Mustafa İsenin Türkologiyaya dəyərli töhfəsi  

 

Türk xalqlarının Orta çağlarda yaranan ədəbiyyatı istər növ və janr, istərsə də poetik struktur və estetik düşüncə tərzi baxımından əski ənənələrə söykənsə də, İslam sivilizasiya məkanında formalaşan yeni ədəbi-mədəni prosesin təsiri ilə fərqli inkişaf mərhələsinə daxil olmuş və zəngin təkamül yolu keçmişdir.

Bəllidir ki, İslam mədəniyyətində təzkirə ənənəsi öncə ərəb dilində və sonra farstürk dillərində yayılıb.  Əsasən bio-biblioqrafik məlumatları özündə ehtiva edən təzkirəcilik ənənəsi, əvvəllər tarix və təsəvvüfdə yer almış, tədricən başqa sahələri və o sıradan ədəbi prosesi də əhatə etmişdir. Şairlər təzkirəsi həmin prosesin gedişatını izləmək üçün ilkin dəyərli qaynaqlar sırasındadır.

Müsəlman Şərq xalqlarının Orta əsrlərdə yaratdığı zəngin elm və mədəniyyət tarixində sənət və ədəbiyyat önəmli yer tutur. Burada ədəbi proses dövrə xas ictimai-sosial və mədəni mühitin formalaşdırdığı dini-ideoloji, əqli-mənəvi və başqa dəyərlərlə sıx surətdə əlaqədar olaraq inkişaf tapıb. Keçmişin ədəbi-mədəni həyatının və bədii-estetik düşüncə tərzinin elmi mənzərəsini yaratmaq üçün ilk növbədə ilkin qaynaqlarda toplanan məlumatlar əsasında araşdırma aparmaq və mülahizə söyləmək mümkündür və bu baxımdan tarix və mədəniyyətə aid ilkin yazılı qaynaqların, xüsusilə təzkirələrin tədqiqi olduqca əhəmiyyətli bir məsələ olaraq qarşımıza çıxır. Bəllidir ki, ədəbiyyat tarixi və ədəbi tənqidin keçmişini öyrənmək üçün ən dəyərli qaynaqlardan biri təzkirələrdir. Peyğəmbər sirəsindən formalaşmağa başlayan, sonra isə elmi simaların, övliyaların və müxtəlif mədəniyyət sahələrində xidmət göstərmiş şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında yığcam məlumatları bir qaynaqda toplayan təzkirəçilik ənənəsi ədəbiyyat tarixində özünə önəmli yer tutub. Öncə ərəbcə, sonra isə farsca yaranıb genişlənən bu ənənə daha sonralar türkcə yazılmağa başlamış və özündən əvvəl formalaşan üsul və qaydaları saxlamaqla yanaşı, bir sıra metodoloji yeniliklər və dəyişiklər gətirməklə özünəməxsus inkişaf yolu keçmişdir. Qeyd edək ki, ədəbi prosesin tarixi inkişaf yollarını, ədib və şairlərin həyat və yaradıcılığını izləmək üçün təzkirələrin əhəmiyyəti böyükdür.

Şair təzkirələri Şərq xalqlarının təkcə klassik ədəbiyyat tarixini deyil, həm də  mədəniyyət tarixini öyrənmək baxımından diqqəti cəlb edir.Təzkirəçilik ənənəsi digər Şərq xalqlarında olduğu kimi, türk dünyasında da özünəməxsus inkişaf yolu keçib. Xorasan və Orta Asiyadan dan başlayaraq Anadolu və Balkanlaradək  yayılan bu ənənə müxtəlif bölgələrdə forma və məzmun baxımından fərqlənsələr də, bir sıra ümumi cəhətlərə görə ortaq xarakterə malik olmuşlar.  Təbiidir ki, ayrı-ayrı təzkirəçilik məktəbləri arasında qarşılıqlı faydalanma və təsir halları da olmuşdur. Bu sırada Osmanlı təzkirəçilik ənənəsi xüsusi maraq doğurur. Təkcə Osmanlı ədəbiyyatında XVI əsrin birinci yarısından başlayaraq otuzdan artıq şair təzkirəsi qələmə alınıb.   

Təzkirələrin müasir elmi tələblərə uyğun tədqiqi və nəşri işi isə nisbətən gec başlanıb. Bu iş ilk dəfə İranda və Türkiyədə başlanıb.

