Dil ideologiyadır”

 

Oktyabrın 17-də Strateji Araşdırmalar Mərkəzində (SAM) “Dövlət və dil. Reallıq, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Gün.Az-ın verdiyi məlumata görə, SAM-ın şöbə müdiri Tahirə Allahyarova tədbiri açaraq bildirib ki, dövlət və dil həmişə bir-biri ilə bağlı olub, onlar ayrıca mövcudluğu mümkün olmayan anlayışlardır.

Onun sözlərinə görə, bu baxımdan dövlət dili, dil siyasəti məsələsi Azərbaycanda da dövlətin, siyasi rəhbərliyin daim diqqət mərkəzindədir:

Heç təsadüfi deyil ki, bu məsələ ilə bağlı bu ilin may ayının 23-də ölkə Prezidentinin çox böyük tarixi əhəmiyyət kəsb edən sərəncamı oldu. Bu sərəncam elə bilirik ki, qloballaşma şəraitində Azərbaycanın dövlət dilinin qorunması işinə öz müsbət töhfəsini verir və verəcək”.

SAM-ın direktoru Fərhad Məmmədovun sözlərinə görə, dövlət dili məsələsi çox vacib məsələlərdəndir.

F.Məmmədov deyib ki, elə bu səbəbdəndir ki, dil məsələsi əsrlər boyu müzakirə mövzusu olubbu günbu proses davam etməkdədir:

“Hələ 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirləri xalqın dil məsələsi üzərində birləşməsinin vacibliyini bildirirdilər. Ümumiyyətlə, Azərbaycan dilinin qorunması məsələsi hər zaman Azərbaycan ziyalılarının diqqətində olub. Məsələn, ötən əsrin 50-ci illərində xalq yazıçısı, o vaxt böyük vəzifədə işləyən Mirzə İbrahimovun bu istiqamətdə danılmaz xidmətləri olub.

Məhz onu sayəsində Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılıb. Eyni zamanda, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi formalaşması, bunun Konstitusiyada öz əksini tapması istiqamətində böyük tarixi əhəmiyyətli işlər görüb. Bu gün də Azərbaycan dövləti və dövlət rəhbərliyi tərəfindən bu işlər uğurla davam etdirilməkdədir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Buludxan Xəlilov isə bildirib ki, dil əslində ideologiyadır.

Onun sözlərinə görə, hətta, dövlət quruluşu olmayanda, ibtidai icma quruluşu dövründə belə, dil ideologiya rolunu oynayıb:

Bu mənada dil bu gün də ideologiyanın bir tərkib hissəsidir. Və dil bizim  canımız, varlığımız, düşüncəmiz, dünənimiz, bu günümüz və sabahımızdır”.

O, eyni zamanda bildirib ki, dövlət dili, dilin problemi yoxdur, sadəcə, ondan istifadə zamanı yaranan bir sıra  problemlər mövcuddur və bunların qarşısı alınmalıdır.

Dilçi alim Sayalı xanım öz növbəsində deyib ki, bugünkü medianın dili dövlət dili sayıla bilməz, bu dil loru dildir:

“Mən bir az öncə televiziyadan çəkilişdən gəlmişəm. Orada rejissor da, aktyorlar da hamısı rus dilində danışırdılar. Bu zaman hansı dövlət dilindən danışmaq olar?

Elə hesab edirəm ki, ilk növbədə media, televiziya işçiləri dövlət dilinə hörmətlə yanaşmalı, onun qayda-qanunlarına ciddi riayət etməlidirlər”.



Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2012.- 18 oktyabr.- S.4.

 

 

--------------------------------------------------------------------------------