Qərb və Şərq ədəbiyyatının iki böyük yolu  

  

Dünya ölkələrində yaşamış yaradıcı insanlar öz həyat tərzləri  ilə bağlı zəngin bir tarixi–kulturoloji iz qoyub getmişlər.

Keçmişdə düzəlmiş əşyalar ,maddi mənbələr yazılı qaynaqlar, çəkilmiş şəkillər əsas kimi bu günə qədər də o dövrkü tarixi kulturoloji aspektdən öyrənməyə imkan verir. Hələ qədim şərqdə mədəniyyət və incəsənətin müxtəlif sahələri inkişaf etmiş, xalqlar öz adət  ənənələrini, folklorunu qoruyaraq nəsillərə ötürmüşlər.

Bu baxımdan hər hansı bir xalqın ədəbiyyat tarixinin mükəmməlliyi, əsasən də tarixin dərindən öyrənilməsi ilə bağlıdır. Tədqiq olunan istənilən tarixi dövrün  ictimai-siyasi  vəziyyəti tam  öyrənilməmişsə, ədəbi hadisələr, şair və yazıçı barəsində fikir söylənilməmişsə həmin dövrün ədəbiyyatı barəsində elmi araşdırmalar zəif aparılmışdırsa o dövr yaradıcı insanları haqqında tutarlı fikirlər söyləmək o qədər də asan olmamışdır.

Dünyada baş verən bir sıra dəyişikliklər Azərbaycana da təsirsiz ötüşmürdü. Avropa və Rusiyada baş verən hadisələr Qafqazla yanaşı əsasən də Avropa və Asiyanın ayrıcında yerləşən Azərbaycana təsir etmədən keçə bilməzdi. Bu baxımdan, Avropanın ictimai-siyasi həyatında, eləcə də Rusiyada baş verən dəyişikliklərin özü XIX əsrin I yarısından sonra Rusiya tərəfindən istila edilmiş Azərbaycan gerçəkliyində də əksini tapıb. O dövr Azərbaycan ədəbiyyat və iqtisadiyyat sahəsində XIX əsrin I yarısından etibarən Rusiya və Avropa ilə yaxınlaşırdı. Sərhəd qonşularımız olan İran və Türkiyə ilə əlaqələrə rəğmən Azərbaycan həm Şərq, həm də Qərb tərəfdarları ictimai-mədəni həyatı özündə əks etdirirdi.

Sadalanan proseslər dünya mədəniyyətinin bir hissəsi olan ədəbiyyatın XIX əsrdən başlayaraq yeni mərhələyə qədəm qoyması və inkişafı dövrünü yaşayırdı. Avropa ədəbiyyatında XIX əsrin I yarısında romantizm cərəyanının təkamülü və bu cərəyanın tanınmış nümayəndələrinin ədəbi-tənqidi baxışları ədəbi mühitdə bir sıra yeniliklərin meydana gəlməsinə, yeni janrların formalaşmasının inkişaf etdirilməsi o dövr üçün aktual idi. Nər bir ədəbi metodun, cərəyanın mənşəyini özündən qabaqkılardan götürməsi və özündə yeniliyi ehtiva etməsi təbiidir. Lakin unutmaq olmaz ki, hər bir cərəyan da özlüyündə dünya ədəbi fikrində mövcud olan mövzuların daşıyıcısıdır. Əsər daha əvvəllərə nəzər salsaq, görərik ki, indiyə qədər ümumilikdə çoxsaylı mövzu, süjet xətti mövcuddur ki, onlar daha qədimdən ədəbiyyatda olanlara söykənərək, bir qədər dəyişdirilən süjetlərdir.

Qərblə yanaşı o dövrdə Qədim Şərq incəsənət və ədəbiyyatında  əfsanəvi nağıllarla yanaşı, təsviri sənət ,elmi istiqamətlər xalqların bədii yaradıcılığının bəhrəsi olmuşdur.

Xalqların dünya ədəbiyyatı  xəzinəsinə bəxş etdikləri söz korifeylərindən Mirzə Fətəli Axundzadə və Çarlz Dikkens yaradıcılıqlarında  obrazlı təfəkkür ilə həyatı  dərk etmək, məzmunlu formanın  vəhdətini öyrənmək əsas şərtlərdən olmuşdur. Öz əsərləri ilə xalq arasında dolğun fikir yaratmaq insanların həyat tərzinə ,onların dünya görüşlərinə qismən də olsa təsir edərək cəmiyyətin o zaman üçün müasir düşüncə tərzi ilə yaşamalarına çalışmışlar.