XX əsrin əvvəllərindən etibarən isə Osmanlı təzkirəçiliyinin müxtəlif aspektləri alimlərin tədqiqat obyektinə çevrilib. Bu araşdırmaları nəzərdən keçirdiyimiz zaman Osmanlı təzkirəçiliyinin nəzəri cəhətlərinin öyrənildiyini, təzkirəçilik tarixinin yazıldığını, təzkirələrin böyük bir qisminin elmi-tənqidi mətnlərinin nəşr olunduğunu və təzkirəşünaslar nəslinin  yetişdiyini söyləyə bilərik. Prof. Dr. Harun Tolasa bu xüsusda yazır: “Tanzimattan bu yana tezkirelerle çeşitli bakımlardan ilgilenilmiş ve üzerlerinde bir çok araştırmalar yapılmıştır. Bu araştırmalar büyük bir çoğunlukla, tezkirelerin tarihsel kökeni ve gelişimi, yazarları, yazılış sebep ve vesileleri, kapsadıkları zaman dilimi, tertib, muhteva ve üslup özellikleri ve bu açıdan birbirleriyle olan ilişkileri üzerinedir”.

Osmanlı təzkirələrinin nəzəri baxımdan araşdırılmasında Prof.Dr. Harun Tolasanın (1938-1983) rolu danılmazdır. Harun Tolasa ilk dəfə olaraq Səhi, Lətifi, Aşiq Çələbi təzkirələri əsasında şair və əsəri haqqında verilən məlumatları orijinal şəkildə tədqiqata cəlb etmişdir. Onun bu monoqrafiyasında təzkirəçinin ədəbi anlayış və dəyər sistemi, ədəbi tənqid metodu və üslubu araşdırılıb. Bu metoddan faydalanaraq Prof. Dr. Filiz Kılıç XVII əsr, Prof. Pervin Çapan isə XVIII əsr təzkirələrini öyrənmişlər. 

Türkiyə təzkirəşünaslığının keçdiyi inkişaf yolundan bəhs edərkən xatırlanması vacib olan alimlərdən biri Prof. Dr. Haluk İpektendir (1926-1992). Haluk İpekten universitetlərdə türk dili və ədəbiyyatı  proqramlarında şüəra təzkirələri üzərində ən çox duran və rəhbərlik etdiyi dissertasiyalarla bunların ən  önəmlilərini tanıtdıran dəyərli bir tədqiqatçı olmuşdur.

Türkiyə təzkirəşünaslığının yeni inkişaf mərhələsi Prof. Dr. Mustafa İsenin adıyla bağlıdır. Haluk İpektenin yetişdirməsi olan  Mustafa İsen öz dəyərli araşdırmaları ilə türk təzkirəşünaslığına böyük töhfələr vermişdir. Mustafa İsen Mustafa Alinin “Künhül-əxbar” adlı tarixi əsərinin təzkirə hissəsini tədqiq etmiş və bunun ardınca təzkirələrə dair çoxsaylı kitab və məqalələr nəşr etdirmişdir. Yetişdirməsi olmayan alim, övladsız valideynə bənzəyir. Bu baxımdan onun xidməti xüsusi olaraq qeyd edilməlidir. Prof. Dr. Mustafa İsen ona görə Türkiyə təzkirəşünaslığında müstəsna yerə sahibdir ki, Osmanlı təzkirələrini tədqiq edən alimlərin böyük bir qismi onun yetişdirdiyi alimlərdir. Belə ki, Mustafa İsenin rəhbərliyi ilə  Aşıq Çələbi, Əhdi Bağdadi, Qınalızadə Həsən Çələbi, Bəyani və digər təzkirəçilərin əsərləri tədqiqata cəlb olunmuş, onların elmi-tənqidi mətnləri hazırlanmış və işıq üzü görmüşdür... Və beləliklə, Türkiyə təzkirəşünaslıq məktəbi yaranmışdır.

Bu sahə üzrə görülən qiymətli və mühüm işlərin yekunu olaraq Türkiyə Respublikası Prezidenti Administrasiyasının baş katibi,   Prof. Dr. Mustafa İsenin “Tezkireden Biografiye” adlı kitabını nümunə kimi göstərə bilərik. Müəllif Türkiyədə təzkirəçilik ənənələrinin elmi araşdırılması üzrə məktəb yaratmış və onun mədəniyyət və ədəbiyyat tarixinə göstərdiyi bu dəyərli xidməti yetişdirdiyi tələbələri – Prof. Dr. F. Kılıç, Doç. Dr. S. Solmaz, Doç. Dr. A. Eyduran, Doç. Dr. G. Zavodçu və digərləri davam etdirirlər.

