Kölndən Bakıya...
YOL
Yağmurlu bir axşam vaxtı Kölndən ayrıldım. Hər yerə payızın
gerçək üzü
hakimdi. Soyuq, səssiz və cansıxıcı... İstanbulu
sadəcə gözlərimlə
oxşaya bildim.Vaxt az idi. İlk təyyarəylə Bakıya
getməliydim. Biz nədənsə yadlar kimi Azərbaycan Türklərinin Bakı dedikləri şəhərə
Bakü deyirik. Halbuki mən belə Bakı adıyla bağlı o qədər
bayatı və hekayə bilirdim ki. Bayatılardan birinin hekayəsi
çox kədərlidir.
Azərbaycanlılar üçün bu bayatı bilinən bir bayatıdır, amma Türkiyə oxuyucuları
üçün bu bayatını yazmaq istəyirəm.
Bakıda özlərindən
başqa kimsələri
olmayan iki bacıdan biri ölür və o biri bacı onun məzarı başında
belə bir bayatı oxuyur;
Bakım
ağlar,
Şirvanım, Şəkim ağlar
Sən öldün mən ağladım
Mən ölsəm bə kim ağlar?
Bakı sadəcə ölən dünyalara, ölən bacılara deyil, illərlə bu şəhərdə yadların
tökdüyü qanlara
da ağlamış. Başı bəlalı
Bakı nə zülmlər, nə soyqırımlar yaşamış.
Amma şükür ki, zalımlar da zülmlər də gəldikləri kimi yox olub getmişlər.
İndi Bakı bağımsız və qürurlu bir dövlətin modern paytaxtı...
Gənçlik illərimdə Bakı
haqqındakı fikrim
“Əli və Nino” romanındakı təsvirdən
ibarətdi. Yazar Qurban Səid yüz il
öncəki Bakını
təsvir edərkən
neft qoxusu, dəniz, çöl və incə biləkli dəvələrdən
bəhs edirdi. Gəlib gördükdən sonra o təsvirdən sadəcə
neftin qoxusunu burada tapa bildim.
Nə çöl vardı, nə də incə biləkli dəvələr...
Amma şəhərin hər yerinə hopmuş qardaşlıq duyğuları
İstanbulla Bakını
könlümdə hər
zaman yanyana qoymuşdur. İki şəhərin
ayrılmazlığı o iki şəhərin tarixini, dilini, mədəniyyətini yaxından
bilənlər tərəfindən
daha yaxşı anlaşılmaqdadır.
FƏLSƏFƏNİN DİLİ
Şəhərə çatan kimi Bakıda yeni tikilmiş ən müasir otellərdən birinə götürüldüm. Orada Türk
dünyası filosoflarının
toplantısı vardı. Toplantı “Tika” tərəfindən maliyyələşdirilmişdi və rəsmi adı “Mədəniyyətlər
dialoqu şəraitində
Türk Dünyasında
fəlsəfə və
mənəvi dəyərlər” idi.
Toplantıda bir-birindən dəyərli
türkiyəli, azərbaycanlı,
qazaxıstanlı elm adamları
vardı. İllərdir
yorulmadan
, usanmadan fəlsəfənin
ən önəmli problemləriylə məşğul
olan və bu mövzuda minlərlə səhifə
yazı yazan Prof. Dr. Səlahəddin Xəlilov
bu toplantıya ev sahibliyi edirdi.
Sadəcə sonuncu gün iştirak edə bildiyim və
“Ortaq Türk Fəlsəfi Terminologiyası”
nın müzakirə
olunduğu toplantıya
Qərb fəlsəfəsinin
bu günkü vəziyyətindən bir neçə cümlə ilə qatıla bildim. Həm də Prof.Dr.
Səlahəddin Xəlilov və
toplantıda iştirak
edən Türkiyənin
ən önəmli alimlərindən biri olan Prof.Dr. Kənan Gürsoy qarşısında
mən fəlsəfə
haqqında nə deyə bilərdim ki?
