Açıq cəmiyyət və
mətbuat
Azərbaycanın
zorla sürükləndiyi, 1987-ci ilin sonlarından
başlayıb, 1991-1994-cü illərdə şiddətlənərək
öz zirvəsinə çatdığı Dağlıq
Qarabağ problemi ölkənin, eləcə də mətbuatın
dinamik inkişafının qarşısına böyük sədd
çəkdi. Yalançı yenidənqurma,
Qorbaçovsayağı demokratiya bütövlükdə
ölkəmizdə demokratiyanın təməl prinsiplərinə,
insan haqlarına və sivil proseslərə kölgə
saldı. Yenidənqurma və demokratiya pərdəsi
altında Azərbaycanın başına gətirilən fəlakətlər
milli azadlıq hərəkatıni, istiqlal mübarizəsini
şiddətləndirsə də, 20 Yanvar 1990-cı il faciəsi,
eləcə də zorla cəlb olunduğumuz Qarabağ
müharibəsinin nəticələrinə beynəlxalq
rezonans, dünyanın baş verən proseslərə ikili
standartlardan yanaşması Azərbaycan cəmiyyətinin
yaddaşında ağrılı izlər buraxdı.
Həmin
dövrlərdə Azərbaycan mətbuatı və cəmiyyəti
irticaya, qəsbkarlığa və fərqli standartlara
münasibət məsələsində, ölkənin taleyi həll
olunan ölüm-dirim savaşında heyrətediləcək və
heç vaxt görünməmiş birlik və yekdillik
nümayiş etdirirdi.
Bir
faktı qeyd etmək çox fəxarətli və diqqətəlayiqdir
ki, bu oyanma prosesinin, yeni həyat quruculuğu mücadiləsinin
ön sıralarında cəmiyyətin bütün
qabaqcıl nümayəndələri, strukturları ilə bərabər
yenə də Azərbaycan mediası, ölkə jurnalistləri
gedirdilər. Ölkə KİV-i suverenliyimizin ilk illərindən
Qafqaz regionunda öz müstəqilliyi və demokratikiyi ilə
xüsusi fərqlənirdi.
Hələ
1994-cü ildə “Azərbaycan” qəzeti mətbuatın
ölkənin taleyində işti-rakından yazarkən
çox haqlı olaraq göstərirdi ki, “... millətin millət
kimi formalaşmasında mətbuatın rolu həqiqətən
əvəzsizdir... XX yüzilliyin sonunda ən böyük
nailiyyətlərimizdən biri də xalq hərəkatı ilə
paralel şəkildə azad və müstəqil mətbuatın
formalaşması oldu.
Xatırladaq
ki, həmin dövrdə aylıq, həftəlik qəzetlər
də daxil olmaqla ölkədə 282 qəzet
çıxırdı. 41 jurnal, 14 informasiya agentliyi, 18
müstəqil televiziya və radio şirkəti isə təkrar
qeydiyyatdan keçərək öz fəaliyyətini
uğurla davam etdirirdi.
Ölkənin
taleyüklü günlərində məhz ölkəmizin
kütləvi informasiya vasitələri hakimiyyət
strukturları ilə çiyin-çiyinə yeni demokratik
quruluş uğrunda, plüralizm və insan haqlarının bərqərar
olması yolunda dönmədən məqsədyönlü
mübarizə aparırdı.
Bütün
bu reallıqlar bir daha sübut edirdi ki, ölkədə azad mətbuat
müstəqilliyimizin ilk illərindən mövcud olmuşdur,
mövcuddur və heç bir qüvvə onun
qarşısını kəsmək iqtidarında deyildir. Bu
gün hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu yolu ilə gedən müstəqil
respublikamızda vətəndaş cəmiyyətinin,
açıq cəmiyyətin formalaşması, insanların
azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi
üçün ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradılmaqdadır. Azərbaycanda
Qərb standartlarına cavab verən kütləvi informasiya
vasitələrinin mövcudluğu məhz bu
reallığın nəticəsi kimi qiymətləndirilə
bilər.
Faktiki
olaraq bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən
imtina edilib. Təcrübə göstərir ki, mətbuatın
ictimai tənzimlənməsinə və özünütənzimlənməyə,
mətbuat-dövlət, mətbuat-vətəndaş
münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə
həmişə ehtiyac var. Eyni zamanda, ölkədə
müasir, beynəlxalq standartlara cavab verən, peşəkar,
qərəzsiz, obyektiv mətbuatın formalaşması və
güclənməsi istiqamətində də iş gedir.
Elektron KİV-lərə nəzarət edən və
onların fəaliyyətini tənzimləyən dövlət
orqanı yaradılıb və fəaliyyət göstərir.
Amma bütün bu görülən işlərə, dövlətin
göstərdiyi ciddi kömək və yardımlara baxmayaraq,
bir sıra problemlər də öz həllini gözləyir.