6-8 may 2010-cu ildə Nevşehir Universitetində keçirilmiş “Uluslararası Klassik Türk Ədəbiyyatında biyoqrafiya” simpoziumu  görkəmli təzkirəşünas alim Mustafa İsenin 60 illik yubileyinə həsr olunmuş və burada türk təzkirəçiliyini araşdıran tədqiqatçıların böyük bir qismi təzkirələrlə bağlı məruzələrlə çıxış etmişdir.

Prof. Dr. Mustafa İsenin 2010-cu ildə Akçağ nəşriyyatında işıq üzü görən “Tezkireden biyografiye” adlı əsəri Azərbaycan dilinə çevrilərək 2012-ci ildə Bakıda nəşr olunmuşdur. Kitab Narıngül Nadir qızı tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılmışdır. Kitabın elmi redaktorları Prof. Dr. K.Nərimanoğlu və Prof. Dr. N. Göyüşovdur.

Kitabda M.İsenin təzkirələrə həsr olunmuş və müxtəlif illərdə nəşr etdirdiyi məqalələri daxildir. Əsər iki hissədən ibarətdir. I fəsil “Türk biyografi geleneği”, II fəsil isə “Tezkireler işığında divan edebiyyatına bakışlar” adlanır. Bu əsərin ön sözündə M.İsen təzkirələrə olan sevgisini bu şəkildə dilə gətirir: “Elinizdeki çalışmayla birlikte hayatımın erken dönemlerinden itibaren odaklandığım bu gelenekle ilgili çalışmalarımı bir araya getirip bu zengin birikimi ilgilileri ile paylaşmak istedim. Lisans öğrenciliğ iyıllarımdan başlayarak şaie tezkireleri en büyük ilgi alanım oldu. Merhum hocam H.İpekten Beyin açtığı yoldan yürüyerek yaklaşık otuz beş yıldır konu ile ilgili çalışmalar yaptım. Büyük keyf alarak gerçekleşen bu yolculukta gördüklerimi de daha geniş çevrelere paylaşmak istedim”.   

Prof. Dr. Mustafa İsenin türk təzkirəçilik ənənələri üzərində apardığı ardıcıl və sistemli araşdırmalar təkcə Türkiyə coğrafiyasında deyil, Heratdan başlayaraq Balkanlara qədər uzanan bir məkanda yetişən türk ədəbiyyatının tanınmış və tanınmamış simaları haqqında dolğun məlumat verir. Burada Türk təzkirəçilik ənənəsinin əsas cizgiləri və önəmli xüsusiyyətləri, eyni zamanda divan ədəbiyyatı ilə bağlı dəyərləndirmələr ayrı-ayrı məqalə və yazılar şəklində öz əksini tapmışdır. Farsca təzkirəçilik ənənəsi daha əvvəl yaransa da, burada ədəbi tənqid və dəyərləndirmə nisbətən zəif olmuşdur. Bu məsələni İran təzkirəçilik tarixini araşdıran Golçin Məani və başqa tanınmış müəlliflər də qeyd etmişlər. Buna bənzər şəkildə bir sıra Türk şairlər təzkirəsi də ədəbi tənqid və dəyərləndirmə baxımından zəifdir. Lakin bununla yanaşı, Osmanı dönəmində qələmə alınan Türk təzkirələri içərisində ədəbi tənqid baxımından böyük mühtəvası və öz elmi dəyərləndirməsi isə seçilən mühüm qaynaqlara da rast gəlinir ki, bunlardan Lətifi, Mustafa Əli və Kınalızadə Həsən Çələbinin əsərlərini özəlliklə qeyd etmək lazımdır. Prof. Dr. Mustafa İsen bütün bu məsələləri diqqətlə araşdırmışdır. Təzkirələrdə təriqət şairləri ayrıca məqalədə işıqlandırılır. Müəllif eyni zamanda Ankara, Tokat, Ərzurum, Bağdad, Üsküp, Diyarbəkir bölgələrində yetişən şairlər haqqında da ayrı-ayrı məqalələr şəklində bəhs edir.

