Britaniya
generalının Bakı gündəlikləri
(Bakının azad edilməsinin 94 illiyinə
həsr olunur)
(Əvvəli ötən şənbə
saylarımızda)
Eyni
zamanda ortaya başqa sual da çıxır: Bakı erməniləri
özlərinin saydıqları, sərvətlərinə yiyələnmək
istədikləri şəhər uğrunda nə
üçün ürəklə, cani-dildən
vuruşmurdular? Denstervil
onları satqınlıq və xəyanətdə
günahlandırmaq üçün əlində əsas
olmadığını yazırdı (lakin bir qədər
aşağıda görəcəyimiz kimi, savaşı uduzub
Ənzəliyə qayıdandan sonra o, məğlubiyyətin
başlıca səbəblərindən birini də ermənilərin
xəyanət yolu tutmasında görmüşdü). Odur ki, yaranmış vəziyyəti
erməni hərbi birliklərinin döyüş təcrübəsinin
çatışmaması, mütəşəkkillik və
nizam-intizamın olmaması, komandanlığın zəifliyi,
inqilabın gətirdiyi anarxiya əhval-ruhiyyəsi və s. əlaqələndirirdi.
Lakin
generalın aşağıdakı fəlsəfi ümumiləşdirməsi
əslində ermənilərin Bakı uğrundakı
savaşda nümayiş etdirdikləri cəsarətsizlik və
apatiya ilə bağlı suallara ən yaxşı
cavabdır. Denstervil yazırdı: “Yaxşı hərbçi
kimi yetişmək üçün ilk növbədə
nöhkəm inama və sarsılmaz ideallara malik olmaq
lazımdır. Bütün döyüş stimullarından ən
güclüsü vətən məhəbbətidir”
Əksəriyyəti
Birinci Dünya müharibəsinin alovlarından keçən,
müəyyən savaş təcrübəsinə malik erməni-rus-ingilis
alyansı Bakı uğrunda mübarizədə türk əsgərlərinə
və yenicə formalaşan Azərbaycan hərbi birliklərinə məğlub
oldu. Bu təsadüfi deyildi. Çünki sonuncular öz
tarixi vətənləri, əcdadlarının uyuduqları
torpaqlar uğrunda vuruşurdular. Onların möhkəm
inamı və sarsılmaz idealları vardı. Onları hərəkətə
gətirən qüvvə vətən məhəbbəti idi.
Yadellilər isə sadəcə Bakının sərvətlərindən
mümkün qədər çox yararlanmağa can
atırdılar.
Əvvəldə
də göstərildiyi kimi, Denstervil Bakı
yürüşünün məqsədlərindən birini
“erməniləri türk əsarətindən qurtarmaq” kimi dəyərləndirmişdi.
Əgər vicdan hissi ingilis generalını sona qədər tərk
etməmişdisə o, Bakıya gəldikdən dərhal sonra
vəziyyətin
düşündüyündən xeyli fərqli
olduğunun fərqinə varmalı idi. Çünki əks-təqdirdə
çox anlaşılmaz mənzərə alınırdı.
“Əsarət altındakı ermənilərin” Sentrokaspi
diktaturasında təmsilçisi vardı (Valunts), onların
soydaşı “müdafiə naziri” idi (Baqratuni), ordu əsasən
ermənilərdən təşkil edilmişdi, neft mədənlərinin,
sərvətlərin böyük hissəsi onların əllərində
cəmləşmişdi, şəhərin ən yaxşı
yerlərində yaşayırdılar və s. Və təbii
ki, bütün bu amillərin, üstəlik də Denstervil
kimi hamilərin, müdafiəçilərinin
mövcudluğu nəticəsində Bakı erməniləri
tamamilə əks prosesə rəvac verirdilər: onlar yerli
xalqı - Azərbaycan türklərini əsarət altında
saxlamağa can atır, dövlət müstəqilliyinin bərqərar
olmasına hər vasitə ilə əngəl törətməyə
çalışırdılar.
Hətta
istəməsə belə Denstervil özü məhz erməni
əsarətinin mövcudluğu ilə bağlı həqiqəti etiraf etmişdi.