Azərbaycan ədəbiyyatı tarixində realist ədəbi məktəbin yaranmasında, mükəmməl  estetik-fəlsəfi, cərəyan  edən məsələlərə kulturoloji aspektdən yanaşma tərzi Tbilisidə Mirzə Şəfi Vazehdən dərs almış M.F.Axundzadəyə məxsus idi. Böyük mütəfəkkirin tənqidi fikirləri də fəaliyyətinin başqa sahələri də demokratik mahiyyət daşıyırdı. Sözün əsl mənasında Mirzə cəmiyyətin şüuruna təsir edəcək sadə və təsirli dildə yazaraq öz fikirlərini kütləyə çatdırmışdır.

Mütəfəkkir geniş və hərtərəfli tədqiqat nəticəsində belə fikir söyləmişdir;

“Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyat dəlilləri sübut etmişdir ki, tənqid, tənqid istehza və məsxərədən başqa pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz”

M.F.Axundzadə və Çarlz Dikkensin 200 illik yubiley tədbirləri ərəfəsində oxucu və teatr tamaşaçılarını öz əsərləri ilə valeh edən bu iki şəxs bir-birindən xəbəri olmadan öz ölkələrində yaşayıb yaratmış, bu gün də unudulmaz mütəfəkkir tövsiyələri ilə yadda qalmışlar.

Əgər Dikkens qərb düşüncə tərzi ilə öz əsərlərini yazırdısa, M.F.Axundzadənin  Şəki və Tbilisi həyat tərzində əsasən gələcək Azərbaycan dövlətinin qurulması istiqamətində maariflənmə baxımından misilsiz xidmət göstərərək Azərbaycan dramaturgiyası vasitəsi ilə  yaratdığı əsərlərlə tarixin yazılması istiqamətində mühüm rol oynamışdır. Heç təsadüfi deyil ki, M.F.Axundzadə  Qafqazın intellektual düşüncəyə  malik yazıçısı generator  rolunu oynayan şəxs kimi tanınırdı.

Çar Rusiyası  dövründə öz yazı üslubu ilə seçilən komediya janrına üstünlük verərək bu müstəvidən cəmiyyətə təsir gücünü göstərirdi. Qeyri adi istedada malik olan Mirzə Azərbaycan ədəbiyyatında  xüsusi yeri olan  tək yazıçı kimi deyil, həmdə ictimai xadim idi.Heç təsadüf deyil ki, alman tədqiqatçısı Horst Wilfrid Brand 1958-ci ildə yazdığı monoqrafiyada onu şərqin Mülleri adlandırılmışdır.

1886-cı ildə M.F. Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” əsəri alman dilinə tərcümə olunmuşdursa “Vəziri Xani Lənkəran” əsəri 1920-ci isə ildə Leypsiqdə çap olunmuşdursa, digər əsərləri haqqında mütəmadi olaraq Avropa mətbuatında dərc olunan müxtəlif məqalələr oxucuların marağına səbəb olmuşdur. Əlbəttə bütün bu sadalananlar görkəmli yazıçıların 200 illik yubileyleri ərəfəsində istər London, istərsə də  Birmingem Şərqi tədqiqatlar institutlularında, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasının bu sahə ilə məşğul olan institutlarının tədqiqatçıları tərəfindən  iki dahi yazarın həyat fəaliyyəti, onların yaradıcılıqda oxşar cəhətlərini araşdırmaları böyük maraq kəsb edərdi.

Bəlkə də məqaləni oxuyanlar M.F.Axundzadə ilə Ç.Dikkensin oxşar cəhətləri ilə maraqlanacaqlar. Bu oxşarlıq qələminə aydınlıq gətirmək üçün yazıçı Kamal Abdullanın fikirlərini vurğulamaq istərdim:

Nizamini Dante ilə, Füzulini Şekspirlə, Axundovu Molyerlə, nə bilim, Vəzirovu Ostrovski ilə müqayisə eləmək elə də çətin iş deyil. Bu müqayisə ilkin müqayisədir. Müqayisənin digər mərhələsi isə artıq obyektə daha dərin bələdçilik və intellekt tələb edir. Müqayisə ediləni sən az-çox yaxşı tanıyıb duya bilərsən, müqayisə olanı (başqa mədəni məkanın komponentini) isə hələ tanıyıb duyman lazım. “Duymaq” sözünü təsadüfi işlətmədim. Belə müqayisələrdə yazıçını duymaq əsas şərtdir. Əlbəttə ki, sən qeyd elədiyin kimi, oxucuya bu cür kodlar verərkən həm özümüz-özümüzü daha yaxşı tanıyırıq, həm də böyük kontekstə bir addım daha yaxınlaşmış oluruq. Hər hansı müqayisə, əslində, müqayisə olunanların daha ətraflı dərkinə və xüsusilə, duyumuna gətirir.

