Mətbuatın mənzərəsi və jurnalistika hazırlığı mühiti: ümumi nəzəri rakursdan baxış   

 

 Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının dosenti, filologiya elmləri namizədi Akif Rüstəmovla söhbət

 

Akif müəllim, Azərbaycan mətbuatının nəzəri problemləri, müstəqillik dövrü jurnalistikasının sovet dönəmi ilə müqayisəsi və digər məsələlərlə bağlı suallarımıza keçməzdən əvvəl, bu sahə üzrə dəyərli alimlərimizdən biri kimi, Sizin bioqrafiyanız, jurnalistikaya gəlişiniz, fəaliyyət yolunuz barədə məlumatları özünüzdən eşitmək maraqlı olardı.

Universitetin birinci kursunda tələbələrə jurnalistikaya gəlişlərinin səbəbi ilə bağlı yazı yazdırırıq. Onların əksəriyyəti həmin məqalələrdə yazır ki, orta məktəbin divar qəzetlərini buraxırdıq, onda həvəsimiz yaranıb. İndi onların sözü olmasın, mənim yaxşı yadımdadır, ya səkkizinci, ya da doqquzuncu sinifdə oxuyurdum, o vaxt  Uzaq sahillərdə” filmi yeni çıxmışdı. Həmin film haqqında ilk dəfə Ağdamın rayon qəzetində – “Lenin yolunda resenziya yazıb çap etdirdim. Demirəm, o resenziya əla idi, çox peşəkar yazılmışdı. Orta məktəb şagirdinin film haqqında rəyi idi. Lakin ilk dəfə imzamı qəzetdə görəndən sonra məndə bu bu peşəyə maraq oyandı. Orta məktəbdə yaxşı oxumuşam, fərqlənmə attestatı ilə bitirməsəm də, əsas fənlərdən əla alırdım. Bir dəfə bizə tarixdən dərs verən Soltan müəllim dedi ki, bir balaca səy göstərsən, qızıl medal ala bilərsən, amma buna bir o qədər də həvəs göstərmədim. İlk dəfə sənədlərimi verəndə jurnalistikaya daxil ola bilməmişəm. Çünki o vaxt tələbə qəbulu indikindən çox fərqlənirdi. İlk növbədə iki il təcrübəsi olanlara üstünlük verilirdi. Mənim təcrübəm olmadığına görə təkcə yığdığım balla jurnalistika fakültəsinə düşə bilmədim. Sonralar işlədim və arzuma çatdım – jurnalistikaya daxil oldum. İlk müəllimlərim Nurəddin Babayev, Nəsir İmanquliyev, Famil Mehdiyev kimi çox dəyərli ziyalılarımız olub.

– Ailədə ali təhsil alan ilk övlad idiniz, yoxsa sizdən əvvəlki ənənəni davam etdirmisiniz?

– Ailədə beş uşaq olmuşuq. Üç qız, iki oğlan. Məndən əvvəl bacımın biri ali məktəbi bitirmişdi- Bakı Dövlət Universitetinin tarix fakültəsinin rus bölməsini. Ondan kiçik bacım texnikum qurtarmışdı, rayonda müəllimə işləyirdi. Ondan sonrakı bacım riyaziyyatdan dərs deyirdi. Qardaşım politexnik institutunu bitirmişdi. O vaxtlar mənim atam rayonda katib işləyirdi, o səbəbdən də övladlarını rus məktəblərində oxutmuşdu. Həmin dövrdə vəzifəli şəxslərin əksəriyyətinin uşaqları məktəbin rus bölmələrində oxuyurdular. Atam rəhmətə gedəndə isə qardaşım rus məktəbindən qaçdı. Və sonra məni buna görə rus məktəbinə qoymadılar. Mən uşaqların yaşca ən kiçiyi olmuşam. Məndən əvvəlki bacı-qardaşlarım hamısı oxumuşdular və mən də ağlım kəsəndən ailəmizdə elmə, təhsilə maraq görmüşdüm.

Jurnalistika fakültəsinə hansı istehsalat sahəsindən gəldiniz?