Səlahəddin bəy toplantı boyu çox gözəl fəlsəfi
suallarla dəvətliləri
bir xeyli tərlətdi. Varlıq, yoxluq, mənlik, ədalət, ruh və bədən mövzuları filosofların
diliylə izah edilə-edilə hamısı
gəlib eşqin varlığında həyat
tapdı.Toplantının sonunda
gələcəkdə ortaq
bir mətn üzərində çalışma
və ortaq “Türk fəlsəfi terminologiyası” mövzusunda
fikirlər yürütmək
qərarı verildi.Toplantıdan
sonra bulvara getdik və Xəzərin rüzgarında
ruhlarımızı sərinlətdik.
O söhbətlərdən ürəyimdə xoş bir səda qaldı.
Şair Bakı demiş:”Bakı qalan bu qübbədə
xoş bir səda imiş”.
SƏNƏT VƏ DOSTLUQ
O toplantıdan sonra Tərcümə Mərkəzinə
gözəl şair Tofiq
Abdin abini görməyə getmişdim.
Oradakı qısa söhbət sırasında
yazar Saday Budaqlı ilə tanış olmuş, eyni zamanda da şair
Zakir Fəxri ilə görüşmüşdüm.
Şair “Adiloğlu” nəşriyyatında yeni
çıxmış “Rekviyem”
isimli kitabını mənə hədiyyə etmiş və bir gün sonra
kitabın keçiriləcək
təqdimat mərasiminə dəvət etmişdi. Eyni gecə kitabı
oxuyub bitirmişdim.Təmiz
və axıcı bir dillə yazılmış kitab sanki ürəkdə bir gəzintiydi. Dərd, kədər, həsrət
şair Zakir Fəxrinin diliylə birləşincə bir hüzn buludu yaratmışdı. Şair
Musa Yagub, Ramiz Rövşən, Rafiq Əliyev, Cəmil Həsənli,Qulu Məhərrəmli,
Saday Budaqlı,Yaşar
və digər dostlar kitab haqqında
anlamlı və gözəl sözlər söylədilər. Anladım ki,
sənət hər ürəyə ayrı bir həzz verməkdədir.
Ertəsi gün yazının və sənətin gücü özünü
bir daha göstərdi. Mən Almaniyada ikən “525-ci qəzet”in gənc yazarı Mirbəhram Əzimbəylinin bir yazısı yayınlanmışdı.
Ortadoğu Texniki Universitetində oxuyan bu gənc azərbaycanlı,
Məmməd Əmin Rəsulzadə haqqında
gözəl bir yazı
yazmış və məni çox duyğulandırmışdı. O duyğularla ona cavab mahiyyətində eyni qəzetdə bir yazı yazdım.
Mən Bakıya gəldiyimdə Bakıda Mirbəhramı deyil, onun gənc, çox təmiz ürəkli və bilgili atası Seyid Camalla tanış oldum. Bir neçə saatlıq söhbət bizi bir-birimizə bağladı
və iki gün üst-üstə bir araya gəldik,
unudulmaz söhbətlər
etdik. Mirbəhramın
anası Sevinc xanım və qardaşı Mirrəsulla
tanış olduğumda,
19 yaşlarındankı bu
gəncin niyə bu qədər duyğulu, dərin və içdən yaza bilmə səbəbini də öyrənmiş oldum. Azərbaycanda yaşayan əski
türk ailə tərbiyəsi və əxlaqı şükür
ki, davam edir.
VƏ “DOLU”
Bir gün sonra dəyərli dostum və türk dünyasının
müasir Övliya Çələbisi professor Elçin
İskəndərzadənin bir dəvəti vardı. Amma gözəl
Azərbaycanımızda deyildiyi
kimi: “Sən saydığını say, gör
fələk nə sayır”... Ertəsi gün daha gözlərimi
açar-açmaz özümü
Azərbaycanın ən
gözəl şəhərlərindən
biri olan Xaçmazda gördüm.Yazar
Aqil Abbas bir yerə getməmə
fürsət verməmişdi.
Xaçmazda Aqil bəyin
romanı əsasında
“Dolu” filminin qalası varmış.
Azərbaycanın Gürcüstan və Ermənistan sərhədlərinə
qədər uzanan bölgələrini ziyarət
etmişdim, oraları
bilirdim. Amma Quba tərəfinə
ilk dəfə gedirdim.