Tipoloji  şəxsiyyət problemi baxılan şəraiti, mühiti və şəxsiyyətin bir sistem kimi səciyyələndirən  və sistem  parametrlərinin sabit uyğunluğuna əsaslanan sistemin köməyi ilə  həll oluna bilər. Lakin indiyə qədər belə bənzətmə növü mövcud deyil.

Bir çox qüdrətli yazıçılar kimi onların əsərlərində çox dərin psixoloji çarpışmaların mahiyyəti  sənətkarlıqla açılır. M.F.Axundzadə və Ç.Dikkensin oxşar cəhətlərini  belə bir cümlə ilə vurğulamaq yerinə düşərdi. Bu mövzuya beynəlxalq yanaşma tərzi ilə baxsaq ingilis diplomatiyasında ağırlıq həmişə məharətin üstünə düşür. Belə ki, 1728-ci ildə Volterin “İngiltərə” haqqında məktublarında yazdıqları müasir həqiqətlərə uyğun gəlmir. İngilislər yer üzündə yeganə millətdir ki,  kralın hakimiyyətini  onun özünə müqavimət göstərərək nizama sala bildi. Nəticədə elə müdrik hökumət təşkil olundu ki, burada monarx  xeyirxahlıq eləməyə qadir, ziyankarlıq eləməyə isə gücsüz idi. Fikirləri cəmiyyət tərəfindən də müsbət qarşılanmışdır.

Əlbəttə XIX  əsrdə Azərbaycan maarifçi realist ədəbiyyatının və ictimai fikrin formalaşmasında  danılmaz xidməti ilə seçilən M.F. Axundzadə beş il ərzində yazdığı altı komediya əsərləri ilə Azərbaycan ədəbiyyatı  tarixində milli dramaturgiyanın əsasını qoymuşdur. Lakin onun latın qrafikalı ədəbiyyata  keçmək istəyi arzu olaraq qəlbində qalmışdır.

Əgər Dikkensin “Oliver Tvistin macəraları” əsəri Dövlət Gənc Tamaşaçılar teatrında uğurlu quruluşu ilə tamaşaçıları heyran etmişdirsə, tamaşanı oynayan azərbaycanlı aktyor qrupu sanki o mühiti yaşamış, öz məharətləri ilə tamaşaçılarının sevimlisinə çevrilmişlər. Tamaşada səslənən  musiqi isə bəstəkar Aydın Əzimovun qərb musiqi çalarlarını özündə əks etdirən dinamik bir üslubda bəstələnərək tamaşaçıların rəğbətini qazanmışdır.

İngilis dramaturgiyasımı Azərbaycan səhnəsində özünə belə möhkəm mövqe tuta bilməsinin və ingilis dramaturqlarının pyeslərinin uzun müddət repertuardan düşməməyinin əsas səbəbi ondan ibarətdir ki, ingilis dramaturgiyasının məzmunu milli teatr sənətinin məzmunu ilə uyğunlaşır. Bir qayda olaraq, Azərbaycan səhnəsi, Azərbaycan gerçəkliyi üçün aktual olan pyeslər milli teatrımızın səhnəsinə yol taparaq, məzmununa görə Azərbaycan gerçəkliyinə adaptasiya olunur. Göründüyü kimi, ingilis dramaturgiyasının Azərbaycan teatrında səhnə təcəssümünün inkişaf tarixi ayrı-ayrı mərhələlərə bölünür və əhatəli şəkildə nəzəri təhlilə cəlb olunur.

Bədii ədəbiyyatda əsas məqsəd yazıçının sözə münasibətidir . Ona görə ki, sözün bətnində heç kəsin təsəvvür edə bilmədiyi maqik bir güc yatmışdır. Reallığı göstərmək  istəyən yazıçı sanki əlindəki qələmlə sözü dəfələrlə yonub incələyərək   onun bətnindəki sonsuz enerjini aşkara çıxarmışdır. Bu baxımdan istedadlı yazıçının əlində söz muma dönür, özünü hərəkət stixiyyası ilə canlandırır. Belə ki Ç.Dikkens mahir ustalıqla hadisələri inandırıcı təsəvvür edir, yaradılan obrazları özünə məxsusluqla təqdim edirdi.