Rayona qayıtdıqdan sonra bir müddət  Ağdamda Dövlət Bankında  nəzarətçi işlədim. İstədilər ki məni oradan Moskvaya, iqtisadiyyatla bağlı ali məktəbə göndərsinlər. Həvəsim olmadığına görə getmədim. Ürəyimdə jurnalist olmaq arzusu vardı, vəssalam.

– Tələbəlik illərini necə xatırlayırsınız?

Çox maraqlı tələbəlik illərim olub. Əvvəlcə mən əyanidə oxuyurdum, sonra məllimim Nurəddin Babayev  məni çağırıb dedi ki, Akif, səni universitetdə saxlamaq istəyirik. Sonra mən qiyabi şöbəyə keçdim. Tələbəliyimin axırıncı illəri idi. Soruşdum ki, Nurəddin müəllim, mən burada görəcəm? Dedi, qorxursan? Cavab verdim ki, qorxmuram, amma bilim də. Dedi, gəl işlə, görərsən. Birinci gün işə gələndə mənə altı aydan bəri qalmış qəzetləri tikdirdilər. Dedilər, bu qəzetləri sahmana sal, “podşivkaüçün hazırla. Mən də yerinə yetirdim. İlk işim bundan ibarət idi. Heç ağlıma gəlməzdi ki, qurtarıb burada qalaram. Onun təklifindən sonra mən orada qaldım. İlk əmrimi universitet qəzetinə ədəbi işçi vəzifəsinə vermişdilər. Amma mən kafedrada işlədim. Universiteti bitirəndən sonra mənə mövzu götürməyi məsləhət gördülər, çünki burada axıra kimi laborant qalmaq olmazdı. Mövzum gənclərin mətbuatda fəaliyyəti, xüsusilə də “Molodyoj Azerbaydjana” qəzeti ilə bağlı idi. Mövzunu Azərbaycan dilində yazdım, sonra rus dilinə tərcümə elətdirdim. Ona görə ki, müdafiə eləmək üçün burada Şura yox idi, Gürcüstana getməli oldum.

– Nəyə görə praktik jurnalistikanı seçmədiniz, nəzəriyyəçi olaraq universitetdə qalmağa qərar verdiniz?

Söz açılmışkən qeyd edim ki, bizim ən böyük səhvimiz nəzəriyyəyə çox yer verməyimizdi. Universitetdə dekan olduğum vaxt yadımdadır ki, Fransa universitetlərinin birindən müəllim dəvət eləmişdik. O bir müddət bizdə dərs dedi. Bir dəfə bizə irad tutdu ki, nəzəriyyəyə lap çox yer vermək olmaz, jurnalistikada praktika aparıcı olmalıdır. Demirəm ki, biz onun dediklərini ehkam kimi qəbul edək, lakin etiraf olunmalıdır ki, o müəllimin sözlərində həqiqət var. Jurnalist olacaq tələbəyə bütün günü mühazirə yazdırmaqdansa, onun özünə sərbəst yazılar yazdırmaq lazımdır. Jurnalist yaza-yaza püxtələşir, öyrənir. Nəzəriyyə lazımdır, amma ona çox geniş yer verməyə ehtiyac yoxdur. Bir var, müəllim deyə ki, qəzet belə çıxır, belə çap olunur, birvar tələbələri aparıb nəşriyyatda əyani şəkildə bu prosesi göstərirsən. Bir dəfə universitetdə Əliş müəllim bizi nəşriyyata aparıb qəzet çapını göstərdi. İndiyə kimi təfərrüatları ilə yadımdadır qəzet necə çap olunur. Onda indiki kimi deyildi, hərfləri bircə-bircə əllə yığırdılar. Düzdür, indi texnika bir az dəyişib, kompüterlə hər şey həll olunur. Hər halda tələbə o prosesi əyani olaraq görməlidir, izləməlidir. Necə deyərlər, tələbə o “mətbəx”də nələr baş verdiyindən, sözün əsl mənasında xəbərdar olmalıdır, orada nə “bişdiyiniöz gözləri ilə görməlidir. O vaxtlar qərb nəzəriyyəçiləri ilə bizim nəzəriyyəçilərin fikirləri arasında da fərqlər var idi. Düzdür, sovet dövründə deyilirdi ki, obyektiv, qərəzsiz, vicdanlı olmaq lazımdır. Bizim fakültəmiz ideoloji fakültə idi. Buna görə də heç vaxt bizim təyinatımızı Təhsil Nazirliyi bölmürdü, Mərkəzi Komitə müəyyənləşdirirdi. Praktik jurnalistikaya gəlincə, heç vaxt bu barədə fikirləşməmişəm. Burada müəllim kimi qaldığıma görə də heç vaxt peşman olmamışam.