Sentyabrın 12-də gündəliyində yazırdı: “Bu
yaramaz ermənilər müsəlmanlara hücumlarına qətiyyən
ara vermirlər. Dünən gecə tatar evinə basqın
etmişdilər. Rus əsgərləri qayda-qanun yaratmaq
üçün gəldikləri vaxt gəmi kapitanının
oğlu öldürülmüşdü”. Necə deyərlər, şərhə ehtiyac yoxdur. “Əsarət
altındakı” ermənilər mart ayında
başladıqları qanlı estafetə hətta
Bakının azad edilməsinin an məsələsi olduğu
sentyabr günlərində də ara verməmişdilər.
Əksinə,
ingilis hamilərinin gəlişi onların əl-qolunu daha da
açmışdı. Bakı
savaşının əsas simalarından biri, general Xəlil
Paşa bu münasibətlə yazırdı: “Bakı ingilislərin
nəzarəti altında olarkən ermənilər və
bolşeviklər yerli xalqa qarşı bir qətliam hərəkatına
başlamışdılar. Ermənilər şəhərin hər
məhəlləsində türklərin cəsədlərindən
qala qurmuş, bütün vəhşiliklərini ortaya
qoymuşdular”.
Bütün
məharətləri silahsız, dinc əhaliyə divan
tutmaqdan ibarət olan erməni silahlı qüvvələri
Bakı uğrunda son mübarizənin başlandığı
14 sentyabr günü də hər hansı şücaət və
əzmkarlıqları ilə fərqlənə bilmədilər.
Əksinə, Qafqaz İslam ordusunun ilk hücumundan sonra
mövqelərini tərk edərək nizamsız halda
döyüş meydanından qaçdılar. Beləliklə,
iddialarının böyüklüyünə baxmayaraq onlar
şəhərin müdafiəsinə töhfə vermək
iqtidarında olmadıqlarını bir daha ortaya qoydular. “Ermənilər
həmişəki kimi yenə də bir işə
yaramadılar”-deyə Denstervil gündəliyindəki 15
sentyabr tarixli qeyddə yazmışdı.
Nəticədə
dünənki müttəfiqlərin arası dəydi. Onlar
uğradıqları məğlubiyyətdə bir-birlərini
günahlandırmağa başladılar. “Xilaskarlıq” missiyasını
yerinə yetirə bilməyən ingilis generalı erməniləri həlledici döyüş
zamanı şəhərə hücum edən türklərlə
gizli əməkdaşlıqda, qorxaqlıq və təslimçilik
əhval-ruhiyyəsində suçladı. Bakıdan
qaçmalarının ertəsi günü, sentyabrın 16-da
Ənzəlidə “Hamıya! Hamıya! Hamıya!”
başlıqlı radio müraciətində Denstervil
demişdi: “On altı saatlıq döyüşdən sonra
yalnız rus hərbi hissələrindən yardım görən
ingilis qüvvələri ermənilərin türklərlə
ümumi dil tapması və ön atəş xəttindən
geri çəkilmələri nəticəsində şəhəri
tərk etmək məcburiyyəti qarşısında
qaldı”.
Britaniya
generalının açıqlaması qarşı tərəfdə
böyük narazılıq və hiddət doğurmuşdu.
İngilislərlə birlikdə Ənzəliyə qaçan
“müdafiə naziri” Akop Baqratuni
həmkarını
bütöv bir xalqın şərəf və ləyaqətini
tapdalamaqda suçlamışdı. Lakin bu ağır ittiham
da Denstervili fikirlərindən
daşındırmamışdı. İki il sonra çap
etdirdiyi “Densterfors”un macəraları” kitabında o, gündəliklərindəki
qədər kəskin şəkildə olmasa da, Bakı
döyüşləri zamanı erməni əsgər və
zabitlərinin hərbi şücaət və fədakarlıq
hissindən çox uzaq olduqlarını bir daha
vurğulamışdı.