M.F.Axundzadə “Kamaliddövlə məktubları” əsərini yazaraq o dövr dövlətçilik və demokratik prinsiplərinə toxunaraq  Padşahlığın  əsası gərək qanunlar üzərində qurulsun” ifadəsi ilə cəmiyyətə öz mesajını göndərmişdir.

Bədii ədəbiyyatda əsas məqsəd yazıçının sözə münasibətidir . Ona görə ki, sözün bətnində heç kəsin təsəvvür edə bilmədiyi maqik bir güc yatmışdır. Reallığı göstərmək  istəyən yazıçı sanki əlindəki qələmlə sözü dəfələrlə yonub incələyərək   onun bətnindəki sonsuz enerjini aşkara çıxarmışdır. Bu baxımdan istedadlı yazıçının əlində söz muma dönür, özünün hərəkət stixiyyası ilə canlandırır. Belə ki Ç.Dikkens mahir ustalıqla hadisələri inandırıcı təsəvvür edir, yaradılan obrazları özünə məxsusluqla təqdim edirdi.

İki yüz ilin keçməsinə rəğmən ingilis mədəniyyətinin səfiri və simvolu olan Ç.Dikkensin yubileyi naminə Britisch Council beynəlxalq təşkilatı tərəfindən  “Dikkens-2012” ilin layihəsi  adlandıraraq, onun həyat və yaradıcılığına həsr olunmuşdur. Bu layihə çərçivəsində dəniz kənarı bulvarda yerləşən “Park Bulvar” da fotosərgi təqdim olunaraq uğurla gerçəkləşmişdir.  Eyni zamanda əllidən çox məktəbdə şagirdlər arasında  Dikkensə həsr olunmuş esselərin yazılması ilə müsabiqədə uğurla keçmişdir.

Böyük Britaniyanı xarici ölkələrdə təmsil edən  Britisch Council təşkilatı ölkələr arasında  mədəni və təhsil əlaqələrinin inkişafı naminə  bir çox işlər görməkdədir. Belə ki məhz bu layihənin  çərçivəsində teatr tamaşaları, sərgilərlə yanaşı, filmlərin təqdimatı da  nəzərə alınmışdır.

Əlbəttə müasir dövrümüzdə də Böyük-Britaniya-Azərbaycan əlaqələri iqtisadi-siyasi müstəvidə yaxın olması ilə yanaşı, dostluq telləri isə mədəni-ədəbi əlaqələrdə daha mükəmməl olduğu bugünkü həyatda da öz əksini tapır.                                                      

Onlar yaşadıqları dövrdə düşünməzdilər ki, nə vaxtsa qərb və şərqin kəsişində yerləşən dünyada əsasən nefti ilə tanınan bir ölkənin paytaxtında yubiley mərasimləri keçiriləcəkdir. Əlbəttə Bakıda 6 saylı məktəbin önündə şagirdlər tərəfindən ingilis bağında hər iki yazıçının əsərlərindən ibarət kompozisiyanın tərtib olunması Azərbaycan-Böyük Britaniya dostluğunu əks etdirə biləcək ən yaddaqalan anlardan biri olacaq.

Əlbəttə London Universitetlərində təhsil alan azərbaycanlı tələbələri də bu layihə çərçivəsində öz ingilis tələbə yoldaşları ilə birgə hansısa tamaşanı gerçəkləşdirə bilərlər. Hər iki xalqın tarixini əks etdirən onların yaratdıqları “Dədə Qorqud” və “Beuf” dastanları kulturoloji aspektdən xalqların mədəniyyətinin öyrənilməsi baxımından elmi əhəmiyyət kəsb edir. Çox istərdim ki, xalqlar öz maddi sərvətləri ilə deyil mənəvi dəyərləri ilə tanınsınlar. Necə ki, zamanında bunu Çarlz Dikkens və Mirzə Fətəli Axundzadə etmişlər ki, bu gün də onların əsərləri tarix boyu dünya durduqca oxunacaqdır. 

 

 

Çingiz Ə.Abdullayev

Kulturologiya elmlər doktoru,

Bakı Slavyan Universitetinin  professor

 

525-ci qəzet.- 2012.- 17 oktyabr.- S.7.