Müəllifin kitaba daxil edilmiş məqalələrində mədəniyyət tarixinin bir çox önəmli məqamları təhlil edilir, şəhər mədəni mühitində yaranan və inkişaf edən divan ədəbiyyatının xüsusiyyətləri nəzərdən keçirilir. İstanbulun Osmanlı dönəmində mühüm mədəniyyət mərkəzi kimi formalaşmasına təsir göstərən amillərin incələnməsi də diqqəti cəlb edən məqamlar sırasındadır. Kitabda yer alan ayrıca bir bölümdə isə müxtəlif səbəblərdən Türkiyəyə mühacirət etmiş Azərbaycan müəllifləri haqqında dəyərli məlumatlar verilir. Orta çağlarda eyni sivilizasiya məkanında öz yaşamını davam etdirən Şərq xalqlarının yaratdığı elmi-fəlsəfi, dini-mənəvi, ədəbi-estetik və hətta milli dəyərlər olduqca yaxın və müştərək xarakterə malikdir və bu cəhətdən onların müqayisəli tədqiqi həmin dəyərləri paylaşanların hamısı üçün faydalıdır. Ona görə keçmişin elmi, mədəni, ədəbi və mənəvi mirasını araşdırarkən məsələyə geniş müstəvidə və eyni mədəniyyətin ayrılmaz parçaları kimi yanaşmaq lazım gəlir. Prof. Dr. Mustafa İsen öz araşdırmalarında məhz mövzuya  yüksək mədəni-intellektual və elmi səviyyədə yanaşmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyət və ədəbiyyat tarixinin tədqiqində bəzi sahələr üzrə müəyyən boşluqlar var ki, bura Orta çağlarda formalaşan islam mədəniyyət kateqoriyalarının universal xarakteri, başqa xalqlarla ortaq xüsusiyyətləri daşıyan təsəvvüf və sufi ədəbiyyatı, klassik divan ədəbiyyatının estetikası, klassik ədəbiyatda bəlağət və ədəbi sənətlər, nəhayət, təzkirəçilik ənənəsinin tədqiqi daxildir.

 İran və Türkiyədə istər ayrı-ayrı təzkirələrin tədqiqi və nəşri, istərsə də təzkirəçilik tarixinin araşdırılması üzrə daha çox mühüm işlər görülmüş olsa da, Azərbaycanda bu məsələyə nisbətən gec başlanmış, bir neçə təzkirə işıq üzü görmüşdür. Bu sahədə ilk təşəbbüslərdən olan N. Qarayevin, M. Muradovanın,  K. Məmmədovanın, A. Topalovanın tədqiqatlarını göstərmək olar. Burada mərhum Nəsirəddin Qarayevin xidmətini xüsusi olaraq yada salmaq yerinə düşər. O, böyük zəhmət tələb edən Nəvvabın təzkirəsini nəşrə hazırlamışdır. Təzkirəçilik ənənəsinin sistemli və ardıcıl tədqiqi son dövrlər Dr. Vüsalə Musalı tərəfindən aparılmaqdadır. 2006-ci ildə “XV-XVII əsrlər türk təzkirələrinin strukturu və spesifikası” mövzusunda namizədlik dissertasiyasını başa çatdıran müəllif, hal-hazırda “Türk təzkirəçiliyinin inkişaf və təkamül mərhələləri” mövzusu üzrə doktorluq səviyyəsində araşdırma aparmaqdadır. Onun “Osmanlı təzkirələrində Azərbaycan şairləri” adlı monoqrafiyası 2009-cu ildə, “Türk təzkirəçiliyi” (Biblioqrafiyası) kitabı isə 2011-ci ildə nəşr edilmişdir.

Bizlərdə təzkirələrin istər akademik nəşrində, istərdə də tədqiqində müəyyən boşluqlar və  qeyri-peşəkar cəhətləri də nəzərə alsaq,  həmin problemlərin həlli baxımından Türk araşdırıcılarının bu sahədə gördüyü işlərdən faydalanmaq və qarşılıqlı elmi mübadilə olduqca əhəmiyyətli görünür. Bu baxımdan Prof. Dr. Mustafa İsenin kitabının Azərbaycan türkcəsi ilə nəşrinin elmi ictimaiyyət üçün faydalı olacağı heç bir şübhə doğurmur.

Sonda  bildirmək istərdik ki, bu kitabda yer alan araşdırmalar istər mövzu və məzmun, istər daşıdığı məlumatlar və istərsə də, elmi yanaşma metodu baxımından təkcə filoloqlar üçün deyil, tarixçilər və mədəniyyətşünaslar və ümumiyyətlə, türkoloqlar üçün dəyərli töhfədir.

 

 

Mahirə Quliyeva

Filologiya elmləri doktoru,   

 

Vüsalə Musalı

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 16 oktyabr.- S.6.