Bakının
azad edilməsindən sonra şəhərdə geniş
miqyaslı erməni soyqırımı törədilməsindən
söz açan general Baqratuni isə 1918-ci ilin noyabrında
yenidən Bakıya qayıdaraq erməni Milli Şurasında fəaliyyətini
davam etdirmişdi... Bu fakt Azərbaycan Cümhuriyyəti
hökumətinin humanistliyinin, həm də deyərdim ki, ifrat
humanistliyinin təzahürlərindən biri sayıla bilər.
Denstervil
və Sentrokaspi diktaturası
“Densterforse”
Bakıya əsasən erməni maraqlarının müdafiəçisi
kimi gəlsə də rəsmən bolşevik
kommunasının süqutundan sonra meydana çıxan
Sentrokaspi hökuməti ilə əməkdaşlıq edirdi.
Hakimiyyəti Bakıdan kənara yayılmayan, hətta şəhərin
özündə də yerli azərbaycanlı əhalinin hər
hansı dəstəyindən məhrum olan bu
tanınmamış qurum erməni burjuaziyasının
mövqelərini qorumaq və onun pul kisəsindən
yararlanmaqla “ağ” Rusiyaya meylli
siyasət yürüdürdü.
Sentrokaspi
diktaturası ilk gündən fərqli maraqları tənzimləyən
kollegial idarəçilik orqanı kimi
düşünülmüdü. Onun başında vəzifə
və funksiyaları mövcud ədəbiyyatda sona qədər
aydınlaşmayan beş “diktator” (bəzi mənbələrdə
“direktor” kimi də göstərilir - V.Q.) dayanırdı. Vəzifə
adlarının kifayət qədər zəhmli səslənməsinə
baxmayaraq bu təsadüfi adamların əlində hər
hansı ciddi səlahiyyətin
olmadığını, şəhərdə erməni Milli
Şurasının daha böyük nüfuz və imkan sahibi
kimi
tanındığını Denstervil dərhal
anlamışdı. Lakin son
günə qədər “diktatorlarla” ermənilər
arasında məharətlə reverans etməyi
bacarmışdı.
Həm də
ilk baxışdan ermənilərin əksəriyyəti ilə
müqayisədə “diktatorlar” ona əməkdaşlıq
üçün daha açıq, daha “maraqlı adamlar” təsiri
bağışlamışdılar.
Beşliyin tərkibinə Tuşov, Yermakov, Lyamlin,
Sadovski və Velunts daxil idilər. “Diktatorların beşi də
heç şübhəsiz, bizim yeni tanışlarımız
arasında ən maraqlı adamlar idi, - deyə Denstervil
yazırdı. - Onların hamısı təhsil
görmüş, orta yaşları otuza yaxın olan enerjili
insanlar idi. Diktatorlardan üçü ilə - dənizçi
zabitlər Yermakov və Lyamlin, habelə köhnə partiya
işçisi Sadovski ilə nisbətən sıx əlaqə
saxlayırdıq. Bu üç nəfərin arasında
Lyamlin daha çox rəğbət doğururdu. Sadovski daha
işgüzar, Yermakov daha güclü xarakter sahibi kimi
tanınırdı”.
Amma
gündəliklərindəki qeydlərdən də
göründüyü kimi, Denstervil bütünlükdə
“diktatorları” meh kimi zəif” hesab edir, “mən saqqalı
ağarmayan adamların məsləhətlərində fayda
axtarmıram” - deyə onların gənclik və təcrübəsizliklərini
Bakıdakı gərgin vəziyyətlə adekvat
saymırdı. Generalın fikrincə, müxtəlif komitə
və komissiyalar da Sentrokaspi diktaturasının işinə əhəmiyyətli
dərəcədə mane olur, orduda sərt intizam yaratmağa
imkan vermirdi.
Müharibə
şəraitində kollegial rəhbərliyin özünü
doğrultmadığını görən Denstervil dəfələrlə
“diktatorlara” öz aralarından bir nəfər
başçı seçməyi təklif etmişdi. Lakin
onlar hamısı təkbaşına idarəçiliyi
qeyri-mümkün saymışdılar, daha doğrusu,
heç biri məsuliyyəti öz üzərinə
götürmək istəməmişdi. Denstervilin fikrincə,
Yermakov kifayət qədər sərt adam idi, amma intellekt cəhətdən
axsayırdı, hərəkətlərində məntiq və
ardıcıllıq çatışmırdı. Bu isə
onu dövlət başçısı rolunda görməyə
imkan vermirdi. Üstəlik də, Yermakov ilk gündən
ingilislərə şübhə ilə yanaşır, hətta
işlərinə əngəl törətməkdən
çəkinmirdi.
