqlu asteroidlər.
Yazıq Günəş isə bunlardan xəbərsiz
dünyaları həyatbəxş və şəfabəxş
ziyası ilə nurlandırmaqdadır. Öz işini və
missiyasını - yaxşılıqlarını,
varlığını kainata paylaşmaqdadır: “Günəş
öz işində, dərdi-sərində, Baxıb zərrəsinin
zərrələrindən İstəyir yeni ay, ulduz yarada,
Sönən dünyaların üstünə ata. Günəş öz işində, öz xəyalında,
Günəş işıqladan səma zalında Günəş
müttəhimdir”. Ulduzların uzun məsləhət-məşvərəti
faciənin qarşısını almır, əksinə fəlakətə
yol açır. Kinli və qəzəbli, “adsız” və
amansız “cisim”lər öz niyyətlərinə yetir:
Deyir,
yana-yana adsız bir cisim;
Günəş
haqqımızı tapdayır bizim!
Bəli, adi və həyati bir konflikt ulduzlar aləmini
alt-üst edir; yad və “adsız” cisimlərin təhriki ilə
ulduzlar milyon illərdən bəri şəfəqlərini
içdikləri Günəşin qətlinə səs verirlər:”
Yalançı natiqlər çıxıb kürsüyə,
Böhtanla, yalanla dönüb gürzəyə Günəşin
qətlinə verirlər qərar. Mənim qorxduğumu görüncə
İkar Söylədi: Yer oğlu, olası deyil! Kainat Günəşsiz qalası deyil. Oğul, nankorların adəti budur, Günəşin
nurunu həmişə udub, Cazibə alırlar, sürət
alırlar, Sonra da beləcə “gözdən salırlar”.
Ötən yüzilin 20-30-cu illərində ictimai-siyasi
və ədəbi mühitdə geniş yayılmış bu
cür dəhşətli cinayətlər hələ 60-cı
illərdə də işlək idi və gənc şairlər
bu amansız reallıqlarla üz-üzə gəlirdilər. Onlar ötən
onilliklərin faciələrini qələmə almaqla öz
zamanlarına da işarə vurur, yaşıdlarını
ayıq-sayıq olmağa çağırırdılar.
Bu şeirdə isə konkret olaraq
altmışıncıların kumiri olan əbədiyaşar
dahinin nakam taleyindən bəhs edildiyini ehtimal etmək olar.
Gənc altmışıncılar
M.Müşfiqin xatirəsini ansalar da, onun faciəsini
bütün açıqlığı və sərtliyi ilə
təsvir edə bilmirdilər. “Günəşi ittiham edənlər”də
ümumən, bütün - bizim və dünyanın qətl
edilmiş sənətkarlarının taleyi əks etdiyini
söyləmək olar: burada Lermontov və Lorkanı da, Yesenin
və Mayakovskini də, Cavid və Cavadı da, Fitrət və
Çolpanı da duymaq, görmək mümkündür. Biz isə şeirin nakam Müşfiqi anım ilində
- 1968-ci ildə yazıldığına əsaslanaraq, cavan
dahimizin 60 illiyinə ithaf olunduğunu güman edirik.
Müşfiqi anmaq, təbii olaraq, qətl olunmuş Günəşi
xatırlamaq assosiyasını doğururdu və 35
yaşlı Məmməd Araz öz ilhamının
qanadlarında cavan ustadını layiq olduğu zirvəyə
- düz Günəşin yanına qaldırmışdı. Eyni zamanda, nakam sənətkar yubileyinin geniş qeyd
olunması, həqiqətən də Günəşi
öldürmək və gizlətmək
mümkünsüzlüyünü bir daha sübut edirdi.
M.Araz Günəşin qətlinə fərman
verənlərin nə qədər rəzil və qorxunc
olduqlarını söyləməklə bütün Şair
ölümlərinə işarə edir və onların
düz gözünün içinə Günəşi gizlətmək
olmaz, deyirdi. Cavid, Cavad, Müşfiq günəşini
söndürmək, onların nurlarının izlərini yer
üzündən silmək olmaz:
“Onu əvəz
edən bəs kim olacaq?”-
Burda duruxurlar Günəş yıxanlar.
Bir də
ki, nə qədər çalışır ancaq
Onu gizlətməyə yer tapmır onlar.
XXI yüzilin ikinci onilliyində yaşayıb-yaradan gənc
qələm sahiblərini yuxarıda söylədiyimiz
mülahizələr və misal gətirdiyimiz mətnlər bəlkə
də bir qədər heyrətləndirər. Zira,
çağdaş ədəbi mühitimizdə Cavidi,
Cavadı, Müşfiqi... tərənnüm etmək artıq
fövqəlcəsarət deyil, adi bir könül işidir.
Bugün onlar başqalarından bəlkə də
daha çox yad edilir və xatırlanır. Bu da təbiidir,
biz indi azad və müstəqil bir respublikanın vətəndaşlarıyıq.
Amma əlli il bundan əvvəl isə yeni
Azərbaycan şeirini və yeni azad ədəbiyyat
idealını yaratmaq ehtirası ilə yanan o məşhur və
mübariz ədəbi gənclik üçün həmin
ustadları vəsf etmək, onlara bakirə gənclik sevgisini
izah etmək hər şeydən mühüm və
üstün idi. Nəsillər arasında zamanın amansız
tufanları nəticəsində kəsilmiş mənəvi
rabitəni bərpa etmək, özlərinin Vətən üçün,
azadlıq üçün qurban getmiş şəhid sənətkarların
davamı - davamçısı olduqlarını dünyaya
elan etmək gənc ədəbi nəsil üçün
milli namus və qeyrət, ədəbi ölüm və olum məsələsi
idi. Biz bugün - həmin qızğın və qanlı
döyüşlərdən düz yarım əsr keçəndən
sonra qətiyyətlə etiraf edə bilərik:
Altmışıncılar bu missiyanı namusla yerinə yetirdlər,
yeni Azərbaycan şeirini və azad poeziya amalını
yaratmağa nail oldular!..
Yaşar QASIMBƏYLİ,
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2012.- 13 oktyabr.- S.24.