Şübhəsiz, bu gün Azərbaycan mətbuatının ən böyük problemləri qəzetlərin qütbləşməsi, bəzi mətbuat orqanlarının siyasi dairələrin nəzarətində olması, müstəqil maliyyələşmənin istənilən səviyyədə olmamasıdır.
Azərbaycanda çağdaş mətbuatın problem və əhəmiyyətini hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov də, fikrimizcə, obyektiv şəkildə göstərmiş, açıq cəmiyyət quruculuğu prosesində mətbuatın roluna düzgün qiymət verə bilmişdir: “...Beləliklə, sizlər sözün yaxşı mənasında insanları özünüzdən asılı vəziyyətə salmısınız. Bütün bunlar onu göstərir ki, cəmiyyətdə KİV-in rolu getdikcə artır. Demokratik və açıq cəmiyyətin həyatı üçün isə KİV-in əhəmiyyətinin nə dərəcədə böyük olduğu tamamilə aydındır. Açıq cəmiyyət qurmaq yalnız o halda mümkün olur ki, insanlar cəmiyyətin həyatının bütün sahələrini özündə əks etdirən informasiyaları operativ şəkildə əldə edə bilsinlər. Bunsuz açıq cəmiyyət yaratmaq mümkün deyil”.
Demokratik prinsiplərə əməl etməyi qarşısına məqsəd qoymuş Azərbaycan iqtidarı ölkənin hüquqi dövlət quruculuğu prosesinin sürətlənməsi üçün lazımi ideoloji və təşkilati yaradıcılıq mühiti yaradır. Belə şəraitin formalaşmasında isə kütləvi informasiya vasitələri çox güclü bir demokratiya institutu rolunu oynayırlar.
Müasir Azərbaycan demokratik inkişaf yolundadır və bunu
ən qatı şəkkaklar da birmənalı
şəkildə təsdiqləyər və heç
kəs inkar edə bilməz ki, ölkəmizdə demokratik
norma və prinsiplərin bərqərar
olmasının ən başlıca səbəbkarı və ideya daşıyıcısı məhz media, kütləvi informasiya
vasitələridir. Nə qədər paradoksal
da olsa, hazırda
ölkəmizdə demokratiyanın səviyyəsi bir çox hallarda kütləvi informasiya
vasitələrinin inkişafı və ictimai
həyatda sanbalı ilə qiymətləndirilir.
Onu
da xüsusi vurğulamaq lazımdır ki, sadalanan bütün
proseslər yalnız və yalnız qlobal nəzarət şəraitində
reallaşa və fəaliyyət göstərə bilər. İctimai
nəzarətin əsas vasitəsi, əlbəttə ki, azad
kütləvi informasiya vasitələridir. KİV-in konstruktiv
rolu açıq cəmiyyət azadlıqlarının əldə
edilməsindən və saxlanılmasından ibarətdir.
İnformasiya plüralizmi, informasiya məkanının tam
prinsipial açıqlığı, KİV-in dövlət təsirinin
hüdudlarından kənarda geniş yayılması
açıq cəmiyyətin formalaşmasının əsas
və aparıcı şərtidir.
Bütün
bu proseslərin inkişaf dinamikasını izlədikcə,
orada mətbuatın səfərbəredici gücünü,
dövlətin mətbuata diqqət və
qayğısını və xalqın KİV-ə bəslədiyi
inamı görməmək və hiss etməmək olmur. Mətbuatın
senzuradan azad edilməsi, onun inkişafı üçün tədbirlərin
görülməsi, KİV-in normal fəaliyyəti
üçün süni əngəllərin aradan
qaldırılması, ölkədə demokratik mühitin bərqərar
olması, bütövlükdə media sahəsində yeni
tarixi şəraitin başlanmasına dəlalət edirdi.
Açıq
cəmiyyət - qloballaşmadövrünün
reallığıdır
İnformasiyalı
cəmiyyətin bərqərar olması, demokratik
inkişafın vacib şərti sayılan, vətəndaşların
və sosial institutların məlumat almaq, onu yaymaq və
istifadə etmək kimi hüquqlarını təmin edən
mühitin yaradılması üçün zəmin
hazırlayır. Demokratik idarəetmə forması fikrin azad
ifadə olunmasını tələb edir. Bunsuz vətəndaşların
ictimai və siyasi həyatda iştirakı üçün
vacib olan informasiyanı əldə etmək mümkün
deyildir. İnformasiya daşıyıcısı və
yayıcısı kimi mətbuat, kütləvi informasiya vasitələri
əsl demokratik, vətəndaş cəmiyyəti
quruculuğunun başlıca şərtlərindən biridir.
Müasir qloballaşma dövründə məhz mətbuatın uzunmüddətli və gərgin səyləri nəticəsində informasiya cəmiyyətdə əsas strateji resursa çevrilmişdir və informasiya məkanının sahəsi genişlənməkdə, rolu isə getdikcə artmaqdadır. İnformasiya sahəsi informasiyanı, informasiyanın infrastrukturunu, informasiyanın toplanılması, formalaşdırılması, yayılması və istifadəsini, həmçinin bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə cəmləyir.