Sentyabrın
1-dəki birgə toplantı zamanı Denstervil yerli hökuməti
fəaliyyətsizlikdə günahlandıraraq öz qüvvələrini
Bakıdan çəkəcəyi ilə hədələyəndə
Yermakov əsəbi halda yerindən sıçrayıb iclas
zalını tərk etmişdi. Denstervilin işarəsi ilə
mayor Mak-Donnel dərhal onun arxasınca
çıxmışdı. Sonradan məlum olmuşdu ki,
telefon aparatına yaxınlaşan Yermakov Xəzər
donanmasına ingilislərin sərəncamındakı
bütün gəmiləri batırmaqla bağlı əmr
vermək istəyirmiş...
Müttəfiqlər
arasındakı bu “cür silahlı sülh” sentyabrın ilk
günlərində daha da şiddətlənmişdi. Hər
iki tərəf öz irad və iddialarını kəskin
şəkildə irəli sürməyə
başlamışdı. Denstervilin nümayiş etdirdiyi sərt
mövqe qarşı tərəfdə də adekvat reaksiya
doğurmuşdu. “Diktatorların” hamısının imzası
ilə sentyabrın 4-də generala ünvanlanan məktub bu cəhətdən
xüsusilə səciyyəvi idi.
Sentrokaspi
rəhbərliyi Denstervildən və onun şəxsində
Müttəfiq dövlətlərdən
narazılığını bildirərək yazırdı:
“Sizinlə hərbi ittifaq bağlayarkən həm Rusiya respublikasının, həm
də müttəfiqlərin maraqlarının təmin
olunması baxımından
üzərimizə şəhərin və Bakı
rayonunun müdafiəsi məsuliyyətini
götürmüşdük.
Sizinlə
ittifaq Rusiyanın bolşevik hökuməti ilə əlaqələrimizin
büsbütün kəsilməsinə gətirib
çıxardı. Onların Bakıya canlı qüvvə,
silah, sursat və ərzaq yardımı tamamilə dayandırıldı.
Yəqin bilməmiş deyilsiniz ki, Bakıda bolşevik hakimiyyəti
devrildikdən sonra Leninin nümayəndələri burada hətta
koalisiya hökuməti qurulmasına da razı idilər. Bir
şərtlə ki, ingilislər Bakıya gəlməsinlər.
Bunun üçün bizi bütün zəruri hərbi sursatlarla
təmin etməyə, türklərə qarşı
mübarizədə tələb olunan bütün
yardımları göstərməyə razı idilər.
Lakin biz
bu şərtləri qəbul edə bilməzdik. Biz bilirdik ki,
Bakının xilası, Avropada demokratik sülh əldə
olunması, Brest-Litovsk anlaşmasının
biabırçı şərtlərinin aradan
qaldırılması, alman planlarının
qarşısının alınması üçün
ingilislərlə birlikdə hərəkət etməyimiz
lazımdır”.
“Diktatorların”
fikrincə, Britaniya hərbi kontingentinin gəlişi Bakı
müdafiəçilərinin sayını
artırmamış, əksinə azaltmışdı.
Çünki bolşeviklərlə koalisiya Qafqaz İslam
ordusunun qarşısına daha böyük qüvvə
çıxarmağa imkan verə bilərdi. İngilislər tərəfindən
aldadılandan sonra üstəlik onların komandanından
şəhərin qısa müddət ərzində
düşmənə təslimi haqqında məsləhət
eşitmələri Sentrokaspi rəhbərliyini haldan
çıxarmışdı.