– Mətbuatda, televiziyada demək olar ki, görünmürsünüz?

Bir məsələni qeyd edim ki, bəzi adamlar televiziyada görünməyi çox xoşlayırlar. Bəzən praktik jurnalistikaya da daha çox üzdə olmaq, görünmək üçün üz tuturlar. Mən hətta dekan işləyəndə də ildə bir-iki dəfə televiziyada ya görünərdim, ya görünməzdim. Nəsə özümü reklam eləməyi xoşlamamışam. Mətbuatda çox görünməyi sevmirəm. Özümə görə səbəblərim var. “Əkinçi” qəzetinin yubilyei ilə bağlı bir dəfə universitetdə bir tədbir keçirirdilər. Orada bir cümlə işlətdim. Qəzetlərin biri həmin cümləmi başlığa çıxararaq yazdı: dekan Akif Rüstəmov və sair... Onda dekan işləmirdim. Məqalənin müəllfinə zəng elədim ki, mən dekan vəzifəsindən çıxmışam, niyə informasiyanı dəqiqləşdirməmiş onu çap edirsən? Jurnalistika fakültəsində müəllim işləsəm də, bəzi jurnalistlərimizə tənqid ünvanlamaq istərdim: onların bəziləri informasiyanı olduğu kimi yazmaq yerinə bəzən uydurmaçılıqla məşğul olurlar. Bəzi jurnalistlər tərifləyəndə də həddi aşırlar, tənqid edəndə də qaşınmayan yerdən qan çıxarırlar.

–Söhbətinizdə qeyd edirsiniz ki, tələbə praktikaya çox yer ayırmalıdır. Hazırda BDU-nun jurnalistika fakültəsində tələbənin jurnalist kimi yetişməsi üçün lazımi şərait varmı?

– Əvvəla, bizdə praktik məşğələlər var. Qəzetdə, televiziyada praktik məşğələlər keçirilir. Elə sizin qəzetinizin baş redaktoru Rəşad Məcid bu tələbələrlə praktik məşğələlər keçir, öyrədir. Tələbələr “525-ci qəzet”ə gedirlər, baxırlar, qəzetin ərsəyə gəlməsi prosesi ilə əyani tanış olurlar. Bu praktika çox önəmlidir. O vaxt Gürcüstana müdafiəyə gedəndə bir məsələnin şahidi oldum. Baxdım ki, jurnalistika fakültəsində bir gündə 6 saat ərzində bütün dərslər praktik məşğələlərdən ibarətdir. Dedim ki, bir gündə 6 saat da praktik məşğələ olarmı? Onda mənə cavab verdilər ki, biz bu dərsi televiziyada keçirik, tələbə həmin gün auditoriyaya gəlmir. Həmin gün tələbələr ancaq televiziyada olub çəkiliş prosesində olurlar, öyrənirlər. Bizbu təcrübədən yararlanmalıyıq. Jurnalistika fakültəsində hər şeyi auditoriya ilə bağlamaq vacib deyil. Gələcəyin jurnalisti çəkiliş meydanında, qəzet redaksiyasında işləməyi öyrənməlidir. Bizdə universitetdə yaradıcılıq studiyası var. UNESKO-nun hesabına təmir edib düzəltmişik. Orada operatorumuz var, çəkiliş aparır, sonra montaj olunur, müəyyən proqramlar, mətnlər hazırlanır. Axı auditoriyada bunu eləmək olmur. Jurnalistin tədqiqat obyekti həyatdır. O nə yazırsa, nə informasiya hazırlayırsa, həyatdan gətirir və gətirməlidir.