Əsasən azad, qərəzsiz və peşəkar mətbuatın məhsulu olan dürüst informasiya cəmiyyətin həyatında önəmli bir amil olaraq ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə fəal təsir göstərir.
Xüsusilə iqtisadiyyatda informasiyanın yaranması, hazırlanması və istehlakı istiqamətində mövcud proses və vasitələri əhatə edən yeni ictimai istehsal sahəsi yaranmışdır və getdikcə mətbuatın da şəksiz köməyi ilə bu sahə əhalinin daha geniş təbəqələrini əhatə etməkdədir. İnformasiya cəmiyyətinin formalaşması informasiyalaşdırma prosesi ilə müşayiət olunur. Bu proses zamanı insan fəaliyyətinin bütün sahələrində yeni texnologiya və vasitələr fəal şəkildə tətbiq edilir və bütün bunlar deməyə əsas verir ki, informasiyalaşdırma bəşəriyyətin inkişafında həqiqətən də həlledici rol oynamaqdadır və informasiya cəmiyyətindən - mətbuatdan, daha dəqiq deyilsə, internet jurnalistikasından praktiki olaraq “yaxa qurtarmaq” mümkün deyildir.
Hələ 1991-ci ildə rus
mətbuatı artıq qapalılıq dövrünün
arxada qaldığını və irəlidə
bizi çox önəmli
hadisələrin gözlədiyini nəzərdə tutaraq yazırdı: “ Bu gün artıq hansısa təcrid olunmuş, qapalı cəmiyyətlərin mövcudluğu qeyri-mümkündür.
Bütün dünya yeni informasiya birliyinin astanasındadır. Biz
bunu anlamalı və bu
fakta müvafiq hərəkət
etməliyik”.
Müasir
informasiya münasibətlərinin və proseslərinin durmadan
inkişafı informasiya sahəsində yeni münasibətlər
sisteminin -mətbuatda, bütövlükdə ictimai həyatın
bütün sahələrində informasiya təhlüksizliyinin
təminatı sisteminin, informasiya hüququnun yaranmasını
tələb edir. Müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikasında demokratik cəmiyyətin, hüquqi dövlətin
əsaslarının yaradıldığı bir şəraitdə
bu sahədə müəyyən addımlar
atılmış, qanunvericilik aktları və digər
hüquqi aktlar qəbul edilmişdir. Mətbuatda informasiya
münasibətləri hüquqi tənzimlənmənin predmeti
kimi, informasiya - hüquqi münasibətlərin subyektləri,
informasiyanın alınması, verilməsi, saxlanılması
və istifadəsinin hüquqi mexanizmləri, müxtəlif məzmunlu
informasiyanın, məlumat bank və bazarlarından istifadənin
hüquqi aspektləri, informasiya sahəsində hüquqi
pozuntular, məsuliyyət və s. məsələlər fəal
müzakirə obyektidir.
Bu
gün kompyuter dünyada milyonlarla insanın həyat və fəaliyyətinin
ayrılmaz atributuna çevrilmişdir. İndi ölkədə,
eləcə də bütün dünyada kompyuter
proqramları, internet yüzlərlə qəzetin, jurnalın,
elektron KİV-in-televiziyanın, radionun günlərlə
birlikdə gördüyü təbliğat-reklam fəaliyyətini
cəmi bir neçə saat ərzində bütün
dünyaya maneəsiz yayımlaya bilir. Təxmini hesablamalara
görə, yaxın gələcəkdə fərdi kompyuterlərin
dörddə biri ( təxminən 250 milyonu) internet şəbəkəsinə
qoşulacaqdır.
Ölkəmizdə
də iqtisadi, siyasi və mədəni həyatın kompyuterlə
əhatə olunması prosesi sürətlənməkdədir.
Hazırda Azərbaycanda hər 1000 nəfərdən 20-nin fərdi
kompyuteri vardır. Ölkədə “Aztelekom”, “Azeronlayn”,
“AzEvrotel” və s. kimi 32-dən çox internet provayderi fəaliyyət
göstərir. Onların istifadəçilərinin sayı
isə artıq 500 min nəfəri ötməkdədir.
Bundan
əlavə, ölkədə 5 minə yaxın internet klub fəaliyyət
göstərir. Statistika göstərir ki, bu klublarda əsasən
12-18 yaşlı uşaqlar və gənclər fəaliyyət
göstərir. Bütövlükdə isə əhalinin 5, gənclərin
isə 14 faizindən çoxu internetdən istifadə edir.
Beləliklə,
kompyuterləşmə bəşəriyyətin son illər ərzində
ən böyük nailiyyətinə çevrilmiş və “internetin
yaranması və inkişafı ilə media aləminə yeni
jurnalistika gəlmişdir”. Məhz bu tip təzahürlər
elmi-texniki tərəqqinin müasir mərhələsinin əsasını
qoymuşdur.
(Ardı
var)
Yusifov Tofiq
525-ci qəzet.- 2012.- 13 oktyabr.- S.22.