“Bədbəxtçilikdən
biz aldandıq .- deyə diktatorlar kədər və təəssüflərini
dilə gətirərək yazırdılar. - Həmin vaxtdan
(ingilislərin dəvət olunduğu tarix nəzərdə
tutulur - V.Q.) sentyabrın 3-nə qədər siz Bakıya cəmisi
min nəfərdən bir qədər çox canlı qüvvə,
16 top və az miqdarda sursat gətirmisiniz.
Düşməni
Zaqafqaziya hüdudlarından qovub çıxarmaq
üçün nə qədər qüvvə tələb
olunduğunu bir kənara qoyaq.
Sizin göndərdiyiniz yardım hətta Bakının
uğurlu müdafiəsini təmin etmək üçün də yetərli deyil.
Yardımınızın
azlığına bəraət qazandırmaq üçün
hansı dəlillər gətirsəniz də, buradakı hissələrinizin
hərbi hazırlıq və texniki təchizat səviyyəsinin
nə qədər yüksək olduğunu desəniz də,
diqqətinizə çatdırmağı (öz növbəsində
hökumətinizi məlumatlandırmağınızı)
vacib sayırıq ki, həm şəxsi, həm də hökumət səviyyəsində
vədlərinizə əsaslanaraq gözlədiyimiz
yardımı bizə göstərmədiniz”.
Buraxılan
səhvi düzəltmək üçün Sentrokaspi
hökumətinin rəhbərliyi ingilis
komandanlığından ən qısa müddət ərzində
İrandan, yaxud Bağdaddan, habelə imkan daxilində
Biçeraxovun yardımı ilə Şimali Qafqazdan yeni hərbi
hissələr gətirməsini tələb edirdi. Bu, diktatura
üçün zəruri, Denstervil üçün isə
icbari addım kimi dəyərləndirilirdi. Kömək gələnə
qədər səyləri birləşdirərək şəhərin
qoruyub saxlamaq tərəflərin
ümdə vəzifəsi kimi
irəli sürülürdü. “Densterfors” Sentrokaspi ordusunun tərkib
hissəsi sayılırdı. General Denstervil də
qarışıq bütün ingilis zabitləri baş komandan
Dokuçayevə və “müdafiə naziri” Baqratuniyə tabe
olmalı idilər. Onlara heç bir halda “vəziyyətə əsaslanaraq
qərar vermək”, “zərurət yaranarsa cəbhəni tərk
etmək” haqqı tanınmırdı. Komandanlıq və hərəkət
birliyi Bakı uğrunda mübarizədə qələbənin
əsas komponentləri sayılırdı.
“İnanırıq
ki, buna nail olacağıq,- deyə “diktatorlar”
yazırdılar. - Şəhərin düşmənə təslimi
ilə bağlı bütün təklifləri rədd edirik.
Eyni zamanda sizin bu barədəki təkidli tələblərinizə
heyrətləndiyimizi gizlətmirik. Sona qədər, ən son
imkana qədər mübarizənin zəruriliyinin fərqindəyik.
İnanırıq ki, sizin kiçik, lakin hər cəhətdən
nümunəvi dəstəniz
borcunu şərəflə yerinə yetirəcək və eyni taleni bölüşəcəyik.
Biz ümumi tellərlə bağlıyıq. Bir yerdə
olmalıyıq, bir yerdə olacağıq. Ya birlikdə qalib
gələcək, ya da tarixin hökmü belə isə
birlikdə öləcəyik”.
Denstervil “ədəbi əsər kimi” məktubun yazılış tərzini və bədii məziyyətlərini yüksək qiymətləndirsə də, real faktları, habelə gerçək vəziyyəti əks etdirmək baxımından sənədi tamamilə mənasız, əhəmiyyətsiz adlandırmışdı. Onun fikrincə, “diktatorların” bundan sonra hərbi işlərə qarışmayacaqları barəsindəki vədi quru sözdən başqa bir şey deyildi. Yerli əsgərlərin son damla qanlarına qədər vuruşacaqları haqqında deyilənlərin də heç bir əsası yox idi. “Əgər Bakı ordusu həqiqətən də belə məziyyətlərə malik olsaydı, şəhərin müdafiəsi çox asanlıqla təşkil edilərdi və biz düşməni düz Tiflisə qədər qova bilərdik. Gətirdiyim misallardan da göründüyü kimi məhz “son damla qanına” qədər vuruşa bilməmək bu ordunun heç vaxt ürək eləmədiyi bir iş idi” - deyə Denstervil yazırdı.
