Vüqar Əhmədov: “Azərbaycan əcnəbi
tələbələr üçün
kifayət qədər perspektivli ölkədir”
“Azərbaycan-Amerika
Gəncləri” İctimai Birliyinin rəhbəri Vüqar Əhmədovun
Gün.Az-a müsahibəsi:
- Siz
həm Azərbaycan, həm də əcnəbi gənclərlə
daim təmasda olursunuz. Sizcə xaricdən Azərbaycana təhsil
almaq üçün gələn gənclər hansı səbəblərə
görə ölkəmizi seçirlər?
-
Şübhəsiz ki, son dövrlər Azərbaycanda daha
çox əcnəbi tələbələrə və gənclərə
rast gəlirik. Bu da ölkəmizə olan marağın
artmasından xəbər verir. 10 il bundan əvvəl
Bakıda beynəlxalq tədbirlər keçirilərkən
xaricdən olan iştirakçıları ölkəmizə
dəvət etmək çətin idi. Çünki Azərbaycan
haqqında çox az məlumat eşitmişdilər.
Şübhəsiz ki, təhlükəsizlik və sabitlik məsələsi
də onlar üçün önəmlidir.
Lakin
son dövrlər Azərbaycanın xaricdə təbliği,
daha çox mədəni, sosial və humanitar layihələrdə
gənclərin iştirakı ölkəmizi müsbət
yöndən tanıdıb. Onlar internet vasitəsilə
araşdırıb əmin olurlar ki, Azərbaycanda digər
millətlərə qarşı yüksək tolerantlıq
var, digər ölkələrdəki kimi milliyyətçilərlə
qarşıdurmalar mövcud deyil. Bundan başqa Azərbaycanda
neft mühəndisliyi, menecerlik, diplomatik sahə üzrə
müasir və ən qabaqcıl standartlara uyğun təhsil
müəssisələri açılır ki, bu, əcnəbi,
xüsusən müsəlman ölkələri və Asiya
ölkələrindən, hətta Avropa və ABŞ-dan bir
sıra tələbələrin diqqətini cəlb edir.
Ümumiyyətlə,
tələbələrin xaricdə təhsil seçimi
zamanı universitetlə yanaşı, ölkənin də
böyük rolu var. Bu gün dünyada gedən tendensiya ondan
ibarətdir ki, ənənəvi qərb ölkələri ilə
yanaşı, xaricdə təhsil almaq üçün yeni
ölkələrə maraq artmaqdadır. Azərbaycanda təhsil
almaqla yanaşı, bir çox tələbə tədqiqatçılar
da gəlir və bu maraq ölkəmizin tarixi geostrateji önəmindən
irəli gəlir. Bundan belə nəticəyə gəlmək
olar ki, elmə və təhsilə qoyulan investisiya, yeni
müasir dünya tələblərinə uyğun yeni təhsil
müəssisələrinin açılması və xarici
universitetlərin müəllimlərinin tədrisi ölkəmizi
xarici tələbələr üçün daha cəlbedici
edib.
- Bəs
əcnəbi gənclər Azərbaycanda daha çox hansı
problemlərlə rastlaşırlar?
-
Düşünürəm ki, onların cəmiyyətimizin
sosial həyatına daha çox inteqrasiya etməsi həm
onların özləri, həm də cəmiyyətimiz
üçün faydalı olar. Bu mənada əsas maneə
onların bizim cəmiyyətə inteqrasiyası, ictimai fəaliyyətinin
artırılmasıdır. Bu onların potensialından, təcrübəsindən
istifadə olunması, eyni zamanda onların Azərbaycanın mədəniyyətini,
adət-ənənəsini daha dərindən tanımaları
baxımından çox əhəmiyyətli ola bilər.
Çünki hər bir xaricdə təhsil alan tələbə
qeyri-ixtiyari olaraq təhsil aldığı ölkənin mədəni
səfirinə çevrilir və onun müsbət təəssüratları
və fikirləri ölkəmizin müsbət təbliğ
olunması baxımından xüsusi önəm kəsb edir.
Bu qənaətə
gəlmək olar ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələr
ciddi problemlərlə rastlaşmırlar. Yalnız onlar
üçün Azərbaycan dili kursları, daha çox mədəni
proqramların təşkili, eyni zamanda onların təşkilatlanması
və sosial fəaliyyəti üçün mərkəzlərin
yaradılması müsbət addım hesab oluna bilər.
Eyni
zamanda xarici ölkələrin təcrübəsindən
çıxış edərək əcnəbi tələbələr
üçün təhsillə bağlı xüsusi güzəştlərin,
təqaüdlərin təsis olunması, xüsusi
yataqxanaların tikilməsi, onların qeydiyyatı və sənədləşmə
prosedurlarının asanlaşdırılması çox
yaxşı olardı.
-
Xarici tələbələrin təhsillərini başa
vurduqdan sonra Azərbaycanda qalıb işləmələri
üçün perspektiv varmı?
- Bu
gün Azərbaycanda bir çox şirkət iş yerləri
təklif edir. Əgər nəzərə alsaq ki, əcnəbi
tələbələr təhsil almaq üçün nisbətən
daha yaxşı təhsil müəssisələrini
seçirlər, onda belə qənaətə gəlmək olar
ki, onların Azərbaycanda iş tapması elə də ciddi
bir problem deyil. Üstəlik əgər onlar bir neçə
dil və yüksək standartlara uyğun bir peşəkar
mütəxəssis kimi yetişirlərsə, onların Azərbaycanda
işləməsi imkanları çox genişdir.
Bu
gün ölkəmizə maraq artdığından çox
sayda miqrantların, Asiya ölkələrindən
işçi ordusunun və qonşu ölkələrdən
iş adamlarının ölkəmizə axınını
müşahidə edə bilərik. Hətta hazırda Avropada
böhran və işsizliyin səviyyəsi
artdığından böyük iqtisadi artıma malik və
peşəkar mütəxəssislərə ehtiyac duyan Azərbaycana
qərb ölkələri vətəndaşları tərəfindən
də böyük maraq var.
Bu
baxımdan mən Azərbaycanda əcnəbi tələbələr
üçün iş baxımından kifayət qədər
perspektiv görürəm. Xüsusən nəzərə
alsaq ki, bu gün ölkədə böyük otellərin və
digər xidmət sahələrinin menecerləri əcnəbilərdir.
Amma təbii ki, onların Azərbaycanda qalma səbəbləri
də müxtəlif ola bilər.
Pərvanə
525-ci qəzet.- 2012.- 18 oktyabr.- S.5.