Sovet dövrü mətbuatı ilə çağdaş jurnalistikamızın müqayisəli təhlilində hansı əsas fərqləri, müsbət və mənfi cəhətləri qeyd edərdiniz?

– Demək olmaz ki, sovet dövrü tamamilə pis idi, müstəqillik dövründən sonra da hər şey yaxşıdır. Hər dövrün özünəməxsus üstünlükləri və çatışmazlıqları olur. Bu gün jurnalistikamızın problemləri deyəndə, ən böyük problem fikrimcə, jurnalistlərin etik davranışları, peşə kodeksinin pozulmaları ilə bağlıdır. Etik qaydaların pozulması hallarını araşdırsaq görərik ki, bunu edənlərin əksəriyyəti jurnalistika fakültəsini bitirməyənlərdir. Çünki jurnalistika fakültəsində tələbələrə etik qaydalarla bağlı fənn tədris olunur, onlara illərlə jurnalist etikası aşılanır. Eyni informasiyanı hər mətbuat orqanı informasiya siyasətinə uyğun- müxtəlif şəkildə təqdim edir. Sovet dönəmi qəzetlərinin üstün cəhətləri  var idi. Bir nüansı xüsusilə qeyd etmək istərdim. O vaxtlar sovet qəzetlərində “Bizim çıxışımızdan sonra”, “Qəzetlər yazandan sonra” və sair bu kimi başlıqlı rubrikalar vardı. Orada tənqid olunan müəssisədən gələn cavab, tənqiddən sonra çıxarılan nəticə öz əksini tapırdı. İndi tənqidi yazı yazırsan, heç kəsin vecinə də deyil.

Təəssüf ki, müstəqillik dövrü mətbuatı bu gücə malik deyil. Sovet dövrü mətbuatının mənfi cəhəti isə birpartiyalı sistemə xidmət etməsi idi. Bir qəzetdə nə yazılırdısa, hamısı eyni məlumatı yazırdı. Sovet dövrü mətbuatı vahid kommunist ideologiyasına xidmət edirdi. Amma indi qəzetlərin hər baxımdan rəngarəngliyi var. Jurnalistlərin əl-qolu açılıb, istədiklərini yazırlar. Xüsusilə 1998-ci ilin avqustunda senzura ləğv olundu, ondan sonra qəzetlərdə böyük inkişaf yarandı. İndi qəzetlər çox mövzulara toxunurlar.

Televiziyalarda sosial məsələlər, problemlər qabardılır. Misal üçün deyək ki, indi ANS-in “İç xəbərproqramında müxtəlif sosial problemlər işıqlandırılır. Amma arzu edərdim ki, əvvəllər ANS-in efirində gedən siyasi debatlar yenidən bərpa edilsin. Plüralizmin təmini üçün bu da lazımdı.  Nəyi verib-vermirlər, əlbəttə, bu hər bir televiziya kanalının öz işidi, öz informasiya siyasətidir. Amma hər halda bu cür debatların çox sevildiyini diqqətə çatdırmağı özümə borc bilirəm. Məsələn, Rusiya televiziyalarında saatlarla sosial, siyasi başqa mövzularda debatlar, diskussiyalar, tok-şoular təşkil olunur. Bunlar əhali tərəfindən çox izlənilir bəyənilir. İstərdim ki, bizim televiziyalarımzda da belə səviyyəli proqramlar, tamaşaçını bir nəfər kimi ekran qarşısına yığmağı bacaran verilişlər hazırlansın.

Bugünlərdə İvanişvilininGürcü arzusuqalib gələndən sonra Rusiya televiziyalarının birindəBundan sonra Gürcüstan hansı siyasəti yürüdəcəkmövzusunda debat təşkil edilmişdi. Çox səviyyəli sanballı proqram idi. Belə proqramlara baxanda tamaşaçı ləzzət alır. 

 

 

(Ardı var)

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 17 oktyabr.- S.6.