Bakının müdafiəsinin vacibliyi haqqında “diktatorların” fikirləri ilə razılaşsa da, Denstervil Britaniya hökumətinin şəhəri düşməndən qorumaq üçün yetərincə güclü hərbi birləşmələr göndərməməsi haqqındakı tezislərini qətiyyətlə rədd edir, bunu “yolverilməz böhtan” adlandırırdı. Onun fikrincə, ingilis əsgərləri ən şətin mövqelərdə şərəflə döyüşmüş, yeni müttəfiqlər üçün canlarını fəda etməkdən çəkinməmişdilər. “Densterfors”un hətta məhdud qüvvələrlə Bakıda olması şəhərin süqutunu müəyyən müddətə təxirə salmış, eləcə də zərurət yarandığı təqdirdə onu daha sərfəli şərtlərlə təslim etmək üçün zəmin hazırlamışdı.
Sentyabrın 5-də Denstervil Sentrokaspi hökumətinin özünün sonuncu məktubunu göndərmişdi. Əvvəlki yazışmalarda da təkrarlanan və qarşılıqlı səciyyə daşıyan ənənəvi ittihamlardan sonra o, yaxınlaşan təhlükə qarşısında birləşməyin zəruriliyini vurğulayırdı. Bakıdakı hərbi birliklərin ən qısa müddətdə təzədən təşkilini vacib sayırdı. Lakin generalın fikrincə, istər Şimali Qafqazdan gözlənilən kömək, istərsə də ordunun yenidən formalaşdırılması vəziyyəti yalnız qısa müddətə yaxşılaşdıra bilərdi. “Bakının hərbi güclə xilas imkanı mənə çox müşkül görünür. Aldığım səhih məlumatlara görə türklər və almanlar şəhəri mühasirədə saxlayan qoşunlarına aeroplanlardan, ağır toplardan ibarət güclü əlavə qüvvə göndərir. Odur ki, qadınların və uşaqların buradan köçürülməsi ilə bağlı təxirəsalınmaz qərarlar verməyi sizə təkidlə məsləhət görürəm” - ingilis generalının Sentrokaspi hökuməti ilə təmasları bu xəbərdarlıqla bitirdi.
Bu məktubu göndərdiyi 5 sentyabr günü Denstervil gündəliyində yazırdı: “Buradakı yerli hökuməti təmsil edən beş diktatorla son günlərdə iki ciddi davam olub. Lakin biz bir-birimizi sevirik. Yazıq uşaqlar! Onların əlində real hakimiyyət yoxdur. Hər şeyə komitələr rəhbərlik edir”.
Hərbi sahədəki naşılıqlarına baxmayaraq Denstervilin fikrincə, “diktatorların” işgüzarlığı sayəsində Bakı müharibə və inqilab xaosu içərisində özünün nisbətən ahəngdar həyatını yaşayırdı. İran və Rusiya ilə müqayisədə iqtisadi xarakterli çətinliklər burada o qədər də kəskin hiss olunmurdu. Top atəşləri nəticəsində ara-sıra şəhərin müxtəlif yerlərində baş verən yanğınların son dərəcə operativ və ustalıqla söndürülməsi Denstervili xüsusi ilə təəccübləndirmişdi. Onun fikrincə, bu məsələdə Bakı Avropa şəhərlərinin heç birindən geri qalmırdı.
Lakin nə “diktatorların”, nə də
“Densterfors”un söndürə bilməyəcəkləri ən
böyük yanğın isə günbəgün
yaxınlaşırdı. “Düşmən hücuma
keçmir. Niyə? Möcüzə hələ də davam
edir” - Denstervilin gündəliyində bu sətirləri
yazdığı 7 sentyabr günü son, həlledici
döyüşə cəmisi bir həftə qalırdı.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.-
2012.- 13 oktyabr.- S.20-21.