Maşınımız Bakıdan uzaqlaşdıqca
dağlar və yaşıllıqlar başlayırdı.
Meyvə
və səbzəsi bol olan Xaçmaz
xalqından bəziləri
məhsullarını eynən
Anadoluda olduğu kimi yolda qurduğu
dəzgahlarda satırdılar.
Saat 13-ə doğru Xaçmaza girdik.Yol boyu ortaq dərdlərimizdən danışmışdıq. Xaçmaza girər-girməz hamımız susqunluğa gömülüb ətrafı seyrə başladıq.Yollar və ətrafdakı parklar sanki tarixdən qopub günümüzə gəlmişdi. Heykəllər, fəvvarələr, dincəlmə və gəzinti parkları diqqəti cəlb edirdi. Bəlkə də dünyanın ən böyük samovar heykəli buradaydı. Gözəl küçələrdən keçərək İcra Hakimiyyətinin binasına girdik. Bizləri Xaçmazın icra başçısı Şəmsəddin bəy qarşıladı. Mənimlə tanış olduqdan sonra İqdırdan və İqdırda keçirdiyi dostluq dolu günlərindən danışdı. Filmin qalası saat 15-də Mədəniyyət Sarayında olacaqdı. İcra hakimiyyətində çox oturmadan Şəhidlər Xiyabanına getdik. Bu kiçik şəhərin tam 247 şəhidi varmış. Şəhidlər Xiyabanının girişində ucaldılmış böyük ana heykəli sanki qollarını açmış, o gəncəcik yaşlarında Vətən üçün canlarından keçən 247 şəhidi qucaqlamışdı. Şəhidlər Xiyabanına qərənfillər düzüb Mədəniyyət Sarayına geri döndük. Mədəniyyət Sarayının salonu tamaşaçıyla dolu idi. Azərbaycanda Qarabağ savaşı üzərinə çəkilmiş ən son və iddialı filmlərdən biri olan “Dolu” filminin rejissoru Azərbaycanın tanınmış rejissorlarından Elxan Cəfərov, prodüsseri Nadir Mehdiyevdir. Baş rollarda isə Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov, Rza Rzayev kimi artistlər rol almışlar.
Yaxşı çəkilmiş savaş səhnələri, duyğulu dialoqlar və süjet xətti, salonu dolduran seyirçilərin filmi bir neçə dəfə alqışlamasına səbəb oldu. Bəzi səhnələrdə hamımızın gözləri yaşardı.Savaşdakı qarışıqlıq, silahsızlıq, ermənilər qarşısındakı qadın və uşaqların pərişan halları, insanların bu uğursuzluqlara rəğmən vətənlərini ən son qanlarına qədər müdafiə etmələri çox diqqətlə seçilmiş mesajlarla izləyicini yormadan ustaca filmə köçürülmüşdü. Özəlliklə bir səhnə məni çox duyğulandırdı. Otağının divarları Ənvər və Nuru Paşanın şəkilləri ilə bəzədilmiş qarabağlı gənc əsgərin anasının ona: “Oğlum, türklər hələ gəlmədimi?” sualı ürəyimi yerindən oynatdı. Qardaşın qardaşdan umacağı ancaq bu qədər gözəl ifadə oluna bilərdi.
Filmin ssenarisini yazan Aqil Abbas bəyə bu filmin mütləq Türkiyədə də göstərilməsinin gərəkliyini söylədim. İnşallah türkiyəli izləyicilər də bu filmi izləyərək Qarabağda nələr olub bitdiyini yaxından görərlər.
Gecə yarısı Bakıya doğru yola düşdük. Söhbətin mövzusu yenə ölkə, millət və gələcəyimizdi. Gec saatda Bakıya qayıtdıq. Olduqca yorulmuşduq. Amma Bakının səmasında dalğalanan üç rəngli bayraq ümidlərimizə ümid qatırdı. Ümidli və işıqlı gələcəyə yolçuluq davam edirdi.
Orxan ARAS
525-ci qəzet.-
2012.- 13 oktyabr.- S.11.